Azərbaycanın apardığı məqsədyönlü siyasət işğalçı Ermənistanı çıxılmaz vəziyyətdə qoyub
02.03.2018 [09:50]
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması ölkəmizin mövqeyini getdikcə daha da gücləndirir
Məlum olduğu kimi, təcavüzkar Ermənistan 20 ildən artıqdır ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ona bitişik 7 rayonunu işğal altında saxlayır. Bu işğal nəticəsində 1 milyondan artıq soydaşımız doğma yurd-yuvasından didərgin düşüb. Düşmən xarici havadarlarının köməyi ilə işğal etdiyi ərazilərdə etnik təmizləmə aparıb, misli görünməmiş vandalizm aktları törədib, xalqımıza məxsus çoxəsrlik maddi və mənəvi mədəniyyət nümunələrini vəhşicəsinə talayıb. Mənfur qonşumuz bu işğalçılıq siyasətini hazırda da davam etdirməkdədir.
Azərbaycan ərazi bütövlüyünün təmin olunmasında prinsipial mövqe nümayiş etdirir
Bu məqamda qeyd edək ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə istənilən nöqteyi-nəzərdən yanaşdıqda ölkəmizin haqlı mövqedə olduğu ortaya çıxır. Əvvəla, Dağlıq Qarabağ bölgəsi və ona bitişik inzibati-ərazi vahidləri əzəli Azərbaycan torpaqlarıdır. Həmin ərazilərdəki maddi-mənəvi mədəniyyət nümunələri, toponimlər, islamaqədərki və ondan sonrakı dövrlərə aid dini abidələr bu yerlərin aborigen sakinlərinin məhz azərbaycanlılar olduğunu, ermənilərin isə sonradan məqsədli şəkildə məskunlaşdırıldıqlarını təsdiqləyir.
Bundan başqa, beynəlxalq hüquq da Ermənistanın zor gücünə zəbt etdiyi ərazilərdən qeyd-şərtsiz çıxmasını tələb edir. Dövlətlərin ərazi bütövlüyü beynəlxalq hüquqda əsas prinsip kimi götürülür. Xatırladaq ki, BMT-nin Təhlükəsizlik Şurası Ermənistan ordusunun işğal edilmiş Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılmasına dair 4 qətnamə qəbul edib. ATƏT, AŞ PA, İƏT, Qoşulmama Hərəkatı və digər beynəlxalq qurumlar da ölkəmizin ərazi bütövlüyünü dəstəkləyən sənədlər imzalayıblar.
Beləliklə, Ermənistan-Azərbaycan, Qağlıq Qarabağ münaqişəsinin həllində ölkəmizin haqlı mövqeyi həm güclü daxili amillərlə, həm də beynəlxalq norma və prinsiplərlə dəstəklənir. Eyni zamanda, Azərbaycan torpaqlarının bir hissəsinin Ermənistan tərəfindən işğalı faktı ilə heç vaxt barışmayıb. Ərazi bütövlüyünün təmin olunması, qaçqın soydaşlarımızın öz yurd-yuvalarına qaytarılması ölkəmiz üçün prinsipial məsələdir. Azərbaycan münaqişənin həllində öz haqlı mövqeyini məhz suveren dövlətlərin ərazi bütövlüyünün pozulmasının yolverilməzliyi prinsipindən əsaslandırır. Beynəlxalq hüququn bu fundamental prinsipi həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həllində əsas götürülməlidir.
Məlumdur ki, münaqişənin həlli ilə bağlı ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar aparılır. ATƏT-in Minsk qrupuna daxil olan dövlətlərin rəsmiləri dəfələrlə işğal nəticəsində yaranan mövcud status-kvonun qəbuledilməz olduğunu bildiriblər. İndiyədək Minsk qrupunda təmsil olunan Rusiya, ABŞ və Fransanın dövlət başçılarının və digər yüksək səviyyəli rəsmilərinin səyləri əsasında münaqişənin həlli ilə bağlı müxtəlif görüşlər keçirilib, status-kvonun dəyişdirilməsi ilə bağlı təkliflər səsləndirilib. Azərbaycan dövləti xalqımızın xoş məramına uyğun olaraq sülh danışıqlarına daim öz dəstəyini nümayiş etdirir. Ermənistan isə nə beynəlxalq hüquq normalarına, nə BMT-nin Təhlükəsizlik Şurasının məlum qətnamələrinə, nə də Minsk qrupuna həmsədrlik edən dövlətlərin rəhbərlərinin bəyanatlarına məhəl qoymur. Məhz işğalçı Ermənistanın belə destruktiv mövqe tutması səbəbindən beynəlxalq təşkilatların, o cümlədən də Minsk qrupunun həmsədr dövlətlərinin başçılarının verdikləri bəyanatlar nəticəsiz qalır və münaqişə həllini tapmır.
Ermənistan öz işğalçılıq siyasətinin girovuna çevrilib
Azərbaycan xalqının məşhur bir zərb-məsəli var: Nə əkərsən, onu da biçərsən. Forpost dövlət olan Ermənistanın da bəd əməlləri, necə deyərlər, öz başında çatlamağa başlayıb. Belə ki, Ermənistanın xarici havadarlarının göstərişi və himayəsi ilə apardığı işğalçılıq siyasəti bu ölkənin özünə də heç bir fayda gətirməyib. İndi hər kəs görür ki, bu ölkə öz işğalçılıq siyasətinin girovuna, qurbanına çevrilib.
Azərbaycan çox haqlı olaraq işğalçı dövlətə qarşı davamlı təzyiq siyasəti həyata keçirir. Ölkəmizin prinsipiallığı sayəsində işğalçı Ermənistan regionda reallaşdırılan bütün qlobal enerji və nəqliyyat layihələrindən kənarda qalıb. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars kimi regional və qlobal əhəmiyyət daşıyan layihələr Ermənistandan yan keçməklə çəkilib. Erməni lobbisinin pullarına satılan xaricdəki bəzi mərkəzlərin ciddi cəhdlərinə baxmayaraq, Azərbaycan Ermənistanı bütün regional layihələrdən təcrid siyasətini bundan sonra da davam etdirəcək. Perspektivdə Şimal-Cənub nəqliyyat dəhlizi də işğalçı ölkədən yan keçəcək.
Azərbaycanın Ermənistanı daim təzyiq altında saxlamaq siyasəti artıq öz bəhrəsini verir. Belə ki, işğalçılıq siyasətinin Ermənistana dəhşətli bəlalar gətirdiyi, ölkənin tamamilə kəskin sosial-iqtisadi çətinliklərin, qarşısıalınmaz deqradasiyanın ağuşuna atıldığı artıq milli səviyyədə də etiraf edilir. Ermənistandakı ənənəvi və elektron mediada bu ölkəni dalana sürükləyən siyasətin fəsadları barədə çoxsaylı məqalələr, analitik təhlillər dərc olunmaqdadır.
Eyni zamanda, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində hücum diplomatiyası həyata keçirir. Bu, ilk növbədə, Azərbaycanın inkişafı və beynəlxalq aləmdəki nüfuzu ilə bağlıdır. Belə ki, müstəqilliyin ilk illərində Azərbaycanın maliyyə resurslarının qıtlığı, beynəlxalq siyasi arenada kifayət qədər tanınmaması, erməni lobbisinin və Ermənistanın apardığı informasiya müharibəsində məğlub durumda olması ölkəmizi müdafiə mövqeyində dayanmağa məcbur edirdi. Lakin Ümummilli lider Heydər Əliyevin uzaqgörən daxili və xarici siyasi kursu sayəsində Azərbaycanın hər cəhətdən güclənməsi, informasiya blokadasını yarması, dünyada siyasi çəkisinin artması nəticə etibarilə milli maraqların təmin olunması yolunda daha inamlı və intensiv fəaliyyətə şərait yaradıb.
Ekspertlərin də qeyd etdikləri kimi, Dağlıq Qarabağ münaqişəsinin həllinin müzakirəsi Azərbaycanın xarici ikitərəfli əlaqələrində və beynəlxalq təşkilatlarla əməkdaşlığında önəmli istiqamətə çevrilib. Millət vəkili Elman Məmmədov bildirib ki, Azərbaycanın uğurlu diplomatik gedişləri hazırkı vəziyyətdə Ermənistanı çıxılmaz vəziyyətdə qoyub.
Millət vəkili əminliyini ifadə edərək vurğulayıb ki, Azərbaycan bundan sonra da beynəlxalq təşkilatlar çərçivəsində fəaliyyətini inamla davam etdirəcək. Tarixi əsaslar və dünyanın müasir reallıqları, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması Azərbaycanın mövqeyini getdikcə daha da gücləndirir. E.Məmmədov deyib ki, Brüsseldə ötən il noyabrın 24-də keçirilmiş Şərq Tərəfdaşlığı Sammitinin Yekun Bəyannaməsində Ermənistan nümayəndə heyətinin çoxsaylı cəhdlərinə baxmayaraq, dövlətlərin ərazi bütövlüyünün pozulmazlığı prinsipinin əhəmiyyətinin nümayiş etdirilməsi Azərbaycan diplomatiyasının bu istiqamətdə əhəmiyyətli uğurudur: “Hazırda dünyanın müxtəlif yerlərində, eyni zamanda, Avropada separatizm meyilləri artır. Avropa da görür ki, separatizm nə dərəcədə təhlükəli meyildir. Biz isə təcavüzkar separatizmlə üzləşmişik. Ona görə bütövlükdə münaqişələrlə bağlı dünyada gedən proseslər, yanaşma bizim mövqeyimizi daha da möhkəmləndirir”.
Şanlı aprel döyüşləri xalqımızın böyük zəfərinin uzaqda olmadığından xəbər verir
Yeri gəlmişkən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı respublikamızın ədalətli mövqeyini getdikcə güclənən Azərbaycan Ordusu daha da möhkəmləndirir. Müstəqillik illərində respublikamızda ölkənin etibarlı müdafiəsini təmin etmək, aparılan sülh danışıqları nəticə verməyəcəyi təqdirdə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə nail olmaq məqsədi ilə güclü ordu quruculuğu siyasəti həyata keçirilib. Davamlı dövlət qayğısı sayəsində əsaslı inkişaf yolu keçən Azərbaycan Silahlı Qüvvələrinin döyüş qabiliyyəti əhəmiyyətli dərəcədə artıb. Hazırda Azərbaycan Cənubi Qafqazın ən güclü, dünyanın ən nizami ordularından birinə malikdir.
Milli ordunun davamlı olaraq güclənməsi son vaxtlatda təmas xəttində Azərbaycanın üstün mövqe qazanmasını təmin edib. Şanlı aprel döyüşləri isə xalqımızın böyük zəfərinin uzaqda olmadığından xəbər verir. Bu döyüşlərdə qoşunların təmas xəttində yerləşən işğalçı Ermənistan ordusunun təxribat cəhdlərinin qarşısı Azərbaycan Silahlı Qüvvələri tərəfindən qətiyyətlə alınıb, onların mövqelərinə sarsıdıcı zərbələr endirilib, düşmən həm canlı qüvvə, həm də texnika sarıdan ağır itkilərə məruz qalıb və qorxuya düşərək geri çəkilmək məcburiyyətində qalıb. Artıq stereotiplər tam dağılıb. Həm ölkə daxilində, həm də xarici aləmdə qəti əminlik yaranıb ki, Azərbaycan Ordusu istənilən vaxt onun qarşısına qoyulan vəzifələri tam yerinə yetirmək və torpaqları azad etmək iqtidarındadır.
Cocuq Mərcanlının bərpası Böyük Qayıdışın başlanğıcıdır...
Məlumdur ki, Azərbaycan Ermənistanın işğalçılıq siyasəti nəticəsində doğma yurd-yuvalarından didərgin düşən qaçqın və məcburi köçkün soydaşlarımızın sosial problemlərinin həllini, o cümlədən də onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasını daim diqqət mərkəzində saxlayır. Deyilənlərin təsdiqi olaraq vurğulayaq ki, indiyədək respublikanın müxtəlif bölgələrində məcburi köçkünlər üçün 100-ə yaxın müasir yaşayış kompleksi salınıb, 265 min köçkün yeni mənzillə təmin olunub.
Lakin dövlətin mövqeyi belədir ki, qaçqın və məcburi köçkün soydaşlarımız üçün ən rahat evlər məhz Dağlıq Qarabağda, hazırda Ermənistanın nəzarətində olan ərazilərdə salınacaq. Öz növbəsində bu məsələyə münasibət bildirən Milli Məclisin deputatı Flora Qasımova deyib ki, işğaldan azad edilən ərazilərdə hər cür rahatlığa malik qəsəbələrin salınması böyük rəmzi məna daşıyır. “2017-ci ildə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası təmin edilib, burada 150 ailə üçün hər cür rahatlıqlara malik yaşayış evləri tikilib. Cocuq Mərcanlıda həmçinin infrastruktur obyektləri, Şuşa məscidinin oxşarı olan məscid sakinlərin istifadəsinə verilib. Eyni zamanda, Şıxarx qəsəbəsində 1170 ailəlik böyük şəhərcik salınıb. Bu kimi layihələrin icrası onu göstərir ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək və dağıdılmış bu ərazilərdə yeni şəhərlər, qəsəbələr, kəndlər, məktəblər, yaşayış binaları, bütün infrastruktur tikiləcək”, - deyə millət vəkili bildirib.
F.Qasımova onu da əlavə edib ki, Cocuq Mərcanlının və Şıxarxın timsalında biz dövlətimizin, xalqımızın iradəsini göstəririk. Bir daha göstəririk ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq.
Nadir AZƏRİ
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün
Xəbər lenti
Hamısına baxDünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Siyasət
02 İyun 18:59
Maraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
YAP xəbərləri
02 İyun 17:08
YAP xəbərləri
02 İyun 16:41
YAP xəbərləri
02 İyun 16:39
Dünya
02 İyun 16:24
YAP xəbərləri
02 İyun 16:18
Elanlar
02 İyun 16:04
Sosial
02 İyun 16:04
İqtisadiyyat
02 İyun 16:03
YAP xəbərləri
02 İyun 16:00
YAP xəbərləri
02 İyun 15:30
YAP xəbərləri
02 İyun 15:19
Maraqlı
02 İyun 15:19
İdman
02 İyun 15:15
Siyasət
02 İyun 15:00
YAP xəbərləri
02 İyun 14:59
Sosial
02 İyun 14:46
Gündəm
02 İyun 14:44
Dünya
02 İyun 14:33
Dünya
02 İyun 14:08
Elanlar
02 İyun 13:58
Dünya
02 İyun 13:57
Dünya
02 İyun 13:27
YAP xəbərləri
02 İyun 12:53
YAP xəbərləri
02 İyun 12:51
Hadisə
02 İyun 12:45
Dünya
02 İyun 12:18
Mədəniyyət
02 İyun 11:53
Hadisə
02 İyun 11:50
Gündəm
02 İyun 11:45
Gündəm
02 İyun 11:31
Sosial
02 İyun 11:18
İqtisadiyyat
02 İyun 11:17
Sosial
02 İyun 11:15
İqtisadiyyat
02 İyun 11:09
YAP xəbərləri
02 İyun 11:05
İqtisadiyyat
02 İyun 10:59
Gündəm
02 İyun 10:25
Analitik
02 İyun 09:42
İqtisadiyyat
02 İyun 09:30
Analitik
02 İyun 09:17
Dünya
02 İyun 08:50
Sosial
02 İyun 08:39
Siyasət
02 İyun 07:30
Siyasət
02 İyun 07:29
Dünya
02 İyun 07:09
İdman
02 İyun 06:50
Dünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33

