Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanda mətbuatın inkişafı dövlətin diqqət mərkəzindədir

Azərbaycanda mətbuatın inkişafı dövlətin diqqət mərkəzindədir

22.07.2017 [10:00]

Prezident İlham Əliyev: Azərbaycan dövləti azad mətbuatın inkişafında bundan sonra da fəal olacaq
Müstəqil inkişaf strategiyasına malik olan Azərbaycan bu gün beynəlxalq miqyasda müasir demokratik ölkə kimi tanınır. Ölkəmizin daxili siyasət kursunun mühüm istiqamətlərindən birini demokratik təsisatların təkmilləşdirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının təmin və müdafiə edilməsi təşkil edir. Bu kontekstdə davamlı islahatların həyata keçirilməsini isə xüsusi vurğulamaq gərəkdir.
Ümumiyyətlə, Azərbaycan dünyaya spesifik xüsusiyyətlərə malik davamlı inkişaf modeli təqdim edib. Əlamətdar haldır ki, Azərbaycanda iqtisadi və siyasi islahatlar paralel şəkildə aparılır və bir-birini tamamlayır. Azad, demokratik cəmiyyət quruculuğuna nail olunması ölkəmizin müstəqillik illərində əldə etdiyi ən böyük uğurlardan biri kimi dəyərləndirilir. Bütün azadlıqların təmin olunması Azərbaycan cəmiyyətinin üstün cəhətidir. Digər tərəfdən, Azərbaycanın demokratik inkişafını təmin edən başlıca strateji amillər sırasında institusional islahatlar xüsusi yer tutur. Bu islahatlardan bəhs edərkən qeyd etmək lazımdır ki, Azərbaycanda hüquqi dövlət quruculuğu kontekstində şəffaflıq və bərabərlik həm də söz, fikir, vicdan azadlığı məsələlərində də təmin olunub. Bütövlükdə isə, söz, fikir və özünüifadə azadlığının təmin olunduğu Azərbaycanda milli mətbuat ölkənin demokratik inkişafına özünəməxsus töhfələr verir. Yeri gəlmişkən, iyulun 20-də jurnalistlər üçün tikilmiş növbəti binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində çıxışı zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu məqamlara toxunaraq deyib ki, Azərbaycanda həm demokratik, həm də sosial-iqtisadi inkişaf paralel gedir: “Buna görə hesab edirəm ki, bizim cəmiyyətimizdə islahatlar təkamül yolu ilə aparılır və dərinləşir. Siyasi və iqtisadi islahatlar daha da dərinləşməlidir. Söz azadlığı Azərbaycanda tam təmin edilibdir, heç bir məhdudiyyət yoxdur. Mənə verilən son məlumata görə, Azərbaycan əhalisinin təxminən 80 faizi internet istifadəçisidir. Belə olan halda söz azadlığı ilə bağlı heç bir problem ola bilməz. Düzdür, bəzi hallarda bizi bəzi qeyri-hökumət təşkilatları tənqid edir, hətta ittiham edirlər. Amma bu ittihamların heç bir əsası yoxdur. Bu, sadəcə olaraq qərəzli mövqedir. Bunun səbəbi də bəllidir. Amma real vəziyyətə baxdıqda biz hamımız görürük ki, Azərbaycanda söz azadlığı və bütün başqa azadlıqlar tam təmin olunur. Sərbəst toplaşma azadlığı, siyasi fəaliyyət azadlığı, vicdan azadlığı, söz azadlığı, mətbuat azadlığı Azərbaycanda təmin olunur və təmin olunacaqdır”.
Ulu öndər Heydər Əliyev tərəfindən Əsası qoyulan mətbuata dövlət dəstəyi siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir
Onu da qeyd etmək lazımdır ki, Azərbaycanda demokratik inkişafın struktur elementlərindən birini ictimai institutların təkmilləşdirilməsi təşkil edir. Bu kontekstdə ayrı-ayrı ictimai təsisatlarla yanaşı, bu gün 142 yaşı tamam olan Azərbaycan milli mətbuatının da səmərəli fəaliyyətinə real əlverişli şərait yaradılıb.
Ümumiyyətlə, müstəqillik dövründə Azərbaycan mətbuatının inkişafını təmin edən çoxsaylı islahatların əsasının qoyulması, bu sahədə davamlı inkişaf meyillərinin meydana çıxması məhz Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, ölkə mediasının inkişafını, yeni keyfiyyət dəyişikliklərini şərtləndirən ən mühüm addımlardan biri mətbuatın böyük hamisi olan Ümummilli liderimiz Heydər Əliyev tərəfindən senzuranın ləğv edilməsi olub. Sonrakı dövrdə də Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə mühüm işlər görüldü, informasiya üzərində inzibatçılığı aradan qaldırmaq, onun sərbəst şəkildə yayılmasını, vətəndaşların sərbəst surətdə informasiya almaq hüququnun bərqərar olunmasını təmin etmək üçün bir sıra addımlar atıldı. Bundan başqa, 1998-ci ildə Ulu öndər Heydər Əliyev tərəfindən imzalanan “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmana müvafiq surətdə həyata keçirilən işlər kütləvi informasiya vasitələrinin fəaliyyət mexanizminin səmərəlilik səviyyəsinin artırılmasına fundamental şərait yaratdı. 1999-cu ilin sonunda “Kütləvi informasiya vasitələri haqqında” yeni qanunun qəbulu media təsisatının inkişafını şərtləndirən, bəhs edilən sahəyə müvafiq surətdə sahəvi və ümummilli münasibətləri tənzimləyən hüquqi bazanın zənginləşdirilməsi işinə əhəmiyyətli töhfə oldu. 2000-ci ilin mart ayında Ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə “2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər Proqramı” təsdiq olundu, 2003-cü ilin mart ayında Azərbaycan jurnalistlərinin qurultayında media-ictimaiyyət, media-hakimiyyət münasibətlərini tənzimləyən qurum - Azərbaycan Mətbuat Şurası yaradıldı. Bütün bunlar, öz növbəsində, Azərbaycanda söz, fikir və mətbuat azadlığının bərqərar olunması üçün əlamətdar tarixi hadisələr kimi qiymətləndirilməlidir. O da qeyd edilməlidir ki, bütün bunların qanunauyğun nəticəsi kimi, Ümummilli lider Heydər Əliyev “Jurnalistlərin dostu” seçilib.
Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevin 2003-cü ildən bəri ölkə başçısı kimi fəaliyyət göstərdiyi dönəmdə də mətbuatın inkişafı üçün çoxsaylı tədbirlər görülüb, əhəmiyyətli nəticələr əldə edilib. Bu kontekstdə həm hüquqi əsaslar, həm də Azərbaycan mətbuatının maddi-texniki bazası daha da gücləndirilib. Prezident İlham Əliyevin 2008-ci il 31 iyul tarixli “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında” Sərəncamı bəhs edilən missiyanın yerinə yetirilməsi üçün hüquqi əsas oldu. Kütləvi informasiya vasitələrinin “Azərbaycan” nəşriyyatına olan borcları tamamilə ləğv edildi. Məlum olduğu kimi, Ulu öndər Heydər Əliyevin göstərişi ilə qəzetlərin “Azərbaycan” nəşriyyatına olan borcları dondurulmuşdu. Beləliklə, məhz Prezident İlham Əliyevin göstərişi ilə məlum borcların ləğv edilməsi isə mətbuatın maddi problemlərinin aradan qaldırılması istiqamətində atılmış fundamental əhəmiyyətli tarixi bir addım idi.
Bundan başqa, 2008-ci ildə “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nın qəbul olunması ilə bağlı qərar qəbul edildi. Məhz bu Konsepsiyada mətbuatın inkişafını təmin edəcək, Azərbaycan dövlətinin və xalqının maraqlarına xidmət edəcək əsaslar öz əksini tapdı. Konsepsiyanın qəbulu və Prezident İlham Əliyevin 3 aprel 2009-cu il tarixli Sərəncamı ilə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) yaradılması müstəqil Azərbaycan mətbuatının inkişaf tarixində növbəti dönüş mərhələsi kimi dəyərləndirilməlidir. Onu da xüsusi vurğulamaq lazımdır ki, yarandığı vaxtdan KİVDF-yə ayrılan dövlət vəsaiti bir daha Azərbaycan dövlətinin mediaya yüksək diqqət və qayğı göstərdiyini təsdiqlədi.
Eyni zamanda, jurnalistlərə fəxri adların verilməsi, mətbuat orqanlarının və jurnalistlərin obyektiv prinsiplərə və milli maraqlara əsaslanan fəaliyyətinin qiymətləndirilməsi xüsusi vurğulanmalıdır. Bu kontekstdə Azərbaycanda dünyada analoqu olmayan bir nümunənin ortaya qoyulması da ayrıca qeyd edilməlidir. Belə ki, Prezident İlham Əliyevin 2010-cu il 22 iyul tarixində imzaladığı “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında” Sərəncama əsasən, Azərbaycan mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədilə 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon manat vəsait ayrıldı. Həmin Sərəncamın icrası nəticəsində Bakının Səbail rayonunun Bibiheybət qəsəbəsində jurnalistlər üçün 2 blokdan, 156 mənzildən ibarət 17 mərtəbəli bina tikildi və 2013-cü il iyulun 22-də Prezident İlham Əliyev həmin binada mənzillərin paylanması mərasimində iştirak etdi. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2013-cü il 22 iyul tarixli Sərəncamı ilə tikilən 3 bloklu, 17 mərtəbəli, 255 mənzilli binanın cari il iyulun 20-də istifadəyə verilməsi və həmin gün jurnalistlər üçün yeni, sayca üçüncü binanın təməlinin atılması bu istiqamətdə atılan addımların davamlı xarakter daşıdığını bir daha təsdiqləyir.
Yəni, bütün bunlar onu göstərir ki, Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan mətbuata dövlət dəstəyi siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Və məhz bütün bunların nəticəsidir ki, Prezident İlham Əliyev dəfələrlə, o cümlədən 2017-ci ildə “Jurnalistlərin dostu” seçilib.
Azərbaycan mətbuatı özünün inkişaf dövrünü yaşayır
Bir sözlə görünən odur ki, Azərbaycan mətbuatı yüksək dövlət dəstəyi və qayğısı ilə əhatə olunub. Məhz bu kontekstdə Azərbaycan mətbuatının inkişafında mühüm rol oynayan amillər sırasında bir məqamı xüsusi olaraq qeyd etmək yerinə düşər. Belə ki, ölkəmizdə söz, fikir və özünüifadə azadlığı konstitusion əsasda təsbit edilib və hər bir media təsisatı özünün hüquq və azadlıqlarından sərbəst surətdə istifadə edə bilir. Məhz bu amil Azərbaycan mətbuatının inkişafına mühüm töhfələr verməklə yanaşı, medianın fəaliyyətində əsaslı keyfiyyət dəyişikliklərinin meydana gəlməsini şərtləndirir.
Yeri gəlmişkən Prezident İlham Əliyev bəhs olunan çıxışı zamanı diqqətə çatdırıb ki, Azərbaycan dövləti azad mətbuatın inkişafında bundan sonra da fəal olacaq: “Jurnalistlər üçün bütün şərait yaradılıb. Bu gün Azərbaycan cəmiyyəti rahat şəraitdə, təhlükəsizlik, sabitlik şəraitində yaşayır. İndiki zəmanədə bu, özlüyündə bir nailiyyətdir və biz ölkəmizi bütün mümkün olan risklərdən qoruyuruq. Ölkəmizin daxilində demək olar ki, risk mənbələri yoxdur. Xaricdən özümüzü qorumaq üçün kifayət qədər ciddi siyasət aparılır, həm ideoloji sahədə, həm sərhədlərimizin qorunmasında və ümumiyyətlə. Biz həmişə çalışırıq və hesab edirəm buna nail olmuşuq ki, Azərbaycanı mümkün risklərdən qoruyaq, Azərbaycan xalqı rahat, sülh şəraitində yaşasın”.
Bir sözlə, görülən işlərin qanunauyğun nəticəsi kimi, Azərbaycan mətbuatı öz inkişaf dövrünü yaşayır. Dövlət başçısının bəyan etdiyi kimi, Azərbaycan jurnalistikası inkişaf edir və cəmiyyətdə çox müsbət rol oynayır: “Azərbaycanda bütün azadlıqlar təmin olunur, o cümlədən söz azadlığı və siz jurnalistlər bunu yaxşı bilirsiniz. Azərbaycanda minlərlə mətbuat orqanı var ki, qeydiyyatdan keçib sərbəst fəaliyyət göstərir. Bu gün Azərbaycan jurnalistikası cəmiyyəti narahat edən problemləri üzə çıxarır, çox dəyərli təhlillər aparır və ümumiyyətlə, ölkəmizin inkişafında çox müsbət rol oynayır.
Mən həmişə çalışmışam və çalışıram ki, jurnalistlərə öz dəstəyimi göstərim. Mənim jurnalistlərlə çoxsaylı görüşlərim, səmimi söhbətlərim bunu göstərir. Xüsusilə jurnalistlər üçün binaların tikilməsi də bu siyasətin bir təzahürüdür. Bu təşəbbüs bir neçə il bundan əvvəl irəli sürülmüşdü, jurnalistlər belə məsələ qaldırmışdılar, mən də buna müsbət reaksiya verdim və nəticə etibarilə artıq biz burada ikinci binanın açılışını qeyd edirik”.
Jurnalistlərin fəaliyyəti milli inkişaf baxımından müstəsna əhəmiyyət kəsb edir
O da vurğulanmalıdır ki, jurnalistlərin fəaliyyəti həm də milli inkişaf baxımından müstəsna əhəmiyyət kəsb edir. Sirr deyil ki, Azərbaycan bu gün bütün sahələrdə mühüm nailiyyətlər əldə edib və dünyaya nümunəvi sosial-iqtisadi inkişaf modeli təqdim edə bilib. Məhz mətbuat nümayəndələri də fəaliyyətləri ilə bu inkişafda öz sözlərini deyirlər. Dövlətimizin başçısı sözügedən çıxışında jurnalistlərin fəaliyyətləri ilə bu inkişafa öz töhfələrini verdiklərini diqqətə çatdıraraq deyib: “Cəmiyyəti incidən, narahat edən problemləri üzə çıxarırlar. Sizə deyə bilərəm ki, mən bəzi hallarda hansısa xoşagəlməz hadisə ilə bağlı məlumatı mətbuatdan əldə edirəm. Düzdür, mənə müxtəlif mənbələrdən hər gün müxtəlif məlumatlar gəlir. Yəni, əlbəttə ki, mənə həm xarici, həm daxili siyasətlə, həm də təhlükəsizlik məsələləri ilə bağlı əsas məsələlər məruzə edilir. İnsanları narahat edən məlumatlar haqqında mən mətbuatdan da xəbər tuturam, dərhal reaksiya verirəm. Dövlət məmurları və yaxud digər şəxslər, qüsurlara yol verən şəxslər bilirlər ki, Azərbaycanda söz və mətbuat azadlığı imkan verməyəcək ki, onlar işdə hansısa qüsurlar buraxsınlar. Ona görə jurnalistlər, bəlkə də, özləri də bilmədən mənim köməkçilərimdir. Buna görə də mən sizə minnətdaram. Əminəm ki, siz gələcəkdə də bütün cəmiyyəti narahat edən, incidən məsələlər haqqında yazacaqsınız, harada hansı ədalətsizlik var, qanunsuzluq var, dərhal operativ reaksiya verəcəksiniz, cəmiyyətin və dövlət orqanlarının diqqətini bu məsələlərə cəlb edəcəksiniz”.
Hər bir jurnalistin və media qurumunun fəaliyyətində vətənpərvərlik hissi xüsusi yer tutmalıdır
Beləliklə, qeyd etdiyimiz kimi, dövlətin yüksək səviyyəli diqqət və qayğısı sayəsində Azərbaycan mətbuatı özünün inkişaf dövrünü yaşayır. Ölkə mediası müasir çağırışlara adekvat cavab verməklə səmərəli fəaliyyət mexanizmi formalaşdırıb və öz üzərinə düşən vəzifələri yerinə yetirir.
Bunlarla yanaşı, Azərbaycanın milli maraqlarının qorunmasında ölkə mediasının rolu və fəaliyyətinin əhəmiyyətinə də toxunmaq lazımdır. İctimai institut kimi milli maraqların qorunmasının keşiyində duran milli medianın fəaliyyətində vətənpərvərlik hissi, yaxud amili xüsusi yer tutmalıdır. Xarici təsirlərin altına düşməmək, qeyri-obyektiv və qərəzli məlumatların yayılmasına imkan verməmək kimi hallar bu kontekstdə xüsusi qeyd edilməlidir. Prezident İlham Əliyev bu məqamlara toxunaraq deyib: “Jurnalistikamız xarici təsirdən azad olmalıdır, xarici təsir altına düşməməlidir. Azərbaycan getdikcə daha da güclənir, Azərbaycanın rolu nəinki bölgədə, dünyada artır. Bölgədə bizim iştirakımız, razılığımız olmadan heç bir layihə, yaxud siyasi, iqtisadi və digər təşəbbüs reallaşa bilməz. Biz müstəqil siyasət aparırıq. Ona görə bizim siyasətimizə heç bir kənar qüvvə təsir edə bilməz.
Ancaq Azərbaycan daha önəmli ölkə olduğu üçün bizə təsir etmək cəhdləri də artır. Onlar özünü yeni formalarla büruzə verir. Siyasi hakimiyyətə təsir etmək mümkün deyil. Yəni, ictimai rəyə, ictimai fikrə təsir etmək cəhdləri çoxalır. Bunu necə etməli? Jurnalistika vasitəsilə. Ona görə Azərbaycan jurnalistikası vətənpərvər olmalıdır. Ölkəmizdə kifayət qədər problemlər, çatışmayan cəhətlər, qüsurlar var. Siz bunu işıqlandırırsınız və işıqlandırmalısınız. Dövlət orqanlarını, məmurları tənqid edirsiniz, tənqid etməlisiniz. Bu, təbii prosesdir. Ancaq, eyni zamanda, biz hamımız bilməliyik ki, bu, bizim ölkəmizdir. Azərbaycanı bizdən çox sevən insan, ya qurum, ya ölkə yoxdur, ola da bilməz. Ona görə biz özümüzü xarici təsirdən qorumalıyıq. Gənc nəsli qorumalıyıq ki, daim Azərbaycan müstəqil dövlət kimi inkişaf etsin. Çünki bizim tariximiz əfsuslar olsun elədir ki, biz müxtəlif dövrlərdə müxtəlif dövlətlərin, imperiyaların tərkibində yaşamışıq, müstəqil olmamışıq. Bu, istər-istəməz bizim psixologiyamıza da müəyyən dərəcədə təsir edib”.
Dövlətimizin başçısı onu da qeyd edib ki, bu gün biz müstəqil, azad dövlət və xalq kimi yaşayırıq, ləyaqətlə yaşayırıq: “Həmişə belə olmalıdır. Həmişə ölkəmizin taleyi Azərbaycan xalqının əlində olmalıdır. Ona görə özümüzü xarici təsirdən qorumaq üçün Azərbaycan dövləti çox ciddi və uğurlu siyasət aparır. Deyə bilərəm ki, bizə təzyiq etmək, bizi nəyəsə sövq etmək, məcbur etmək cəhdləri kəskin şəkildə aşağı düşüb. O cümlədən, ona görə ki, bu səylərin heç bir nəticəsi yoxdur. Ona görə biz informasiya məkanımızı da qorumalıyıq. Bunu etmək çətindir. Çünki biz bu gün internet dövründə yaşayırıq. Hansısa hər bir yalan, böhtan, təxribat xarakterli məlumat dərhal özünə yer tapır. Ancaq milli jurnalistikamız, Azərbaycan jurnalistikası vətənpərvər olmalıdır, milli maraqlar hər şeydən üstün olmalıdır”.
Bütövlükdə, milli informasiya məkanının qorunmasında, xarici təsirlərin qarşısının alınmasında, eləcə də informasiya təhlükəsizliyinin təmin olunmasında hər bir jurnalist və media qurumu xüsusi məsuliyyət daşıyır və öz imkanlarını milli maraqların qorunması naminə səfərbər etməlidirlər.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 559 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30