Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Xəzərdə tarixi razılaşma İranla Azərbaycan arasında ziddiyyətlərin əməkdaşlıqla əvəz olunmasını təmin edir

Xəzərdə tarixi razılaşma İranla Azərbaycan arasında ziddiyyətlərin əməkdaşlıqla əvəz olunmasını təmin edir

30.03.2018 [10:11]

Prezident İlham Əliyev: Bu sənədlərin reallaşması nəticəsində həm Xəzər dənizində, həm nəqliyyat sahəsində bizim əməkdaşlığımız daha da yüksək pilləyə qalxacaq və eyni zamanda, bu, regional əməkdaşlığa da çox müsbət təsir göstərəcəkdir
Müasir dövrdə dünya siyasəti və beynəlxalq münasibətlərə təsir edən əhəmiyyətli amillərdən biri də regional əməkdaşlıqdır. Siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələri əhatə edən tərəfdaşlıq münasibətləri həm regional təhlükəsizlik, həm də beynəlxalq əməkdaşlıq baxımından müstəsna önəm kəsb edir. Əlbəttə, bu cür əməkdaşlıq əlaqələrinin səmərəli olması və perspektiv üçün önəmli nəticələr vəd etməsi qarşılıqlı etimad mühitinin formalaşdırılmasından asılıdır. Bu baxımdan, Azərbaycan-İran münasibətlərinin qeyd olunan amillər əsasında inkişafı bütövlükdə regionun tərəqqisi, həmçinin bölgədə sülhün və təhlükəsizliyin təmin olunması baxımından önəm daşıyır. Öz növbəsində, İran da Azərbaycanla çoxşaxəli əməkdaşlığı öz milli maraqlarına müvafiq hesab edir və tərəfdaşlığın genişləndirilməsi niyyətində olduğunu bildirir. Bütövlükdə, İran-Azərbaycan münasibətləri qarşılıqlı məmnunluq doğurur. Martın 28-də İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin ölkəmizə rəsmi səfəri çərçivəsində prezidentlərin təkbətək görüşü zamanı dövlətimizin başçısı qeyd edib ki, bizim aramızda çox sıx əlaqələr mövcuddur. Bütün sahələr üzrə çox yaxşı əməkdaşlıq edirik.
Digər tərəfdən, dərin tarixi və mədəni köklərə, güclü siyasi əlaqələrə söykənən İran-Azərbaycan münasibətləri həm uğurlu regional əməkdaşlıq, həm də müsbət qonşuluq nümunəsidir. Bəhs olunan səfər çərçivəsində prezidentlərin mətbuata bəyanatı zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu məqamlara toxunaraq qeyd edib: “Bizi tarix, ortaq mədəniyyət birləşdirir. Bu gün İran-Azərbaycan dövlətlərarası münasibətlər bu möhkəm tarix və mədəni köklər üzərində uğurla qurulur və inkişaf edir”.
Qarşılıqlı səfərlər iki ölkə arasındakı münasibətlərin inkişafında mühüm rol oynayır
O da qeyd edilməlidir ki, qarşılıqlı səfər və görüşlər iki ölkə arasındakı münasibətlərin inkişafına əhəmiyyətli töhfələr verir. Xüsusilə də dövlət başçılarının görüşləri ikitərəfli münasibətlərin müzakirəsi və əməkdaşlığın dərinləşdirilməsi baxımından müstəsna əhəmiyyət kəsb edir. Son dörd il ərzində Azərbaycan və İran prezidentləri 11 dəfə görüşüb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev son dörd il ərzində dörd dəfə İrana səfər edib, Prezident Həsən Ruhaninin isə Azərbaycana üç səfəri olub. Eyni zamanda, dövlət başçıları beynəlxalq tədbirlər çərçivəsində də görüşüblər.
Yeri gəlmişkən, martın 28-də İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin ölkəmizə səfəri də xüsusi əhəmiyyətə malikdir. Səfər çərçivəsində keçirilən görüşlər zamanı səsləndirilən fikirlər münasibətlərin inkişafının məmnunluq doğurduğunu deməyə əsas verir. Bütövlükdə, İran İslam Respublikasının ölkəmizə rəsmi səfəri yüksək əhval-ruhiyyədə keçib, ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün etibarlı zəmin yaradıb. Səfərin nəticələri onu deməyə əsas verir ki, Azərbaycan-İran əlaqələri yüksələn xətlə inkişaf edir.
Xəzərdə tarixi razılaşma hər iki dövlətə və xalqa fayda gətirəcək
Bəhs olunan səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin iştirakı ilə sənədlərin imzalanması əməkdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından müstəsna əhəmiyyət kəsb edir.
Ümumiyyətlə, son dörd ildə Azərbaycan ilə İran arasında müxtəlif sahələri əhatə edən önəmli sənədlər imzalanıb və bu, ikitərəfli əlaqələrin inkişafına mühüm töhfələr verib. Xəzər dənizində müvafiq blokların birgə işlənilməsi haqqında Anlaşma Memorandumu, Astara-Rəşt dəmir yolu hissəsinin tikintisinin maliyyələşdirilməsi haqqında sazişlər isə tarixi əhəmiyyətə malikdir. Prezident İlham Əliyev sazişlərin önəminə toxunaraq deyib: “... Bu sənədlər tarixi əhəmiyyət daşıyır. Çünki bu sənədlərin reallaşması nəticəsində həm Xəzər dənizində, həm nəqliyyat sahəsində bizim əməkdaşlığımız daha da yüksək pilləyə qalxacaq və eyni zamanda, bu, regional əməkdaşlığa da çox müsbət təsir göstərəcəkdir”.
Xəzərdə tarixi razılaşma İranla Azərbaycan arasında ziddiyyətlərin əməkdaşlıqla əvəz olunmasını təmin edir. Şübhəsiz ki, bu razılaşma nəticəsində dondurulmuş və mübahisəli yataqlar birgə işləniləcək, hər iki dövlətə və xalqa fayda gətirəcək. Eyni zamanda, bu, Türkmənistan üçün də nümunə ola bilər.
Qitələri birləşdirəcək Astara-Rəşt dəmir
yolunun qısa müddətdə tikilməsi Avrasiyada
yeni strateji imkanlar yaradacaq
Regional əməkdaşlıq və təhlükəsizlik kontekstində Azərbaycan-İran əməkdaşlığının strateji imkanlarını artıran, ikitərəfli və çoxtərəfli əlaqələrin inkişafını şərtləndirən, yeni əməkdaşlıq platformalarının formalaşmasına zəmin yaradan amillərdən biri də hər iki ölkənin tranzit imkanlarıdır. Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin kəsişməsində yerləşən, əlverişli coğrafi mövqeyə malik bu ölkələr beynəlxalq nəqliyyat sisteminə inteqrasiyanı genişləndirir, həmçinin regional təhlükəsizlik və əməkdaşlığa mühüm töhfələr verirlər. Bu baxımdan, Astara-Rəşt dəmir yolu hissəsinin tikintisinin maliyyələşdirilməsi haqqında Saziş, müvafiq tikinti işlərinə başlanması Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində mövcud olan yeganə boşluğu aradan qaldıracaq. Qitələri birləşdirəcək Astara-Rəşt dəmir yolu qısa müddət ərzində tikiləcək və bütün Avrasiya regionu üçün yeni imkanlar açılacaqdır.
İran Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəkləyir
Azərbaycan ilə İran arasında münasibətlərin pozitiv xarakteristikasından bəhs edərkən hər iki ölkənin beynəlxalq müstəvidə bir-birini dəstəkləməsini də qeyd etmək lazımdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Biz beynəlxalq arenada da fəal əməkdaşlıq edirik, bir-birimizi daim dəstəkləyirik. BMT, İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində daim bir-birimizə dəstək göstəririk”.
Bununla yanaşı, İran Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyü prinsipi çərçivəsində həlli ilə bağlı Azərbaycanın haqlı və ədalətli mövqeyini hər zaman dəstəkləyir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn norma və prinsipləri əsasında həll olunması ilə bağlı İran daim Azərbaycanın haqlı mövqeyini dəstəkləyir və beynəlxalq təşkilatlarda öz səsini qəbul edilmiş qətnamələrə verir: “Ona görə biz İrana çox minnətdarıq. Eyni zamanda, Azərbaycan da bütün beynəlxalq məsələlərdə daim İranın yanındadır”.
İranın beynəlxalq hüquq normalarını əsas götürərək ərazi bütövlüyü prinsipini önə çəkməsi təqdirəlayiq hal kimi mühüm əhəmiyyətə malikdir. Prezident Həsən Ruhani bu məsələdə ölkəsinin mövqeyini konkret ifadə edib: “Bizim üçün əhəmiyyətlidir ki, ölkələrin ərazi bütövlüyü və bölgənin coğrafiyası dəyişməməlidir. Dünya ictimaiyyətinin hörmətlə yanaşdığı beynəlxalq prinsiplər məsələnin həlli üçün alətə çevrilməlidir”.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 494 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Analitik

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30