/ / Azərbaycanda əhalinin ərzaq təhlükəsizliyinin təmin olunması strateji məqsəd kimi müəyyənləşdirilib
Azərbaycanda əhalinin ərzaq təhlükəsizliyinin təmin olunması strateji məqsəd kimi müəyyənləşdirilib
03.07.2018 [09:28]
Prezident İlham Əliyev: Son illər ərzində biz kənd təsərrüfatının inkişafı, xüsusilə ərzaq təhlükəsizliyi məsələləri ilə bağlı çox böyük nailiyyətlərə imza atmışıq
Ardıcıl xarakter daşıyan siyasətində daim milli maraqları, cəmiyyətin sosial sifarişlərini önə çəkən Azərbaycan dövləti əhalinin ərzaq təhlükəsizliyinin təmin olunmasını strateji məqsəd kimi qarşıya qoyub ki, bu da təsadüfi deyil. Dünyada müşahidə edilən neqativ meyillər, eyni zamanda, ekoloji problemlər, qlobal istiləşmə fonunda aqrar sektorda yaşanan çətinliklər ərzaq təhlükəsizliyi ilə bağlı məsələlərin aktuallığını əhəmiyyətli dərəcədə artırıb. Ayrı-ayrı beynəlxalq təşkilatlar da dünyanın ərzaq təminatının getdikcə pisləşəcəyi ilə bağlı bədbin proqnozlar verirlər. Dünya Səhiyyə Təşkilatının yaydığı hesabatda bildirilir ki, Yer üzündə təxminən 3,7 milyard insan lazımi səviyyədə qidalana bilmir. Haqqında bəhs olunan hesabatda bu rəqəmin ildən-ilə artdığı vurğulanır və buna səbəb kimi dünyada ərzaq təklifinin tələbə cavab vermədiyi göstərilir.
Ölkədə ərzaq məhsulları ilə özünütəminat səviyyəsinin yüksəldilməsi üçün möhkəm əsaslar yaradılıb
Qlobal risklərin artdığı bir şəraitdə Azərbaycan əhalinin ərzaq təhlükəsizliyinə ölkənin milli təhlükəsizliyinin vacib bir komponenti kimi daim böyük önəm verir. Prezident İlham Əliyevin siyasi iradəsi əsasında ölkəmizdə ərzaq təhlükəsizliyi ilə bağlı məsələlər daim diqqət mərkəzində saxlanılır. Son 15 ildə respublikamızda ərzaq təminatının möhkəmləndirilməsi istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilib. Ölkədə etibarlı ərzaq təminatına nail olunması üçün normativ-hüquqi baza davamlı şəkildə möhkəmləndirilir. Prezident İlham Əliyevin 25 avqust 2008-ci il tarixli müvafiq Sərəncamı ilə “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” qəbul edilib və uğurla yerinə yetirilib. 2017-ci il 10 fevral tarixində isə Prezident İlham Əliyev respublikamızda ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi siyasətinin davamı olaraq “Azərbaycan Respublikasında qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” müvafiq Fərman imzalayıb. Fərmanda ölkədə qida təhlükəsizliyinə nəzarət sistemini təkmilləşdirmək, bu sahədə şəffaflığı daha da artırmaq, pərakəndəliyi və təkrarlanmaları aradan qaldırmaq, habelə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli müvafiq Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin yaradılması nəzərdə tutulurdu. Beləliklə, Agentliyin fəaliyyətini təmin etmək məqsədilə Baş nazirin müavini Əli Əhmədovun sədrliyi ilə geniş tərkibdə yaradılan Qida Təhlükəsizliyi Komissiyası çox məhsuldar fəaliyyət göstərdi, zəruri təşkilati-texniki məsələləri həll etdi və bütün ölkə boyu geniş maarifləndirmə işi apardı. Fərmana uyğun olaraq 2018-ci ildən etibarən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi fəaliyyətə başlayıb.
Prezident İlham Əliyev 22 may 2018-ci il tarixində isə “Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” müvafiq Sərəncam imzalayıb. Bəhs olunan Sərəncam Qida Təhlükəsizliyi Agentliyinin maddi-texniki bazasını gücləndirmək, qida təhlükəsizliyinin təmin edilməsi ilə bağlı həyata keçirilən işlərin səmərəliliyini daha da artırmaq və sistemliliyini təmin etmək məqsədi daşıyır.
Qeyd edək ki, ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı fundamental hüquqi bazanın yaradılması ilə paralel şəkildə, həmçinin praktiki müstəvidə də genişmiqyaslı tədbirlər həyata keçirilib. Regionların, kənd təsərrüfatının inkişafı ilə bağlı qəbul edilən müvafiq Dövlət proqramları çərçivəsində görülən işlər aqrar sektorda ərzaq məhsulları istehsalının artırılmasına geniş imkanlar açıb. Belə ki, regionlarda sahibkarlığın ardıcıl şəkildə dəstəklənməsi, fermerlərə güzəştli kreditlərin verilməsi, subsidiyaların həcminin artırılması, müasir təsərrüfatların yaradılması, qabaqcıl təcrübənin tətbiqi, texnika ilə təminatın gücləndirilməsi sayəsində aqrar sektorda ərzaq məhsulları istehsalı əhəmiyyətli dərəcədə artıb. Hazırda respublikamızda bir sıra pozisiyalar üzrə daxili ərzaq tələbatının 100 faiz həcmində yerli istehsal hesabına ödənilməsi böyük nailiyyətdir. Prezident İlham Əliyev Bərdədə keçirilən pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsindəki nitqində bildirib ki, son illər ərzində biz kənd təsərrüfatının inkişafı, xüsusilə ərzaq təhlükəsizliyi məsələləri ilə bağlı çox böyük nailiyyətlərə imza atmışıq. Aqrar sektorda ərzaq məhsulları istehsalının artmasından məmnunluq ifadə edən dövlət başçısı vurğulayıb: “Bu gün biz ərzaq təhlükəsizliyini şərtləndirən əsas sahələr üzrə ya özümüzü tam təmin edirik, ya da ki bu hədəfə çox yaxınıq”.
Ərzaq məhsulları istehsalının artmasında heyvandarlığın xüsusi rolu var
Respublikanın ərzağa olan tələbatının getdikcə daha böyük həcmdə yerli istehsal hesabına ödənilməsi heyvandarlıq sahəsində daha qabarıq şəkildə nəzərə çarpır. Hazırda ölkədə ət və ət məhsulları, quş əti, yumurta və digər pozisiyalar üzrə daxili tələbat əsasən yerli istehsal hesabına ödənilir, hətta ölkəmizin müəyyən həcmlərdə ixrac imkanları da yaranıb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2017-ci ilin sonlarına respublika miqyasında 8465,6 min baş qoyun və keçi, 2679,3 min baş iribuynuzlu mal-qara, o cümlədən 1289,8 min baş inək və camış mövcud olub. Ötən il ölkədə 540,5 min ton, yaxud əvvəlki ilə nisbətən 3,2 faiz çox diri çəkidə ət, 2024,1 min ton (0,7 faiz çox) süd, 1714,0 milyon ədəd (6,5 faiz çox) yumurta istehsal olunub. Heyvandarlıq məhsulları istehsalı sahəsində mövcud statistikaya diqqət çəkən dövlət başçısı “Ət istehsalı təxminən 100 faizə yaxındır, Azərbaycan özünü təmin edir. Süd istehsalı təqribən 80-85 faizdir. Toyuq əti istehsalı yaxın bir-iki ilə 100 faizə çatacaq və böyük ixrac potensialı yaradılacaq. Yumurta istehsalı - biz indi nəinki özümüzü təmin edirik, həm də ixrac edirik. Yəni bu sahələr prioritet idi”, - deyə bildirib.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq respublikamızda heyvandarlıq intensiv yolla inkişaf etdirilir. Ölkədə heyvanların cins tərkibinin yaxşılaşdırılması əsas vəzifələrdən biri kimi qarşıya qoyulub. Bu məqsədlə bir tərəfdən ölkəmizə xaricdən cins mal-qara gətirilir, digər tərəfdən isə təsərrüfatlarda heyvanların baş sayının intensiv metodlarla artırılması, süni mayalandırma tədbirləri geniş şəkildə təşviq edilir. Belə ki, süni mayalanma yolu ilə alınan hər buzova görə fermerlərə 100 manat həcmində subsidiya ödənilir. Bu praktikadan artıq respublikanın əksər bölgələrində istifadə olunur. Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata əsasən, ötən il respublika miqyasında süni mayalanma yolu ilə 52 min baş damazlıq buzov alınıb. Dövlət dəstəyindən bəhrələnən fermerlər öz təsərrüfatlarında mal-qaranın baş sayının süni mayalandırma yolu ilə artırılmasına böyük maraq göstərirlər. Fermerlər bildirirlər ki, köhnə cinsdən olan mal-qara az məhsuldardır. Süni mayalandırma yolu ilə alınan buzovlar isə tez böyüyürlər və onların məhsuldarlığı daha yüksəkdir. 2018-ci ilin sonunadək Azərbaycana xaricdən 10 min baş damazlıq heyvan gətirilməsi nəzərdə tutulub. Xaricdən gətirilən cins heyvanlar arasında tələfat hallarının qarşısını almaq üçün onların düzgün yem rasionu tərtib olunur, qulluq cədvəli hazırlanır və fermerlər bu barədə məlumatlandırılırlar.
Respublikamızda 2015-ci ildən etibarən Bərdə, İmişli və Ağcabədi rayonlarında “Ətlik-südlük istiqamətli müasir ailə-fermer təsərrüfatlarının yaradılması” pilot mikrokredit layihəsi də uğurla icra olunur. Layihə çərçivəsində ailə-fermer təsərrüfatlarına güzəştli şərtlərlə lizinq yolu ilə ümumilikdə 516 baş Avstriyadan gətirilmiş “Simmental” cinsli iribuynuzlu heyvan paylanılıb və layihənin icra olunduğu ötən dövr ərzində paylanılmış heyvanların bir neçə dəfə artımı baş tutub.
Xaçmaz rayonunun Sayad kəndində 2017-ci ildən fəaliyyətə başlayan yeni təsərrüfata lizinq yolu ilə xarici ölkələrdən “Holstein-friz” və “Simmental” cinsindən olan 600 başa yaxın iribuynuzlu heyvan gətirilib. Təsərrüfata ilk olaraq gətirilən inəklər ətlik-südlük istiqamətlidir. Sonuncu gətirilən 200 başa yaxın inək isə sırf südlük istiqamətli heyvanlardır. Dövlət qayğısı və əlverişli şərait nəticəsində hazırda təsərrüfatda olan mal-qaranın sayı 800 başa çatdırılıb.
Ərzaq təhlükəsizliyində vacib istiqamətlərindən biri də taxılçılıqdır
Ölkənin qida təhlükəsizliyinin etibarlı və yüksək səviyyədə təmin edilməsi baxımından taxılçılıq mühüm pozisiyalardan biridir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində taxılçılığın önəminə xüsusi diqqət çəkib. “Taxılçılıq, heyvandarlıq ərzaq təhlükəsizliyini təmin edən əsas sahələrdir. Bilirəm ki, dövlətin dəstəyi ilə və özəl qurumların fəaliyyəti nəticəsində buğda əkini genişlənir, yeni əkin sahələri dövriyyəyə çıxarılır, suvarma işləri təmin edilir. Bu sahəyə çox ciddi diqqət göstərilməlidir ki, biz özümüzü əsas ərzaq məhsulları ilə tam təmin edə bilək”, - deyə dövlət başçısı vurğulayıb.
Ölkə əhalisinin qida təhlükəsizliyinin təminatında əsas strateji sahə olduğu nəzərə alınaraq taxılçılıqda texnoloji proseslərin vaxtında və aqrotexniki qaydalara uyğun aparılmasına, istehsalçıların texnika, gübrə, bitki mühafizə vasitələri ilə təminatına diqqət daha da artırılıb. Bu sahədə həyata keçirilən tədbirlər nəticəsində yaxın gələcəkdə keyfiyyətli taxıl məhsullarına olan tələbatın daxili istehsal hesabına ödənilmə səviyyəsinin maksimum dərəcədə yaxşılaşdırılması proqnozlaşdırılır.
Bütövlükdə, taxılçılıq sahəsində göstəricilər ilbəil yaxşılaşır. Bu baxımdan 2017-ci il də istisna təşkil etməyib. Ötən ilin məhsulu üçün ölkə üzrə 940 min hektar sahəyə dənli və dənli paxlalı bitkilər əkilib. Bunun 590 min hektarını buğda, 318 min hektarını isə arpa təşkil edib. Operativ keçən biçin mövsümündə respublika üzrə 2 milyon 918 min ton taxıl, o cümlədən 1805 min ton buğda, 812 min ton arpa tədarük olunub. Məhsuldarlıq hər hektardan buğda üzrə 30,6 sentner, arpa üzrə isə 25,6 sentner təşkil edib.
Sahələrdə həmçinin 2018-ci ilin bol məhsulunun əsası qoyulub. Fermerlər arasında aparılan maarifləndirmə işlərinin və texnika ilə təchizatın yaxşılaşdırılmasının nəticəsidir ki, 2018-ci ilin məhsulu üçün torpaqbecərmə və səpin işləri əvvəlki illərlə müqayisədə daha mütəşəkkil qaydada həyata keçirilib. Statistik məlumata əsasən, 2017-ci ilin dekabr ayınadək 2018-ci ilin məhsulu üçün təmiz herik şumu da daxil olmaqla payızlıq əkinlər üçün 1034,5 min hektar sahə şumlanmışdır ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,1 faiz çoxdur. 879 min hektarda dən və yaşıl yem üçün payızlıq bitkilər (əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,5 faiz çox), o cümlədən 864,6 min hektarda dən üçün payızlıq bitkilər (əvvəlki ildən 7,9 faiz çox) səpilmişdir ki, onun da 584,1 min hektarını buğda (əvvəlki ildən 11,5 faiz çox) və 280,4 min hektarını arpa (əvvəlki ildən 1,3 faiz çox) təşkil edib. Səpin müddətində intensiv yağıntılar nəticəsində torpağın əkin qatında nəmlik kifayət qədər olub, bununla yanaşı suvarma şəraitində becərilən sahələr suvarılıb, suvarma suyuna olan tələbatda ciddi çətinliklər müşahidə edilməyib.
Vaxtında həyata keçirilən aqrotexniki tədbirlər nəticəsində sahələrdə bol məhsul yetişib. Hazırda respublikanın əksər bölgələrində taxıl tədarükü uğurla davam etdirilir. Şimal regionunun əsas taxılçılıq rayonlarından sayılan Xaçmazda biçin kampaniyası sürətlə davam edir. Rayon üzrə biçin kampaniyası 50-dən çox taxılbiçən kombaynın qüvvəsi ilə aparılır. Xaçmazda bu ilin məhsulu üçün ümumilikdə 23 min 797 hektar ərazidə taxıl əkilib. Bunun 5 min 892 hektarını arpa, 17 min 905 hektarını isə buğda zəmiləri təşkil edir.
Ağsu rayonunda taxıl biçini kampaniyası davam edir və artıq zəmilərin 50 faizdən çoxu biçilib. Bölgədə bu ilin məhsulu üçün 32 min 323,8 hektarda taxıl yetişdirilib. Zəmilərin 16 min 426,5 hektarı buğda, qalanı isə arpadır. Hazırda hər gün sahələrə 53 kombayn çıxarılır. Hər yerdə bu mühüm strateji məhsulun tez və itkisiz yığılması üçün bütün qüvvələr səfərbər edilib.
Neftçala statistika idarəsinin məlumatına əsasən, ötən ilin payızında rayonda 51 min 275 hektar sahədə taxıl əkilib. Bunun 43 min 62 hektarı arpa, 8 min 113 hektarı isə buğdadır. Rayonda biçin kampaniyasına mütəşəkkil başlayan torpaq mülkiyyətçiləri qısa müddətdə arpa yığımını başa çatdırıblar. Biçin aparılan arpa sahələrindən 96 min 596 ton məhsul götürülüb. Hər hektarın məhsuldarlığı orta hesabla 22,5 sentnerdən çox olub. Bir neçə gündür ki, rayon üzrə buğda sahələrinin məhsulu yığılır. Məhsul yığımına 120 kombayn cəlb olunub və gün ərzində 180-200 hektar sahənin taxılı yığılır. Biçin aparılmış buğda sahələrinin məhsuldarlığı orta hesabla 30,3 sentnerə çatır.
Ümumiyyətlə, respublikanın taxıl əkilən bütün bölgələrində biçinin mütəşəkkil qaydada başa çatdırılması üçün zəruri tədbirlər həyata keçirilir. İlkin nəticələrə əsasən bu il taxıl tədarükünün 2017-ci ildəkindən çox olacağı proqnozlaşdırılır.
Taxılçılıqda yüksək məhsuldarlıq üçün vacib şərtlərdən biri də təsərrüfatların keyfiyyətli toxum təchizatı ilə bağlıdır. 2018-ci ilin məhsulu üçün proqnozlaşdırılan 950 min hektar sahədə taxıl əkilməsi üçün orta hesabla 129 min ton buğda və 65 min ton arpa toxumundan istifadə edilib. Azərbaycanda payızlıq yumşaq buğdanın “Azəri”, “Əkinçi-84”, “Zirvə-85”, “Ruzi-84”, “Aran”, “Tale-38”, “Qırmızı Gül-1”, “Murov-2”, “Şəfəq-2”, “Qızıl buğda”, “Fatimə”, “Qobustan”, “Ağalı”, payızlıq bərk buğdanın “Qarabağ”, “Bərəkətli-95”, payızlıq arpanın isə “Qarabağ-22”, “Qarabağ-33”, “Baharlı”, “Cəlilabad-19” və digər sortları becərilir.
Aqroparklar ərzaq məhsulları istehsalında yeni imkanlar yaradacaq
Ölkəmizdə Prezident İlham Əliyevin aqrar sahədə qabaqcıl təcrübənin, müasir yanaşmaların tətbiqi ilə bağlı tapşırığına uyğun olaraq regionlarda aqroparkların yaradılmasına başlanılıb. İndiyədək ölkənin bölgələrində 10 min hektar ərazidə yaradılan “Yalama Aqroparkı” və “Şəmkir Aqroparkı” uğurla fəaliyyət göstərir. “Yalama Aqroparkı” 2016-cı il sentyabrın 8-də Prezident İlham Əliyevin xeyir-duası ilə istifadəyə verilib. Parkın yaradılmasına layihənin 1-ci mərhələsi üzrə 20 milyon manat investisiya qoyulub. Qərb bölgəsində yaradılan “Şəmkir Aqroparkı”nın da istehsal imkanları kifayət qədər genişdir. Ümumi dəyəri 100 milyon manatdan çox olan “Şəmkir Aqroparkı”nda həyata keçirilən layihələrə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 22,7 milyon manat dövlətin güzəştli krediti verilib.
Perspektivdə Azərbaycanın bölgələrində aqroparkların sayı daha da artacaq. Hazırda ölkə ərazisində aqroparkların yaradılması güclü şəkildə təşviq olunur. Yeni yaradılan aqroparklar həm bitkiçilik, həm də heyvandarlıq istiqamətlidir. Bu aqroparklarda 10 min yeni iş yerinin açılması nəzərdə tutulur. On aqropark üzrə dəyəri 390 milyon manat olan 13 layihəyə investisiya təşviqi sənədi verilib. Hazırda Hacıqabul, Goranboy, Samux, Ağcabədi, Qax, Salyan, Kürdəmir, Şamaxı, Saatlı, Cəlilabad, Füzuli və İsmayıllı rayonlarında 58 min hektar ərazidə 12 aqroparkın yaradılması davam etdirilir. Aqroparklar tam fəaliyyətə başladıqdan sonra il ərzində təxminən 500 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal olunacaq. Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransdakı nitqində müasir təsərrüfat subyektləri olan aqroparkların yaradılmasının ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi baxımından da böyük önəm daşıdığını nəzərə çatdırıb. Bununla bağlı fikirlərini ifadə edən dövlət başçısı deyib: “Hazırda 28 rayonda 43 aqroparkın yaradılması nəzərdə tutulur. Onlardan bir neçəsi artıq fəaliyyətə başlayıb. Onlardan 27-si bitkiçilik, 16-sı isə heyvandarlıq üzrə aqroparklardır. Mən hesab edirəm ki, bu aqroparklar nəticəsində biz ərzaq təhlükəsizliyi ilə bağlı olan əsas məsələləri həll edəcəyik”.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Siyasət
02 İyun 21:22
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Siyasət
02 İyun 20:23
İqtisadiyyat
02 İyun 20:12
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Siyasət
02 İyun 18:59
Siyasət
02 İyun 18:25
Maraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
Siyasət
02 İyun 17:27
Siyasət
02 İyun 17:26

