Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Avropa Rusiya ilə hərbi qarşıdurmadan çəkinir

Avropa Rusiya ilə hərbi qarşıdurmadan çəkinir

21.12.2021 [10:49]

Müharibə ABŞ-ın öhdəsinə buraxılıb - “köhnə qitə” yalnız maliyyə sanksiyaları tətbiq etmək fikrindədir 

Pərviz Sadayoğlu

Son dövrlərdə artan ABŞ - Rusiya gərginliyi yeni fazaya keçməkdədir. Belə ki, Ukrayna böhranı üzərindən hərbi ritorikaya start vermiş tərəflər üçün dialoq bitmiş hesab olunur. 2021-ci il ərzində iki dəfə görüşmüş ABŞ və Rusiya liderləri prinsipial məsələlərdə razılıq əldə edə bilməmişdilər. Açıq qalan ən əsas məsələ isə Ukraynanın NATO-ya üzvlüyü olmuşdu. Buna qarşı qəti mövqe tutan rəsmi Kreml öz fikrini açıq şəkildə bildirmişdi - müharibə qaçılmaz olacaq.

Əslində, ABŞ-ın Çin-Rusiya ittifaqına qarşı hərbi demarş “həvəs”i artıq bir neçə ildir ki, formalaşıb. Təkqütblü dünya uğrunda mübarizə aparan ABŞ üçün indiki halda ən mühüm hədəf Çin və Rusiyanın sıradan çıxarılması, qlobal liderliyin möhkəmləndirilməsidir. Çinə qarşı mübarizədə Avstraliyanı və Böyük Britaniyanı AUKUS vasitəsilə, Cənubi Koreyanı isə dolayısı ilə arxasına almış rəsmi Vaşinqton II cəbhədə - Rusiyaya qarşı mübarizədə “axsayır”. Bunun səbəbi isə aydındır - Vaşinqton güvəndiyi Avropa ölkələrini Moskvaya münasibətdə daha sərt yollara yönləndirə bilmir. Mərkəzçi avropalılar ABŞ-ın mövqeyini paylaşmaq fikrində deyillər.

Hələ bir müddət öncə ABŞ-ın bəzi beyin mərkəzləri məqsədli şəkildə iki nöqtədə - Uzaq Şərqdə və Ukrayna ərazisində Rusiyaya qarşı koalision ittifaq müharibəsinə başlana biləcəyini yazırdılar. Bu müharibəyə Şərqdə Yaponiya rəhbərlik edəcəkdisə, qərb cəbhəsi Avropa İttifaqının nəzarətində olmalı idi. Amma son proseslər bu proqnozları təsdiqləmir. Belə ki, gedişat Rusiyaya qarşı qərb cəbhəsinin açılacağını deməyə əsas vermir.

Təbii ki, ABŞ-ın Avropada güvəndiyi ən əsas müttəfiqi Böyük Britaniyadır. Birləşmiş Krallığın Avropa məkanında nüfuzuna güvənən rəsmi Vaşinqton Rusiyaya qarşı mübarizədə avrosentristləri yanında görəcəyini təxmin edirdi. Amma hazırkı vəziyyət onu demir. Avropa ölkələri Rusiyaya qarşı yalnız maliyyə sanksiyalarının sərtləşdirilməsindən danışır. Məsələn, son dövrlərdə Avropanın aparıcı nəşrlərində bildirilir ki, Aİ üzvü olan ölkələrin əksəriyyəti Rusiyaya münasibətdə daha kəskin addımlar atılmasının tərəfdarıdır. Amma burada söhbət hərbi müdaxilədən getmir. Onlar rublun digər valyutalara konvertasiya olunmasını əngəlləmək, Rusiyanı SWIFT ödəmə sistemindən çıxarmaq, dövlət istiqrazlarının alınmasına məhdudiyyətlər qoymaq və “Şimal axını-2” qaz boru kəmərindən imtina etmək kimi vasitələrdən istifadə etməyi təklif edirlər. Bu isə ABŞ-ın maraqlarına uyğun deyil.

Yaranan situasiya Böyük Britaniyanı da “çarəsiz qoyub”. Vaxtilə II Dünya müharibəsi zamanı ABŞ məhz Britaniyanın ardından müharibəyə girərək cənub cəbhəsini yaratmışdısa, indiki halda Britaniya ətrafına koalisiya yığıb Rusiyanın Avropada vəziyyətini “çətinə salmalı idi”. Amma rəsmi London meydanda tək görünür. Hətta Böyük Britaniya xarici işlər naziri Liz Trassın Estoniyaya səfəri zamanı hərbi poliqonda tankla gəzməsi və tank lüləsini Rusiyaya tərəf çevirməsi də bir çox mətləblərdən xəbər verir. Britaniyalı nazir Tallindən 100 kilometr aralı və Rusiya sərhədindən 160 kilometr qərb tərəfdə yerləşən NATO bazasına dislokasiya olunmuş 800 britaniyalı hərbçiylə görüşüb. Yeri gəlmişkən, bu baza Alyans tərəfindən Krım probleminin ardından yaradılıb. Bu tipli bazalar Latviya, Litva və Polşada da mövcuddur.

Bununla belə, Avropa nə Böyük Britaniyanın həvəsləndirmələrinə, nə də ABŞ-ın hədə-qorxularına yenilmək fikrindədir. Bir əsrdə Rusiyaya qarşı başlayan iki Dünya müharibəsində tamamilə xarabazara çevrilmiş Avropa növbəti dəfə rus silahına tuş gəlmək istəmir. “Köhnə qitə” anlayır ki, ABŞ ilə Britaniya bu və ya digər şəkildə bu müharibədən özlərini xilas edə biləcəklər. Poliqon yenə də Şərqi və Mərkəzi Avropa olacaq.

 

Paylaş
Baxılıb: 210 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31