Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Türkiyənin təşəbbüsləri reallığa çevrilir...

Türkiyənin təşəbbüsləri reallığa çevrilir...

02.08.2022 [10:49]

Ukrayna limanlarından taxıl məhsullarının ixracı həyata keçirilir

Rusiya-Ukrayna müharibəsi geosiyasi vəziyyəti mürəkkəbləşdirməklə yanaşı, qlobal iqtisadiyyata da ciddi mənfi təsirlər göstərir. Qlobal ərzaq təhlükəsizliyinə yaranan təhdidlər isə xüsusi narahatlıq doğurur. Belə ki, beynəlxalq ekspertlər, reytinq agentlikləri artıq ərzaq qıtlığının bütün dünya ölkələrinə təsir edəcəyini bildirirlər. Artıq problem bir müddətdir ki, özünü göstərir və ərzaq məhsullarının qiymətləri davamlı olaraq artır. Bunun məntiqi nəticəsi olaraq inflyasiya sürətlənir, istehlakçılar, demək olar ki, hər gün yeni və daha yüksək qiymətlərlə üzləşirlər.  BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) iki ay əvvəl yaydığı məlumatda qeyd olunurdu ki, qlobal miqyasda ərzaq və yemin qiymətləri 8-20 faiz bahalaşa bilər. Bu proqnoz artıq reallığa çevrilib.

Son günlərdə qlobal ərzaq bazarında taxıla artan tələbatı ödəmək üçün Ukraynanın anbarlarında yığılan böyük ehtiyatların daşınması da müzakirə edilən məsələlər sırasındadır. Bu prosesdə Türkiyə fəal rol oynayır. Fevralın 24-də müharibə başlayandan Rusiya ordusu Azov dənizi sahillərini tam, Qara dəniz sahillərini qismən nəzarətə götürməyə və Ukraynanın ən böyük limanının yerləşdiyi Odessa şəhərini blokadaya almağa müvəffəq olub. Nəticədə Ukraynanın Qara dəniz limanlarında 20 milyon tondan çox taxıl anbarlarda qalıb. Hazırda qlobal ərzaq böhranın qarşısını almaq üçün Ukrayna taxılının ixracına böyük zərurət yaranıb. Bu məsələ beynəlxalq müstəvidə geniş müzakirə edilir və Türkiyə burada aparıcı rol oynayır.

Uzun müzakirələrdən sonra taxıl sazişi üzrə iyulun 13-də Türkiyə, Ukrayna, Rusiya və BMT nümayəndələrindən ibarət dördtərəfli görüş keçirildi. Bu görüşün nəticəsi olaraq iyulun 22-də həmin məkanda taxıl ixracına dair saziş imzalandı. Türkiyə, Rusiya, Ukrayna və BMT arasında İstablbulda imzalanan “Taxıl və ərzaq mallarının Ukrayna limanlarından təhlükəsiz daşınması təşəbbüsü” razılaşmasına əsasən, müxtəlif ölkələrə taxıl daşınacaq. Ukrayna taxılı ilə yanaşı, Rusiya istehsalı olan gübrənin də daşınmasına qoyulan maneə aradan qaldırılır. Ardınca isə İstanbulda taxıl dəhlizi haqqında sazişə uyğun olaraq, Birgə Koordinasiya Mərkəzi yaradıldı. Rusiya və Ukrayna nümayəndələri, eləcə də BMT nümayəndəsi Türkiyə ilə birlikdə Birgə Koordinasiya Mərkəzində fəaliyyətə başlayıb.

Görülən gərgin işlərin nəticəsi olaraq, artıq Ukraynanın Odessa limanından ilk gəmi dünən yola düşüb. Syerra-Leone bayrağı altında üzən “Razoni” adlı qarğıdalı ilə yüklənmiş gəmi Livana gedəcək.  Türkiyənin milli müdafiə naziri Hulusi Akar “Anadolu” agentliyinə müsahibəsində deyib ki, Odessa limanından çıxan qarğıdalı yüklü ilk gəmi avqustun 2-də  yerli vaxtla təxminən saat 15:00 İstanbul boğazına çatacaq. O qeyd edib ki, gəmi Birgə Koordinasiya Mərkəzində çalışan bütün tərəflərin iştirakı ilə yoxlanmasından sonra yoluna davam edəcək.

Ümumiyyətlə, Rusiya-Ukrayna müharibəsinin dayandırılması, o cümlədən taxıl böhranının həlli yönündə Türkiyənin göstərdiyi səylər bütün dünyada yüksək dəyərləndirilir. Həqiqətən də, Türkiyə Rusiya-Ukrayna müharibəsinin dayandırılması, eləcə də müharibənin yaratdığı humanitar problemlərin qarşısının alınması üçün böyük fəallıq göstərir. Türkiyənin bu yöndə təşəbbüsləri müharibə aparan ölkələr tərəfindən də təqdir olunur. Rəsmi Ankara bölgədə sabitliyin təmin olunması üçün müntəzəm olaraq həm  Kreml, həm də  Kiyevlə təmasdadır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan  hər iki ölkənin lideri ilə danışıqlar aparır. Türkiyə böyük dövlətdir və bölgədə baş verən proseslərə təsir imkanları var. Son illər Türkiyə regional güc kimi özünü təsdiq edib. Yaxın Şərq böhranı ilə bağlı rəsmi Ankaranın oynadığı rol beynəlxalq birliyə çox yaxşı məlumdur. Hazırda isə Rusiya-Ukrayna müharibəsinin tezliklə bitməsi üçün Türkiyənin böyük fəallığı göz önündədir. Qeyd etdiyimiz kimi,  Türkiyənin təşəbbüslərinə müharibənin tərəfi olan hər iki ölkə etimad göstərir. Nəzərə alaq ki, ABŞ və Avropa İttifaqı ölkələri, eləcə də Böyük Britaniya Ukraynaya fəal dəstək verir. Bu da Rusiya tərəfindən qəbulolunmaz hesab edilir. Rusiyanı dəstəkləyən ölkələr isə Ukrayna tərəfindən qəbul olunmur. Amma qardaş Türkiyə iki ölkə arasında müharibənin bitməsi üçün heç bir maraq güdmədən, səmimi olaraq çalışır. Türkiyə müharibədən əziyyət çəkən insanlara humanitar yardım göstərir, eləcə də onun vasitəçiliyi ilə münaqişə zonalarında dinc əhali üçün humanitar dəhlizlər açılıb.

Xatırladaq ki, Antalya Diplomatiya Forumu çərçivəsində Rusiya və Ukrayna xarici işlər nazirlərinin görüşü keçirildi. Eyni zamanda, Rusiya və Ukrayna nümayəndə heyətlərinin İstanbulda keçirdiyi görüş sülh prosesinə müsbət təkan verdi. Rusiyanın Kiyev və Çerniqovda hərbi əməliyyatlarını əhəmiyyətli dərəcədə azaltmaq qərarı həqiqətən də mühüm addım idi və bu, İstanbul görüşünün nəticəsi idi. Türkiyənin vasitəçiliyi sayəsində artıq taxıl ixracı problemi də öz həllini tapdı. Bu proseslərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın liderlik keyfiyyəti də xüsusi vurğulanmalıdır. Məhz bu səbəblərə görə, bir müddət öncə Ərdoğanın Nobel mükafatına layiq görülməsi təklif olundu. Belə  ki, bir neçə ay öncə  jurnalist Saskiya van Vestrinen Niderlandın “Algemeen Dagblad” qəzetində dərc olunan məqaləsində “Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna böhranının həlli istiqamətində göstərdiyi səylərə görə Nobel Sülh Mükafatı ala bilər”, - deyə vurğulayıb. Çünki Rəcəb Tayyib Ərdoğan Türkiyənin lideri olaraq Rusiya-Ukrayna müharibəsinin dayandırılması üçün təkcə çağırışlar etmir, eyni zamanda, vacib addımlar atır. Ərdoğanın rəhbərliyi ilə Türkiyə diplomatiyası sülh quruculuğuna hədəflənib. Taxıl sazişinin imzalanması da buna növbəti bir nümunə oldu. Hazırda da rəsmi Ankara müharibənin tamamilə dayandırılması üçün sülh təşəbbüslərini davam etdirir.

Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 118 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sosial

Xəbər lenti

Sümük köçü

17 Avqust 10:47

İqtisadiyyat

Sosial

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

17 Avqust 10:15

Xəbər lenti

Neft ucuzlaşıb

16 Avqust 12:18

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31