Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Bakı - Tehran cəbhəsində yeni geostrateji vəziyyət...

Bakı - Tehran cəbhəsində yeni geostrateji vəziyyət...

02.12.2021 [10:42]

Yeganə Bayramova

Türkmənistanın paytaxtı Aşqabadda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XV Zirvə Görüşündə ən yadda qalan məqamlardan biri Azərbaycan və İran prezidentləri arasında baş tutan görüş oldu. Ekspertlərin qeyd etdikləri kimi, görüş olduqca pozitiv ab-havada keçdi. İkitərəfli əlaqələrin dərinləşdirilməsi və digər məsələlərlə bağlı ifadə edilən fikirlər Azərbaycan-İran münasibətlərində yeni mərhələnin anonsu kimi dəyərləndirilə bilər.  Bəs ikitərəfli münasibətlərin perspektivi necə görünür? Yeni şəraitdə qarşılıqlı-faydalı münasibətlər regional əməkdaşlığa və təhlükəsizliyə nə vəd edir?

Bir şərtimiz var

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Yeni Azərbaycan”a açıqlamasında söyləyib ki, İran-Azərbaycan münasibətlərinin gələcəyi rəsmi Tehranın bundan sonrakı siyasətindən asılı olacaq. Politoloqun sözlərinə görə, ölkəmiz İranla münasibətlərdə gərginlik istəmir. Tam əksinə, digər qonşu dövlətlərlə olduğu kimi, İranla da əməkdaşlıq etmək, ortaq layihələr reallaşdırmaq istəyirik: “Amma bütün ölkələr kimi İrana da yalnız bir şərtimiz var: Azərbaycanın daxili işinə qarışmasınlar. Bütün dünya bilir ki, biz də heç zaman İranın daxili işlərinə qarışmamışıq. Buna riayət olunarsa, iki ölkə arasındakı münasibətlər indiki kimi normal məcrada davam edər, ortaq layihələr işə düşər”.

İran Azərbaycanın niyyətini anladı

“Aşqabadda üçtərəfli saziş imzalandı. Türk­mənistan ilk dəfə İrana, İran da eyni miqdarda qazı bizə ötürəcək. Bu, o deməkdir ki, tarixdə ilk dəfə türkmən və İran qazı Avropaya nəql ediləcək, amma Azərbaycan boru xətlərindən istifadə olunacaq. Bu, İran və Türkmənistan üçün də böyük uğurdur, çünki həm də Azərbaycanın imkanlarından istifadə edəcəklər. Azərbaycan qətiyyətlə ifadə etdi ki,  əsas istəyimiz bölgədə maneəsiz keçid əldə etmək, Zəngəzur dəhlizini işə salmaqdır ki, qatarlar və avtomobillərimiz Naxçıvana, Türkiyəyə rahat keçə bilsin. Həmçinin Rusiya və İran kimi qonşu ölkələr də bu dəhlizdən istifadə etsin. Artıq İran Azərbaycanın niyyətini anladı. Ona görə də Zəngəzur dəhlizinin açılmasının əleyhinə mesajlar vermirlər, əksinə Aşqabaddakı görüşdə də dəhlizdən istifadə edəcəkləri ilə bağlı müəyyən açıqlamalar oldu”,-deyə E.Şahinoğlu əlavə edib.

Zəngəzur-Xudafərin xəttinin açılması mümkündür

Siyasi şərhçi Həşim Səhrablı isə bildirib ki, rəsmi Tehran önəmli nəqliyyat layihələrindən kənarda qalmamaq üçün siyasətində dəyişiklik etdi: “İran bugünkü reallığı yaxşı başa düşür və çox asanlıqla diplomatik manevr edə bildi. Çünki həm Azərbaycan və Türkiyə ilə sərhədə malikdir, həm də regiondakı strateji mövqelərdən bir neçəsi də İran ərazisindən keçir”.

Ekspertin sözlərinə görə, Xudafərin körpüsündən Zəngəzura yolların açılması iki ölkə arasındakı razılaşmaların, o cümlədən tranzit yollarının necə istifadə olunması barədə gəlinən razılıqlar nəticəsində bilinəcək: “Böyük ehtimalla Zəngəzur-Xudafərin xəttinin açılması mümkündür. İran və Azərbaycan hər halda ticarət əlaqələrinin daha da genişlənməsindən yana olacaqlar. Belə olan halda, bütün tranzit yollarının açılması baş tuta bilər. Bu, elə bir layihə olacaq ki, bütün ölkələrin marağına cavab verəcək, hər kəs bu layihədən qazanclı çıxacaq”.

İran bundan sonra Cənubi

İran bundan sonra Qafqazdakı yeni şəraitə uyğunlaşacaq

Orta Doğu araşdırmalar mərkəzinin rəhbəri, politoloq Sədrəddin Soltanın fikrincə, Aşqabadda prezidentlərin iştirakı ilə Türkmənistan qazının Azərbaycan vasitəsilə İrana tranzit nəqlinə dair razılaşmanın imzalanması Azərbaycan-İran münasibətlərinin gələcək inkişafı üçün çox əhəmiyyətli hadisədir: “Bu, həm də İranın regionda yaranmış yeni şəraitə uyğunlaşması deməkdir. 8 noyabr - Zəfər Günü ilə bağlı İran rəsmilərinin Azərbaycanı təbrik etməsi onların mövcud duruma yeni baxışının olduğunu göstərdi. Bu, İranın ərazi bütövlüyümüzü tanıması və separatizmi qəbul etməməsi kimi də dəyərləndirilə bilər. Yəqin ki, bundan sonra iki ölkə arasında iqtisadi əməkdaşlıq inkişaf edəcək. Yəni Azərbaycanın regionda yaratdığı şərait fonunda İranın yeni layihələrə qoşulması, həmçinin Mərkəzi Asiya ölkələrinin də bu prosesə qatılması ilə irimiqyaslı regional layihələrin həyata keçirilməsi mümkündür. İran bundan sonra Cənubi Qafqazdakı yeni şəraitə uyğunlaşacaq”.

S.Soltan perspektivdə Xudafərində azad ticarət zonasının açılmasının mümkün olduğunu da diqqətə çatdırıb: “İran Xudafərin azad ticarət zonasındakı Zəngəzur xətti vasitəsilə həm Türkiyəyə, həm Avropaya, həm də Mərkəzi Asiyaya çıxışını asanlaşdıra bilər. Cənub qonşumuzun Zəngəzur dəhlizinin açılması, eləcə də “3+3” formatındakı əməkdaşlığı müsbət qarşılaması onu deməyə əsas verir ki, İran Azərbaycanla münasibətləri yaxşılaşdırmaq istəyir”.

 

Paylaş
Baxılıb: 297 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Sosial

Xəbər lenti

Yeni texnologiyalar

Xəbər lenti

Siyasət

Müsahibə

Xarici siyasət

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31