Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Siyavuş Novruzov: Dağlıq Qarabağ münaqişəsinin həllində zaman artıq Azərbaycanın xeyrinə, Ermənistanın isə ziyanına işləyir

Siyavuş Novruzov: Dağlıq Qarabağ münaqişəsinin həllində zaman artıq Azərbaycanın xeyrinə, Ermənistanın isə ziyanına işləyir

12.06.2019 [09:35]

“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh və danışıqlar yolu ilə həll edilməsi istiqamətində işlər davam etdirilir. Xüsusilə 2016-cı ilin məlum uğurlu Aprel döyüşlərindən sonra bu proses daha da intensivləşib. Aprel döyüşləri bir daha göstərdi ki, Azərbaycan ötən dövrdə öz ordusunu kifayət qədər gücləndirib, həmçinin münaqişənin ədalətli həllinə nail olmaq, ölkənin ərazi bütövlüyünü təmin etmək üçün diplomatik müstəvidə məqsədyönlü iş aparıb”.
Bu fikri Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov Oxu.Az-a müsahibəsində ifadə edib. Milli Məclisin komitə sədri vurğulayıb ki, dünya dövlətlərinin diqqəti artıq bu problemə cəlb olunub. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi dünyanın əksər dövlətləri, eləcə də beynəlxalq təşkilatlar tərəfindən dəstəklənir. İndiyədək BMT, ATƏT, Avropa Şurası, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar münaqişənin həlli ilə bağlı Azərbaycanın ədalətli mövqeyini dəstəkləyən qərarlar qəbul ediblər. Eyni zamanda, Dağlıq Qarabağın Azərbaycan ərazisi olması, Ermənistanın işğalçılıq siyasəti aparması ilə bağlı İslam Əməkdaşlıq Təşkilatı və burada təmsil olunan dövlətlər də oxşar mövqedən çıxış edirlər. Əslində, bu gün beynəlxalq aləmdə Ermənistanın təcavüzkar, işğalçı dövlət olmasına heç kəsdə şübhə yoxdur, hər kəs forpost dövləti məhz bu cür tanıyır.
Fikirlərinə davam edən Siyavuş Novruzov təəssüf hissi ilə vurğulayıb ki, hazırda dünyada ikili standartlar mövcuddur və elə bu səbəbdən də Ermənistan işğalçılıq siyasətinə görə cəzalandırılmır. Ancaq bununla belə, istər diplomatik, istər hərbi, istərsə də iqtisadi sahədəki mövcud reallıqlar Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqlarda Azərbaycanın üstün mövqedə olmasını şərtləndirir. “Hər şey açıq şəkildə göz önündədir. Həmçinin demoqrafik göstəricilər Ermənistanla Azərbaycan arasında kəskin fərq yarandığını ortaya qoyur. Bu yaxınlarda Azərbaycanın 10 milyonuncu sakini dünyaya gəldi. Bu faktın özü onu göstərir ki, respublikamızda demoqrafik durumla bağlı narahatlıq doğuracaq hər hansı bir məqam yoxdur. Ermənistanda isə acınacaqlı demoqrafik durum yaşanır, əhali sayı getdikcə azalır. Eyni zamanda, hər kəsə yaxşı məlumdur ki, Ermənistanda ictimai-siyasi, sosial-iqtisadi vəziyyət, həyat şəraiti getdikcə daha da ağırlaşır, iqtisadiyyat, demək olar ki, çöküb. Forpost dövlətdə müəssisələr işləmir, insanlar çörək, iş dalınca xaricə üz tutmaq məcburiyyətində qalırlar, hər il yüz minlərlə erməni ölkəni tərk edir. Ermənistanın rəsmi statistikasına əsasən, bu ölkədə cəmi iki milyona yaxın insan qalıb. Ümumiyyətlə, bu gün forpost dövlətdə durum Azərbaycanın ötən əsrin 90-cı illərinin əvvəlindəki vəziyyətini xatırladır - burada kimi gəldi müxtəlif vəzifələrə təyin edirlər. Populizmlə qazanılan populyarlıq isə cəmi bir-iki ay çəkir. Bu yolla heç bir məsələni həll etmək olmaz. Ortada real iş olmalıdır. Bu da yoxdur. Forpost dövlətdə yeni hakimiyyət formalaşarkən ilkin dövrdə bir az imkanlı şəxslərin vəsaitlərini müsadirə etməklə bir neçə ay kritik durumdan çıxmağa çalışdılar, indi isə heç bu da yoxdur. İşğalçı ölkədə müəssisələrin işləməməsi, o cümlədən də forpost dövlətin əksər regional layihələrdən kənarda qalması öz ağır nəticələrini göstərir. Son illərdə regionda reallaşdırılan enerji və nəqliyyat layihələri Ermənistandan yan keçməklə reallaşdırılıb ki, bunun da nəticəsində forpost dövlət böyük həcmlərdə maliyyə vəsaitindən məhum olur. Bunun yeganə səbəbi isə Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti aparmasıdır. Yəni işğal, təcavüz faktı zamanında aradan qaldırılsaydı, Ermənistan da bu layihələrdən müəyyən mənada yararlana bilərdi. Amma Azərbaycanın razılığı və iştirakı olmadan bölgədə hər hansı irimiqyaslı layihənin reallaşdırılması mümkün olmadığına görə Ermənistan bütün regional əməkdaşlıqdan kənarda saxlanılıb. Azərbaycan isə əksinə, yeni-yeni layihələrə moderatorluq edir və bununla da həm öz təhlükəsizliyini daha da möhkəmləndirir, iqtisadi gücünü artırır, həm də ayrı-ayrı dövlətlərlə dostluq münasibətlərini dərinləşdirir, ölkəmizin beynəlxalq nüfuzu artır. Bu gün Şərqlə Qərbi, Şimalla Cənubu, Avropa ilə Asiyanı birləşdirməklə, müasir infrastruktura malik mühüm nəqliyyat və logistika mərkəzinə çevrilməklə Azərbaycan dünyaya öz töhfələrini verir”, - deyə komitə sədri bildirib.
S.Novruzov sonda onu da vurğulayıb ki, bütün bunlar Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində respublikamıza böyük üstünlüklər qazandırır. Komitə sədrinin sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həllində zaman artıq Azərbaycanın xeyrinə, Ermənistanın isə ziyanına işləyir. Forpost dövlət apardığı işğalçılıq siyasətinin girovuna çevrilib.

Paylaş:
Baxılıb: 704 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

YAP xəbərləri

Gündəm

Analitik

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30