/ / Prezident İlham Əliyev: 20 Yanvar günü bizim böyük faciəmizdir, ancaq eyni zamanda, Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsidir
Prezident İlham Əliyev: 20 Yanvar günü bizim böyük faciəmizdir, ancaq eyni zamanda, Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsidir
20.01.2018 [01:11]
Bu gün 20 Yanvar faciəsinin 28-ci ildönümüdür
Xalqımızın azadlıq mübarizəsi tarixinə qızıl hərflərlə yazılmış şanlı qəhrəmanlıq səhifələrindən olan 20 Yanvar faciəsindən 28 il ötür. 20 yanvar 1990-cı il Azərbaycan xalqının məruz qaldığı ən dəhşətli faciələrdən birini əks etdirən tarixdir. Məlum olduğu kimi, keçmiş SSRİ-nin çöküşü ərəfəsində xalqımıza qarşı törədilmiş 20 Yanvar faciəsi Azərbaycanın azadlıq mübarizəsinə vurulmağa cəhd edilən zərbə idi. Və SSRİ rəhbərliyinin xalqımıza, onun azadlıq mübarizəsinə qarşı həyata keçirdiyi bu qanlı əməliyyat Sovet imperiyasının siyasətinin gerçək mahiyyətini əks etdirən növbəti arqument oldu. Bu fakt, eyni zamanda, keçmiş SSRİ-nin Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi təcavüzkar siyasəti dəstəkləməsinə növbəti dəfə dəlalət edirdi.
Azərbaycan xalqının azadlıq mübarizəsinin şanlı qəhrəmanlıq səhifəsi...
Düz 28 il əvvəl keçmiş Sovet ordusu tərəfindən törədilən bu qanlı aksiyalar nəticəsində Bakıda və respublikanın rayonlarında 147 nəfər qətlə yetirildi, 744 nəfər yaralandı, 841 nəfər isə həbs olundu. Bu, sözün əsl mənasında, öz hüquqları və azadlığı uğrunda ayağa qalxan xalqın inam və iradəsini sıradan çıxarmaq, həmçinin Sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədi ilə həyata keçirilmiş qanlı cinayət idi. O da qeyd olunmalıdır ki, Sovet ordusunun vəhşilikləri təkcə həmin gecə ilə məhdudlaşmadı və hələ bir müddət müxtəlif yerlərdə dəhşətli qətliamlar davam etdirildi. Bu faciənin miqyasının geniş olması üçün SSRİ rəhbərliyi öncədən “lazımi” addımları atmışdı. Belə ki, təxribat planına uyğun olaraq əvvəlcədən televiziyanın enerji bloku partladıldığından radio və televiziya verilişlərinin yayımı dayandırılmışdı, eyni zamanda, qəzetlər də nəşr olunmurdu. Mərkəzi mətbuat və Rusiyanın televiziya kanalları isə hadisəni təhrif edən yalan məlumatlar yaymaqda idi. Nəticədə, görünməmiş zorakılıqla üzləşən, qanı küçələrə axıdılan insanlar informasiyasız və köməksiz durumda acınacaqlı vəziyyətdə qalmışdılar.
20 Yanvar faciəsinə laqeyd və qərəzli münasibət xalqımıza qarşı xəyanətkar mövqeyin ifadəsi idi
Bu faciənin törədilməsindən sonra müşahidə olunan ən dəhşətli faktlardan biri isə ozamankı Azərbaycan rəhbərliyinin xəyanətkar, antimilli mövqeyi oldu. Daha dəqiq desək, o zaman respublikaya “rəhbərlik” edən səriştəsiz qüvvələrin bu məsələyə biganə qalması, hər vəchlə hadisənin mahiyyətini gizlətməyə çalışmaları bir daha sübut etdi ki, bəhs olunan qüvvələr Moskvanın kölgəsi altında, kölə psixologiyası ilə yaşayır və xalqın ali mənafeyini mərkəzin imperialist maraqlarına qurban verməkdən çəkinmirdilər. Törədilmiş cinayət və onun nəticələri aşkar olduğu halda, respublika rəhbərliyi baş vermiş faciənin mahiyyətini hər vasitə ilə ört-basdır etməyə cəhd göstərirdi. Xalqın tələbi və bir qrup deputatın təşəbbüsü ilə Azərbaycan SSR Ali Sovetinin 1990-cı il yanvarın 22-də 20 Yanvar faciəsi ilə bağlı çağırılmış sessiyasına respublikanın əksər siyasi və dövlət rəhbərlərinin gəlməməsi isə onların xalqın taleyinə biganə qaldıqlarını, törədilmiş cinayətdə bu və ya digər dərəcədə iştirak etdiklərini bir daha təsdiq etdi. Bu, bir həqiqət idi ki, ozamankı respublika rəhbərliyi hətta şəhidlərin - 20 Yanvar qurbanlarının dəfn mərasiminə gəlməyi belə lüzum bilməmişdi.
Bu hadisələrdən sonra xalqımız daha bir acınacaqlı gerçəkliyin şahidi oldu. Belə ki, xalqın mübarizəsini siyasi niyyətləri üçün alətə çevirən Azərbaycan Xalq Cəbhəsinin başında duranların iç üzü ortaya çıxmışdı. Daha doğrusu, dəfələrlə 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilməsi tələbi ilə çıxış edən Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə gəldikdən sonra nədənsə bu mövzunu “unutmağa” başladı. Onlar hakimiyyətdə olduğu dövrdə faciəyə siyasi-hüquqi qiymət vermək üçün öz imkanlarından istifadə etmədilər.
Beləliklə, faciədən uzun müddət keçsə də, SSRİ tərəfindən xalqa qarşı törədilmiş ağır cinayətə siyasi-hüquqi qiymət verilməmişdi. Hələ Azərbaycanda Sovet hakimiyyəti mövcud olduğu dövrdə 20 Yanvar faciəsi ilə bağlı olan və geniş xalq kütlələri tərəfindən yığılıb Dövlət İstintaq Komissiyasına təhvil verilmiş konkret dəlil və sübutlar qəsdən ölkəmizdən çıxarılmışdı. O dövrdə Azərbaycanın prokurorluq və hüquq-mühafizə orqanları müvafiq istintaq tədbirləri həyata keçirməmiş, hətta əksinə, 20 Yanvar faciəsi ilə bağlı bir sıra məxfi sənədlər, o cümlədən, mühüm arxiv sənədləri bütövlükdə və ya qismən məhv edilmişdi.
Bir sözlə, 1990-cı ilin yanvarından sonra hakimiyyətdə olan qüvvələrin bu məsələdə ilk vəzifəsi faciəni təhlil etmək, günahkarları üzə çıxarmaq və buna dövlət səviyyəsində siyasi-hüquqi qiymət vermək olsa da, respublika əhalisinin təkidli tələblərinə baxmayaraq, bununla bağlı 1993-cü ilin iyununa qədər faktiki olaraq heç bir tədbir görülmədi. 1990-cı il yanvar ayının 22-də çağırılan Azərbaycan Ali Sovetinin fövqəladə sessiyası öz işini yarımçıq qoydu və sonrakı sessiyalarda bu məsələnin müzakirəsini davam etdirmədi. Ali Sovetin yanvar hadisələrini tədqiq etməli olan komissiyasının da işi başa çatdırılmamış qaldı. Çünki Azərbaycanı bu faciəyə gətirib çıxarmış səriştəsiz rəhbərlər vətənpərvərlik hisslərindən məhrum olduqlarından, habelə öz şəxsi ambisiyalarının əsirinə çevrildiklərindən xalqın gözünə pərdə asmaq niyyətinə düşmüşdülər. 1993-cü ilə qədər Azərbaycana rəhbərlik edən şəxslərin heç biri bu faciə ilə bağlı əsl həqiqəti aşkar etməyə özündə cəsarət tapmadı, əksinə, müxtəlif səthi qərarlar qəbul edə-edə faciənin müsibətlərini xalqımıza unutdurmağa çalışdı. Xalqın taleyi üçün məsuliyyət daşımalı olan kəslərin bu cür biganəliyinə isə xəyanətdən başqa ad vermək olmaz. Azadlıq və mübarizə yolu 20 Yanvar hadisələrindən keçmiş xalqımızın bu faciəsinə ilk üç il müddətində siyasi-hüquqi qiymət verilməməsi, əslində, Azərbaycanın o dövrdə hakimiyyətdə olmuş iqtidarlarının öz xalqına xəyanəti kimi səciyyələndirilməlidir.
20 Yanvar faciəsinə ilk siyasi-hüquqi qiymət Ümummilli lider Heydər Əliyev tərəfindən verildi
Ümummilli lider Heydər Əliyev bu məsələyə xüsusi həssaslıqla yanaşaraq hadisəyə siyasi-hüquqi qiymət verilməsi, cinayətkarların aşkarlanması istiqamətində yorulmaz fəaliyyət göstərdi. Hadisənin ertəsi günü həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn xalqımızın Ümummilli lideri Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında şiddətli şəkildə qınadı, ifşaedici və cəsarətli bəyanat verdi.
Daha sonra Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verdi. Naxçıvan MR Ali Məclisi 21 noyabr 1990-cı il tarixli qərar qəbul etdi: “Yanvar faciələrinin səbəbkarlarının - istər İttifaq, istərsə də respublika rəhbər partiya, Sovet, hüquq-mühafizə orqanı işçilərinin, hərbçilərin bu günədək aşkar edilib qanunla məsuliyyətə cəlb olunmaması xalqda dərin hiddət və etiraz doğurmuşdur. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi bütün bunları işğalçı siyasət və dəqiq düşünülmüş hərbi təcavüz kimi qiymətləndirərək və insan hüquqları bəyannaməsinin kobud şəkildə pozulması kimi nəzərdə tutaraq qərara alır ki, 1990-cı ilin yanvar ayında Bakı şəhərində törədilmiş qanlı hadisələr Azərbaycan SSR-in suveren hüquqlarına, respublikada gedən demokratik proseslərə qəsd kimi qiymətləndirilsin”.
Eyni zamanda, Azərbaycan SSR Ali Sovetinin 7 mart 1991-ci il tarixli sessiyasındakı çıxışı zamanı Ümummilli lider Heydər Əliyev bəyan etdi ki, 1990-cı il yanvarın 20-də İttifaq dövləti tərəfindən Azərbaycan xalqına qarşı hərbi təcavüz edilmişdir: “Heç bir əsas olmadan, xəbər vermədən, dövlət qanunlarını kobudcasına pozaraq Bakı şəhərinə müasir silahlı sovet ordusunun qoşun hissələri yeridilmiş, onlar vəhşilik, qəddarlıq etmiş, nəticədə nahaq qan tökülmüş, yüzlərlə adam həlak olmuş, xəsarət almış, itkin düşmüşdür. Təəssüf ki, bu təcavüz indiyə qədər davam edir. Bir ildən artıqdır ki, Azərbaycanın paytaxtı fövqəladə vəziyyət şəraitində yaşayır. Bizim sessiyamız da bu şəraitdə keçirilir. Bir ildən artıqdır ki, Azərbaycan xalqı şəhidlərə matəm saxlayır. Respublikanın şəhərlərində, qəsəbələrində, kəndlərində şəhidlərin xatirəsinə abidələr ucaldılır. Fəqət, qatillər indiyə qədər aşkar olunmayıb. Buna heç vəchlə bəraət qazandırmaq olmaz. Bu məsələ müzakirə olunmalıdır. 20 Yanvar faciəsinə Ali Sovetin sessiyası siyasi qiymət verməlidir, onun günahkarlarını müəyyən etməlidir”.
Bunun ardınca Ulu öndər Heydər Əliyev 1991-ci il iyunun 19-da SSRİ Nazirlər Kabinetinə hadisə ilə bağlı məktub göndərdi: “Yanvar hadisələrində yüzlərlə adam öldürüldü və şikəst edildi. Artıq ilyarım keçib. Nəinki bu dəhşətli cinayətlərin hamıya çoxdan məlum olan günahkarları üzə çıxarılmayıb, əksinə, bunları ört-basdır etmək üçün əllərindən gələni edirlər. Ümid edirlər ki, zaman keçdikcə bu faciə unudulacaq. Ancaq tarix dəfələrlə sübut etmişdir ki, doğma xalqa qarşı yönəldilmiş qanlı cinayətləri on illər keçsə də, unutmaq və bağışlamaq mümkün deyil”.
Ulu öndər 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə gələndən sonra isə ölkə rəhbəri kimi mühüm addımlar atdı. Belə ki, Ümummilli lider Heydər Əliyev 1994-cü il yanvar ayının 5-də 20 Yanvar faciəsinin dördüncü ildönümünün keçirilməsi ilə bağlı Fərman imzaladı. Fərmanda Milli Məclisə tövsiyə olunurdu ki, faciəyə tam siyasi-hüquqi qiymət verilsin. Bunun ardınca isə 1994-cü il yanvarın 12-də Dövlət Komissiyasının geniş iclasındakı çıxışında Ümummilli lider Heydər Əliyev Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 1992-ci il 19 yanvar tarixli qərarını xatırladaraq bu qərarda 20 Yanvar hadisələrinin əsl səbəblərinin açıqlanmadığını, həqiqi günahkarların aşkar edilmədiyini, iki il ərzində həmin qərarın özünü doğrultmadığını diqqətə çatdırdı. Ulu öndər Heydər Əliyev ötən dörd ildə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verilməməsini və ozamankı Milli Şura tərəfindən qəbul edilmiş qərarın səthi xarakterli olmasını diqqətə çatdırdı: “Bu qərarı oxuyanda, doğrusu, çox həyəcanlandım. Düşündüm ki, Milli Şura nə üçün öz millətinin, öz xalqının aqibətinə, taleyinə bu qədər biganə qalıb? Qərarı oxuyandan sonra bir daha qəti fikrə gəldim ki, bu faciəyə, bu hadisəyə niyə indiyə qədər siyasi qiymət verilməyib... Mənim fikrim belədir ki, bu qərarın qəbul edilməsi Azərbaycan xalqına, bəlkə də, 20 Yanvar 1990-cı ildə olan faciə kimi böyük xəyanətdir. İki il keçəndən sonra deputat-istintaq komissiyasının ortaya bir şey çıxarmaması, boş-boş sözlərlə camaatı aldatması, qərarda bu komissiyanın işinin qənaətbəxş hesab edilməsi, yenə də deyirəm, xəyanətdir”.
Beləliklə, Ümummilli lider Heydər Əliyevin bu istiqamətdə gərgin əməyinin nəticəsi kimi, 1994-cü il mart ayının 29-da “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” adlı xüsusi qərar qəbul edildi. Bununla da Azərbaycan xalqının məruz qaldığı dəhşətli faciəyə - 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilmiş oldu. Yeri gəlmişkən, 20 Yanvar faciəsinin Azərbaycan xalqına qarşı böyük cinayət olduğunu deyən Prezident İlham Əliyev qeyd edib: “Azərbaycan xalqına qarşı növbəti təxribat 1990-cı ildə törədilmişdir - Qanlı Yanvar cinayəti. Günahsız insanlar öldürülmüşdür, qətlə yetirilmişdir. 20 Yanvar faciəsi Azərbaycan xalqına qarşı törədilmiş böyük cinayətdir. Heydər Əliyev dərhal Öz səsini ucaltdı. Ertəsi gün Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlmişdir. Mən də Onunla bərabər orada idim. Mətbuat konfransında sovet rəhbərliyini ittiham etmişdir. Onların hərəkətlərini pisləmişdir. Deyə bilərəm ki, o vaxt sovet məkanında bu, çox nadir bir hadisə idi. Çünki Sovet İttifaqının dağılmasına hələ 2 il vaxt var idi. Heç kimin ağlına gələ bilməzdi ki, Sovet İttifaqı kimi nəhəng bir dövlət dağıla bilər. O vaxt belə cəsarətli addımın atılması bir daha onu göstərdi ki, Heydər Əliyev Öz xalqına nə qədər bağlıdır, bu insan nə qədər fədakardır, nə qədər cəsarətlidir”.
Konstitusiya hüquqlarının təmin edilməsi tələbləri ilə ayağa qalxan dinc əhaliyə divan tutulması, heç bir günahı olmayan yüzlərlə adamın vəhşicəsinə qətlə yetirilməsi bütün tarixi boyu humanizm prinsiplərindən dəm vuran sovet imperiyasının hərb maşınının amansız terror aktı, insanlığa qarşı ən ağır cinayətlərdən biri kimi bəşər tarixində əbədi olaraq qalacaq. Eyni zamanda bu, qəhrəmanlıq tariximizin parlaq səhifəsidir. Prezident İlham Əliyev qanlı 20 Yanvar faciəsi haqqında deyib: “20 Yanvar günü bizim böyük faciəmizdir, ancaq eyni zamanda, Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsidir. Azərbaycan xalqı öz iradəsini göstərdi... 20 Yanvarda sovet rejiminin hərbi, siyasi və mənəvi təcavüzünə məruz qalmış Azərbaycan xalqı öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu bütün dünyaya nümayiş etdirdi. Azərbaycanda haqq-ədalətin müdafiəsi yolunda canlarından keçmiş vətən övladları Qanlı Yanvarda xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar”.
20 Yanvar faciəsi unudulmur: xalqımız şəhidlik zirvəsinə ucalmış qəhrəman övladları ilə fəxr edir
Azərbaycan xalqına qarşı törədilən müxtəlif xarakterli cinayətlərdən, xüsusən də son onilliklərdə yaşanan faciələrdən zərər çəkənlərə - şəhid ailələri, məcburi köçkün və qaçqın ailələrinə qayğı göstərilməsi Prezident İlham Əliyevin də diqqət mərkəzindədir. Bu baxımdan, 20 Yanvar faciəsi istisna deyil.
Xalqımız hər il 20 Yanvar faciəsi qurbanlarını yad edir, hadisənin üzərindən artıq 28 il keçməsinə baxmayaraq, SSRİ ordusunun azərbaycanlılara qarşı törətdiyi bu qırğınla bağlı respublikada və ölkədən kənarda geniş tədbirlər, müxtəlif aksiyalar keçirilir. Bu tədbirlərin keçirilməsində dövlətin dəstəyi və təşkilatçılığı ilə görülən işlər danılmazdır. Təsadüfi deyil ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sərəncamı ilə “20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı” təsdiq edilib və bu sənəddə faciə qurbanlarının xatirəsinin anılması istiqamətində görüləcək tədbirlər geniş əksini tapıb. Ümumiyyətlə, hər il təsdiq olunan tədbirlər planında respublikanın şəhər və rayonlarında, idarə və təşkilatlarda 20 Yanvar hadisələri ilə bağlı konfrans, toplantı və mühazirələrin təşkili, 20 Yanvar gününün Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizə rəmzi kimi qeyd olunması ilə bağlı tədbirlərin keçirilməsi, mədəniyyət ocaqlarında faciəyə həsr olunmuş tamaşaların, bədii və sənədli filmlərin nümayiş etdirilməsi nəzərdə tutulur. Həmçinin dünya ictimaiyyətinin diqqətini bu faciəyə yönəltmək məqsədilə Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri və icmaları vasitəsilə müvafiq tədbirlərin keçirilməsi, dünyanın aparıcı kütləvi informasiya vasitələrində, eləcə də televiziya kanallarında və internet şəbəkələrində 20 Yanvar hadisələri barədə müxtəlif dillərdə materialların hazırlanması və yayılmasının təmin olunması barədə tapşırıqlar verilir. Tədbirlər planına əsasən, respublikanın bütün tədris müəssisələrində faciəyə həsr edilmiş xüsusi dərs keçirilir, 20 Yanvar hadisələri zamanı şəhid olanların ailələrinə humanitar yardımlar göstərilir, Şəhidlər Xiyabanı ərazisində lazımi işlər aparılır.
Eyni zamanda, 20 Yanvar faciəsi zamanı əlil olmuş şəxslər də hər zaman dövlətin, şəxsən Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Yeri gəlmişkən, Azərbaycan Prezidenti İlham Əliyevin 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması və “1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 19 yanvar tarixli 370 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalaması bu baxımdan xüsusi vurğulanmalıdır. Fərmana əsasən, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2016-cı il fevralın 1-dən 10 faiz artırılıb.
Ümumiyyətlə, bu gün Azərbaycanda 20 Yanvar faciəsinin qurbanları da daxil olmaqla bütün şəhid ailələrinə dövlət tərəfindən xüsusi yardım və güzəştlər edilir. Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə göstərilən dövlət qayğısı ölkədə həyata keçirilən sosial siyasətin mühüm tərkib hissəsini təşkil edir. Sürətlə inkişaf edən respublikamızın iqtisadi gücünün, maliyyə imkanlarının artması fonunda dövlətimiz sosial müdafiəyə ehtiyacı olan ailələrin maddi və mənzil-məişət şəraitinin yaxşılaşması üçün daha böyük imkanlar yaradıb. Dövlətin bu sahəyə ayırdığı diqqət və qayğının göstəricisi olaraq son illərdə bilavasitə Prezident İlham Əliyevin imzaladığı sərəncamlar əsasında irimiqyaslı layihələr həyata keçirilib. Digər tərəfdən, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva 20 Yanvar şəhidlərinin ailələrinə və əlillərinin problemlərinə daim böyük qayğı ilə yanaşır. Heydər Əliyev Fondunun dəstəyi ilə 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, faciə qurbanları ailələrinin problemlərinin həlli, əlillərin sağlamlıqlarının bərpası istiqamətində mühüm işlər görülür.
Bütövlükdə, 20 Yanvar faciəsi unudulmur, xalqımız isə şəhidlik zirvəsinə ucalmış qəhrəman övladları ilə fəxr edir.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Siyasət
02 İyun 18:59
Maraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
YAP xəbərləri
02 İyun 17:08
YAP xəbərləri
02 İyun 16:41
YAP xəbərləri
02 İyun 16:39
Dünya
02 İyun 16:24
YAP xəbərləri
02 İyun 16:18
Elanlar
02 İyun 16:04
Sosial
02 İyun 16:04
İqtisadiyyat
02 İyun 16:03
YAP xəbərləri
02 İyun 16:00
YAP xəbərləri
02 İyun 15:30
YAP xəbərləri
02 İyun 15:19
Maraqlı
02 İyun 15:19
İdman
02 İyun 15:15
Siyasət
02 İyun 15:00
YAP xəbərləri
02 İyun 14:59
Sosial
02 İyun 14:46
Gündəm
02 İyun 14:44
Dünya
02 İyun 14:33
Dünya
02 İyun 14:08
Elanlar
02 İyun 13:58
Dünya
02 İyun 13:57
Dünya
02 İyun 13:27
YAP xəbərləri
02 İyun 12:53
YAP xəbərləri
02 İyun 12:51
Hadisə
02 İyun 12:45
Dünya
02 İyun 12:18
Mədəniyyət
02 İyun 11:53
Hadisə
02 İyun 11:50
Gündəm
02 İyun 11:45
Gündəm
02 İyun 11:31
Sosial
02 İyun 11:18
İqtisadiyyat
02 İyun 11:17
Sosial
02 İyun 11:15
İqtisadiyyat
02 İyun 11:09
YAP xəbərləri
02 İyun 11:05
İqtisadiyyat
02 İyun 10:59
Gündəm
02 İyun 10:25
Analitik
02 İyun 09:42
İqtisadiyyat
02 İyun 09:30
Analitik
02 İyun 09:17
Dünya
02 İyun 08:50
Sosial
02 İyun 08:39
Siyasət
02 İyun 07:30
Siyasət
02 İyun 07:29
Dünya
02 İyun 07:09
İdman
02 İyun 06:50
Dünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33

