Azərbaycanda senzuranın ləğvi milli mətbuatın inkişafında əsaslı dönüş yaratdı
07.08.2018 [09:15]
Ulu öndər Heydər Əliyevin 1998-ci il 6 avqust tarixində imzaladığı Fərmanla ölkəmizdə mətbuat üzərində senzuranın aradan qaldırılması müstəqil KİV-in inkişafına təkan verdi
Azərbaycanda mətbuatın, ümumiyyətlə, kütləvi informasiya vasitələrinin (KİV) hazırkı inkişafını şərtləndirən əsas amillər dövlətin bu sahəyə yüksək səviyyəli diqqəti və media nümayəndələrinin söz, fikir və özünüifadə azadlığından sərbəst surətdə istifadə etməsi üçün hüquqi əsasların, həmçinin əlverişli şəraitin mövcud olmasıdır. Ölkəmizdə söz, fikir və özünüifadə azadlığı konstitusion əsasda təsbit edilib və hər bir yazılı və elektron KİV özünün hüquq və azadlıqlarından sərbəst surətdə istifadə edə bilir. Məhz bu amil Azərbaycan mətbuatının inkişafına fundamental töhfələr verməklə yanaşı, sözügedən sahədə əsaslı keyfiyyət dəyişikliklərinin meydana gəlməsini şərtləndirir. Ölkəmizdə KİV-in inkişafı üçün müvafiq qanun və qərarların qəbul olunması, strateji xarakterli addımların atılması mövcud hüquqi əsasları gücləndirir, media təsisatının funksionallığının artmasına səbəb olur.
Azərbaycan mətbuatının inkişafını təmin edən hüquqi baza və real zəmin formalaşdırılıb
Azərbaycan Respublikası 1991-ci ildə müstəqilliyini qazandıqdan sonra ölkədə ictimai tələblərə cavab verən, müasir, müstəqil medianın formalaşmasına böyük ehtiyac yaranmışdı. Amma məlum olduğu kimi, ölkəmizin müstəqilliyinin ilk illərində zəngin ənənələrə və böyük inkişaf yoluna malik olan milli mətbuatımız, demək olar ki, tənəzzül ilə qarşı-qarşıya qaldı. Çünki bəhs olunan dövrdə AXC-”Müsavat” hakimiyyətinin mətbuata, jurnalistikaya münasibəti totalitar rejimlərdəki yanaşmadan fərqlənmirdi. Həmin dövrdə imzalanan mətbuat üzərində hərbi senzuranın yaradılması haqqında 16 aprel 1992-ci il tarixli fərman və bütün informasiya yayımı üzərində nəzarət tətbiq edilməsi ilə bağlı 15 aprel 1993-cü il tarixli sərəncam dövlət sirrinin qorunmasından çox ovaxtkı hakimiyyətin əməllərini gizlətmək məqsədi daşıyırdı. Müstəqilliyin ilk illərində ölkədə mövcud olan ümumi qanunsuzluq və özbaşınalıq mühiti eyni zamanda, media sahəsində neqativ halların artmasına səbəb olmuşdu, geniş yayılan reketçilik isə jurnalist peşəsinin nüfuzuna mənfi təsir göstərirdi. Lakin Ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın tələbi ilə hakimiyyətə gəlməsindən sonra bütün sahələrdə olduğu kimi mətbuatda da əsaslı və müsbət dəyişikliklər baş verdi.
Xüsusi olaraq qeyd etmək lazımdır ki, hələ Sovet hakimiyyəti illərində Azərbaycana rəhbərlik etdiyi dövrdə milli mətbuatın inkişafının qayğısına qalan Ümummilli lider müstəqil Azərbaycanın ictimai həyatında azad və inkişaf edən mətbuatın roluna xüsusi əhəmiyyət verirdi. Bu kontekstdə Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, mətbuat işçilərinin sosial təminatının yüksəldilməsi istiqamətində ciddi tədbirlər görüldü. Bunlara paralel olaraq Ümummilli lider Heydər Əliyevin 1998-ci il 6 avqust tarixində imzaladığı “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanla Mətbuatda və digər kütləvi informasiya vasitələrində Dövlət Sirlərini Mühafizə edən Baş İdarə ləğv edildi, bununla da mətbuat üzərində illər boyu mövcud olan senzura aradan qaldırıldı. Şübhəsiz ki, senzuranın ləğvi ilə Azərbaycan mətbuatının inkişafında yeni dövrün başlanğıcı qoyuldu. Eyni zamanda, jurnalistlərin sərbəst fəaliyyət göstərməsi və maneəsiz informasiya toplaması üçün lazımi hüquqi-normativ baza yaradıldı. Bununla da Azərbaycan mətbuatının tamamilə müstəqil şəkildə inkişaf etməsi üçün əlverişli mühit formalaşdırıldı. Mətbuat orqanlarının azad fəaliyyətinə yaradılan şərait, qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində görülən tədbirlər ölkədə fikir plüralizminin genişləndirilməsinə yol açdı.
Sonrakı dövrdə də Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə mühüm işlər görüldü, informasiya üzərində inzibatçılığı aradan qaldırmaq, onun sərbəst şəkildə yayılmasını, vətəndaşların sərbəst surətdə informasiya almaq hüququnun bərqərar olunmasını təmin etmək üçün bir sıra addımlar atıldı. 1999-cu ilin sonunda “Kütləvi informasiya vasitələri haqqında” yeni qanunun qəbulu media təsisatının inkişafını şərtləndirən, bəhs edilən sahədə hüquqi bazanın zənginləşdirilməsi işinə əhəmiyyətli töhfə oldu. 2000-ci ilin mart ayında Ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə “2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər Proqramı” təsdiq olundu, 2003-cü ilin mart ayında Azərbaycan jurnalistlərinin qurultayında Azərbaycan Mətbuat Şurası yaradıldı. Bütün bunlar, öz növbəsində, Azərbaycanda söz, fikir və mətbuat azadlığının bərqərar olunması üçün əlamətdar tarixi hadisələr kimi qiymətləndirilməlidir.
Yüksək dövlət qayğısı ilə əhatə olunan Azərbaycan mətbuatı özünün inkişaf dövrünü yaşayır
Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevin 2003-cü ildən etbarən ölkə başçısı kimi fəaliyyət göstərdiyi dönəmdə də mətbuatın inkişafı üçün çoxsaylı tədbirlər görülüb, əhəmiyyətli nəticələr əldə edilib. Bu kontekstdə həm hüquqi əsaslar, həm də Azərbaycan mətbuatının maddi-texniki bazası daha da gücləndirilib. Prezident İlham Əliyevin 2008-ci il 31 iyul tarixli “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında” Sərəncamı bəhs edilən missiyanın yerinə yetirilməsi üçün hüquqi əsas oldu. Eyni zamanda kütləvi informasiya vasitələrinin “Azərbaycan” nəşriyyatına olan borcları tamamilə ləğv edildi. Məlum olduğu kimi, Ulu öndər Heydər Əliyevin göstərişi ilə qəzetlərin “Azərbaycan” nəşriyyatına olan borcları dondurulmuşdu. Sonrakı illərdə Prezident İlham Əliyevin göstərişi ilə məlum borcların ləğv edilməsi mətbuatın maddi problemlərinin aradan qaldırılması istiqamətində atılmış tarixi bir addım idi.
Bundan başqa, 2008-ci ildə “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nın qəbul olunması ilə bağlı qərar qəbul edildi. Məhz bu Konsepsiyada mətbuatın inkişafını təmin edəcək, Azərbaycan dövlətinin və xalqının maraqlarına xidmət edəcək əsaslar öz əksini tapdı. Konsepsiyanın qəbulu və Prezident İlham Əliyevin 3 aprel 2009-cu il tarixli Sərəncamı ilə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) yaradılması müstəqil Azərbaycan mətbuatının inkişaf tarixində növbəti dönüş mərhələsi kimi dəyərləndirilməlidir. Onu da xüsusi vurğulamaq lazımdır ki, yarandığı vaxtdan KİVDF-yə ayrılan dövlət vəsaiti bir daha Azərbaycan dövlətinin mediaya yüksək diqqət və qayğı göstərdiyini təsdiqlədi.
Eyni zamanda, jurnalistlərə fəxri adların verilməsi, mətbuat orqanlarının və jurnalistlərin obyektiv prinsiplərə və milli maraqlara əsaslanan fəaliyyətinin qiymətləndirilməsi xüsusi vurğulanmalıdır. Bu kontekstdə Azərbaycanda dünyada analoqu olmayan bir nümunənin ortaya qoyulması da ayrıca qeyd edilməlidir. Belə ki, Prezident İlham Əliyevin 2010-cu il 22 iyul tarixində imzaladığı “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında” Sərəncama əsasən, Azərbaycan mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədilə 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon manat vəsait ayrıldı. Həmin Sərəncamın icrası nəticəsində Bakının Səbail rayonunun Bibiheybət qəsəbəsində jurnalistlər üçün 2 blokdan, 156 mənzildən ibarət 17 mərtəbəli bina tikildi və 2013-cü il iyulun 22-də Prezident İlham Əliyev həmin binada mənzillərin paylanması mərasimində iştirak etdi. Həmçinin Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2013-cü il 22 iyul tarixli Sərəncamı ilə tikilən 3 bloklu, 17 mərtəbəli, 255 mənzilli binanın ötən il iyulun 20-də istifadəyə verilməsi və həmin gün jurnalistlər üçün yeni, sayca üçüncü binanın təməlinin atılması bu istiqamətdə atılan addımların davamlı xarakter daşıdığını bir daha təsdiqləyir. Yəni bütün bunlar onu göstərir ki, Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan mətbuata dövlət dəstəyi siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Medianın məsuliyyəti və peşəkarlığı məsələləri diqqət mərkəzindədir
Beləliklə, dövlətin yüksək səviyyəli diqqət və qayğısı sayəsində Azərbaycan mətbuatı özünün inkişaf dövrünü yaşayır. Ölkə mediası müasir çağırışlara adekvat cavab verməklə səmərəli fəaliyyət mexanizmi formalaşdırıb. Həyata keçirilən uğurlu media siyasəti, o cümlədən dövlətin yüksək səviyyəli diqqət və qayğısı nəticəsində həm də media ictimai institut kimi öz üzərinə düşən vəzifələri uğurla yerinə yetirir. Bu kontekstdə medianın məsuliyyəti və peşəkarlığının artmasında da müsbət dinamika müşahidə edilməkdədir.
Şübhəsiz ki, həyata keçirilən islahat xarakterli tədbirlərin qanunauyğun nəticəsidir ki, ölkə mətbuatı sağlam jurnalistika kimi xarakterizə olunur, media nümayəndələrinin məsuliyyətli yanaşma və fəaliyyəti milli maraqların qorunması baxımından müstəsna əhəmiyyət kəsb edir. Bu sahədə peşə məsuliyyətinin artması isə obyektivliyin təmin olunmasını şərtləndirib. Hazırda hərtərəfli diqqət və qayğı ilə əhatə olunan Azərbaycan mətbuatı müasir informasiya cəmiyyəti quruculuğu, sosial ədalət və şəffaflığın təmin edilməsi, siyasi mədəniyyətin inkişafı, milli-mənəvi və ümumbəşəri dəyərlərin qorunub saxlanması və təbliğində mühüm rol oynayır. Azərbaycan jurnalistikası obyektivlik, qərəzsizlik prinsipləri əsasında fəaliyyət göstərərək milli maraqların keşiyində dayanıb.
Beləliklə, Azərbaycan mətbuatının yüksək dövlət dəstəyi və qayğısı ilə əhatə olunması, bu istiqamətdə ardıcıl və məqsədyönlü islahatların həyata keçirilməsi nəticəsində mühüm nailiyyətlərin əldə olunması sistemli fəaliyyətin uğurlu göstəricisidir. Ölkə mediasının inkişafını, yeni keyfiyyət dəyişikliklərini şərtləndirən ən mühüm faktor, qeyd etdiyimiz kimi, dövlətin bu sahəyə yüksək diqqət və qayğısıdır. Bu diqqət və qayğının davamlı olması isə milli mətbuatın inkişafı üçün yaxşı perspektivlərin olmasını deməyə əsas verir.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Siyasət
02 İyun 21:22
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Siyasət
02 İyun 20:23
İqtisadiyyat
02 İyun 20:12
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59

