Heydər Əliyev yeni azerbaycan logo

Ana səhifə / Siyasət / “Qaz müharibəsi”nin ilk qurbanları...

“Qaz müharibəsi”nin ilk qurbanları...

28.04.2022 [10:27]

Sırada hansı ölkələr var?

Taleh AĞAVERDİYEV

Rusiya ilə Qərb ölkələri arasında iqtisadi müharibə getdikcə güclənir. Rusiyaya qarşı sərt sanksiyalara cavab olaraq prezident Vladimir Putin martın 23-də bəyan edib ki, Rusiya aprelin 1-dən “dost olmayan ölkələr”ə (bütün Avropa İttifaqı üzvləri-red.) qaz nəqli üçün ödənişləri rubla köçürəcək və martın 31-də müvafiq fərman imzalayıb. Fərmana əsasən, alıcılar qaz ödənişlərinin həyata keçirildiyi Rusiya banklarında rubl hesabları açmalıdırlar. Bir sıra G7 və Avropa İttifaqı ölkələri Rusiyanın tələbini müqavilələrin pozulması (qiymət avro və dollarla göstərildiyi üçün) hesab edib və rublla ödənişdən imtina edib.

Qaz müharibəsinin artıq ilk “qurban”ları var. Aprelin 27-də “Qazprom” rublla ödənişdən imtina edən “Bulgargaz” (Bolqarıstan) və PGNiG (Polşa) şirkətlərinə qaz tədarükünü tamamilə dayandırıb. Polşa prezidenti deyib ki, ölkəsinin şirkətləri qaz təchizatını kəsdiyinə görə “Qazprom”dan təzminat tələb etmək üçün qanuni üsullardan istifadə edəcəklər. Amma Polşa üçün tədarükün dayandırılmasına görə, demək olar ki, heç nə dəyişmir. “Qazprom” və PGNiG arasında uzunmüddətli müqavilə ilin sonunda başa çatır və ölkə hakimiyyəti dəfələrlə bəyan edib ki, onlar müqaviləni yeniləmək niyyətində deyillər. Üstəlik, aprelin 26-da Polşa “Qazprom” və “Novatek”ə qarşı sanksiyalar tətbiq edib.

PGNiG Rusiyadan 10 milyard kubmetrə qədər qaz idxal edib. Mayeləşdirilmiş təbii qaz (LNG) və  oktyabrda istifadəyə veriləcək “Baltic Pipe” qaz kəməri vasitəsilə Norveç qazının alışını artırmaqla Polşa bu həcmləri əvəz edə bilər. Bundan əlavə, Almaniya və Polşa arasında Yamal-Avropa qaz kəməri əks rejimdə işləməyə davam edir. Qazötürmə operatoru “Gascade”nin məlumatına görə, çərşənbə günü Almaniyadan Polşaya qaz axını altı dəfə - saatda 1,2 milyon kubmetrə qədər artıb. Bu həcmi bir il üçün hesablasaq, bu, Rusiya ilə illik müqavilənin həcminə tam uyğun gəlir.

İqlim və ətraf mühit naziri Anna Moskva əmin edib ki, polşalıların evlərində qaz çatışmazlığı olmayacaq, çünki “Polşada lazımi qaz ehtiyatları və təchizat mənbələri var” və anbarlar 76 faiz doludur (bu, təxminən 3 milyard kubmetr qaz deməkdir). Respublikanın qaz ötürmə operatoru - “Gaz-System”in rəhbəri Tomaş Stempen isə qeyd edib ki, hazırkı hava şəraitində Polşa alıcıları çox da qaz istehlak etmir - bu, sutkada 50 milyon kubmetrdir. “Baltic Pipe” qaz kəmərinin işə salınmasından əvvəl Polşanın Çexiya və Litvadan alternativ qaz tədarükü imkanları var. Bundan əlavə, yerli qaz hasilatı sutkada təxminən 6 milyon kubmetr təşkil edir. Polşa hökumətinin strateji enerji infrastrukturu üzrə nümayəndəsi Pyotr Naimski bildirib ki, ölkə bundan sonra Rusiyadan qaz almayacaq və artıq 6 ildir ki, bu imtinaya hazırlaşır.

Bolqarıstan Rusiyanı qaz tədarükü müqaviləsini pozmaqda ittiham edib, çünki energetika naziri Aleksandr Nikolovun sözlərinə görə, ölkə aprel ayında Rusiya qazının tədarükü üçün ödəniş edib. Bolqarıstan aprelin əvvəlində Rusiya qazının pulunu avro ilə ödəməyə davam edəcəyini açıqlamışdı. Bolqarıstan və “Qazprom” arasında mövcud müqavilənin müddəti 2022-ci il dekabrın 31-də başa çatır. Sofiya qaz tələbatının 90%-dən çoxunu ildə təxminən 3 milyard kubmetr idxal ilə təmin edir.

Qeyd edək ki, “Qazprom”un Polşa və Bolqarıstana tədarükün dayandırılması ilə bağlı açıqlaması fonunda Avropada qazın qiyməti ticarətin ilk dəqiqələrində 21% artaraq 1000 kubmetr üçün 1350 dolları ötüb.

Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen deyib ki, Aİ ölkələri məhz belə bir ssenari üçün fövqəladə planlar hazırlayıb: “Biz Aİ-nin əlaqələndirilmiş cavabını planlaşdırırıq və alternativ axınları təmin etmək üçün beynəlxalq tərəfdaşlarla işləməyə davam edəcəyik”.

Rusiya hər il Aİ-yə 150 milyard kubmetrdən çox qaz tədarük edir ki, bu da idxalın təxminən 45%-ini təşkil edir. Aİ ölkələri nə qədər istəsələr də, Rusiya qazından və neftindən hələ də imtina edə bilmirlər. Məsələn, Avropa İttifaqının ən böyük iqtisadiyyatına malik Almaniya Rusiyanın enerji daşıyıcılarından ən çox asılı olan ölkələrdən biridir (hər il 50 milyard kubmetrdən çox qaz idxal edir). Əgər Rusiyadan idxal dayanarsa, Almaniya qaz istehlakının yalnız 20%-ini kömür yanmasını artırmaqla əvəz edə bilər. Qaz çatışmazlığı alman ailələrinə, sənaye və xidmət sahələrinə zərbə vuracaq. Almaniyadan başqa, Bolqarıstan, Slovakiya, Macarıstan, Finlandiya, Baltikyanı ölkələr və Çexiya Rusiya qazından kritik dərəcədə asılıdır. Məhz buna görə də Rusiyanın enerji daşıyıcılarından asılı olan Macarıstan, Slovakiya, Moldova Rusiya qazının pulunu rublla ödəməyə razılaşıblar.

Daha əvvəl qeyd olunmuşdu ki, Avropa İttifaqı 2027-ci ildən tez olmayaraq Rusiyadan qaz idxalından imtina etməyə hazırlaşır. Təəccüblü deyil ki, Avropa Komissiyası (AK) Aİ ölkələrinə göndərdiyi məktubda Avropa şirkətlərinin müəyyən şərtlər daxilində Rusiyaya qarşı sanksiyaları pozmadan rus qazının pulunu rublla ödəyə biləcəyini bildirib. Bu məktuba görə, ödəniş sxemində Rusiya Mərkəzi Bankının iştirakı məhdudiyyətlərin pozulması adlandırıldı. Eyni zamanda, Rusiya hakimiyyətinin tələb etdiyi kimi, rubla çevirmək üçün dollar və ya avro ilə ödənişlərin “Qazprombank”a köçürülməsi qadağan edilmir.

Polşa və Bolqarıstana qaz nəqli dayandırıldıqdan sonra növbəti sırada NATO-ya üzv olmaq niyyətini bir müddət əvvəl elan edən Finlandiya və Almaniya ola bilər. Və çox güman ki, hələlik onlar Avropa Komissiyasının təklif etdiyi şərtlərlə Rusiya qazının haqqını ödəmək imkanından yararlanacaqlar.

Qısamüddətli perspektivdə Rusiya enerji daşıyıcılarının qiymətlərinin artması hesabına itirilmiş bazarlarını kompensasiya edə biləcək. Lakin belə bir addımla o yalnız Avropa ölkələrinin Rusiya enerji daşıyıcılarından imtina etməsi və embarqo tətbiqi prosesini sürətləndirir ki, bu da gələcəkdə Rusiya iqtisadiyyatına son dərəcə mənfi təsir göstərəcək. Avropa gec-tez Rusiya qazına alternativ tapacaq, lakin Rusiya iqtisadiyyatının buna tab gətirə biləcəyi böyük sual altındadır.

Paylaş:
Baxılıb: 189 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

MEDİA

Analitik

İnsan işğalı

18 May 10:25

Siyasət

Siyasət

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Prezident bu gün

Prezident bu gün

18 May 10:00

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31