Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Qarşıda hələ yeni səfərlər olacaq: Prezident İlham Əliyevdən mesaj

Qarşıda hələ yeni səfərlər olacaq: Prezident İlham Əliyevdən mesaj

30.10.2021 [10:44]

“Baqramyan-26”: “Azərbaycanlılar 8 aya hava limanı tikiblər, biz isə 26 ildir məmurlar üçün bağ evi tikirdik”

Mən nəyi, nə vaxt və necə edəcəyimi bilirəm

Ötən gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qırğız Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kayrat Osmonaliyevin etimadnaməsini qəbul edib.

İlk baxışdan standart, protokol çərçivəsində keçirilən bir görüşdü. Əgər Azərbaycan dövlət başçısının səfirlə söhbətində işlətdiyi bir cümlə olmasaydı...

Belə ki, səfiri salamlayan Prezident İlham Əliyev ikitərəfli münasibətlər məsələsinə toxunaraq, səfirə işinin uğurlu olmasını və Azərbaycanda vaxtını yaxşı keçirməsini arzulayaraq dedi: “Əminəm ki, bizim ölkəmizlə yaxından tanış olacaqsınız. Bildiyimə görə, siz artıq işğaldan azad edilmiş ərazilərdə olmusunuz, lakin qarşıda hələ yeni səfərlər olacaq. Özü də təkcə oraya yox, Bakıdan digər istiqamətlərə də”.

Səfirin artıq işğaldan azad edilmiş ərazilərə səfər etdiyini vurğulayandan dərhal sonra dövlət başçısının “digər istiqamətlər”i qeyd etməsi sual doğurur: Azərbaycan Prezidenti hansı istiqamətləri nəzərdə tuturdu?

Və son vaxtlar ölkəmizdə baş verən əlamətdar hadisələr, o cümlədən Azərbaycan və Türkiyə prezidentləri tərəfindən Zəngəzur dəhlizinin - Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməlinin qoyulması fonunda yalnız bir məntiqi qərara gəlmək olar: bu ifadə ilə, Prezident növbəti dəfə Zəngəzur dəhlizi layihəsinin tezliklə həyata keçiriləcəyi ilə bağlı mesaj verdi.

Prezident İlham Əliyev dəfələrlə Ermənistan istəsə də, istəməsə də Zəngəzur dəhlizini reallaşdırmaqda qərarlı olduğunu bildirib. Dövlət başçısı onu da vurğulamışdı ki, Azərbaycan xalqı 101 il əvvəl əlindən alınmış Zəngəzura qayıdacaq.

Prezident İlham Əliyev oktyabrın 26-da Zəngilan rayonunun Ağalı kəndində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata birgə bəyanatlarla çıxışı zamanı da Zəngəzur dəhlizi məsələsinə toxunmuşdu.

“Zəngilan Şərqi Zəngəzur bölgəsində yerləşir və buradan keçən Zəngəzur dəhlizi bütün Türk dünyasını birləşdirəcək. Həm Azərbaycan, həm Türkiyə Zəngəzur dəhlizinin gerçəkləşməsi üçün əməli addımlar atır. Əminəm ki, bu addımlar yaxın gələcəkdə öz bəhrəsini verəcəkdir. Bu gün Əziz qardaşımla və qonaqlarla birlikdə böyük avtomobil yolunun təməlini qoyduq. Bu avtomobil yolu da Zəngəzur dəhlizinin bir hissəsidir. Bu avtomobil yolunun və dəmir yolunun çəkilişi nəticəsində biz istədiyimizə nail olacağıq”, - deyərək, dövlət başçısı bildirdi.

Artıq təcrübənin göstərdiyi kimi, dövlətimizin başçısı həmişə verdiyi vədlərə əməl edir, qarşıya qoyulan məqsədlərə nail olur. Cəmi iki il əvvəl düşmənin cəmi bir ay yarım ərzində məğlub olacağı və Ermənistanın Baş naziri Nikol Paşinyanın 2020-ci il noyabrın 10-da rəsmi olaraq üçtərəfli bəyannamə adlandırılan təslim aktını imzalayacağı fikri uzaq bir məqsəd kimi görünürdü. Çünki Ermənistanın himayədarları həddindən artıq güclü idilər və indi də güclü olaraq qalmaqdadırlar. Çünki onlar çox fəal şəkildə hərbi əməliyyatların başlanmasına imkan verməyəcəklərinə işarə edirdilər.

O zaman bir çox amillər bir araya gəlməli idi ki, Azərbaycanın öz torpaqlarının azad edilməsi uğrunda savaşında qələbəsi reallaşsın. Və yalnız Azərbaycan Prezidenti İlham Əliyev sakit idi. “Mən nəyi, nə vaxt və necə edəcəyimi bilirəm” - dövlət başçısının vaxtilə dediyi bu ifadə indi Azərbaycanın 44 günlük müharibədə tarixi qələbəsinin sirrinin izahı kimi xatırlanır.

“Baqramyan-26”: “Azərbaycanlılar 8 aya hava limanı tikiblər, biz isə 26 ildir məmurlar üçün bağ evi tikirdik”

Müharibədə parlaq qələbə qazanaraq, işğal olunmuş torpaqlarını geri qaytaran Azərbaycan işğaldan azad edilmiş ərazilərinin dirçəldilməsinin şok edici sürətli tempi, qısa zamanda qurulan infrastrukturu ilə bir daha dünyanı heyrətə gətirdi. Füzulidə rekord müddətdə beynəlxalq statusu alan və yüksək standartlara cavab verən hava limanı tikilərək istifadəyə verilib. Bu, indyədək görünməmiş hadisədir. Və bütün bunlar, şəhərin yerlə-yeksan olmasına və bir ildən az bir müddət əvvəl hər yerdə minalanmış sahələrin olmasına baxmayaraq, həyata keçirildi. Ermənistanın özündə də artıq etiraf edirlər ki, Azərbaycan bir ildə Qarabağda Ermənistanın 30 ilə yaxın müddət ərzində etmədiyini edib. Füzulinin açılışına cavab olaraq Ermənistanda ən populyar teleqram kanallarından biri olan “Baqramyan-26”nın bu yaxınlarda dərc olunmuş paylaşımında deyilirdi: “Azərbaycanlılar 8 aya hava limanı tikiblər, biz isə 26 ildir məmurlar üçün bağ evi tikirdik”.

Bundan başqa, Zəngilanda da hava limanının tikintisi gedir. Bu hava limanı da Zəngəzur dəhlizinin perspektivləri nəzərə alınaraq tikilir. Hava limanı Zəngilanı Azərbaycan, Ermənistan və İran sərhədlərinin kəsişməsində nəqliyyat qovşağına çevirəcək. Buradan Zəngəzur dəhlizini təşkil edən beynəlxalq avtomobil yolları və dəmir yolu keçəcək. Hava limanı regionun nəqliyyat imkanlarını genişləndirəcək, ondan təkcə Azərbaycanın deyil, Ermənistan və İranın da sərhədyanı rayonlarının sakinləri istifadə edə bilərlər.

Dünyanın nəqliyyat xəritəsi dəyişəcək

Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən Zəngəzur dəhlizi marşrutu və digər tranzit nəqliyyat dəhlizlərinin reallaşdırılması dünyanın nəqliyyat xəritəsini dəyişəcək. Zəngəzur dəhlizinin açılması Cənubi Qafqazın konstruktiv parlaq gələcəyə keçidini təmin edəcək və Naxçıvanı Azərbaycanın digər əraziləri ilə birləşdirəcək, həmçinin Azərbaycanın Türkiyə və digər türk respublikaları ilə nəqliyyat və dəmir yolu əlaqələrini bərpa edəcək. Dəhliz beynəlxalq status alacaq, Asiya və Sakit okean hövzəsi ölkələrinin istifadə edə biləcəyi marşruta çevriləcək. O, həm də tarixi İpək Yolunun canlandırılması, Çinin “Bir Kəmər və Yol” layihəsi, regional əməkdaşlıq və ticarətin inkişafı baxımından həyati əhəmiyyət kəsb edir.

Bu məsələdə Rusiya, Türkiyə və Azərbaycanın da maraqları kəsişir. Zəngəzur dəhlizi vasitəsilə Rusiya Ermənistan, İran və Türkiyə ilə əlaqələrini daha da gücləndirə bilər. Dəhlizin açılması ilə Ermənistan Azərbaycan vasitəsilə də Rusiya ilə ticarət edə bilər. Yəni Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmaqla Ermənistan təcriddən çıxa və regionda rifah prosesinin bir hissəsinə çevrilə bilər.

Azərbaycan Cənubi Qafqaz regionunda yeni reallıqlar yaradıb və bunu bütün dünya etiraf edir. İndi ölkəmiz Vətən müharibəsində Qələbənin ildönümünü qeyd etməyə hazırlaşarkən müxtəlif ölkələrin siyasətçiləri, hərbi ekspertləri uğurlarımızın reseptini tapmağa çalışırlar. O, həqiqətən onları çaş-baş salır. Çünki dünya siyasi arenasında Azərbaycan Prezidenti İlham Əliyev kimi uğurları olan siyasətçi yoxdur. Və əgər Azərbaycan dövlətinin başçısı Zəngəzur dəhlizi layihəsinin həyata keçiriləcəyini deyibsə, rəsmi görüşlər zamanı müvafiq mesajlar verirsə, deməli, bu, belə də olacaq.

Taleh Ağaverdiyev

 

Paylaş
Baxılıb: 140 dəfə

Xəbər lenti

Hamısına bax

Prezident bu gün

04 Dekabr 00:11

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31