Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanın praqmatik xarici siyasət kursu regional və beynəlxalq təhlükəsizliyə strateji töhfələr verir

Azərbaycanın praqmatik xarici siyasət kursu regional və beynəlxalq təhlükəsizliyə strateji töhfələr verir

04.03.2017 [10:40]

Prezident İlham Əliyev: Azərbaycan yeni enerji strategiyası və enerji əməkdaşlığının yeni baxışını təqdim etmişdir
Avrasiyanın mühüm geostrateji məntəqələrindən biri olan Cənubi Qafqazın lider dövləti kimi çıxış edən Azərbaycan öz çoxşaxəli və balanslaşdırılmış xarici siyasət kursu ilə regional əməkdaşlıq və təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirir. Digər tərəfdən, regional işbirliyi formatlarının yaranmasında Azərbaycanın yeri və rolu müstəsna əhəmiyyət kəsb edir. Ölkəmiz hazırda regionda sabitləşdirici aktor kimi çıxış edir.
Bütövlükdə, öz xarici siyasətində milli maraqlar və beynəlxalq hüquq normaları ilə yanaşı, sülh, sabitlik, inkişaf, qarşılıqlı faydalı əməkdaşlıq kimi meyarları da əsas götürən Azərbaycan beynəlxalq münasibətlər sisteminə yeni və daha mütərəqqi dəyərlər təqdim etməkdədir. Bu isə daha çox regional və qlobal inkişafa, sabitliyə, təhlükəsizliyə töhfə kimi xarakterizə edilir. Bütün bunların müqabilində ayrı-ayrı milli dövlətlər, o cümlədən dünya siyasətinin güc mərkəzləri kimi çıxış edən geopolitik subyektlər Azərbaycanın beynəlxalq münasibətlər sistemində fəal rolunu, praqmatik xarici siyasət kursunu yüksək qiymətləndirirlər.
Ermənistanın işğalçı siyasəti regional təhlükəsizliyə təhdid kimi...
Bütün bunlarla yanaşı, regional ziddiyyətlər, eləcə də münaqişələr təhlükəsizlik və əməkdaşlığa təhdid yaradan neqativ faktorlar kimi çıxış edir. Regional təhlükəsizlik balansını pozan əsas amil Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Münaqişə bölgənin ümumi inkişafına mane olmaqla yanaşı, yeni əməkdaşlıq platformalarının da reallaşdırılmasını əngəlləyir. Bütövlükdə, beynəlxalq ictimaiyyət anlayır ki, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi nəticəsində yaranmış münaqişə ölkəmizin ərazi bütövlüyünə qarşı törədilmiş qəsdin və təcavüzkar siyasətin əyani nümunəsi olmaqla yanaşı, həm də regional və qlobal təhlükəsizlik sistemi üçün ciddi təhdiddir. Münaqişə bölgənin inkişafına, uzunmüddətli sabitliyə mane olan dağıdıcı faktorlardan biri kimi çıxış edir. Ona görə də bu problemin həlli beynəlxalq təhlükəsizliyin diktə etdiyi zəruri amildir. Yeri gəlmişkən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 1-də Pakistan İslam Respublikasının paytaxtı İslamabadda İqtisadi Əməkdaşlıq Təşkilatının XIII Sammitində çıxışı zamanı bu məqamlara toxunaraq qeyd edib ki, təhlükəsizliyin və sabitliyin təmin edilməsi regional əməkdaşlığın qurulmasının mühüm elementidir. Təəssüf ki, yeni münaqişələr yarandıqca regionumuzda təhlükəsizlik və sabitlik daha da kövrək olur: “Biz insan faciəsinin şahidi oluruq. Çoxlu sayda insanlar həyatlarını itirir, milyonlarla insan doğma yurdlarını tərk edir. Azərbaycan öz təcrübəsindən bu ağrı və acıları yaxşı anlayır. Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizi - tarixi torpağımız olan Dağlıq Qarabağ və ətraf yeddi rayonumuz işğal altındadır. Bu ərazilərdə etnik təmizləmə aparılmış və bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə bütün tarixi abidələrimiz, məscidlərimiz və qəbiristanlıqlarımız dağıdılmışdır. Ermənistan 1992-ci ildə Azərbaycana qarşı soyqırımı törətmişdir. Xocalı soyqırımı nəticəsində qətlə yetirilən 613 mülki şəxsdən 106-sı qadın, 63-ü uşaq, 70-i isə qoca olmuşdur. Min nəfərdən çox insan itkin düşmüşdür. Bu gün ondan artıq ölkə Xocalı soyqırımını tanımışdır. 2012-ci ildə Pakistan Senatının Xocalı soyqırımını rəsmən tanıdığına görə biz Pakistana təşəkkürümüzü bildiririk”.
Dövlətimizin başçısı diqqətə çatdırıb ki, BMT Təhlükəsizlik Şurası münaqişə ilə bağlı dörd qətnamə qəbul etmişdir: “Həmin qətnamələrdə Ermənistan silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz və dərhal çıxarılması tələb olunur. İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, Qoşulmama Hərəkatı və digər mötəbər beynəlxalq təşkilatlar bənzər qətnamə və qərarlar qəbul etmişlər. İslam Əməkdaşlıq Təşkilatının sonuncu Zirvə görüşündə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və son olaraq, 2016-cı ilin aprel ayında Ermənistan tərəfindən Azərbaycana qarşı edilmiş təcavüzlə bağlı nazirlər səviyyəsində kontakt qrupu yaradılmışdır. Ermənistan bu qətnamələrə əməl etməli və ya sanksiyalara məruz qalmalıdır. Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir”.
Azərbaycan regional miqyasda enerji təhlükəsizliyinin qarantı kimi çıxış edir
Azərbaycanın regional və beynəlxalq təhlükəsizliyə strateji töhfələrindən bəhs edərkən ölkəmizin enerji təhlükəsizliyində rolunu da vurğulamaq gərəkdir. Azərbaycan öz milli maraqlarına müvafiq olaraq həyata keçirilən praqmatik və rasional siyasət nəticəsində miqyasına görə regional, əhəmiyyətinə görə isə qlobal xarakterli transmilli layihələrin mərkəzi oyunçusuna çevrilib. Təsadüfi deyil ki, Azərbaycanın iştirakı olmadan bu gün regionda heç bir layihə gerçəkləşdirilmir. Xüsusilə də, Avropa enerji təhlükəsizliyinin təmin olunmasında, qarşılıqlı faydalı əməkdaşlıq platformalarının gerçəkləşdirilməsində Azərbaycanın enerji siyasətinin əhəmiyyətini xüsusi olaraq bəyan edir. Çünki Azərbaycan enerji ehtiyatlarının ixracında çoxvariantlı nəqletmə sisteminə - diversifikasiya edilmiş təchizata üstünlük verir və dünyanın aparıcı dövlətləri tərəfindən etibarlı strateji tərəfdaş kimi qiymətləndirilir. Müstəqil enerji siyasəti ölkəmizin beynəlxalq arenadakı mövqeyini, həmçinin regionun və regionətrafı coğrafiyanın strateji təhlükəsizliyini daha da gücləndirir.
Bu kontekstdə qeyd etmək lazımdır ki, beynəlxalq enerji təhlükəsizliyinə mühüm töhfələr verən Azərbaycanda 2014-cü ilin sentyabr ayında daha bir möhtəşəm enerji layihəsinin - XXI əsrin layihəsi kimi xarakterizə edilən “Cənub Qaz Dəhlizi” layihəsinin icrasına start verilib. Şübhəsiz, “Cənub Qaz Dəhlizi” Azərbaycanın praqmatik enerji siyasətinin, bu kontekstdə beynəlxalq əməkdaşlığının qanunauyğun nəticəsi kimi xarakterizə edilir.
Prezident İlham Əliyev bəhs olunan çıxışı zamanı diqqətə çatdırıb ki, enerji əməkdaşlığı regional əməkdaşlıqda əhəmiyyətli rol oynayır: “Azərbaycan yeni enerji strategiyası və enerji əməkdaşlığının yeni baxışını təqdim etmişdir. Azərbaycan daha geniş regionun enerji təhlükəsizliyinin təmin edilməsində mühüm tərəfdaşa çevrilmişdir. Biz Xəzər, Qara və Aralıq dənizlərini birləşdirərək şaxələnmiş boru kəmərləri infrastrukturunu yaratmışıq. Bu gün Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri regional əməkdaşlığın rəmzləridir. Hazırda ölkəmiz tərəfdaşları ilə birlikdə dəyəri 40 milyard dollar olan “Cənub Qaz Dəhlizi” layihəsini həyata keçirir. Bu, enerji əməkdaşlığı və enerji təhlükəsizliyi layihəsidir. Qeyd etdiyim nəqliyyat və enerji layihələri regionda on minlərlə yeni iş yeri yaradır. Bu layihələr firavanlıq gətirir. Bu, ölkələr arasında əməkdaşlığı və dostluğu möhkəmləndirir”.
Ümumiyyətlə, Azərbaycanın praqmatik enerji siyasəti regionun təhlükəsizliyinin qarantı kimi çıxış edir. Bununla yanaşı, reallaşdırılan layihələr çərçivəsində qarşılıqlı investisiya qoyuluşunun artması, yeni əməkdaşlıq platformalarının gündəmə gətirilməsi, enerji resurslarının, karbohidrogen ehtiyatlarının əlverişli və təhlükəsiz marşrutlarla daşınması hazırkı əməkdaşlığın səmərəli nəticələridir. Regionda əməkdaşlıq əlaqələri və platformalarından bəhs edərkən xüsusi olaraq qeyd etmək lazımdır ki, bu günə qədər həyata keçirilən və əməkdaşlığa təkan verən layihələrdə Azərbaycanın siyasi iradəsi və qətiyyəti öz sözünü deyib.
Regionun nəqliyyat, logistika mərkəzinə çevrilən Azərbaycan beynəlxalq nəqliyyat sisteminə inteqrasiyanı genişləndirir
Regional əməkdaşlıq və təhlükəsizlik kontekstində Azərbaycanın strateji imkanlarını artıran, ikitərəfli və çoxtərəfli əlaqələrin inkişafını şərtləndirən, yeni əməkdaşlıq platformalarının formalaşmasına zəmin yaradan amillərdən biri də ölkəmizin regionun nəqliyyat, logistika mərkəzinə çevrilməsidir. Azərbaycan Prezidentinin müəyyənləşdirdiyi yeni inkişaf paradiqmaları içərisində ölkənin nəqliyyat təhlükəsizliyinin təmin edilməsi mühüm yer tutur. Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən, əlverişli coğrafi mövqeyə malik Azərbaycan nəqliyyat xidmətlərini inkişaf etdirir, müasir infrastrukturlar qurur, daşımaların idarə olunması mexanizmini təkmilləşdirir və beynəlxalq nəqliyyat sisteminə inteqrasiyanı genişləndirir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Nəqliyyat sahəsində əməkdaşlığın Azərbaycan üçün böyük əhəmiyyəti var. Azərbaycan ərazisi ilə Avropa və Asiya arasında strateji dəmir yolu əlaqəsinin yaradılması yüklərin daşınma vaxtını 30 gündən 15 günə endirəcəkdir. Şərq-Qərb nəqliyyat dəhlizi tarixi İpək Yolunun bərpası deməkdir. Daha bir mühüm nəqliyyat layihəsi Şimal-Cənub dəmir yolu dəhlizidir. Azərbaycan hər iki strateji layihənin fəal iştirakçısı və sərmayəçisidir. Biz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətləri bu yeni infrastrukturun imkanlarından istifadə etməyə dəvət edirik. Azərbaycanda inşa edilən, Xəzər dənizinin ən böyük beynəlxalq dəniz ticarət limanı da nəqliyyat infrastrukturuna olan növbəti töhfədir”.
Azərbaycan İslam həmrəyliyinin təmin olunmasına mühüm töhfələr verir
Azərbaycanın regionda və bütövlükdə Avrasiyada əməkdaşlıq və təhlükəsizliyə strateji töhfələr verməsindən bəhs edərkən ölkəmizin İslam coğrafiyasında bu kontekstdə fəal rolunu da vurğulamaq lazımdır. Bu, bir reallıqdır ki, Azərbaycan İslam həmrəyliyinin təmin olunmasına mühüm töhfələr verir. Həmçinin Azərbaycan həm də İslam ölkələri arasında siyasi, iqtisadi, mədəni əlaqələrin genişlənməsində önəmli rol oynayır.
Onu da qeyd edək ki, cari ildə ölkəmizdə keçiriləcək IV İslam Həmrəyliyi Oyunları da sadalananlar kontekstində mühüm əhəmiyyət kəsb edir. Əlbəttə, IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi ilə bağlı qərarın qəbul edilməsində mühüm rol oynayan ən başlıca amil Azərbaycanın daim İslam dünyasına öz töhfələrini verməsidir. Prezident İlham Əliyev bəhs olunan çıxışı zamanı bu məqamlara toxunaraq qeyd edib: “Azərbaycan müsəlman ölkələri arasında həmrəyliyə xüsusi əhəmiyyət verir. Azərbaycan 2017-ci ili “İslam Həmrəyliyi İli” elan etmişdir. İki aydan sonra Bakı IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcəkdir. Bu gün islamofobiya dünyada ən ciddi təhlükələrdən biridir. Biz bu tendensiyanı qəti şəkildə pisləyirik. İslamı terrorla əlaqələndirmək yanlış və qərəzli yanaşmadır. Terrordan ən çox əziyyət çəkən məhz müsəlman dövlətləridir. Biz sülh, mərhəmət, dözümlülük və ədalət dini olan İslamın dəyərlərinin təşviqini davam etdirməliyik”.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 666 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31