Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Şuşanın işğalından 28 il ötür

Şuşanın işğalından 28 il ötür

08.05.2020 [10:23]

1992-ci ilin mayında Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzü nəticəsində rayonun 30 kəndi dağıdılıb, 195 nəfər dinc sakin həlak olub, 165 nəfər yaralanıb, itkin düşüb, 58 nəfərin taleyi haqqında isə heç bir məlumat yoxdur

Məlum olduğu kimi, ermənilər tarixi Azərbaycan torpaqları hesabına uydurma "böyük Ermənistan" ideyasını həyata keçirmək məqsədilə xalqımıza qarşı soyqırımı, terror, deportasiya və etnik təmizləmə kimi cinayətlər törədiblər. Eyni zamanda, XX əsrin 80-ci illərinin ikinci yarısında Ermənistan Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ bölgəsinə dair ərazi iddiaları irəli sürüb. 1988-1992-ci illərdə Ermənistan silahlı qüvvələri bir-birinin ardınca Dağlıq Qarabağda azərbaycanlılar yaşayan 30-dan çox yaşayış məntəqəsinı işğal edib. 1992-ci il fevralın 26-da bütün dünyanın gözü qarşısında baş verən, xüsusi qəddarlığı və amansızlığı ilə seçilən Xocalı soyqırımı isə bu təcavüzkar siyasətin ən qanlı və yaddaşlardan silinməyən səhifəsinə çevrilib.  Vurğulanmalıdır ki, Ermənistanın təcavüzü nəticəsində 1992-1993-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun hüdudlarından kənarda yerləşən Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonları zəbt edilib və hazırda Azərbaycan ərazisinin 20 faizindən çox hissəsi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.

Beləliklə, mayın 8-də Azərbaycanın əsas siyasi və mədəni mərkəzlərindən biri olan Şuşanın Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 28 il ötür. 1992-ci ilin mayında Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzü nəticəsində Azərbaycanın tarixi mədəniyyət mərkəzi olan Şuşa şəhəri və rayonun 30 kəndi işğal edilib və dağıdılıb, 195 nəfər dinc sakin həlak olub, 165 nəfər yaralanıb, itkin düşüb, 58 nəfərin taleyi haqqında isə heç bir məlumat yoxdur. Nəticədə 289 kv.km ərazisi olan Şuşanın 24 mindən artıq əhalisi öz doğma torpağından məcburən köçkün düşərək Azərbaycanın 58 rayonunda məskunlaşıb. Təcavüz nəticəsində Azərbaycan tarixində mühüm yer tutan, canlı təbiət muzeyi və abidələr şəhəri olan Şuşanın 25 məktəbi, 31 kitabxanası, 20 səhiyyə müəssisəsi, 17 klubu, 8 mədəniyyət evi, 4 texnikumu, 2 institut filialı, 7 uşaq bağçası, 4 kinoteatrı, 5 mədəniyyət və istirahət parkı, 2 sanatoriyası, turist bazası, 2 mehmanxanası, Azərbaycan Xalçası Dövlət Muzeyinin filialı, Şuşa Dövlət Dram Teatrı, Şuşa Televiziyası, Şərq musiqi alətləri fabriki, Dövlət Rəsm Qalereyası, Uşaq Sağlamlıq Məktəbi talan edilib, yandırılıb və dağıdılıb. Bundan başqa, Dövlət Qarabağ tarixi və Şuşa şəhərinin tarixi muzeyləri, Üzeyir Hacıbəylinin, Bülbülün, Mir Möhsün Nəvvabın ev muzeyləri, Azərbaycan Xalçası Dövlət Muzeyinin filialı, Dövlət Rəsm Qalereyası, məşhur Gövhər Ağa məscidi və daha bir neçə məscid hazırda işğal altındadır.

Qeyd etmək lazımdır ki, XVIII əsrin 50-ci illərinin əvvəllərində Qarabağ xanı Pənahəli xan tərəfindən tikilən Şuşa əvvəlcə Pənahəli xanın şərəfinə Pənahabad adlandırılıb. Çox keçməyib ki, Şuşa Azərbaycanın ən mühüm şəhərlərindən birinə çevrilib. İşğala qədər rayon mərkəzi kimi fəaliyyət göstərib. Şuşanı məşhurlaşdıran, sevdirən isə təbiəti ilə yanaşı görkəmli şəxsiyyətləri və musiqisi olub. "Şərqin konservatoriyası" adlandırılan Şuşa Azərbaycanın bir sıra görkəmli müğənnilərinin, musiqiçilərinin, böyük bəstəkarların və dirijorların vətənidir. Qədim memarlıq və incəsənət abidələrini isə sadalamaqla qurtarmaz. Bəzi mənbələrdə göstərilir ki, işğala qədər şəhərdə qeydə alınmış 170 memarlıq və 160 incəsənət abidəsi olub. Şairə Xurşudbanu Natəvanın, artilleriya generalı, Port-Artur qalasının qəhrəmancasına müdafiəsinin iştirakçısı olmuş Səməd bəy Mehmandarovun, dahi bəstəkar Üzeyir Hacıbəylinin, görkəmli müğənni Bülbülün, şair və rəssam Mir Möhsün Nəvvabın ev muzeyləri, İbrahim xanın və onun qızı Qara Böyükxanımın qəsrləri, qala divarı Şuşanın simvollarından sayılırdı.

Onu da xüsusi olaraq vurğulayaq ki, Şuşa şəhəri Ulu Öndər Heydər Əliyevin sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə mədəniyyət mərkəzi kimi təşəkkül tapmağa başlayıb. Ümummilli Lider Heydər Əliyevin 1969-82-ci illərdə xüsusi diqqət və qayğısı nəticəsində Şuşa qısa zamanda kurort şəhərinə çevrildi. Şuşanı qoruq şəhəri elan edən Ulu Öndər Heydər Əliyev tarixi abidələri bərpa etdirib, Molla Pənah Vaqifin məqbərəsinin açılışı gerçəkləşdirilib. Həmin illərdə Şuşada ümumittifaq əhəmiyyətli sanatoriya və turist bazası istifadəyə verilib. Şirlan kəndindən şəhərə mineral Turşsu xətti çəkilib. Səhiyyə, təhsil, sənaye obyektləri istifadəyə verilib. Lakin ötən əsrin sonunda baş verən növbəti təcavüz bu inkişafı dayandırıb və Şuşa süqut edib. Bu süqut böyük məbləğdə maddi vəsait və mənəvi ziyanla müşayiət olunub. 30 kənd, 1 qəsəbə və 1 şəhər - bütövlükdə Şuşa rayonu işğal olunub. 6800 yaşayış evi dağıdılıb. Dəymiş ziyanın dəyəri isə hər hansı rəqəmlə ölçülə bilməz. Ermənilər Şuşada elə abidələri məhv ediblər ki, onun nəinki mənəvi dəyərini, hətta maddi dəyərini hesablamaq çətindir.

Yeri gəlmişkən, 1988-ci ildə Şuşa və Əsgəran ərazisində nadir təbiət komplekslərini qorumaq üçün təşkil edilən Daşaltı Dövlət Təbiət Yasaqlığı 450 ha ərazini əhatə edirdi. 1992-ci ildən işğal altında qalan yasaqlıq hazırda tamamilə məhv edilib. Şuşanın "Haça yal" adlanan sahəsində uzun illər əkilərək becərilmiş 1500-2000 ədəd palıd ağacı isə ermənilər tərəfindən kəsilib.

Xatırlatmaq gərəkdir ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə əlaqədar 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələrdə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının zəruriliyi bir daha təsdiq olunur, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğu bildirilir, işğalçı qüvvələrin işğal etdikləri Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxması göstərilir. Ancaq BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə, Qoşulmama Hərəkatının, Avropa Şurası Parlament Assambleyasının, İslam Əməkdaşlıq Təşkilatının və eləcə də digər beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərə baxmayaraq, indiyə kimi Ermənistanın açıq-aşkar hərbi işğalçılıq mövqeyi tutması ucbatından Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normaları əsasında, ölkəmizin ərazi bütövlüyü və suverenliyi çərçivəsində öz həllini tapmayıb. Respublikamızın qətiyyətli mövqeyi budur ki, münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır. Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu xarici siyasət kursu ölkəmizin istər siyasi, istərsə də hərbi müstəvidəki üstünlüyünü təmin edib və hər bir azərbaycanlı dövlətimizin öz qətiyyətli mövqeyindən heç bir halda geri çəkilməyəcəyini və işğal altında olan ərazilərin azad edilməsi üçün bütün vasitə və resurslardan istifadə edəcəyini bilir. Qüdrətli Azərbaycan öz ərazi bütövlüyünü təmin etmək iqtidarındadır.

Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 397 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31