Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / “Siyasi partiyalar haqqında” yeni qanun...

“Siyasi partiyalar haqqında” yeni qanun...

21.12.2022 [10:16]

Dəyişikliklər və əlavələr özündə nələri əks etdirir?

Xəbər verildiyi kimi, dekabrın 16-da “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi Milli Məclisdə üçüncü oxunuşda qəbul edilib. Yeni Qanun partiyaların fəaliyyətinin təkmilləşməsi və dinamik hüquqi tənzimlənməsi məqsədi daşıyır. Yeni layihədə çoxpartiyalılıq demokratiyanın başlıca göstəricisi kimi təsbit olunub. Qanun layihəsinin hazırlanması zamanı Avropanın qabaqcıl ölkələrinin təcrübəsi, milli-mənəvi dəyərlərin qorunub saxlanması, ölkədə mövcud olan siyasi sistem nəzərə alınıb. Həmçinin Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi ilə bağlı tövsiyələri nəzərdən keçirilib. Layihənin hazırlanması ilə əlaqədar ekspert komissiyası yaradılıb və bu komissiya tərəfindən 20 ölkənin bu sahədəki təcrübəsi öyrənilib.

Parlamentdə təmsil olunmayan siyasi partiyalara da maliyyə yardımı ayrılacaq

Ötən üç oxunuş zamanı isə qanun layihəsinə bir sıra mühüm dəyişikliklər edilib. Son dəyişikliklərə əsasən, “Siyasi partiyalar haqqında” qanun qüvvəyə minənədək dövlət qeydiyyatına alınmış siyasi partiya bu Qanunun qüvvəyə mindiyi tarixdən 180 gün müddətində üzvlərinin sayının bu Qanunun 6.1-ci maddəsində nəzərdə tutulmuş saya (5000) çatdırılması üçün tədbirlər görməli və üzvlərinin reyestrini tərtib edərək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim etməlidir. Siyasi partiyanın səlahiyyətli şəxsi bu Qanunun 5.9-cu maddəsində müəyyən edilmiş müddət (180 gün) bitəndən sonra 10 gündən gec olmayaraq siyasi partiyanın dövlət qeydiyyatına alınması üçün “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edir. Nəzərdə tutulan müddətdə üzvlərinin sayını beş min nəfərə çatdıra bilməyən dövlət qeydiyyatına alınmış partiyaların ləğvi barədə apelyasiya məhkəməsində iddia qaldırılacaq.

Bundan başqa, Milli Məclisdə təmsil olunmayan siyasi partiyalara da dövlət maliyyə yardımı ayıracaq. Qanun layihəsinin siyasi partiyaya dövlət maliyyə yardımı ilə bağlı maddəsində qeyd edilir ki, vəsaitin 2,5 faizi Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş seçkilərdə etibarlı səslər qazanmış, lakin Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunmayan siyasi partiyalar arasında bərabər bölünür. Bu Qanunun 25.2.4-cü və 25.2.5-ci maddələrinə uyğun olaraq siyasi partiyaya ayrılan illik dövlət maliyyə yardımının yuxarı həddi həmin partiyanın bu Qanunun 27-ci maddəsinə əsasən təqdim etdiyi maliyyə hesabatında göstərilən illik daxilolmalarının (dövlət maliyyə yardımı çərçivəsində ayrılmış vəsait nəzərə alınmadan) iki mislindən çox ola bilməz.

Seçkilərdə ardıcıl olaraq 2 dəfə iştirak etməyən partiyalar ləğv edilməyəcək

Eləcə də, siyasi partiya təsisçiləri ilə bağlı say tələbi də müəyyən edilib. Qanun layihəsində göstərilib ki, siyasi partiya Azərbaycan Respublikasının tam fəaliyyət qabiliyyətli olan azı 50 vətəndaşı (təsisçilər) tərəfindən təsis edilir. Layihənin ilkin variantında isə siyasi partiya təmsilçisi kimi Azərbaycan ərazisində son 20 il daimi yaşayan Azərbaycan Respublikasının tam fəaliyyət qabiliyyətli olan azı 200 vətəndaşı (təsisçilər) qeyd edilmişdi.

Bununla yanaşı, seçkilərdə ardıcıl olaraq iki dəfə iştirak etməyən siyasi partiyaların ləğvi ilə bağlı tələb də aradan qaldırılıb. Qanun layihəsinin ilkin variantında siyasi partiyaların Milli Məclisin deputatlarının, Azərbaycan Respublikası Prezidentinin və ya bələdiyyə seçkilərində ardıcıl olaraq 2 dəfə iştirak (qeydə alınmış namizədin seçkilərdə bilavasitə iştirakı formasında) etmədikdə ləğv ediləcəyi ilə bağlı tələb əksini tapmışdı.

Tahir Kərimli: Yeni qanunda müasir çağırışlar, yeni yanaşmalar öz əksini tapıb

Ölkəmizdə davamlı islahatların aparıldığını diqqətə çatdıran Milli Məclisin deputatı, Vəhdət Partiyasının sədri Tahir Kərimli bildirib ki,  müasir dövrdə siyasi partiyaların siyasi sistemə töhfələr verməsi üçün geniş mexanizm mövcuddur. Siyasi müstəvidə həyata keçirilən islahatların dərinləşməsi prioritet olmaqla yanaşı, həm də müasir dövrün çağırışlarındandır. Bu baxımdan “Siyasi partiyalar haqqında” yeni qanuna bu islahatların tərkib hissəsi kimi baxmaq gərəkir: “Fikrimcə, layihənin hazırlanması prosesində demokratik dəyərlərin gözlənilməsi və şəffaflığın qorunması əsas prinsiplərdən olub.  Yeni variantda qanun layihəsində edilən dəyişikliklər olduqca müsbətdir. Artıq qanun layihəsi üçüncü oxunuşda qəbul edilib. “Siyasi partiyalar haqqında” qanun layihəsi kifayət qədər ciddi xarakter daşıyan, siyasi partiyaların siyasi sistemdə yerinin və rolunun güclənməsinə imkanlar yaradan bir qanundur. Yeni qanunda müasir çağırışlar, Azərbaycanın siyasi sisteminin inkişafı da nəzərə alınmaqla yeni yanaşmalar öz əksini tapıb. Üçüncü oxunuşa təqdim edilən qanun layihəsi kifayət qədər ciddi hazırlanmışdı və müasir tələblərə cavab verirdi. Əminəm ki, bu sənəd Azərbaycanın siyasi sistemində siyasi partiyaların yerinin və rolunun müəyyənləşməsində, siyasi baxışlarından asılı olmayaraq Azərbaycan dövlətçiliyinə əhəmiyyətli töhfələri ilə seçiləcək”.

Arzuxan Əlizadə: İrəli sürülən təkliflər də nəzərə alınıb

Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə də birinci qanun layihəsindən fərqli olaraq son layihədə xeyli dəyişikliklərin olduğunu bildirib. Onun fikrincə, partiya üzvlərinin say tərkibinin iki dəfə azaldılması, eləcə də təqdim olunacaq sənədlərin təqdim olunma müddətinin iki dəfə artırılması və digər bu kimi dəyişikliklər təqdiredici haldır: “Edilən dəyişikliklər təkmilləşdirmə ilə bağlı idi və bu da normal qarşılanmalıdır. Layihə ilə bağlı ictimai müzakirələr zamanı, parlamentin müvafiq komitəsində, plenar iclaslarda ayrı-ayrı müxtəlif təkliflər səsləndirilib. Bu da gözlənilən idi. Bəlli olduğu kimi, yeni layihə hazırlanan zaman Venesiya Komissiyasının yanaşmaları, eləcə də bir sıra dövlətlərin təcrübəsi də nəzərdən keçirilib. Eyni zamanda, irəli sürülən təkliflər də nəzərə alınıb. Bütün bunlar isə qanun layihəsinin yüksək səviyyədə olması üçün əsaslar yaradır”.

Əsli Kazımova: Yeni qanun siyasi partiyaların maraqlarına cavab verir

Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova da Siyasi partiyalar haqqında yeni qanunun üç oxunuşda parlament tərəfindən geniş müzakirə edilməsini, eyni zamanda Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların mütləq əksəriyyətinin iştirakı ilə ictimai müzakirələrə təqdim olunmasını müsbət hal kimi dəyərləndirib: “Bu müzakirələrdən sonra layihəyə 70-ə yaxın dəyişikliklər edildi. Demək olar ki, siyasi partiyaların irəli sürdüyü bütün əsas məsələlərlə bağlı təklifləri nəzərə alındı. Ümumilikdə bu qanun Azərbaycanın maraqlarına cavab verir. Eyni zamanda, siyasi partiyaların da maraqlarına uyğundur”.

Partiya sədri vurğulayıb ki, Azərbaycan yeni dövrə qədəm qoyur. Keçmiş qanun isə 1992-ci ildə qəbul edilib. Bu qanunun qəbulundan sonra bir sıra hüquqi normativ aktlar qəbul olunub. Bu baxımdan da, qanunun yeni dövrün tələblərinə cavab verməsi zərurətdən irəli gəlirdi. “Yeni qanun, həm də Azərbaycanın siyasi həyatını fəallaşdırmaq potensialına malikdir. İnanıram ki, bu qanun Azərbaycanda insanların siyasi fəallığını daha da artıracaq. Yeni qanunun qəbulu, həm də siyasi sistemin daha da inkişaf etdirilməsinə, möhkəmlənməsinə xidmət göstərəcək”, - deyə Ə. Kazımova əlavə edib.

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 110 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Siyasət

Xəbər lenti

Sosial

Siyasət

Analitik

Bayram, yoxsa matəm?

28 Yanvar 10:27

Xəbər lenti

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31