Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Bəndlərin 90 faizi razılaşdırılsa da...

Bəndlərin 90 faizi razılaşdırılsa da...

19.11.2022 [10:03]

İlham Əliyev: İqtisadi çətinliklər yarada biləcək hər hansı bir sənədi imzalaya bilmərik

Azərbaycanın qısa müstəqillik tarixində  xoş məram əsasında sıx əlaqələr qurduğu nüfuzlu beynəlxalq təşkilatlardan biri də Avropa İttifaqıdır (Aİ). Bu əlaqələr 1996-cı il aprelin 22-də Lüksemburqda Avropa İttifaqı və Azərbaycan Respublikası arasında ticarət, sərmayə, iqtisadiyyat, qanunvericilik, mədəniyyət, immiqrasiya və qeyri-qanuni ticarətin qarşısının alınması sahəsində əməkdaşlığı nəzərdə tutan “Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi”nin imzalanması ilə təşəkkül tapıb və sonrakı mərhələlərdə yeni prioritet istiqamətlər üzrə inkişaf etdirilib. İndiyədək ölkəmizlə Aİ-yə daxil olan 9 dövlət arasında strateji tərəfdaşlıq haqqında sazişlərin imzalanması bütövlükdə münasibətlərin yüksək dinamizmini səciyyələndirir.

Geniş məzmuna malik əməkdaşlıq

Güclü iqtisadi potensiala malik Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıq münasibətləri siyasi dialoqla yanaşı, həm də iqtisadi sektora aid bir sıra istiqamətləri əhatə edir. Prezident İlham Əliyev noyabrın 17-də Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisi Dirk Şuebelin rəhbərlik etdiyi, Avropa İttifaqının və bir sıra üzv ölkələrin Şərq Tərəfdaşlığı üzrə məsul şəxslərinin daxil olduğu nümayəndə heyətini qəbul edib. Qəbulda dövlət başçımız əlaqələrimizin yüksək səviyyəsindən məmnunluğunu ifadə edərək vurğulayıb: “Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlığın məzmunu olduqca genişdir. Biz müxtəlif sahələrdə - siyasi, iqtisadi, enerji, humanitar və digər sahələrdə əməkdaşlığımızın səviyyəsindən çox məmnunuq. Əlbəttə, Şərq Tərəfdaşlığına gəldikdə, bu proqramın əvvəlindən Azərbaycan onu güclü şəkildə dəstəklədi və Zirvə görüşləri daxil olmaqla müxtəlif tədbirlərdə fəal iştirak etdi”.

Qəbulda vurğulandığı kimi, Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıq enerji sahəsi üzrə uğurla inkişaf edir. Deyə bilərik ki, respublikamız qoca qitənin enerji xəritəsini yeniləyib. Hazırda ölkəmiz Avropa bazarı üçün yeni enerji mənbəyi hesab olunur. İndiyədək Avropaya əsasən neft və neft məhsulları ixrac edən Azərbaycan özünü etibarlı tərəfdaş kimi təsdiqləyib və müqavilə öhdəliklərini heç vaxt pozmayıb. Son illərdə isə respublikamız qoca qitə üçün həm də alternativ “mavi yanacaq” mənbəyi qismində çıxış edir. Azərbaycan çox böyük səylər göstərməklə, qətiyyətli siyasi iradə nümayiş etdirməklə Xəzərdən  Türkiyədən keçməklə Avropayadək uzanan Cənub Qaz Dəhlizinin inşasının tamamlanmasına nail oldu. Dörd mühüm seqmentdən ibarət olan yeni nəql marşrutunun inşası 2020-ci ilin sonlarında tamamlandı. Həmin vaxtdan etibarən Azərbaycan Avropanın mavi yanacaq təchizatında rol almağa başlayıb. 2021-ci ildə respublikamız Cənub Qaz Dəhlizi ilə Avropaya 8 milyard kubmetr qaz ötürülməsi ilə bağlı öhdəliyinə tam şəkildə əməl etdi. 2022-ci ilin sonunadək bu həcmin 10 milyard kubmetrədək artırılacağı gözlənilir. Bu ilin iyul ayında Azərbaycanla Avropa Komissiyası arasında enerji sahəsində strateji əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalandı. Həmin Memorandum əsasında Azərbaycan 2027-ci ilə qədər Avropaya gedən qaz təchizatını iki dəfəyədək artıraraq ildə 20 milyard kubmetrə çatdıracaq.

Avropa İttifaqı Azərbaycanın ən böyük ticarət tərəfdaşlarından biri olaraq qalır. 2021-ci ildə qarşılıqlı ticarət dövriyyəsi 15.4 milyard dollar səviyyəsinə qalxıb. Bu, Azərbaycanın xarici ticarətinin 44 faizi deməkdir. 500 milyon istehlakçısı olan və dünyanın alıcılıq qabiliyyətinin yüksək olduğu bazarlarından hesab edilən Avropa İttifaqı ilə əməkdaşlıq Azərbaycan üçün qeyri-neft ixracının artırılması və iqtisadiyyatın şaxələndirilməsi baxımından da vacibdir. İxrac istiqamətlərinin şaxələnməsi valyuta daxil olmalarında risklərin minimumlaşdırılmasını təmin edir. Cari ildə Azərbaycanın idxalında ən böyük paya malik olan ölkələr Almaniya, İtaliya, Fransa, Polşa və Rumıniyadır.

Yeni transformasiyalar və  reallıqlar nəzərə alınmalıdır

Azərbaycan Aİ ilə həmçinin Şərq Tərəfdaşlığı Proqramı üzrə də əməkdaşlıq edir. Xatırladaq ki, bu proqram 2008-ci ilin may ayında Avropa İttifaqının üzvləri olan Polşa və İsveç tərəfindən irəli sürülüb. Bəhs olunan proqram Avropa İttifaqının Şərq qonşuları ilə inkişaf etdirdiyi əlaqələrinin dərinləşməsinə xidmət edir. Proqramda tərəflər arasında əlaqələr (məsələn, Assosiasiya Sazişləri, Dərin Azad Ticarət Məkanları, vizaların liberallaşdırılması) aydın təsvir edilir. Proqrama əsasən, Avropa İttifaqı tərəfdaş ölkələrdə aparılan islahat və müasirləşdirmə prosesini dəstəkləmək və tərəfdaşların müstəqilliyi və onların sabitliyinə töhfə vermək üçün qonşularına sərmayə qoymağı öz üzərinə götürür.

Azərbaycan və Aİ arasında Şərq Tərəfdaşlığı Proqramı üzrə əməkdaşlıq ləng olsa da, inkişaf edir. Ötən dövrdə Şərq Tərəfdaşlığına üzv ölkələr öz seçimlərini ediblər. Bəziləri Assosiasiya Sazişini imzalayıb, digərləri isə Avrasiya İqtisadi İttifaqına üzv olublar. Azərbaycanın proqramda iştirakla bağlı spesifik yanaşması var. Respublikamız  yeganə ölkədir ki, heç bir formata qoşulmayıb və özünün müstəqil siyasətini həyata keçirir. Azərbaycan o mövqedən çıxış edir ki, Şərq Tərəfdaşlığı Proqramına qoşulmaq formal xarakter daşımamalı və milli maraqlarımıza xələl gətirməməlidir. Ötən dövrdə Azərbaycanda və Aİ məkanında sürətli transformasiya prosesləri gedib və yeni reallıqlar yaranıb. Ölkəmiz üçün ən mühüm yenilik ərazi bütövlüyünün təmin olunmasıdır. Bununla da ölkəmiz nəinki yalnız öz daxilində, həm də bütövlükdə Cənubi Qafqaz coğrafiyasında yeni və fərqli reallıqlar yaradıb. Aİ məkanında, eləcə də dünya miqyasında geosiyasi vəziyyət də dəyişib, qarşıya yeni çağırışlar çıxıb. Azərbaycanın yanaşmasında əsas ideya ondan ibarətdir ki, Şərq Tərəfdaşlığı Proqramına yenidən baxılmalı və baş verən transformasiyalar orada nəzərə alınmalıdır. Bu, proqramın səmərəliliyini və işlək mexanizm kimi funksionallığını təmin edərdi. Beləliklə,  Şərq Tərəfdaşlıq Proqramı çərçivəsində yeni əməkdaşlıq imkanlarının nədən ibarət olduğu nəzərdən keçirilməlidir. Azərbaycan bu platformanı Avropa İttifaqı ilə əməkdaşlığı gücləndirmək üçün əlavə imkan hesab edir. “Saziş üzərində iş uğurla, lakin ləng gedir. Uğurla gedir ona görə ki, sazişin bəndlərinin 90 faizi razılaşdırılıb. Ləng gedir ona görə ki, orada hər iki tərəfdən siyasi iradə tələb edən və necə deyərlər, ilişib qaldığımız məsələlər var. Azərbaycanda bununla bağlı müəyyən narahatlıqlar var, çünki bizim imzaladığımız və ya imzalamağı planlaşdırdığımız hər hansı saziş bizə və tərəfdaşlarımıza əlavə fayda verməlidir. Biz orta və ya uzunmüddətli perspektivdə iqtisadi çətinliklər yarada biləcək hər hansı bir sənədi imzalaya bilmərik. Yəni, ləngiməyə səbəb olan bəndlər iqtisadiyyat, ticarət və bəzi digərləridir. Mən prosesin sürətləndirilməsi ilə bağlı nümayəndə heyətimizə artıq təlimat vermişəm və hesab edirəm ki, sazişin yekunlaşdırılması üçün fürsət var. Zənnimcə bu, bizim əməkdaşlığımız üçün daha bir mühüm nailiyyət olacaqdır”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Mübariz FEYİZLİ

Paylaş:
Baxılıb: 404 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30