Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan ilə Fransa arasında inkişafda olan siyasi dialoq çox fəal mərhələyə qədəm qoyub

Azərbaycan ilə Fransa arasında inkişafda olan siyasi dialoq çox fəal mərhələyə qədəm qoyub

16.03.2017 [10:04]

Prezident İlham Əliyev: Əminəm ki, Fransa-Azərbaycan əlaqələri gələcəkdə daha da möhkəmlənəcək
Cənubi Qafqazın lider dövləti kimi çıxış edən Azərbaycan öz çoxşaxəli və balanslaşdırılmış xarici siyasət kursu ilə beynəlxalq miqyasda əməkdaşlıq və təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirir. Regionda sabitləşdirici aktor kimi çıxış edən Azərbaycan xarici siyasətində milli maraqlar və beynəlxalq hüquq normaları ilə yanaşı, sülh, sabitlik, inkişaf, qarşılıqlı faydalı əməkdaşlıq kimi meyarları da əsas götürür, beynəlxalq münasibətlər sisteminə yeni və daha mütərəqqi dəyərlər təqdim edir. Bu isə daha çox regional və qlobal inkişafa, sabitliyə, təhlükəsizliyə töhfə kimi xarakterizə edilir. Bütün bunların müqabilində ayrı-ayrı milli dövlətlər, o cümlədən dünya siyasətinin güc mərkəzləri kimi çıxış edən geopolitik subyektlər Azərbaycanın beynəlxalq münasibətlər sistemində fəal rolunu, praqmatik xarici siyasət kursunu yüksək qiymətləndirirlər.
Azərbaycanla Fransa arasında güclü siyasi əlaqələr bütün sahələr üzrə əməkdaşlığın inkişafına müsbət təsir göstərir
Onu da qeyd etmək lazımdır ki, Azərbaycanın xarici siyasət kursunda Fransa Respublikası ilə qarşılıqlı faydalı və bərabərhüquqlu münasibətlər böyük əhəmiyyət daşıyır. Ümumiyyətlə, Azərbaycan-Fransa münasibətlərinin inkişafı bütövlükdə regionun tərəqqisi, həmçinin bölgədə sülhün və təhlükəsizliyin təmin olunması baxımından önəm daşıyır. Öz növbəsində, Fransa da Azərbaycanla çoxşaxəli əməkdaşlığı öz milli maraqlarına müvafiq hesab edir və tərəfdaşlığın genişləndirilməsi niyyətində olduğunu bildirir. Bütövlükdə, Fransa-Azərbaycan münasibətləri qarşılıqlı məmnunluq doğurur.
Digər tərəfdən, qarşılıqlı səfər və görüşlər iki ölkə arasındakı münasibətlərin inkişafına əhəmiyyətli töhfələr verir. Xüsusilə də dövlət başçılarının görüşləri ikitərəfli münasibətlərin müzakirəsi və əməkdaşlığın dərinləşdirilməsi baxımından müstəsna əhəmiyyət kəsb edir. Bu kontekstdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fransa Respublikasına rəsmi səfəri xüsusi əhəmiyyət daşıyır. Səfər çərçivəsində keçirilən görüşlər zamanı səsləndirilən fikirlər münasibətlərin inkişafının məmnunluq doğurduğunu deməyə əsas verir. Bütövlükdə, bu səfər ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün etibarlı zəmin yaradıb.
Ümumiyyətlə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fransaya rəsmi səfəri iki ölkə arasında bütün sahələr üzrə əməkdaşlığın daha da inkişaf etdirilməsinə mühüm impuls verəcək. Azərbaycanla Fransa arasında güclü siyasi əlaqələr iki ölkə arasında bütün sahələr üzrə əməkdaşlığın inkişafına müsbət təsir göstərir. Təqdirəlayiq haldır ki, Fransanın siyasi rəhbərliyi, biznes dairələri Azərbaycan Prezidentinin Fransaya səfərinə mühüm əhəmiyyət verib. Prezident İlham Əliyevin Fransanın aparıcı şirkət rəhbərləri ilə çoxsaylı görüşləri Fransanın biznes dairələrinin Azərbaycana böyük marağının ifadəsidir.
Martın 14-də Parisdə sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Fransa Respublikasının Prezidenti Fransua Ollandın mətbuata bəyanatlarla çıxışı zamanı bu məsələlər diqqət mərkəzində olub. Prezident İlham Əliyev qeyd edib: “Aramızda inkişafda olan siyasi dialoq çox fəal mərhələyə qədəm qoyub. Biz bu gün də bu dialoqu davam etdiririk. Görürük ki, bir çox məsələlərlə bağlı bizim mövqeyimiz üst-üstə düşür. Əlbəttə ki, güclü siyasi əlaqələr bütün sahələrdə inkişafda olan əlaqələrə də müsbət təsir göstərir”.
Bunlarla yanaşı, bəhs olunan səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Fransa Respublikasının Prezidenti Fransua Ollandın iştirakı ilə sənədlərin imzalanması əməkdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından müstəsna əhəmiyyət kəsb edir. Məlumat üçün qeyd edək ki, tərəflər arasında “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Fransa Respublikasının Ətraf Mühit, Enerji, Dəniz və İqlim üzrə Beynəlxalq Əlaqələr Nazirliyi arasında Anlaşma Memorandumu”, “Fransanın İnkişaf Agentliyi ilə Azərbaycan Respublikası arasında Kredit Müqaviləsi”, “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Fransa Respublikasının Baş naziri yanında Dövlət İslahatları və Asanlaşdırma üzrə Dövlət Katibliyi arasında dövlət xidmətlərinin göstərilməsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Fransa Respublikasının İqtisadiyyat, Sənaye və Rəqəmsal Nazirliyi arasında innovasiya, informasiya və kommunikasiya texnologiyaları sahələrində əməkdaşlığa dair Anlaşma Memorandumu”, “Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə Fransa Respublikasının Mənzil və Davamlı Yaşayış Nazirliyi arasında Niyyət Protokolu” imzalanıb.
Bütövlükdə, Azərbaycan-Fransa münasibətləri yaxşı perspektiv vəd edir. Dövlətimizin başçısı bu məqama toxunaraq deyib: “Əminəm ki, Fransa-Azərbaycan əlaqələri gələcəkdə daha da möhkəmlənəcək... Biz çox istəyirik ki, əlaqələr daha da yüksək səviyyəyə qalxsın, beləliklə, Fransa və Azərbaycan xalqları bir-birinə daha da yaxın olsunlar”.
Qeyd etdiyimiz kimi, Prezident İlham Əliyevin Fransaya səfəri tərəflər arasında münasibətlərin inkişafı kontekstində müstəsna əhəmiyyətə malikdir. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin səfəri Avropada yaşayan azərbaycanlıların böyük marağına səbəb olub, diaspor nümayəndələri martın 14-də Fransanın paytaxtı Parisin Joffr meydanında - Sülh divarının yaxınlığında Azərbaycan dövlət başçısına dəstək aksiyası keçiriblər.
Dağlıq Qarabağ münaqişəsinin həlli geostrateji zərurət kimi: mövcud status-kvo qəbuledilməzdir
Bəhs olunan səfər zamanı müzakirə predmetinə çevrilən məsələlərdən biri də regional təhlükəsizliyə ciddi təhdid yaradan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi olub. Prezident İlham Əliyev bəhs olunan çıxışı zamanı deyib ki, Ermənistan beynəlxalq birlik tərəfindən tanınan Azərbaycan torpaqlarını uzun illərdir ki, işğal edib: “Ermənistan Dağlıq Qarabağı və onun ətrafında yerləşən yeddi bölgəni işğal altında saxlayır. O bölgələrdən bütün Azərbaycan əhalisi, yüz minlərlə insan qovulubdur. Orada bütün infrastruktur və binalar dağıdılıb. ATƏT-in faktaraşdırıcı missiyaları işğal edilmiş torpaqlara iki dəfə səfər edib və öz məruzələrində bunu ifadə ediblər. BMT Təhlükəsizlik Şurası münaqişə ilə bağlı dörd qətnamə qəbul edib. Bu qətnamələrdə açıq-aydın göstərilir ki, erməni qüvvələri işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. O qətnamələr 1990-cı illərin əvvəllərində qəbul edilmişdir. Ermənistan bu qətnamələrin icrasına, görünür ki, meyilli deyil. Ona görə birinci mərhələ üçün hazırda tezliklə danışıqlar bərpa edilməlidir. Ermənistan danışıqlardan boyun qaçırmamalıdır. Cənab Prezident Ollandın qeyd etdiyi kimi, status-kvo qəbuledilməzdir. Minsk qrupuna həmsədr olan ölkələrin prezidentləri - Fransa, Rusiya və Amerika prezidentləri bir neçə dəfə deyiblər ki, status-kvo qəbuledilməzdir. Biz də bunu deyirik və istəyirik ki, tezliklə status-kvo dəyişdirilsin və münaqişəyə son qoyulsun, bölgəmizdə sülh təmin edilsin və Azərbaycan köçkünləri öz doğma torpaqlarına qayıda bilsinlər”.
Bildiyimiz kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ölkəmizin qarşıya qoyduğu ən prioritet məsələdir. Ermənistanın hərbi təcavüzü nəticəsində meydana çıxan bu münaqişə də Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ və yeddi ətraf rayon zəbt edilib, bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün həyatı yaşamağa məhkum olub. Azərbaycan konfliktin beynəlxalq hüquq normaları əsasında, ədalətli həllinə nail olmaq məqsədilə qlobal səviyyədə genişmiqyaslı iş aparır, beynəlxalq təşkilatlarla əməkdaşlığı genişləndirir. Müəyyən müddətdir ki, davam edən danışıqlar prosesində ölkəmiz nəinki öz həqiqətlərini dünyaya çatdıra bilib, həm də siyasi, diplomatik, iqtisadi, hərbi sahələrdə işğalçı Ermənistan üzərində aşkar üstünlüyə nail olub. Digər sahələrdə olduğu kimi, ölkənin ərazi bütövlüyü məsələsində də respublika rəhbərliyinin qətiyyətli və birmənalı mövqe sərgiləməsi bəzi xarici ermənipərəst qüvvələrin müxtəlif qərəzli niyyətlərini dəfələrlə iflasa uğradıb. Bütövlükdə, Azərbaycan münaqişənin həlli ilə bağlı bütün görüşlərdə və danışıqlarda siyasi iradə nümayiş etdirərək konfliktin nizamlanması yolunda konstruktiv fəaliyyət sərgiləyib.
Onu da qeyd etmək lazımdır ki, Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində prinsipial mövqeyi ayrı-ayrı milli dövlətlər və beynəlxalq ictimaiyyət tərəfindən problemə adekvat yanaşmanın ortaya qoyulmasını şərtləndirib. Münaqişənin tənzimlənməsində Azərbaycanın uzun illərdir davamlı şəkildə irəli sürdüyü mərhələli həll variantı əsas prinsip kimi götürülüb. Mərhələli həll variantı atəşkəsin tam təmin olunmasını, işğal altında olan torpaqların Azərbaycana qaytarılmasını, qaçqın və məcburi köçkünlərin öz torpaqlarına qayıtmasını nəzərdə tutur. Dağlıq Qarabağın gələcək statusu isə yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində müəyyənləşdirilə bilər.
Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Fransanın göstərdiyi səyləri yüksək qiymətləndirir
Azərbaycanın tutduğu prinsipial mövqeyin və sərgilədiyi praqmatik siyasətin fonunda dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən həllinin zəruri və qaçılmaz bir proses olduğunu hər zaman bəyan edirlər. Məhz bunun nəticəsidir ki, beynəlxalq təşkilatlar tərəfindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həlli ilə bağlı fundamental və zəruri qətnamələr qəbul edilib.
Xüsusilə ötən ilin aprel döyüşlərindən sonra ayrı-ayrı dövlətlər, beynəlxalq təşkilatların nümayəndələri, parlamentarilər, rəsmilər Ermənistanın təxribatçı hərəkətlərinə son qoyulmasının və Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən həllinin zəruriliyini bəyan etdilər. Bu isə onu deməyə əsas verir ki, dünya ictimaiyyəti Ermənistanın qeyri-konstruktiv mövqeyini kəskin qınayır. Eyni zamanda, ATƏT-in Minsk qrupu mövcud status-kvonun davam edə bilməyəcəyi qənaətindədir və bu fikir açıq şəkildə ifadə olunub. Ötən ilin aprelindən sonra beynəlxalq ictimaiyyət bir daha anladı ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi regional miqyaslı, qlobal xarakterli destruktiv problemdir. Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi nəticəsində yaranmış münaqişə ölkəmizin ərazi bütövlüyünə qarşı törədilmiş qəsdin və təcavüzkar siyasətin əyani nümunəsi olmaqla yanaşı, həm də regional və qlobal təhlükəsizlik sistemi üçün ciddi təhdiddir. Ümumilikdə, münaqişə bölgənin inkişafına, uzunmüddətli sabitliyə mane olan dağıdıcı faktorlardan biri kimi çıxış edir. Ona görə də bu problemin həlli beynəlxalq təhlükəsizliyin diktə etdiyi zəruri amildir və Dağlıq Qarabağ münaqişəsi nə qədər ki ədalətli şəkildə həll edilməyib, regionda tam mənada sülh və sabitlikdən bəhs etməyə dəyməz. Çünki ərazi iddialarının, təcavüz faktının və separatizmin mövcud olduğu məkan və şəraitdə qarşılıqlı maraqlara söykənən əməkdaşlıq niyyətlərini istənilən səviyyədə reallaşdırmaq qeyri-mümkündür. İşğalçı Ermənistan isə bütün çağırışlara qeyri-konstruktiv reaksiya verməklə yanaşı, ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatında əks olunmuş status-kvonun saxlanmasının yolverilməzliyi, hərbi əməliyyatlardan çəkinilməsi və münaqişənin sülh yolu ilə həlli təkliflərinə də məhəl qoymur. Bütün hallarda, Dağlıq Qarabağda mövcud status-kvo qəbuledilməzdir.
Yeri gəlmişkən, Fransa Prezidenti Fransua Olland Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatı zamanı bu məsələyə toxunaraq deyib: “Biz Dağlıq Qarabağ məsələsi haqqında danışdıq və bildirdik ki, mövcud status-kvo qəbuledilməzdir. Risklər var və biz bunu keçən ilin aprel ayında baş verən insidentdən də gördük”.
Fransua Olland danışıqların yenidən bərpa olunmasını arzuladığını bildirərək deyib: “Minsk qrupunun həmsədri kimi istəyirik ki, digər həmsədrlər - ABŞ və Rusiya da bu prosesə töhfə versin. Düşünürük ki, parametrlər bəllidir və uzun müddətdir davam edən bu münaqişənin həlli yolunu tapmaq mümkündür. Hesab edirik ki, hər dəfə sülhə töhfəmiz beynəlxalq səviyyədə həyata keçirmək istədiyimiz fəaliyyətin və qurmaq istədiyimiz münasibətlərin məğzidir”.
Onu da qeyd edək ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Fransanın göstərdiyi səyləri yüksək qiymətləndirir.
Azərbaycanın həyata keçirdiyi siyasət regionda yeni reallıq və qonşularla yeni əməkdaşlıq formatı yaradıb
Prezident İlham Əliyevin Fransaya səfəri zamanı diqqət mərkəzində olan məsələlərdən biri də regional əməkdaşlıq olub. Bu kontekstdə Azərbaycanın rolu yüksək qiymətləndirilib, əməkdaşlığın inkişaf perspektivləri müzakirə predmetinə çevrilib. Sirr deyil ki, regional güc mərkəzi olan Azərbaycan bölgədə sülh və təhlükəsizliyə müstəsna töhfələr verir. Azərbaycanın həyata keçirdiyi siyasət regionda yeni reallıq və qonşularla yeni əməkdaşlıq formatı yaradıb. Bundan başqa, əlverişli coğrafi mövqeyə malik, Asiya və Avropanın arasında yerləşən və müasir nəqliyyat infrastrukturuna malik Azərbaycan regionun nəqliyyat qovşağına çevrilib.
Eyni zamanda, Azərbaycanın regional və beynəlxalq təhlükəsizliyə strateji töhfələrindən bəhs edərkən ölkəmizin enerji təhlükəsizliyində rolunu da vurğulamaq gərəkdir. Azərbaycan öz milli maraqlarına müvafiq olaraq həyata keçirilən praqmatik və rasional siyasət nəticəsində miqyasına görə regional, əhəmiyyətinə görə isə qlobal xarakterli transmilli layihələrin mərkəzi oyunçusuna çevrilib. Təsadüfi deyil ki, Azərbaycanın iştirakı olmadan bu gün regionda heç bir layihə gerçəkləşdirilmir. Xüsusilə də, Avropa enerji təhlükəsizliyinin təmin olunmasında, qarşılıqlı faydalı əməkdaşlıq platformalarının gerçəkləşdirilməsində Azərbaycanın enerji siyasətinin əhəmiyyətini xüsusi olaraq bəyan edir. Çünki Azərbaycan enerji ehtiyatlarının ixracında çoxvariantlı nəqletmə sisteminə - diversifikasiya edilmiş təchizata üstünlük verir və dünyanın aparıcı dövlətləri tərəfindən etibarlı strateji tərəfdaş kimi qiymətləndirilir. Müstəqil enerji siyasəti ölkəmizin beynəlxalq arenadakı mövqeyini, həmçinin regionun və regionətrafı coğrafiyanın strateji təhlükəsizliyini daha da gücləndirir.
Bu kontekstdə qeyd etmək lazımdır ki, XXI əsrin layihəsi kimi səciyyələndirilən “Cənub Qaz Dəhlizi” layihəsi Azərbaycanın praqmatik enerji siyasətinin, bu kontekstdə beynəlxalq əməkdaşlığının qanunauyğun nəticəsi kimi xarakterizə edilir. “Cənub Qaz Dəhlizi” layihəsi Avropanın enerji xəritəsini dəyişir və Avropa istehlakçıları üçün yeni təbii qaz mənbəyidir. Bəhs olunan çıxışı zamanı Prezident İlham Əliyev Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrdən danışarkən deyib ki, biz müxtəlif layihələr icra edirik və onların arasında xüsusilə Cənub Qaz Dəhlizini qeyd etmək istəyirəm: “Azərbaycanın təşəbbüsü ilə icra edilən bu strateji qaz kəməri Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verəcək. “Cənub Qaz Dəhlizi” layihəsinin ümumi dəyəri 40 milyard dollardır və Azərbaycan da həm sərmayədar, həm icraçı, həm də təşəbbüskar ölkə kimi bu layihənin həyata keçirilməsində fəal iştirak edir”.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 678 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31