Heydər Əliyev yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Orta Asiyada İŞİD izi

Orta Asiyada İŞİD izi

21.04.2022 [10:22]

Terrorçu qruplaşmanın Afrikadan Mərkəzi Asiyaya transferinin gizlinləri...

Pərviz İSMAYILOV

2019-cu ildə süquta uğradılan İŞİD yenidən aktuallaşır. Bir zamanlar Yaxın Orta Şərqdə boy göstərən, bəzi xarici mərkəzlər tərəfindən Suriya və İraqda “qarşısıalınmaz güc” kimi xarakterizə olunan radikal terrorçu dəstə bu dəfə yeni “vəzifəyə cəlb olunub”. Din pərdəsi altında terror fəaliyyəti ilə məşğul olan qruplaşma Mərkəzi Avropaya, daha dəqiqi post-sovet məkannın Orta Asiya kontentinə doğru “irəliləməkdədir”. Bir sıra xarici KİV-lər Suriyadan Şimali Afrikaya köçmüş və ya köçürülmüş terror qruplarının, onların Yaxın Şərqdəki qollarının diqqətlərini Orta Asiyaya yönəldə bilmə “ehtimalını” gündəmə gətirir. Baş ofisi Romada yerləşən Geosiyasət və Yardımçı Elmlər üzrə Təkmil Araşdırmalar İnstitutunun (ISAG) elmi işçisi, mütəxəssis yazıçı Alessandro Lundini Beynəlxalq Əlaqələr Forumu üçün “Mərkəzi Asiyada terror təhlükəsi: Bir problem, fərqli yanaşmalar” adlı araşdırmasında qeyd edib ki, radikal qrupların güclənməsi ehtimalı konkretdir və müxtəlif element­lər bunu sübut edir. Dəqiq rəqəmlər yoxdur, lakin bu ölkələrdən minlərlə gəncin Suriya və İraqda İŞİD və ya digər radikal qruplaşmalarına qoşulduğu təxmin edilir. A.Lundininin fikrincə, terrorçuların Mərkəzi Asiyanı hədəfə almalarının ikinci səbəbi Avrasiya regionunda Xilafətin “genişlənməsi” ehtimalıdır. Yəni yerli silahlılar İŞİD-ə qoşula bilər. Bundan başqa, müəllif Orta Asiyanın bəzi ölkələrini İŞİD üçün münbit region belə adlandırıb.

Birinci “köç” - İraqdan Suriyaya

Yaxın keçmişə qısa ekskurs etsək, İŞİD-in 2004-cü ildə İraq müharibəsinin başlamasından qısa müddət sonra “Camaat əl-Tövhid vəl-Cihad” adı ilə qurulmasının şahidi olarıq. 2004-cü ilin oktyabrında Əl-Qaidəyə bağlılığını elan edərək “Tanzim Kaidat el-Cihad fi Bilad el-Rafidayn” (daha çox “İraq Əl-Qaidəsi” adı ilə tanınır) adını götürən radikal terrorçular 2006-cı ilin yanvar ayında “Ceyş ət-Taifa Əl-Mənsur”, “Ceyş Əhli-Sünnə vəl-Camaa”, “Ceyş əl-fatihin”, “Cund əs-Səhabə” kimi kiçik qruplarla birləşib “Mücahidun Şura Konseyi” adını aldı. İraq müharibəsinin qızğın dövründə Anbar, Ninəvə, Diyalə, Babil, Kərkük və Səlahəddin bölgələrində aktivlik göstərən qruplaşma üzvləri 2006-cı ilin 15 oktyabr tarixində paytaxtı Baquba şəhəri olan “İraq İslam Dövləti” adlı dövlət elan etdi. Bu tarixdən etibarən “Mücahidun Şura Konseyi” adı altında toplaşan qruplaşmaların keçirdiyi əməliyyatlar “İraq İslam Dövləti” adıyla keçirilməyə başladı.

Suriya vətəndaş müharibəsinin başlamasından bir müddət sonra həmin radikal terrorçular Suriyada Əl-Nusra Cəbhəsi (“Əl-Qaidə”nin Suriya qanadı) adı altında “peyda oldular”. 2013-cü ilin aprel ayında İŞİD əmiri Əbu Bəkr əl-Bağdadi yayımladığı səs yazısında Əl-Nusra Cəbhəsinin İŞİD tərəfindən yaradıldığı, maliyyələşdirildiyi və dəstəkləndiyi açıqlamasını verdi. Və bu tarixdən etibarən hər iki qruplaşmanın “İraq və Şam İslam Dövləti” adı altında fəaliyyət göstərəcəyini bildirdi. İŞİD-in törətdiyi qətliamlar, terror aktları haqda geniş məlumat verməyə ehtiyac yoxdur. Bütün dünya tərəifndən terror qruplaşması kimi tanınan bu qruplaşma ayrı-ayrı vaxtlarda Türkiyə, Fransa, Liviya və başqa ölkələrdə yüzlərlə dinc insanın həyatına qəsd edərək terror aktları həyata keçiriblər. 

İŞİD xarici güclərin silahlı oyuncağıdır

İŞİD-in ilk ünvanı olan Yaxın-Orta Şərq əsrlərdir ki, müxtəlif dini cərəyanların qisaslıq zəminində döyüşdüyü bölgədir. Xarici təsirlərin əməyi nəticəsində ərsəyə gələn və din pərdəsi altında gizlədilən terrorçu qruplaşmanın həmin regionda yaradılma səbəbləri də buna əsaslanırdı. Dünyanın enerji resurslarının əsas mənbələrindən sayılan İraq, Suriya, Liviya və bu kimi region dövlətləri üçün “baş ağrısına” çevrilən İŞİD-in qısa müddətdə ən müasir texnikalar, səhra avtomobilləri, silahlar və pulla təmin edilməsi ortaya bir xeyli suallar çıxarmışdı. Düzdür, France Presse agentliyinin reportyoru, amerikalı James Foleyi, Amerikanın “Time” və “Foreign Policy” jurnallarının müxbiri, 31 yaşlı Stiven Sotloffu, yaponiyalı jurnalistləri - Haruna Yukavanı və Kendzi Qotonu edam edən İŞİD bu kimi “tryuklarla” Qərbə də “düşmən olduğunu” nümayiş etdirməyə çalıssa da, hədəf və nəticə dəyişmədi - Yaxın Orta Şərqin enerji resursları “xilaskar güclərin” nəzarətinə keçdi. Proses başa çatan kimi isə İŞİD-in liderləri məhv edildi, qruplaşma ləğv olundu, “tör-töküntüsü”, daha doğrusu on minlərlə potensial qatil Afrika ölkələri başda olmaqla dünyanın əksər hissələrinə göndərildi. Əldə olunan nəticə onu göstərirdi ki, İŞİD qarşıya qoyulan vəzifəni ən yüksək səviyyədə yerinə yetirmişdi. Regiondakı hərbi gücünü yumşaq güclə əvəz etməyə başlayan Qərb təsisatları “demokratik mənzərəyə” xələl gətirən İŞİD-i asan şəkildə proseslərdən kənarlaşdırdılar. Bundan yana, bir “sağ ol” da qazandılar.

İŞİD üçün yeni ünvan - Orta Asiya hədəfdə

İllərdir adı belə tələffüz edilməyən, gündəmə gəlməyən, hətta yaddan çıxmış İŞİD mövzusu niyə yenidən aktuallaşır? Ən əsası İŞİD-in yeni “qərargahı” belə göstərilir - Orta Asiya. Aparılan araşdırma onu göstərir ki, ünvan təsadüfən seçilməyib. İki ilə yaxındır Əfqanıstanda legitim hakimiyyətə yiyələndiyini isbat etməyə çalışan “Taliban”a qarşı diş qıcamayan, hətta buna dəstək verirmiş kimi görünən Qərb yeni planlar hədəfləyir. Orta Asiyanın İŞİD-in yeni “qurbanına” çevirməyin arxasında isə böyük iqtisadi, hərbi, siyasi məqsədlər dayanır.

Afrikadan Asiyaya yol alan İŞİD-in Qərbdəki “ağaları” yeni dünya düzəninin, daha doğrusu birqütblü dünyanın yaradılması üçün səfərbər olub. Bu yolda ən böyük maneə isə Rusiyadır. Ukrayna müharibəsinin son detalları qlobal müharibənin uzaqda olmadığını deyir. Müharibə lokal müstəvidən qrup müstəvisinə inteqrasiya edəndə isə güclərin təmərküzləşməsi, rəqib cəbhələrin birləşməsi prosesi başlayacaq. Anti-Rusiya koalisiyasının kimlərdən ibarət olduğu bəllidir. Anti-Qərb koalisiyasında isə cəmisi bir neçə dövlət “gözə dəyir” - KTMT-də Rusiyanın müttəfiqi olan Orta Asiya ölkələri və Çin. Siyahını az da olsa genişləndirmək mümkündür, sadəcə günün reallıqları bu ölkələrin yerini daha dəqiq şəkildə realizə edir. Avropa məkanında Rusiyanın yeganə müttəfiqi isə Belarusdur.

Rusiyanın cənub - şərq müttəfiqlərinin başını bu kimi “əyləncələrlə” qatmağa çalışan Qərb üçün İŞİD-dən əlverişli “oyuncaq” tapıla bilməz. Regionun əhalisi müsəlmandır, İŞİD-in təməl “ideologiyaya” çevirdiyi cihadı daha tez qəbul etmək potensialları var. Digər tərəfdən, Əfqanıstandakı taliblər İŞİD-in ən böyük dəstəkçisi kimi regionda oturuşmağa yaxından kömək edə bilər. Hətta Orta Asiya ölkələrinin öz aralarındakı kiçik toqquşmalar, Tacikistanla - Qırğızıstanın və digərlərinin timsalında ərazi iddiaları da İŞİD-in “şirin vədlərində” böyük rol oynaya bilər. Bu, həmin region üçün ən təhlükəli məqamdır.

Çinin bir kəmər, bir yolundakı “qırx quldur”...

Qərb İŞİD-in qalıqlarını Afrikadan Orta Asiyaya daşımaqla həm də bir gülləyə iki qurban seçir: ən böyük hədəf Rusiya və onun regiondakı maraqlarıdır. İkinci hədəf isə Çin və onun “bir kəmər, bir yol” layihəsidir. Düzdür, indiki halda İŞİD Çinə nə hərbi, nə də iqtisadi müstəvidə əngəl ola bilməz. Amma radikal qruplaşmanın havadarlarının sayəsində bunun da mümkün olacağı şübhə yaratmır. Maraqlı xarici güclərin məqsədi Çinin patronajlığı ilə ərsəyə gələcək yeni iqtisadi münasibətlərə zərbə vurmaq, regional inkişaf xəttindəki mühüm logistik dayanacaqları tam nəzarət altına almaqdır. Mərkəzi Asiyada idarəolunan xaos yaratmaq, iqtisadi kommunikasiyalara nəzarət etmək, siyasi prosesləri qlobal güclərin diqtəsi əsasında formalaşdırmaq istəyən güclər həm də yeni idarəçilik arzusundadır. Orta Asiyada yeni terror ocağının formalaşdırılması təkqütblü hakimiyyət arzusunun yoluna işıq ola bilər. Deyəsən, ötən ilki “Demokratiya sammiti”nin səsi hələ çox eşidiləcək... 

Paylaş:
Baxılıb: 276 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Ədəbiyyat

Prezident bu gün

Prezident bu gün

24 May 10:33

Analitik

MEDİA

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31