Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Birlik, qardaşlıq və xeyirxahlıq bayramı

Birlik, qardaşlıq və xeyirxahlıq bayramı

09.07.2022 [09:20]

Mübariz ABDULLAYEV

Bu gün bütün İslam aləmində olduğu kimi, respublikamızda da müqəddəs Qurban bayramı qeyd olunur. Həmrəylik, ədalət, şəfqət, ehtiyacı olanlara yardım əli uzatmaq, bölüşmək, paylaşmaq, Uca Yaradana ehtiram. İndiki narahat, bir sıra çətinliklərlə, dağıdıcı müharibələrlə üz-üzə qalan dünyada bu kimi çağırışlara həmişə olduğundan daha çox ehtiyac var. Müqəddəs Qurban bayramı insanlara və cəmiyyətlərə məhz belə ali hisslər aşılayır. Prezident İlham Əliyev bu günlərdə Azərbaycan xalqına ünvanladığı təbrikində Qurban bayramını birlik, bərabərlik və qardaşlıq rəmzi kimi səciyyələndirib. “Qurban bayramı İslam dininin bəşəriyyətə mənəvi-əxlaqi qurtuluş yolu kimi göndərilməsi ilə əlamətdardır və müsəlmanların Allah sevgisini, haqq-ədalət naminə hər cür fədakarlığa hazır olduqlarını təcəssüm etdirir” - deyə dövlət başçımız təbrikində vurğulayıb.

Tarixə ekskurs

Qurban bayramı Orucluqla bərabər, Quranda adı çəkilən və İslamda rəsmən qeyd olunan iki bayramdan biridir. Bu bayram İslam təqviminin (Hicri-qəməri təqvimi) 12-ci ayı olan Zilhiccə ayının 10-cu günü, Məkkəyə həcc dövründə qurbanlıq heyvanların kəsilməsi şəklində qeyd olunur. Qurban vermək, qurban kəsmək adəti İslamdan əvvəlki dövrlərdə də mövcud olub. Məsələn, karfagenlilər allah saydıqları Moloxa qarşısında borclarını ödəmək üçün uşaqlarını qurban verirdilər. Şərq xalqlarında da öz qızlarını qurban vermək adəti mövcud olub. Bəşər sivilizasiyasında yeni bir səhifə açan İslam dini ulu Allaha qurban verməkdə də bir ilk və əvəzsiz yenilik gətirdi - bəşəriyyəti insanı qurban verməkdən çəkindirdi, bu cür qurbanı, hətta qadağan etdi. İslam dini Allahın adından buyurur ki, insanın yerinə qurbanlıq heyvan kəsilməlidir. Burada Allah sevgisinin və insana verilən yüksək dəyərin vəhdətini görürük. Yaranan rəvayətlərdə Qurban bayramı peyğəmbərin (Ə) öz oğlu İsmayılı Allahın şərəfinə qurban kəsmək niyyətini bildirən hadisə ilə əlaqələndirilir. Allah öz sevimlisi İbrahim peyğəmbərin (Ə) sadiqliyini sınamaq üçün ondan yeganə oğlu İsmayılı qurban kəsməyi istəyir və İbrahim peyğəmbər (Ə) gözünü qırpmadan oğlunu yerə yıxıb başını kəsərkən, Allahın göndərdiyi mələk Cəbrayıl (Ə) göydən enərək onun əlini saxlayıb, Allahın İbrahimdən (Ə) razı qaldığını bildirib və oğlu İsmayılın əvəzinə, Tanrının göndərdiyi qoyunu kəsməyi təklif edib. Buna görə də Qurbanlıq bayramında kəsilən qurbana “İsmayıl qurbanı” da deyirlər. Çox sevdiyi balasını Allah yolunda qurban verməyə hazır olması Peyğəmbərin (Ə) Allah qarşısında imanının, səmimiliyinin bariz sübutudur. Odur ki, din tarixində dərin iz salmış bu hadisə Allaha inamın, dərin etiqadın nümunəsi kimi dəyərləndirilir.

Qurban bayramının özünəməxsus adətləri formalaşıb. İslam dinində Qurban bayramı böyük bayram (eyd əl-kəbir) adlanır. Bayram günü məscidlərdə xüsusi bayram namazı qılınır, dəvə, mal-qara, davar qurban kəsilir, vəfat etmiş əziz adamların xatirəsini yad etmək əlaməti olaraq evlərdə və qəbiristanlıqlarda dualar oxunur, ehsan verilir. Kəsilən qurbanlıq heyvanlar tam sağlam olmalıdırlar. Nəsil artımında dişi heyvanların müstəsna rol oynadıqlarına görə qurbanlıq heyvanın erkək olması daha üstün tutulur. Qurbanlıq qoçun yaşına gəlincə, bu, ən azı altı aylıq heyvan olmalıdır. Lakin qurbanlıq üçün nəzərdə tutulan dananın və yaxud dəvənin bir yaşının tamam olması daha məqbul sayılır. Bir qurbanlıq heyvan yeddi dindarın adından kəsilə bilər, lakin fərdi qurban daha savablı hesab olunur. Ənənələrə görə, kəsilən qurbanların əti daha çox da ehtiyacı olan insanlara paylanılır. Allah yolunda qurban kəsən şəxsin özü də pay götürə bilər.

Milli-mənəvi dəyərlərə bağlılıq

Müqəddəs dinimizə sonsuz ehtiram nümayiş etdirən Azərbaycan xalqı Qurban bayramını həmişə qeyd edib. Keçmiş sovet dönəmində Qurban bayramının keçirilməsinə müəyyən qadağalar var idi. Ancaq respublikamızın hər yerində insanlar bu qadağalara məhəl qoymayaraq bayramı keçirir və qurbanlarını kəsirdilər.

Azərbaycan ötən əsrin 90-cı illərinin əvvəlində müstəqillik qazandıqdan sonra isə Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli “Azərbaycan Respublikasının bayramları haqqında” Qanuna əsasən Qurban bayramı ölkəmizdə hər il dövlət səviyyəsində bayram edilir. Bunu diqqətə çatdıran Prezident İlham Əliyev vurğulayıb: “Müsəlman aləmi ilə mənəvi həmrəyliyimizi nümayiş etdirən dini bayramlar, o cümlədən Qurban mərasimləri hər il ölkəmizdə böyük təntənə və ruh yüksəkliyi ilə qeyd olunur, Allahın adına qurbanlar kəsilir, dövlətimizin tərəqqisi, xalqımızın rifahı və əmin-amanlığı üçün dualar edilir”.

Təbrikdə bildirildiyi kimi, Azərbaycan xalqı əsrlər boyu tarixi köklərinə və adət-ənənələrinə bağlılığı ilə seçilmiş, ən mürəkkəb dövrlərdə belə, öz milli-mədəni dəyərlərini qoruyub saxlamışdır. Ölkəmizdə müqəddəs Qurban bayramının hər il böyük hörmətlə və yüksək səviyyədə keçirilməsi Azərbaycan dövlətinin və cəmiyyətinin xalqımızın milli-mənəvi dəyərlərinə böyük önəm verməsinin əyani təsdiqidir. İslam dini Azərbaycan xalqının həyatına VII əsrdən başlayaraq daxil olub və həmin dövrdən etibarən milli-mənəvi dəyərlərimizin formalaşmasında və zənginləşməsində mühüm rol oynayıb.  Belə ki, bəşəriyyəti saflığa, vəhdətə səsləyən İslam dininin çağırışları xalqımızın həyata baxşının, yaşam fəlsəfəsinin formalaşmasına öz müsbət təsirini göstərib. Eyni zamanda, ölkə ərazisində mövcud olan Əshabi-Kəhf ziyarətgahı, Bibiheybət məscid-ziyarətgah kompleksi, Gəncə “İmamzadə” kompleksi və digər çoxsaylı abidələr Azərbaycanın İslam dini-mədəni dəyərlər sisteminə əhəmiyyətli töhfəsi kimi qiymətləndirilə bilər. Azərbaycan xalqı haqlı olaraq qürur duyur ki, bütün İslam dünyasının ən qədim abidələrindən olan Şamaxı Cümə məscidi 743-cü ildə məhz ölkəmizin ərazisində inşa edilib. Bu abidənin inşası bir daha təsdiqləyir ki, Azərbaycan böyük İslam coğrafiyasının qədim və zəngin mədəniyyətə malik olan məkanlarından biridir. Qeyd etmək yerinə düşər ki, Şamaxı Cümə məscidi bir neçə il bundan əvvəl əsaslı şəkildə bərpa olunaraq inanclı insanların istifadəsinə verilib.

Respublikamızda milli-mənəvi dəyərlərimizə, tarixi-dini abidələrimizə qayğı siyasətinin əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulub. Son 18 ildə isə  respublikamızda milli-mənəvi dəyərlərin qorunması siyasəti və dövlət-din münasibətləri Prezident İlham Əliyevin siyasi iradəsi sayəsində keyfiyyətcə yeni mərhələyə yüksəlib. Ölkədə din və vicdan azadlığı tam təmin edilib, o cümlədən dini abidələrin, məscidlərin, ibadətgahların bərpası istiqamətində mühüm işlər görülüb. Əgər SSRİ dövründə Azərbaycanda cəmi 17 məscid fəaliyyət göstərirdisə, indi onların sayı 2250-yə çatıb, həmçinin ölkə ərazisində 748 pir və ziyarətgah fəaliyyət göstərir. Hazırda respublikamızda 300-dən çox məscid dövlət tərəfindən tarixi abidə kimi qorunur. Bibiheybət məscid-ziyarətgah kompleksi, Təzəpir məscidi, İçərişəhər Cümə və Həzrət Məhəmməd məscidləri, Əjdərbəy məscidi, Gəncə “İmamzadə” kompleksi və onlarla digər dini abidə və məscid dövlət tərəfindən əsaslı şəkildə təmir və bərpa edilərək dindarların istifadəsinə verilib.

Azərbaycan, həmçinin dünyada İslam həmrəyliyinin möhkəmlənməsinə sanballı töhfələr verir. Dövlət başçısının müvafiq Sərəncamı ilə 2017-ci il ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edildi. IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi çox doğru olaraq müasir narahat dünyamıza əmin-amanlıq və həmrəylik çağırışları kimi qiymətləndirilir.

Paylaş:
Baxılıb: 193 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sosial

Xəbər lenti

Sümük köçü

17 Avqust 10:47

İqtisadiyyat

Sosial

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

17 Avqust 10:15

Xəbər lenti

Neft ucuzlaşıb

16 Avqust 12:18

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31