Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Arayik Arutunyan təşviş içində

Arayik Arutunyan təşviş içində

22.10.2022 [10:19]

Qarabağda yaşayan ermənilərin məsələsi Azərbaycanın daxili işidir

N.BAYRAMLI

Azərbaycan dövlətinin  Qarabağ bölgəsində yaşayan ermənilərlə bağlı mövqeyi məlumdur. Bu mövqe ondan ibarətdir ki, həmin ermənilər Azərbaycan vətəndaşlarıdır və dövlətimizin qanunları onlara da şamil olunur. Qarabağ erməniləri digər vətəndaşlarımız kimi bərabər hüquqlara malik olacaqlar. Əvvəllər Ermənistan rəsmiləri müxtəlif ölkələrin və beynəlxalq qurumların iştirakı ilə aparılan danışıqlarda daim Qarabağda yaşayan ermənilərə hansısa “status” verilməsi şərtini irəli sürürdülər. Amma Azərbaycan qətiyyətlə əsaslandırırdı ki, Qarabağda yaşayan ermənilərə hansısa bir statusun verilməsindən söhbət gedə bilməz. Azərbaycanın Konstitusiya ilə müəyyən olunmuş unitar dövlət quruluşu var və bunun azsaylı etnik topluma görə dəyişdirilməsi mümkünsüzdür. Qarabağda yaşayan ermənilərlə də Azərbaycan vətəndaşları kimi davranılacaq. Oktyabrın 6-da Praqada keçirilən dördtərəfli görüşün nəticəsi olaraq qəbul olunmuş bəyanatla Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdı. Bu, o deməkdir ki, İrəvan Qarabağı Azərbaycan ərazisi kimi tanıdığını rəsmi olaraq etiraf etdi. Bundan sonra Qarabağ separatçları təşvişə düşərək İrəvandan bu məsələ ilə bağlı açıqlama istədilər. Bu məqsədlə separatçıların başçısı Arayik Arutunyan çətinliklə də olsa Ermənistanın baş naziri Nikol Paşinyanla görüşə bilib. Həmin görüşdən sonra A.Arutunyan Qarabağ ermənilərinin rəsmi Bakı ilə dialoqa getməli olduğunu deyib.

Amma söhbət hansı dialoqdan gedir? Aydındır ki, separatçılarla heç bir dialoqdan söhbət gedə bilməz. Qarabağ ermənilərinin cəmiyyətimizə inteqrasiyası üçün dinc ermənilərlə təmaslar davam etməlidir.

Mövzu ilə bağlı qəzetimizə açıqlama verən politoloq Şəbnəm Həsənovanın sözlərinə görə, rəsmi İrəvan aydın görür ki, proseslərin Azərbaycanın siyasi iradəsindən kənar baş verməsi mümkün deyil. Məhz bu baxımdandır ki, Nikol Paşinyanla görüşmək istəyən Arayik Arutunyan üç gün oteldə gözlədildi. Ermənistan nəşrləri də açıq yazırlar ki, Azərbaycan Prezidenti İlham Əliyev İrəvan rəhbərliyini təkcə Xankəndinə səfər etməməsi tələbini ortaya qoymayıb. Azərbaycan həm də Xankəndidəki “rəsmilərin” qəbulunu, birgə görüşlərin keçirilməsi barədə birbaşa tələb də irəli sürüb.  Bu baxımdan Paşinyan qondarma rejimin “dövlət strukturlarını” kökündən laxlatmağa hazırlaşır.

“Eyni zamanda, Paşinyan ənənəvi erməni siyasətindən də geri qalmayıb, yenə iki stulda oturmağa çalışır. Qərblə münasibətlərini dərinləşdirməyə can atan Paşinyan digər tərəfdən də Arutunyanı Moskvaya yollayır ki, həm aqibətlərini həll eləsin, həm də Moskva ilə ipləri tam qoparmasın”, - deyən politoloq qeyd edib ki, rəsmi Bakı isə İrəvanın atmaq istədiyi qeyri-konstruktiv addımları alt-üst edir. Politoloq qeyd edib ki, Azərbaycan Prezidenti həm qondarma rejimə, həm Ermənistana, həm də Ermənistanın bütün regional və qeyri-regional təəssübkeşlərinə aydın şəkildə bildirir ki, bölgədə qalan ermənilər Azərbaycan vətəndaşlarıdır: “Bölgə ilə bağlı istənilən qərar Azərbaycanın daxili işidir, buna heç kim qarışa bilməz. Hadisələrin inkişaf tendensiyası ondan xəbər verir ki, nə sərhəddə vəziyyətin süni olaraq gərginləşdirilməsi, nə də İrəvana ard-arda reallaşdırılan Qərb siyasi fiqurlarının səfəri Azərbaycanın yaratmış olduğu reallığı və diktə etdiyi şərtləri dəyişdirə bilməz”.

“Qarabağda yaşayan ermənilərin məsələsi Azərbaycanın daxili işidir. Bu günə qədər Azərbaycan hansısa başqa ölkənin vətəndaşları ilə bağlı məsələlərə qarışmayaraq siyasi etikanın ən dürüst və müəkəmməl örnəyini yaradıb”. Bu fikirləri isə politoloq Tural İsmayılov bildirib. Onun sözlərinə görə Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, Qarabağda yaşayan ermənilərin taleyini yalnız Azərbaycan müəyyənləşdirə bilər: “Azərbaycan monoetnik Ermənistandan fərqli olaraq multikultural dəyərlərə önəm verən, bir çox kimliyin rahat formada yaşadığı ölkədir. Bu gün Azərbaycanda erməni əsilli vətəndaşlarımız sülh və sabitlik şəraitində yaşayırlar. Ona görə Paşinyan və Arayik kimi terrorçunun Qarabağ ermənilərini manipulyasiya etməyinə artıq son qoyulur. Əvvəl-axır Qarabağda yaşayan və cinayət etməyən ermənilər Azərbaycan vətəndaşlığı alacaqlar. Praqada cənab Prezident bir daha vurğuladı ki, Qarabağda yaşayan ermənilərin bütün hüquqları digər vətəndaşlarımız kimi təmin ediləcək. Qarabağ ermənilərindən siyasi alət kimi istifadə cəhdlərinin artıq sonu çatıb. Kütləvi şəkildə səfalətə düçar edilmiş Xankəndi ermənilərinin Azərbaycana müraciətləri artıb”.

Paylaş:
Baxılıb: 665 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31