Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi ölkəmizin yüksək nüfuzunun göstəricisidir

IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi ölkəmizin yüksək nüfuzunun göstəricisidir

25.04.2017 [08:59]

Prezident İlham Əliyev: IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi bizim üçün böyük şərəfdir. Biz bunu İslam ölkələrinin Azərbaycana olan hörmətinin və inamının təzahürü kimi qəbul edirik
Azərbaycan beynəlxalq münasibətlər sistemində güclü və nüfuzlu dövlət, ictimai-siyasi sabitliyin və davamlı inkişafın təmin olunduğu ölkə kimi tanınır. Ölkəmizin inkişafının, əldə etdiyi nailiyyətlərin əsasında uğurla, uzaqgörənliklə reallaşdırılan praqmatik daxili və xarici siyasət kursu dayanır. Milli inkişaf modelinin uğurla tətbiqi və hədəflənən nəticələrin əldə olunması, sosial-siyasi və iqtisadi islahatların davamlı olaraq həyata keçirilməsi, möhkəm təməllərə söykənən ictimai-siyasi sabitliyin təmin və mühafizə olunması, ölkəmizin beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında sürətlə irəliləməsi və digər nailiyyətlər müasir müstəqil Azərbaycanın gerçəkliklərini təşkil edir.
Azərbaycan beynəlxalq arenada güclü və nüfuzlu dövlət kimi tanınır
Bunlarla yanaşı, həyata keçirilən səmərəli xarici siyasət kursu da dövlətimizin qüdrətini artıran əhəmiyyətli faktor kimi çıxış edir. Ümumiyyətlə, müstəqil xarici siyasət kursuna malik olan Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı strateji tərəfdaş və nüfuzlu aktor kimi tanınır. Cənubi Qafqaz geosiyasi məkanında lider dövlət kimi çıxış edən ölkəmiz özünün çoxvektorlu və balanslaşdırılmış xarici siyasət strategiyası ilə həm ikitərəfli münasibətlər kontekstində, həm də çoxşaxəli əlaqələr fonunda yerləşdiyi regionun inkişafına mühüm töhfələr verir, həmçinin regional miqyaslı, qlobal xarakterli əməkdaşlıqlar platformasının mərkəzi oyunçusu rolunu oynayır.
Əlbəttə, müstəqil iqtisadi siyasət yürütməsi, sivilizasiyalararası dialoqa mühüm töhfələr verməsi, regional və beynəlxalq təhlükəsizliyin təmin olunmasında strateji tərəfdaş qismində mühüm rol oynaması Azərbaycanın beynəlxalq nüfuzunu artıran əhəmiyyətli faktorlar kimi çıxış edir. Azərbaycanın fəal xarici siyasəti, həmçinin davamlı inkişafı onu siyasi, iqtisadi və mədəni cəhətdən nəinki regional, hətta qlobal mərkəzə çevirməkdədir. Ölkəmiz beynəlxalq birliyin müstəqil və tamhüquqlu subyekti kimi öz milli mənafelərini qarşılıqlı hörmət prinsipi çərçivəsində həyata keçirir. Bu isə Azərbaycanın müstəqil inkişafını təmin etməklə yanaşı, ölkəmizə olan etimadı daha da artırır. Nəticə etibarilə, əldə edilən nailiyyətlər Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsinə, ölkəmizin milli gücünün artmasına strateji töhfələr verir.
Məlum olduğu kimi, aprelin 5-də paytaxtımızdakı Daş Salnamə Muzeyində “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinə start verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə çıxışı zamanı bu məqamlara toxunaraq diqqətə çatdırıb ki, qədim tarixə malik olan Azərbaycan cəmi 25 ildir ki, müstəqil dövlət kimi yaşayır: “Keçən il biz müstəqilliyimizin bərpa olunmasının 25 illiyini qeyd etmişik. Bu illər inkişaf, quruculuq illəri olmuşdur. Hesab edirəm ki, Azərbaycan tarixdə heç vaxt indiki qədər güclü olmamışdır. Azərbaycan beynəlxalq aləmdə böyük nüfuza malikdir. Biz bir neçə il bundan əvvəl dünyanın 155 ölkəsinin dəstəyi və səsi ilə dünyanın ən ali beynəlxalq orqanı olan BMT Təhlükəsizlik Şurasına üzv olmuşuq. Bu, beynəlxalq aləmdə bizə olan münasibətin, hörmətin təzahürüdür”.
Azərbaycan İslam aləmində böyük nüfuza malikdir
Bunlarla yanaşı, həyata keçirilən rasional xarici siyasət kursu Azərbaycanın müsəlman ölkələri arasında - İslam aləmində də nüfuzlu, mötəbər dövlət kimi tanınmasını şərtləndirib. Məhz bunun qanunauyğun nəticəsidir ki, Azərbaycan müsəlman ölkələri ilə ikitərəfli və çoxtərəfli praqmatik əlaqələrə malikdir və münasibətlərin inkişafı, bütövlükdə, İslam coğrafiyasında həmrəyliyin təmin olunmasına xidmət edir. Digər tərəfdən, Azərbaycan müsəlman ölkələrinin təşkilatı olan İslam Əməkdaşlıq Təşkilatında (İƏT) təmsil olunur və ikitərəfli, eləcə də çoxtərəfli formatda mövcud olan qarşılıqlı faydalı əlaqələr davamlı olaraq daha da möhkəmləndirilir. Azərbaycanla müsəlman ölkələri daim beynəlxalq arenada qarşılıqlı surətdə bir-birlərinin mənafe və mövqelərini müdafiə edirlər. Azərbaycanın başlıca problemi olan Dağlıq Qarabağ münaqişəsinə münasibətdə də bu ölkələrin hər biri respublikamızın beynəlxalq hüquq normalarına əsaslanan haqlı mövqeyini müdafiə edir. Bu, zaman-zaman İƏT çərçivəsində qəbul edilən qərar və qətnamələrdə də birmənalı şəkildə öz əksini tapır. Daha doğrusu, hər il düzənlənən İƏT-in zirvə toplantılarında qəbul edilən yekun qətnamələrdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyət düzgün qiymətləndirilir və Azərbaycanın ərazi bütövlüyü dəstəklənir.
Mədəniyyət, humanitar sahələrdə də Azərbaycan İslam ölkələri arasında əlaqələrin genişlənməsində mühüm rol oynayır. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı, İSESCO kimi aparıcı təşkilatların fəal üzvüdür, onların nüfuzunun yüksəldilməsinə, İslam mədəniyyətinin inkişaf etdirilməsi və dünyada yayılması işinə öz dəyərli töhfələrini verir. 2009-cu ildə Bakı şəhəri İSESCO-nun dəstəyi ilə İslam mədəniyyətinin paytaxtı elan edilib, 2018-ci ildə isə bu şərəfli adı daşımağa Naxçıvan şəhəri layiq görülüb. Bu, İSESCO tərəfindən Azərbaycanın İslam aləmində oynadığı rola verilən yüksək qiymətdir.
Bütövlükdə, Azərbaycan həm İslam ölkələri arasında siyasi, iqtisadi, mədəni əlaqələrin genişlənməsində önəmli rol oynayır, həm də ölkə ərazisində və dünyada İslam irsinin qorunmasında və yaşadılmasında fəal işlər görür.
IV İslam Həmrəyliyi Oyunları Azərbaycanın qüdrətini nümayiş etdirəcək
Digər bir mühüm məqam ondan ibarətdir ki, IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi ilə bağlı qərarın qəbul edilməsində əhəmiyyətli rol oynayan ən başlıca amil Azərbaycanın daim İslam dünyasında əməkdaşlığa, inkişafa və həmrəyliyə öz töhfələrini verməsidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi bizim üçün böyük şərəfdir. Biz bunu İslam ölkələrinin Azərbaycana olan hörmətinin və inamının təzahürü kimi qəbul edirik. Eyni zamanda, bu, bizim üçün böyük məsuliyyətdir və demək olar ki, bütün hazırlıq işləri başa çatıb. Biz Oyunları qəbul etmək üçün tam hazırıq”.
IV İslam Həmrəyliyi Oyunları həm Azərbaycanın gücü və nüfuzunu bir daha nümayiş etdirəcək, həm də müsəlman aləmini - İslam ölkələrini Şərq və Qərbin qovuşuğunda birləşdirəcək. Paytaxt Bakının belə bir mötəbər tədbirə ev sahibliyi etməsi həm də ona görə əlamətdardır ki, dünya Oyunların tarixində bir rekorda, yəni 57 ölkənin idmançılarının iştirakına şahidlik edəcək. Dövlətimizin başçısı qeyd edib: “... Bu Oyunlarda 57 ölkənin idmançıları iştirak edəcəklər və bu, Oyunların tarixində bir rekorddur. Biz buna çox sevinirik. Eyni zamanda, minlərlə rəsmi nümayəndə, qonaq ölkəmizə gələcək. Əminəm ki, qonaqların ölkəmizlə, onun reallıqları ilə, bizim qədim tariximizlə tanış olmaq üçün imkanları olacaqdır”.
Yeri gəlmişkən, aprelin 21-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın sədrliyi ilə IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin yekun iclası keçirilib. IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyeva iclasda çıxışı zamanı qeyd edib ki, Azərbaycan Prezidentinin Sərəncamı ilə 2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunub: “Bu da öz növbəsində keçiriləcək Oyunların əhəmiyyətini gücləndirir. Əminəm ki, birgə səylərimizlə IV İslam Həmrəyliyi Oyunları uğurla keçiriləcək, Azərbaycanın tarixində növbəti bir qələbə kimi qalacaq. Bu Oyunlar həm böyük idman bayramına çevriləcək, həm də müsəlman aləmində dostluq, həmrəylik, qardaşlıq münasibətlərinin möhkəmlənməsinə öz töhfəsini verəcək”.
Dünya IV İslam Həmrəyliyi Oyunları çərçivəsində müsəlman ölkələrinin birlik və həmrəyliyinə şahidlik edəcək
O da qeyd edilməlidir ki, İslam dünyasında həmrəyliyin təmin olunmasına müstəsna töhfələr verən Azərbaycanda 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi dünyaya mühüm bir çağırışdır. Bu, bir həqiqətdir ki, bu gün müsəlman ölkələrinin həmrəylik amilinə böyük diqqət göstərilməsi strateji zərurət kimi çıxış edir. Bu mənada, Azərbaycanın həmrəyliyə xidmət edən rolu və mövqeyi olduqca təqdirəlayiqdir. Bu gün Azərbaycanla müsəlman ölkələri arasındakı münasibətlər bütün sahələrdə dinamik inkişaf tempinə malikdir. Qarşılıqlı əlaqə və təmasların sıxlaşdığı bir dövrdə Azərbaycanla digər müsəlman ölkələri arasındakı münasibətlər, qarşılıqlı dəstək və işbirliyi meyilləri daim inkişaf etdirilməkdədir. Ölkələr arasında ikitərəfli və çoxtərəfli formatda mövcud olan yüksək səviyyəli təmasların fonunda siyasi, iqtisadi, mədəni, elmi, dini, humanitar və digər sahələrdə möhkəm həmrəyliyin formalaşdırılması yönündə mühüm addımlar atılmaqdadır. Bu da, nəticə etibarilə, Azərbaycanı müsəlman ölkələrinin etibarlı tərəfdaşına, İslam həmrəyliyinə müstəsna töhfələr verən dövlətə çevirib. Ən əsası, bütün bunlar bütövlükdə İslam həmrəyliyinin təmin olunmasında əhəmiyyətli rola malikdir. Bu məqamlara toxunan Prezident İlham Əliyev qeyd edib ki, bu il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilmişdir: “Bu da bütün müsəlman ölkələrini bir-biri ilə daha da sıx birləşdirmək üçün tərəfimizdən irəli sürülən önəmli təşəbbüsdür. Bu gün bütün müsəlman ölkələri birlik, həmrəylik nümayiş etdirməlidirlər. Əminəm ki, gələn ay keçiriləcək Oyunlar həm böyük idman bayramı olacaq, həm də bizim dostluğumuzu əks etdirəcək. Bütün müsəlman ölkələri 10 gün ərzində Bakıda öz təmsilçiləri vasitəsilə bir-biri ilə sıx əlaqələr quracaq, bir-birinin əlini sıxacaqlar. Biz Bakıdan bütün dünyaya nümayiş etdirəcəyik ki, İslam aləmi birdir və bizim birliyimiz bizim gücümüzü artırır”.
Yeri gəlmişkən, IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin yekun iclasında da bu məsələlərə toxunulub. IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyeva diqqətə çatdırıb ki, Azərbaycan müsəlman aləminin ayrılmaz hissəsidir. Azərbaycan bütün müsəlman ölkələri ilə əlaqələrini dostluq, qardaşlıq, qarşılıqlı hörmət əsasında qurur və bu sahədə böyük uğurlara nail olub: “Əfsuslar olsun ki, bir sıra müsəlman ölkələrində müharibə gedir, yeni münaqişələr, təhlükələr yaranır, İslam dinini terrorla əlaqələndirən güclərin sayı artır. Heç bir dinin, o cümlədən İslam dininin terrorla heç bir əlaqəsi ola bilməz. Din özü-üzlüyündə terroru rədd edən amildir və İslam dini sülh, mərhəmət dinidir. Hesab edirəm ki, bütün müsəlman aləminin bir araya gəlməsi, dostluq, qardaşlıq, sülh, əməkdaşlıq amilləri ətrafında birləşməsi həm böyük bir idman bayramına çevriləcək, həm də müsəlman aləmində, müsəlman ölkələri arasında olan əməkdaşlığın möhkəmlənməsinə öz töhfəsini verəcəkdir”.
Azərbaycan böyükmiqyaslı idman yarışlarına ev sahibliyi etmək imkanlarına malikdir
Əlbəttə, IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi həm də ölkəmizin böyükmiqyaslı idman yarışlarına ev sahibliyi etmək imkanlarına malik olması reallığını nümayiş etdirir. Bu məqamda qeyd etmək yerinə düşər ki, ölkəmizdə həyata keçirilən inkişaf siyasətinin səmərəli nəticələrindən biri də idman sektorunun davamlı tərəqqiyə malik olmasıdır. İdmanın inkişaf etdirilməsi istiqamətində görülən genişmiqyaslı işlər nəticəsində Azərbaycan Avropanın idman mərkəzlərindən birinə çevrilib. Eyni zamanda, gənc nəslin sağlamlığının təmin olunması üçün dövlət tərəfindən lazım olan bütün addımlar atılıb. Ümumiyyətlə, fiziki və mənəvi cəhətdən sağlam nəsil yetişdirmək üçün, ilk növbədə, müasir infrastrukturun yaradılması vacibdir. Və son illərdə ölkəmizdə bu istiqamətdə mühüm işlər görülüb. Prezident İlham Əliyevin təşəbbüsü və nəzarəti ilə Azərbaycanın hər bir bölgəsində idman arenalarının, müasir komplekslərin tikilərək yeniyetmələrin, gənclərin ixtiyarına verilməsi ölkəmizdə böyük idmançı ordusunun formalaşmasını təmin edib. Paytaxtda və bölgələrdə olan idman arenalarına yeniyetmələrin axını da buna bariz nümunədir.
Eyni zamanda, bir-birini əvəzləyən idman yarışları Bakının daha böyükmiqyaslı yarışlara ev sahibliyi etmək imkanlarını artırıb. Ölkəmizin birinci Avropa Oyunları kimi qitənin bir nömrəli idman yarışına uğurla ev sahibliyi etməsinin, eyni zamanda, IV İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyi ölkə kimi seçilməsinin arxasında məhz Azərbaycanın inkişafı, müasir infrastrukturu və təhlükəsizliyin təmin olunduğu sabit ölkə olması amili dayanır. Prezident İlham Əliyev bəhs olunan çıxışı zamanı diqqətə çatdırıb ki, bizim müasir idman infrastrukturumuz istənilən beynəlxalq mötəbər yarışı keçirməyə imkan yaradır: “Bakıda ən müasir idman qurğuları istifadəyə verilib. Eyni zamanda, bizim digər şəhərlərdə 40-dan çox müasir Olimpiya İdman kompleksi fəaliyyət göstərir və bu, özlüyündə idmana olan marağı artırır. Gənc nəsil, uşaqlar, yeniyetmələr idman bölmələrinə gedirlər və idmanla məşğul olurlar. Biz görkəmli idmançılarımızla fəxr edirik. Bizim artıq bir çox Olimpiya çempionumuz var. Azərbaycan mötəbər beynəlxalq idman yarışlarında daim yüksək nəticələr göstərir. İki il əvvəl Bakıda keçirilmiş birinci Avropa Oyunlarında Azərbaycan idmançıları 56 medal qazanmışlar və komanda hesabında ikinci yerə layiq görülmüşlər. Təsəvvür edin, bütün Avropa ölkələrinin iştirakı ilə keçirilmiş Oyunlarda Azərbaycan komandası ikinci yerə layiq görülmüşdür. Keçən il Rio Olimpiya Oyunlarının nəticələri göstərdi ki, bu qələbə təsadüfi deyildir. Rio Olimpiya Oyunlarında Azərbaycan 18 medal qazanmışdır və medalların sayına görə biz dünya miqyasında 14-cü yerdəyik”.
Cəmi 25 il müstəqil ölkə kimi yaşayan Azərbaycanın medalların sayına görə iki yüz ölkə arasında 14-cü yerə layiq görüldüyünü deyən dövlətimizin başçısı vurğulayıb ki, Avropa ölkələri arasında isə biz yeddinci yerə layiq görüldük: “Rio Olimpiya Oyunlarında Azərbaycan müsəlman ölkələri arasında birinci yerdə idi. Bu, bizi sevindirir və ruhlandırır. Bu, gənc, müstəqil Azərbaycan dövlətinin gücünü, idmançılarımızın vətənpərvərliyini göstərir. Hər dəfə bayrağımız beynəlxalq yarışlarda qaldırılanda hər bir vətənpərvər Azərbaycan vətəndaşı haqlı olaraq qürur hissi keçirir”.
Digər tərəfdən, bu zamana qədər əldə edilən nailiyyətlər və görülən işlər Azərbaycanın IV İslam Həmrəyliyi Oyunlarına da uğurla ev sahibliyi edəcəyini deməyə əsas verir. IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyeva sözügedən çıxışı zamanı diqqətə çatdırıb ki, Azərbaycanda çox vacib irimiqyaslı beynəlxalq tədbirlər keçirilir və hər bir belə tədbirin təşkili ən yüksək rəylər qazanır: “Biz hər bir məsələyə çox məsuliyyətlə yanaşırıq və Azərbaycanın maraqlarını, beynəlxalq imicini üstün tutaraq, ölkəmiz və xalqımız üçün layiqli nailiyyətlər əldə etməyə çalışırıq. Son illər Azərbaycanın paytaxtında bir çox böyük beynəlxalq idman yarışları - həm Avropa, həm də dünya çempionatları keçirilir. Ümumi rəyə görə, bu tədbirlər təşkilati baxımdan çox yüksək səviyyədə hazırlanır və keçirilir. 2015-ci ildə Bakıda birinci Avropa Oyunları böyük uğurla keçirilmişdi. Bu Oyunlar Avropanın Olimpiya tarixində yeni səhifə açmışdı. Ümumi rəyə görə, Azərbaycan dövləti birinci Avropa Oyunlarını Olimpiya Oyunları səviyyəsində təşkil etmişdir. Ümidvaram ki, IV İslam Həmrəyliyi Oyunları da mükəmməl hazırlanmışdır və keçirilmiş Oyunlar kimi tarixdə qalacaqdır”.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 636 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31