Cocuq Mərcanlı kəndinin yenidən qurulması böyük rəmzi məna daşıyır
08.02.2017 [09:52]
Prezident İlham Əliyev: Bu, tarixi hadisədir. Biz işğaldan azad edilmiş kəndə sakinləri qaytarırıq
Cənubi Qafqaz regionunun lider ölkəsi olan Azərbaycan milli maraqlara söykənən və qətiyyətli xarici siyasət kursu həyata keçirir. Ölkəmizin xarici siyasət kursunun başlıca strateji prioritetlərindən birini Ermənistan tərəfindən işğal edilmiş torpaqlarımızın azad edilməsi təşkil edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən qətiyyətli siyasət və hücum diplomatiyası sayəsində Dağlıq Qarabağ münaqişəsinin həllində mühüm addımlar atılıb, eyni zamanda, diplomatik cəbhədə əhəmiyyətli uğurlar əldə edilib. Azərbaycanın bu istiqamətdə prinsipial mövqeyi dünya ictimaiyyəti - ayrı-ayrı milli dövlətlər və beynəlxalq ictimaiyyət tərəfindən problemə adekvat yanaşmanın ortaya qoyulmasını şərtləndirib. Qanunauyğun haldır ki, münaqişənin tənzimlənməsində Azərbaycanın uzun illərdir davamlı şəkildə irəli sürdüyü mərhələli həll variantı əsas prinsip kimi götürülüb. Mərhələli həll variantı atəşkəsin tam təmin olunmasını, işğal altında olan torpaqların Azərbaycana qaytarılmasını, qaçqın və məcburi köçkünlərin öz torpaqlarına qayıtmasını nəzərdə tutur. Dağlıq Qarabağın gələcək statusu isə yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində müəyyənləşdirilə bilər.
Digər tərəfdən, Azərbaycanın tutduğu prinsipial mövqeyin və sərgilədiyi praqmatik siyasətin fonunda dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən həllinin zəruri və qaçılmaz bir proses olduğunu hər zaman bəyan edirlər. Məhz bunun nəticəsidir ki, beynəlxalq təşkilatların bir sıra sessiyalarında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həlli ilə bağlı fundamental və zəruri qətnamələr qəbul edilib. Belə olan halda işğalçı ölkə rəhbərliyi çıxılmaz vəziyyətə düşdüyünü anlayır, qoşunların təmas xəttində təxribat törətməklə və vəziyyəti gərginləşdirməklə Azərbaycanın diplomatik uğurlarını və beynəlxalq aləmin münaqişənin ədalətli həlli ilə bağlı qəti mövqeyini neytrallaşdırmağa çalışır. Amma qeyd etdiyimiz kimi, Azərbaycan dövləti və ordusu bütün təxribatçı hərəkətlərə layiqincə cavab verməklə işğalçı Ermənistanın mənfur niyyətlərini boşa çıxarır. Məhz ötən ilin aprel ayında baş verənlər də bunu göstərir.
Aprel döyüşləri və Cocuq Mərcanlının işğalçı təhdidindən azad edilməsi Azərbaycan Ordusunun əzmi və qüdrətini nümayiş etdirdi
Azərbaycan Ordusunun şanlı hərbi qələbəsi olan aprel döyüşlərinin nəticəsi ölkəmizin öz ərazi bütövlüyünü təmin etmək - işğal edilmiş torpaqları azad etmək əzmi və gücündə olduğunu göstərdi. Azərbaycan öz ərazi bütövlüyünü və təhlükəsizliyini təmin etmək iqtidarındadır və işğal altında olan ərazilər istənilən yolla azad ediləcək. Ümumiyyətlə, ordumuzun döyüş və müdafiə qabiliyyətinin artırılması Azərbaycanın öz torpaqlarını nəyin bahasına olursa olsun, işğaldan azad edəcəyinə dair əminlik yaradır. Qeyd edək ki, milli təhlükəsizlik strategiyasının ayrılmaz tərkib hissəsi olan hərbi təhlükəsizliyin möhkəmləndirilməsi, ilk növbədə, milli ordunun maddi-texniki və mənəvi-psixoloji hazırlıq səviyyəsinin yüksəldilməsindən asılıdır. Müharibə şəraitində yaşayan ölkə kimi Azərbaycanın güclü orduya, təkmilləşmiş hərbi sistemə, inkişaf etmiş müdafiə sənayesinə malik olması ölkənin və əhalinin təhlükəsizliyi baxımından böyük önəm kəsb edir.
Ümumiyyətlə, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində sistemli şəkildə aparılan ordu quruculuğu sahəsində məqsədyönlü işlər görülüb. Bu illər ərzində hərbi hissələrin komplektləşdirilmə faizi və keyfiyyəti yüksək səviyyədə olub, əsas komanda-qərargah vəzifələrinin peşəkar, ali hərbi təhsili olan mənəvi, fiziki və psixoloji cəhətdən hazırlıqlı, döyüş təcrübəsi toplamış zabitlərlə komplektləşdirilməsi ardıcıl şəkildə həyata keçirilir. Bunlarla yanaşı, aviasiyada hava hücumundan müdafiə üzrə yeni texnikaların alınması, mövcud texnikanın təmiri və modernləşdirilməsi nəticəsində hissə və bölmələrin müxtəlif hava şəraitində döyüş fəaliyyəti imkanları artırılıb. Görülən bütün bu işlər nəticəsində Azərbaycan Ordusu yüksək döyüş hazırlığına nail olub və qarşıya qoyulan istənilən tapşırığı yerinə yetirməyə qadirdir.
Bütövlükdə, həyata keçirilən ordu quruculuğu siyasəti sayəsində bu gün Azərbaycan regionda ən güclü orduya malik olan dövlətə çevrilib. Sabitlik, inkişafla yanaşı, güclü ordu quruculuğu müasir Azərbaycanı xarakterizə edən əsas amillərdəndir. Dövlət başçısının orduya qayğısı, hərbi hissələrə davamlı olaraq baş çəkməsi, cəbhə bölgəsində xidmət edən hərbçilərlə görüşməsi onlarda ruh yüksəkliyini daha da artırır.
Müharibə şəraitində yaşayan bir ölkə üçün ən vacib məqamlardan biri də orduda və ümumiyyətlə, vətəndaşlar arasında sağlam mənəvi-psixoloji durum, ruh yüksəkliyi, özünə inam, vətənpərvərlik hisslərinin hakim olmasıdır. Bu gün Azərbaycan cəmiyyətində qeyd olunan əhval-ruhiyyə mövcuddur. Bütün bunların nəticəsidir ki, xalqımız regionda aparıcı güc strukturuna çevrilmiş Azərbaycan Silahlı Qüvvələrinə vahid mərkəzdən idarə olunan, maddi-texniki bazası, intellektual potensialı xeyli möhkəmlənmiş, istənilən döyüş tapşırığını yerinə yetirməyə qadir bir qüvvə kimi böyük inam bəsləyir.
Azərbaycan Ordusunun şanlı aprel qələbəsinin fonunda ayrı-ayrı dövlətlər, beynəlxalq təşkilatların nümayəndələri, parlamentarilər, rəsmilər Ermənistanın təxribatçı hərəkətlərinə son qoyulmasının və Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən həllinin zəruriliyini bəyan etdilər. Dünya ictimaiyyəti Ermənistanın təxribatçı hərəkətlərini və təcavüzkar siyasətini kəskin qınadı. Əlbəttə, ATƏT-in Minsk qrupu, o cümlədən beynəlxalq aləm əmin oldu ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişə deyil, intensiv atışmalar müşahidə olunur, insanlar ölür, çoxsaylı tələfatlar qeydə alınır. Buna görə də Minsk qrupu mövcud status-kvonun davam edə bilməyəcəyi qənaətindədir və bu fikir açıq şəkildə ifadə olunub. Bununla da Ermənistan tərəfi mövcud status-kvonun dəyişdirilməsi üçün konstruktiv danışıqları davam etdirməyə məcbur edildi.
Cocuq Mərcanlı kəndi qısa müddət ərzində yenidən qurulacaq
Yeri gəlmişkən, artıq işğaldan azad edilmiş kəndlərimizdə həyat canlanır, yaşayış bərpa olunur. Məlum olduğu kimi, yanvarın 24-də Prezident İlham Əliyev “İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sənəddə bildirilir ki, ötən ilin aprel ayında Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum hərbi əməliyyatı nəticəsində erməni işğalından azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində insanların təhlükəsiz yaşaması mümkün olub. Bununla da tarixən burada yaşamış dinc əhalinin öz doğma yurdlarına qayıtması üçün Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarətinə keçmiş həmin ərazilərdə əsaslı yenidənqurma işlərinin başlanmasına şərait yaranıb. Ölkə başçısının Sərəncamına əsasən, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı görüləcək işlər çərçivəsində birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ilkin olaraq 4 milyon manat ayrılıb.
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı bu məqamlara toxunan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qeyd edib ki, Cocuq Mərcanlı kəndinin yenidən qurulması ilə bağlı müvafiq Sərəncam imzalanmışdır: “Bu layihənin icra edilməsi çox böyük rəmzi məna daşıyır. Bu, tarixi hadisədir. Biz işğaldan azad edilmiş kəndə sakinləri qaytarırıq. Mən çox şadam ki, Cocuq Mərcanlı kəndinin sakinləri buna çox böyük həvəslə, böyük maraqla yanaşırlar, o günü səbirsizliklə gözləyirlər. Əminəm ki, biz Cocuq Mərcanlı kəndini qısa müddət ərzində yenidən quracağıq. İndi orada təmizlik və minalardan təmizləmə işləri aparılır. O kəndin görüntüləri televiziyada da göstərilir”.
Bunlarla yanaşı, digər vacib bir nüans odur ki, işğaldan azad edilmiş torpaqlarımızda həyatın bərpası ciddi mənəvi-psixoloji üstünlük əldə etməyə imkan verir. Azərbaycan dövləti işğal edilmiş əraziləri azad etmək əzmində olduğunu göstərir, xalqımız həyata keçirilən tədbirləri - bu qətiyyətli mövqeyi böyük ruh yüksəkliyi ilə qarşılayır. Ermənistan isə təşvişdədir və anlayır ki, gec-tez işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilməyə məcburdur.
Beynəlxalq təşkilatlar Cocuq Mərcanlıda erməni vəhşiliklərinə şahid olacaqlar
Tərəddüdsüz qeyd edə bilərik ki, Qarabağa böyük qayıdış Cocuq Mərcanlıdan başlayır. Bunu təmin edən başlıca amil isə Azərbaycan Ordusunun işğalçı Ermənistan ordusu üzərindəki aprel qələbəsidir. Şübhəsiz, həmin döyüşlər çərçivəsində Lələtəpənin azad edilməsi Cocuq Mərcanlı kəndinin erməni təhdidindən azad edilməsinə, orada məskunlaşmaya imkan yaratdı. Və ən əsası, Azərbaycan Ermənistanın işğalçılıq siyasəti ilə barışmayacağını bir daha ermənilərə və dünyaya nümayiş etdirdi.
İşğaldan azad edilmiş Cocuq Mərcanlıda infrastruktur layihələrinin icrası nəzərdə tutulub, eyni zamanda, həmin kəndə qayıdacaq sakinlərin təhlükəsiz yaşayışının təmin olunması üçün müvafiq tədbirlər görüləcəkdir. Prezident İlham Əliyev bəhs olunan çıxışı zamanı qeyd edib ki, bu kənd bir neçə ay işğal altında olub: “Sonra Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Horadiz əməliyyatı keçirilmişdir. İşğalçılar, düşmənlər o kənddən qovulmuşlar. Amma bir neçə ay ərzində onlar bu kəndi yerlə yeksan ediblər. İndi, əlbəttə ki, orada minalardan təmizləmə işləri aparılmalı, sonra isə infrastruktur layihələri icra olunmalıdır. Mən göstəriş vermişəm, beynəlxalq təşkilatlara da müraciət olunsun ki, onlar da öz nümayəndələrini ora göndərsinlər və erməni vəhşiliyinin nədən ibarət olduğunu görsünlər”.
Cocuq Mərcanlıda infrastruktur layihələri gerçəkləşdiriləcək, əhalinin təhlükəsiz və rahat yaşaması üçün müvafiq tədbirlər görüləcək
Digər bir reallıq ondan ibarətdir ki, Cocuq Mərcanlıda ermənilər ciddi dağıntılar törədiblər. Başqa sözlə, Ermənistan barbar dövlət olduğunu Cocuq Mərcanlıda törətdiyi dağıntıların timsalında bir daha sübuta yetirib. Əlbəttə, müvafiq beynəlxalq təşkilatlar bu reallıqlara görə Ermənistana qarşı adekvat - islahedici tədbirlər görməlidirlər. Bu, beynəlxalq hüququn tələbidir. Şübhəsiz ki, danışıqlarda qeyri-konstruktiv mövqe nümayiş etdirən, status-kvonun qorunub saxlanmasında maraqlı olan və həmçinin Madrid Sülh Planından boyun qaçıran işğalçı Ermənistanın BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əməl etməməsi, qanlı etnik təmizləmə siyasəti həyata keçirməsi, 1 milyondan artıq insanı öz yurdundan qovması və sonunda sülh prosesinə xələl gətirən bu cür təxribatçı addımlar atması bu ölkəyə qarşı beynəlxalq ictimaiyyət tərəfindən ciddi sanksiyaların tətbiq edilməsi üçün əsas verir. İndiki mərhələdə işğal edilmiş Azərbaycan torpaqlarında vandalizm aktının törədilməsi də beynəlxalq ictimaiyyət tərəfindən adekvat qiymətini almalı, Ermənistana qarşı təzyiqlər artırılmalıdır.
Qeyd etdiyimiz kimi, Azərbaycan işğaldan azad edilmiş Cocuq Mərcanlıda ardıcıl işləri özündə ehtiva edən tədbirlər planı reallaşdırmaqla əhali üçün rahat və əlverişli həyat şəraitinin yaranmasını təmin edəcək. Prezident İlham Əliyev bu məqamlara toxunaraq qeyd edib: “İndi işğal edilmiş digər torpaqlara erməni işğalçıları beynəlxalq müşahidəçiləri buraxmırlar. Ağdamın, Füzulinin, digər şəhərlərimizin dağıntılarını biz beynəlxalq mətbuatda az-az görə bilirik. Nəyə görə? Çünki buraxmırlar. Amma bu Cocuq Mərcanlı erməni vəhşiliyinin, vandalizminin əyani sübutudur. Gəlsinlər, görsünlər ki, özlərini mədəni xalq kimi təqdim etməyə çalışanlar hansı vəhşiliklər törədiblər”.
Cocuq Mərcanlıda bütün sənədləşmə, pasportlaşdırma, erməni vəhşiliklərinin sənədləşdirilməsi işləri, video, fotoçəkilişlər aparılmalı, dağılmış bütün o binaların ölçüləri, dəymiş ziyanın hesablanmalı olduğunu deyən Prezident İlham Əliyev diqqətə çatdırıb: “Yəni biz bu işlərə çox əsaslı yanaşmalıyıq və qeyd etdiyim kimi, orada ilk növbədə infrastruktur yaradılmalı, yollar, elektrik, qaz, su xətləri çəkilməli, mütləq məktəb, uşaq bağçası, tibb məntəqəsi və fərdi evlər tikilməlidir. Birinci mərhələdə 50 ev tikiləcək. Ancaq mən göstəriş vermişəm ki, kəndin masterplanı hazırlansın. Əminəm ki, gələcəkdə orada 100, ya da 200 ev tikiləcəkdir. Əlbəttə ki, orada yaşayacaq insanlar üçün iş yerləri də açılmalıdır. Həm əkin sahələri, digər iş yerlərinin yaradılması üçün tədbirlər görüləcək və beləliklə, biz vətəndaşlarımızı uzun fasilədən sonra öz doğma ata-baba torpağına qaytaracağıq”.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14

