Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Helsinki Komissiyasının Dağlıq Qarabağla bağlı dinləmələri Ermənistana yeni yardım imkanlarının yaradılması məqsədi güdür

Helsinki Komissiyasının Dağlıq Qarabağla bağlı dinləmələri Ermənistana yeni yardım imkanlarının yaradılması məqsədi güdür

17.10.2017 [10:16]

Ermənipərəst Kristofer Smit və təmsil etdiyi erməni lobbisi dinləmələr keçirməklə Ermənistanı “müdafiəyə ehtiyacı olan tərəf” kimi tanıtmağa çalışır
Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan bu bölgənin siyasi, iqtisadi atmosferinin formalaşmasında həlledici təsirə malikdir. Məhz bu imkanlarından yararlanaraq ölkəmiz daxili sabitlik və çoxşaxəli xarici əlaqələr əsasında bölgədə sülh və sabitliyin təmin olunmasında öz rolunu konkret fəaliyyəti ilə ortaya qoyur. Azərbaycan başqa dövlətlərlə münasibətlərdə suveren hüquqlara hörmət və qarşılıqlı etimad prinsiplərini rəhbər tutur. Bu həm də ölkəmizin müstəqil inkişafından və öz gücünə arxalanmasından irəli gəlir. Azərbaycanın kənar təsirlərə tabe olmadan müstəqil siyasət yeritməsi, öz yolu ilə irəliləməsi ölkənin siyasi nüfuzunu artırır. Avroatlantik məkana sürətlə inteqrasiya edən respublikamızın regionun siyasi, iqtisadi həyatındakı əvəzedilməz rolu həm də bölgənin inkişaf perspektivlərinin yüksəlməsinə yardım edir. Təəssüf ki, bu siyasət normal əməkdaşlığa və tərəfdaşlığa əsaslansa da, erməni diasporunun təsiri altında fəaliyyət göstərən, həmçinin Azərbaycanın sürətli inkişafından narahat olan bəzi qüvvələr ölkəmizin beynəlxalq nüfuzuna xələl gətirmək üçün “qara piar” kampaniyası həyata keçirməkdədir. Bu işdə isə hər zaman Azərbaycana qarşı mövqeyi və fəaliyyəti ilə tanınan siyasətçilər canfəşanlıq göstərirlər. ABŞ konqresmeni Kristofer Smit də bu sırada xüsusilə fərqlənir.
Qeyd edək ki, bu şəxs vaxtaşırı olaraq ölkəmizə qarşı qərəzli bəyanatlar səsləndirir və Dağlıq Qarabağ münaqişəsinə yanaşmada işğalçı Ermənistanı dəstəkləyir. Xəbər verildiyi kimi, K.Smitin rəhbərlik etdiyi ABŞ Helsinki Komissiyası oktyabrın 18-də Dağlıq Qarabağ müharibəsinin yenidən başlanmasının mümkünlüyü, bu məsələdə ABŞ və ATƏT-in rolu mövzusunda dinləmələr keçirəcək. Komissiyanın məlumatında 2016-cı ildə münaqişə zonasında baş vermiş hərbi əməliyyatlar zamanı itkilərin statistikası verilir və iddia edilir ki, münaqişəyə Rusiya, Türkiyə və İran da cəlb edilə bilər. Dinləmələrdə Minsk qrupunun keçmiş həmsədrləri Keri Kavano (1999-2001-ci illər), Ceyms Uorlik (2013-2016-cı illər), Beynəlxalq Böhran Qrupunun proqram direktoru Maqdalena Qrononun çıxışları nəzərdə tutulur.
Xatırlatmaq yerinə düşər ki, Helsinki Komissiyası ATƏT ölkələrində Helsinki Yekun Aktına və başqa öhdəliklərə əməl olunmasının monitorinqi və təbliği məqsədilə yaradıldığını bəyan edir. Lakin 1975-ci il avqustun 1-də Helsinkidə Ümumavropa müşavirəsinin iştirakçıları tərəfindən imzalanmış yekun aktının 10 əsas prinsipinin 8-i Ermənistan tərəfindən kobud şəkildə pozulsa da, komitə bir dəfə də olsun işğalçı ölkəni qınayan bəyanat qəbul etməyib. Bunlar suveren bərabərlik, zor işlətməmək, sərhədlərin toxunulmazlığı, dövlətlərin ərazi bütövlüyü, mübahisənin dinc yolla həll olunması, bir-birinin daxili işlərinə qarışmamaq, insan hüquqlarına və əsas azadlıqlara hörmət, dövlətlər arasında əməkdaşlıq və beynəlxalq müqavilə öhdəliklərinin vicdanla yerinə yetirilməsidir. Əslində, K.Smit tərəfindən ermənilərə qarşı belə isti münasibət başadüşüləndir. Çünki o, ABŞ-dakı erməni lobbisinin ən fəal nümayəndələrindən biridir.
Əlbəttə ki, Azərbaycan cəmiyyəti ermənipərəst konqresmen Kristofer Smitin tərcümeyi-halına, onun siyasi fəaliyyətində Azərbaycanla bağlı olan məqamlara kifayət qədər yaxşı bələddir. Hələ ötən əsrin 90-cı illərində Azərbaycana qarşı qəbul olunmuş ədalətsiz “907-ci düzəliş”in müəlliflərindən olan K.Smit tutduğu vəzifə və imtiyazlarından istifadə edərək Dağlıq Qarabağın müstəqilləşməsi və ona birbaşa yardım göstərilməsi kimi məsələlərdə daim ermənilərin ən böyük dəstəkçilərindən biri olub. Həmçinin K.Smit uydurma “erməni soyqırımı” kampaniyasının fəal təşkilatçılarından biri kimi, ardıcıl olaraq Türkiyəyə, Türk dünyasına qarşı çıxışları və düşmən münasibəti ilə seçilir. O, ABŞ-ın uydurma “erməni soyqırımı”nı tanımasının ən aktiv tərəfdarlarındandır.
ABŞ konqresmeninin bu ölkədə yaşayan erməni diasporu ilə də sıx əlaqələri var. ABŞ Erməni Milli Komitəsinin (ANKA) radikal rəhbərlərindən biri olan Aram Hamparyanın “Twitter” səhifəsində konqresmen K.Smitin ANKA sədri ilə görüşü əks olunub. Alt yazısında isə A.Hamparyan qeyd edib ki, “erməni işi”ni dəstəkləmək üçün Smit ilə görüşür. K.Smit 2015-ci ildə Azərbaycanda yüksəkvəzifəli məmurlara sanksiyaların tətbiq olunması ilə bağlı “Azərbaycan Demokratiya aktı” adlı layihəni Konqresə təqdim edərək qəbul olunmasını istəmişdi.
Beləliklə, ABŞ Helsinki Komissiyasının və onun rəhbərinin indiyə qədərki fəaliyyətini nəzərə alan Azərbaycan tərəfi növbəti dinləmələrdən də heç bir pozitiv nəticə gözləmir. Görünür, K.Smit və təmsil etdiyi erməni lobbisi dinləmələr keçirməklə Ermənistanı “müdafiəyə ehtiyacı olan tərəf” kimi tanıtmaq və ABŞ qanunvericilərini işğalçı rejimə maliyyə və hərbi xarakterli yadımı artırmağa çağırmaq məqsədi güdür. Əgər belə olmasaydı, komissiya Ermənistanın işğalçılıq siyasəti nəticəsində torpaqlarından didərgin düşmüş bir milyondan çox insanın haqq işinə dəstək verərdi. Amma K.Smitin missiyası yalnız işğalçı dövlətə dəstək nümayiş etdirməkdən ibarət olub.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 446 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Analitik

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30