Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Nazirlər Kabinetində aparılan struktur islahatları idarəetmədə əsaslı keyfiyyət dəyişikliyi yaradacaq

Nazirlər Kabinetində aparılan struktur islahatları idarəetmədə əsaslı keyfiyyət dəyişikliyi yaradacaq

19.10.2017 [10:22]

Ekspertlərin qənaəti belədir ki, Nazirlər Kabineti Aparatının yeni strukturunun təsdiq edilməsi qurumun fəaliyyətinin təkmilləşdirilməsi və səmərəliliyin daha da yüksəldilməsi məqsədi daşıyır
Xəbər verildiyi kimi, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 avqust tarixli Fərmanı ilə Nazirlər Kabineti Aparatının yeni strukturu təsdiq edilib və Aparatın işçilərinin say həddi (İşlər idarəsi istisna olmaqla) 200 ştat vahidi müəyyən edilib. Nazirlər Kabinetində indiyədək mövcud olan 11 şöbənin birləşdirilməsi nəticəsində 5 yeni şöbə yaradılıb. Həmçinin bir sıra şöbələrin adları dəyişdirilməklə fəaliyyət istiqamətləri təkmilləşdirilib. Nazirlər Kabineti Aparatının dövlət başçısının bəhs olunan Fərmanı ilə təsdiq edilmiş strukturu aşağıdakı kimidir: Baş nazirin xidməti; Baş nazirin birinci müavininin xidməti; Baş nazirin müavinlərinin xidmətləri; Nazirlər Kabineti Aparatının rəhbərinin xidməti; Nazirlər Kabineti Aparatı rəhbərinin müavininin xidməti; Hüquq şöbəsi; Maliyyə və iqtisadiyyat məsələləri şöbəsi; Humanitar və sosial məsələlər şöbəsi; Beynəlxalq əlaqələr şöbəsi; Sənaye və energetika məsələləri şöbəsi; Neft və kimya məsələləri şöbəsi; Kənd təsərrüfatı məsələləri şöbəsi; Ekologiya məsələləri şöbəsi; Təhlükəsizlik və müdafiə məsələləri şöbəsi; Kommunikasiya, tikinti və kommunal təsərrüfatı məsələləri şöbəsi; Regionların inkişafı məsələləri şöbəsi; Beynəlxalq maliyyə təşkilatları ilə iş şöbəsi; Qaçqınların və məcburi köçkünlərin məsələləri şöbəsi; Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi; Mətbuat xidməti; İşlər idarəsi.
Nazirlər Kabinetində reallaşdırılan struktur dəyişikliyi ölkədə həyata keçirilən islahatların tərkib hissəsidir
Son 13 ildə Azərbaycanın dinamik inkişafı, ölkədə yaranan müsbət reallıqlar, həmçinin bir sıra spesifik xüsusiyyətləri ilə fərqlənən hazırkı şəraitdə meydana çıxan çağırışlar respublikamızda dərin konseptual əsaslara söykənən və dünya təcrübəsində sınaqdan çıxan yeni yanaşmaların, innovasiyaların tətbiqini, islahatların aparılmasını, o cümlədən də struktur dəyişikliyinin həyata keçirilməsini zərurətə çevirib. Respublikamızda struktur islahatlarının aparılmasının zəruriliyinə diqqət çəkən Prezident İlham Əliyev çıxışlarında dəfələrlə qeyd edib ki, bu islahatların aparılmasına ehtiyac var: “Ümumiyyətlə, daha çevik, operativ idarəetmə mexanizmi işlənməlidir. Bəzi hallarda bəzi qurumlar bir-birinin fəaliyyətini təkrarlayırlar. Buna yol vermək olmaz. Struktur islahatları mütləq aparılmalıdır. Biz daha da səmərəli işləməliyik və iqtisadi inkişaf templərini daxili resurslar hesabına, düşünülmüş siyasət, islahatlar, o cümlədən struktur islahatları nəticəsində təmin etməliyik”.
Ölkəmizdə iqtisadi bloku, institusional sahəni, idarəetməni və digər istiqamətləri əhatə edən islahatların həyata keçirilməsinə güclü siyasi iradə göstərən Azərbaycan dövləti o məqsədə nail olmaq istəyir ki, milli iqtisadiyyatımız neftin aşağı qiymətləri dönəmində xarici mənfi təsirlərə müqavimət göstərmək gücündə olsun, daha da genişlənsin və beləliklə də, ölkəmiz yeni şəraitdə də inkişafın ardıcıllığını təmin edə bilsin. Ötən ilin əvvəlindən başlayaraq respublikamız Prezident İlham Əliyevin qətiyyətli mövqeyi sayəsində bütünlüklə islahatlara istiqamətlənib. Respublikada biznes mühitinin daha da optimallaşdırılması, idxal-ixrac əməliyyatlarının rəsmiləşdirilməsi zamanı şəffaflığın yüksək səviyyədə təmin edilməsi, investisiyaların və ixracın təşviqi, daxili istehsalın qorunması və digər istiqamətlərdə reallaşdırılan islahatlar artıq öz müsbət nəticələrini verir.
Respublikamızda başlanan kompleks islahatların tərkib hissəsi kimi, reallaşdırılan struktur dəyişiklikləri də bir tərəfdən Azərbaycanın müasir mənzərəsini səciyyələndirir, digər tərəfdən isə transformasiya prosesinin uğurla getməsini, yeni şəraitdə inkişafa daha geniş perspektivlər açılmasını şərtləndirir. Bu, bir aksiomdur ki, effektiv, çevik, müasir reallıqlara və çağırışlara adekvat idarəetmə sistemi qurulmadan digər sahələrdə də inkişafın dinamikliyini təmin etmək mümkün deyil. Deyilənlər baxımından Prezident İlham Əliyevin müvafiq Fərmanına əsasən Nazirlər Kabinetində reallaşdırılan struktur dəyişikliyi böyük aktuallıq daşıyır. Bəhs olunan islahatlar yüksək səviyyəli icra orqanı olan Nazirlər Kabinetinin fəaliyyətinin daha da təkmilləşdirilməsinə xidmət edir.
Struktur islahatlarının ardıcıl şəkildə aparılması böyük aktuallıq daşıyır
Öz növbəsində ölkədə reallaşdırılan struktur dəyişikliyini dəyərləndirən ekspertlər islahatların ardıcıl və davamlı şəkildə aparılmasının böyük əhəmiyyət daşıdığını bildirirlər. Reallaşdırılan islahatlar müxtəlif səviyyəli icra orqanlarını əhatə etdiyinə görə onlar bir-birlərini tamamlayır. Şübhə yoxdur ki, bu islahatlar ölkənin idarəetmə sistemində ciddi keyfiyyət dəyişikliyi yaradacaq.
“Azərbaycan hüquqi dövlət quruculuğu yolunda inamla irəliləyir, inkişaf edir, dövlətçilik möhkəmlənir və idarəetmə sistemində daim uğurlu islahatlar aparılır”. Bu fikirləri Milli Məclisin Səhiyyə komitəsinin üzvü Musa Quliyev Nazirlər Kabinetində aparılan struktur islahatlarını dəyərləndirərkən ifadə edib.
M.Quliyev bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin son dövrlərdə imzaladığı sənədlərlə axırıncı Konstitusiya dəyişikliklərinə uyğun olaraq idarəetmə sistemində, ali icra hakimiyyəti oqranında islahatlara başlanıb. Milli Məclisin deputatı fikirlərinə davam edərək deyib: “Əvvəlcə vitse-prezidentlik institutu yaradıldı, Birinci vitse-prezident təyin olundu, Birinci vitse-prezidentin Aparatı formalaşdırıldı və hazırda uğurla da fəaliyyət göstərir. Prezidentin növbəti Fərmanı ilə Nazirlər Kabinetində struktur dəyişiklikləri aparılıb. Nazirlər Kabinetinin daha çevik, daha səmərəli və funksional olması üçün çox mühüm tədbirlər həyata keçirilib”.
Milli Məclisin deputatı hesab edir ki, başlanan struktur islahatları davam edəcək. “Ölkənin məhkəmə-hüquq sistemində çox uğurlu islahatlar aparılır, bələdiyyələrin iş sistemində çevikliyin və operativliyin təmin edilməsi məqsədilə qanunvericilikdə dəyişikliklər edilir. Yəqin ki, başlanan islahatlar yerli icra hakimiyyəti orqanlarında da davam etdiriləcək. Bütün bunların hamısı dövlətçiliyimizin uğurudur. Respublikamızda Prezident İlham Əliyevin rəhbərliyi ilə islahatlar uğurla aparılır və bundan sonra da davam edəcək”, - deyə M.Quliyev bildirib.
Nazirlər Kabinetində aparılan struktur islahatları idarəetmədə yeni yanaşmaların tətbiqinə hesablanıb
Nazirlər Kabinetində reallaşdırılan struktur islahatlarını dəyərləndirən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Rauf Əliyev bildirib ki, innovativ tətbiqlərin geniş vüsət aldığı indiki dövrdə Nazirlər Kabinetinin fəaliyyətinin də yeni yanaşmalar əsasında qurulması mühüm şərtdir. “Prezident İlham Əliyevin müvafiq Fərmanına əsasən Nazirlər Kabinetinin strukturunun dəyişdirilməsi qurumun fəaliyyətinin təkmilləşdirilməsinə, səmərəliliyin artırılmasına xidmət edir. Nazirlər Kabinetində reallaşdırılan struktur dəyişiklikləri qabaqcıl ölkələrin təcrübəsinə əsaslanır və indiki dövrdə meydana çıxan çağırışlara tam adekvatdır”, - deyə R.Əliyev vurğulayıb.
Fikirlərinə davam edən Milli Məclisin deputatı deyib: “Məlumdur ki, aparılan islahatlar çərçivəsində “Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası” və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatı haqqında Əsasnamə” layihələri hazırlanıb və Prezident İlham Əliyevin 2017-ci il 10 oktyabr tarixində imzaladığı müvafiq Fərmanla təsdiq edilib. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası” Nazirlər Kabinetinin Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş və Azərbaycan Respublikası Prezidentinin aktları ilə ona həvalə olunmuş səlahiyyətlərin həyata keçirilməsi üçün qurumun fəaliyyətinin təşkili qaydalarını müəyyən edir”.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 485 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Analitik

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30