Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / XXI əsrin yeni lideri: İlham Əliyev nümunəsinin bir sıra siyasi məqamları

XXI əsrin yeni lideri: İlham Əliyev nümunəsinin bir sıra siyasi məqamları

30.12.2022 [10:30]

Kamal Adıgözəlov

Yeni əsrin başlaması ilə dünya miqyasında meydana yeni problemlər çıxdı. Belə bir şəraitdə liderlərin uğurlu olması üçün bir qədər fərqli fəaliyyət göstərmələri tələb olunur. Lakin təcrübə göstərir ki, buna nail olmaq mürəkkəb bir işdir. Çünki özlüyündə regional və qlobal mühit həm ziddiyyətli və risklidir, həm də olduqca sürətlə dəyişir. Xüsusilə Cənubi Qafqaz kimi geosiyasi həssas bir məkanda davamlı uğurlara imza atmaq böyük siyasi-diplomatik məharət və yeni liderlik keyfiyyətləri tələb edir. Biz bu meyarlar işığında Azərbaycan Prezidenti İlham Əliyevin XXI əsrin yeni lideri kimi əldə etdiyi nailiyyətlərə siyasi-nəzəri və geosiyasi kontekstdə baxmağa ehtiyac duyuruq.

Dövlətlərarası münasibətlər: yeni əsrin reallıqları müstəvisində

XXI əsrdə dövlətlərarası münasibətlərin tənzimlənməsi mürəkkəb və çətin bir məsələyə çevrilib. Hər bir müstəqil dövlətin qarşısına öncədən proqnozlaşdırılmayan və özündə müxtəlif təbiətli riskləri və çağırışları daşıyan problemlər çıxa bilir. Bundan başqa, sirr deyil ki, beynəlxalq normalara əməl olunması da bir sıra əngəllərlə qarşılanır. İndi ekspertlər qlobal geosiyasi turbulentlikdən və onun fonunda təhdidlərdən, beynəlxalq terrorun vüsət almasından, ekoloji problemlərdən, münaqişələrdən tez-tez danışırlar. Bunlar da dünya miqyasında beynəlxalq münasibətlərin pozitiv və konstruktiv istiqamətə yönəldilməsində xeyli suallar meydana çıxarır.

Ancaq bütün bunlara baxmayaraq, siyasi təlimlərdə əsrlərin sınağından çıxmış prinsiplər də mövcuddur. Müasir beynəlxalq münasibətlərə onların baxış bucağından nəzər saldıqda müəyyən sabit və qanunauyğun prosesləri də görmək mümkündür. Bu tezisin işığında siyasi realizmin bir sıra müddəaları hələ də aktuallığını qoruyub saxlaya bilib. Məlumdur ki, siyasi realizm nəzəriyyəsi beynəlxalq münasibətlərə özü-özünü inkişaf etdirən bütöv ictimai sistem kimi baxır. Onun başlıca fəaliyyət subyektləri dövlətlərdir. Doğrudur, tədqiqatçılar son illər beynəlxalq münasibətlərdə dövlətlərlə yanaşı, müxtəlif “sistemdənkənar” sosial qurumların da rolu haqqında bəhs edirlər. Lakin hələ də dövlətin rolunun həlledici olduğunu qəbul etmək gərəkdir. O başqa məsələdir ki, “dövlət” anlayışının özünün məzmunu transformasiyaya uğramaqdadır.

Vurğulanan kontekstdə dövlətlərin addımlarını rasional izah etməyin, öncədən hesablamağın və proqnoz verməyin mümkün olduğu nəticəsini çıxara bilərik. Bu zaman “milli maraq” və “dövlətin gücü” anlayışlarının həlledici rol oynadığı tezisini qəbul etmək lazım gəlir. Bu, xüsusilə gənc müstəqil ölkələrə aiddir. Deməli, XXI əsrdə dövlətin fəaliyyəti dövlət başçısı və liderin həyata keçirdiyi siyasət kursundan birbaşa asılıdır. Bu isə özlüyündə xarici siyasətdə liderin rolunun yeni səviyyəyə yüksəldiyi anlamına gəlir. Həmin məqamı müasir tədqiqatçılar önə çəkirlər. Obrazlı desək, dünya və ayrı-ayrı müstəqil dövlətlər liderlərin fəaliyyətindən daha çox asılı vəziyyətə gəlib. Bu, XXI əsrin nonsensi deyil, proseslərin məntiqindən doğan siyasi reallığıdır.

Bu siyasi-nəzəri mülahizələrdən belə alınır ki, müasir dövrdə dövlətlərarası münasibətlərdə obyektiv siyasi və geosiyasi parametrlər statusunda “Domokl qılıncı” kimi dövlətin “başı üzərindən asılmış” “qaçılmaz” məqamlar mövcuddur. Görünür, bunları nəzərə alaraq məşhur diplomat və strateq Henri Kissincer deyib: “Xarici siyasət, qaçılmaz olanı lazım olan istiqamətə yönəltmək məharətindən ibarətdir”.

Lakin burada hər bir dövlət üçün “qaçılmaz” olanın konkret nədən ibarət olduğunu düzgün müəyyən etmək bacarığı əsas məqamdır. Yəni siyasi-milli liderdə milli maraqları gözləməklə dövlətə fayda verə bilən addımları vaxtında atmaq qabiliyyəti olmalıdır! Bu baxımdan Qərbin başqa bir görkəmli tədqiqatçısı Hans Morgentaunun (XX əsr) fikirləri çox maraqlıdır. O yazırdı ki, “xarici siyasət hər şeydən öncə dövlətin yaşamasını, onun xarici təhdidlər və çağırışlara qarşı dayanmasını təmin etməlidir”! Belə çıxır ki, H.Morgentauya görə, dövlət üçün “qaçılmaz” olan şərtlər, onun var ola bilməsi və müxtəlif istiqamətlərdən olan neqativ təsirləri dəf etməsi ilə sıx bağlıdır. XXI əsrdə burada qlobal çağırışlar başlıca yerlərdən birini tutmaqdadır.

Bir qədər də dərinə gedərək H.Morgentau dövlətin gücünü ifadə edən başlıca əlamətləri müəyyən edib. Onun fikrinə görə, dövlətin gücü maddi və mənəvi aspektlərin vəhdətində özünü göstərir. Mənəvi aspektdə milli xarakter, milli ruh və dövlət idarəçiliyinin keyfiyyəti aparıcı rol oynayır. Həmin bağlılıqda o yazırdı ki, “milli ruh üçün dövlət idarəçiliyinin xüsusi əhəmiyyəti vardır”.

Lakin bütün hallarda müasir tarixi mərhələdə hər bir dövlətin qarşısında bir qeyri-müəyyənlik yaranır. Həmin qeyri-müəyyənlik ən müxtəlif faktorlarla əlaqəli ola bilir ki, liderlərin fəaliyyəti də burada ayrıca yer tutur.

Bu fikirlərdən belə alınır ki, siyasi realizm mövqeyindən dövlətin milli maraqları təmin etməsi və öz gücünü təsbit etməsi liderlərin fəaliyyətindən birbaşa asılıdır.

XXI əsrin ilk onilliklərinin təcrübəsi göstərir ki, gənc müstəqil dövlətlərin liderlərinin həmin vəzifənin öhdəsindən gəlməsi heç də asan deyildir və buna nail olmaq yüksək siyasi-diplomatik məharət tələb edir. Azərbaycan Prezidenti İlham Əliyev həmin sırada xüsusi yer tutur. Azərbaycanın dövlət başçısının milli maraqların təmin edilməsi, milli qürur hissinin yaşadılması və dövlətin gücünün daim artırılması istiqamətində fəaliyyəti bütün postsovet məkanı üçün bir nümunədir. Öncə, Azərbaycan Prezidentinin dövlət başçısı və milli lider kimi titanik fəaliyyəti nəticəsində əldə etdiyi nailiyyətlərə nəzər salaq, sonra onların siyasi-nəzəri analizinə baş vuraq.

Faktların konstatasiyası: İlham Əliyevin Prezident-Lider kimi uğurları

2003-cü ildən başlayaraq Azərbaycan siyasi varislik prinsipi çərçivəsində bütün istiqamətlərdə müstəqil dövlət quruculuğunun yeni mərhələsinə keçdi. Daxili və xarici siyasət bir-biri ilə yeni səviyyədə uyğunlaşdırıldı. Sosial-iqtisadi sahədə islahatlar həyata keçirildi ki, nəticədə, ümumdaxili məhsul bir neçə dəfə artdı. Azərbaycan əhalisinin rifah halı yüksəldi. Bu prosesdə enerji strategiyası yeni məzmun çalarları kəsb etməyə başladı. İlham Əliyevin rəhbərliyi ilə, faktiki olaraq, enerji strategiyasının ikinci mərhələsinə start verildi. Bu mərhələdə Azərbaycan neft və qazının dünyaya çatdırılması marşrutları reallaşdırılmağa başlandı. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi və digər layihələr reallaşdırıldı. Eyni zamanda, nəqliyyat-logistika sahəsində konkret proqramlar həyata keçirildi. Bunlardan sonra “Cənub Qaz Dəhlizi” adlanan və bütün Avropa üçün böyük əhəmiyyəti olan layihə reallaşdırıldı. Bu layihənin tərkib hissəsi kimi TANAP və TAP hazırda Avropanın enerji təhlükəsizliyinin təminində ciddi rol oynamaqdadır.

İlham Əliyev qalibiyyətli enerji strategiyası ilə yanaşı, cəmiyyətin daxili gücünü artıran, onu yeni birlik səviyyəsinə yüksəldən siyasi xətti də uğurla həyata keçirməkdədir. Bu baxımdan Azərbaycan cəmiyyəti üçün ciddi əhəmiyyəti olan multikulturalizm çərçivəsində həmrəyliyin yeni səviyyəyə yüksəldilməsi ekspertlər tərəfindən etiraf edilir. Cəmiyyətdə həmrəylik daxili və xarici siyasətdə uğurların əldə edilməsində böyük rol oynayır. İlham Əliyev bu bağlılıqda sivilizasiyalar, mədəniyyətlər və dinlər arasında dialoqun təşkil edilməsi istiqamətində əhəmiyyətli rol oynayan siyasət həyata keçirir. Mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi”nin və Dünya Mədəniyyətlərarası Dialoq Forumlarının təşkili mühüm uğurlardan hesab olunur. “Bakı Prosesi” çərçivəsində Azərbaycanın mədəniyyət və dini tolerantlıq sahəsində evsahibliyi etdiyi beynəlxalq tədbirlər bütövlükdə ölkə rəhbərinin dinlərarası dialoq və multikulturalizm kimi dəyərlərin təbliğinə verdiyi önəmi bir daha sübut edir.

Əlbəttə, İlham Əliyevin Prezident və Lider kimi Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi istiqamətində atdığı addımlar xalqımız tərəfindən yüksək qiymətləndirilir. Bu baxımdan ordu quruculuğu Prezidentin fəaliyyətində ayrıca yer tutur. Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü Ordusu səviyyəsinə məhz İlham Əliyevin yeritdiyi çox səmərəli müdafiə siyasəti sayəsində yüksəlib. Ölkədə müdafiə xərcləri durmadan artırılır ki, bu da ən müasir silahların alınmasına imkan yaradıb.

Ordu quruculuğu fonunda Prezident siyasi-diplomatik cəbhədə Ermənistanın təcavüzkar siyasətinin dünyada ifşasına nail olub. Beynəlxalq təşkilatların sənədlərində Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyi etiraf edilib. Müxtəlif beynəlxalq platformalarda Azərbaycanın diplomatik fəallığı təcavüzkarın, faktiki olaraq, təklənməsinə yol açıb. Bütün bunların məntiqi nəticəsi kimi, Azərbaycan BMT TŞ-nin müvəqqəti üzvü seçildi. Həmin illərdə Azərbaycan rəhbərinin səmərəli fəaliyyəti və irəli sürdüyü təşəbbüslər indi də ekspertlər tərəfindən məmnunluqla vurğulanır.

Digər tərəfdən, İlham Əliyevin diplomatik məharəti və kreativ addımları regional və qlobal miqyaslarda Azərbaycana böyük dividendlər qazandırıb. Onun əsas əlaməti kimi Azərbaycan Prezidentinin yeni əməkdaşlıq formatları təklif etməsi və bütün böyük dövlətlərlə qarşılıqlı faydalı əlaqələr qurması xüsusi vurğulanır.

Bir zamanlar ABŞ, Avropa İttifaqı ölkələri, Çin, Rusiya və İranla əlaqələr zəif və sistemsiz idi. Ulu öndər Heydər Əliyev onları sistem halına gətirdi, davamlı və perspektiv istiqamətə yönəltdi. İlham

Əliyev bu xətti inkişaf etdirərək həmin əlaqələri yeni səviyyəyə yüksəltdi. İranla münasibətlərin daha da inkişaf etdirilməsinə nail oldu. Lakin Tehranın ciddi səhvləri ucbatından hazırda bu münasibətlərə zərbələr dəyir. Rusiya istiqamətində İlham Əliyevin praqmatik və səmərəli siyasəti şimal qonşumuzu strateji müttəfiqə çevirdi. Diplomatiyada bu məqam böyük əhəmiyyət kəsb edir.

Azərbaycan Prezidenti “Şuşa Bəyannaməsi”ni imzalamaqla Türkiyə ilə strateji müttəfiqliyi hüquqi cəhətdən təsbit etdi ki, bu da ölkəmizin təhlükəsizliyi üçün çox ciddi əhəmiyyət daşıyır. Bu sənəd, faktiki olaraq, Ulu Öndərin “Bir millət, iki dövlət” formulunun konkret reallaşması, siyasi praktikada əyani təcəssümlərindən biridir.

Azərbaycan Prezidentinin Avropa İttifaqı istiqamətində yeritdiyi siyasət də çox səmərəlidir. İlham Əliyev Şərq Tərəfdaşlığı proqramı və yeni qonşuluq siyasəti kontekstində postsovet məkanında müstəqil, milli maraqlara xidmət edən və geosiyasi reallığın tələblərinə cavab verən kurs həyata keçirir. Təcrübə təsdiq edir ki, Azərbaycan Prezidentinin bu istiqamətdə fəaliyyəti digər liderlərin fəaliyyətindən müsbət mənada çox fərqlənir. Hazırda Avropa İlham Əliyevin müəllifi olduğu təkliflər əsasında tərəflər arasında münasibətlərin inkişafına çalışır. Bunun isə bir neçə aspekti vardır.

Birincisi, iqtisadi-ticari sferada əməkdaşlığın yeni konturları meydana gəlib. İkincisi, Azərbaycan Avropa İttifaqının 9 üzvü ilə strateji tərəfdaşlıq haqqında sənəd imzalayıb. Üçüncüsü, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolu yeni səviyyəyə yüksəlib. Dördüncüsü, rəqəmsal texnologiyaların aktuallığı daha da artıb və beşincisi, “yaşıl iqtisadiyyat”ın yaradılması böyük vüsət alıb.

Xüsusilə rəqəmsallıq və “yaşıl iqtisadiyyat”a keçidin bütövlükdə dünya üçün nə qədər vacib olduğunu hər bir ekspert vurğulayır. “Yaşıl iqtisadiyyat”ın yaradılması baxımından İlham Əliyevin Avropaya etdiyi son səfərlər çox qiymətlidir.

Onu nəzərə almaq lazımdır ki, vurğulanan uğurlar dərin düşünülmüş və davamlı olaraq həyata keçirilən siyasi kursun məntiqi nəticəsi kimi qəbul edilməlidir. Azərbaycan Prezidentinin regional və beynəlxalq təşkilatlardakı fəallığı (Qoşulmama Hərəkatı və Türk Dövlətləri Təşkilatı), Orta Dəhliz və onunla bağlı Zəngəzur dəhlizinin reallaşması istiqamətində apardığı qətiyyətli mübarizə də məhz həmin kontekstdə dərk edilməlidir. Bu iki məsələni bir-biri ilə əlaqəli şəkildə təqdim etməyimiz siyasi-nəzəri və praktiki cəhətdən təsadüfi deyildir. Çünki İlham Əliyev səmərəli şəkildə onları uyğunlaşdırır.

Azərbaycan Prezidenti ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində daim dövlətlər arasında qarşılıqlı faydalı əməkdaşlığın inkişafına diqqət yetirir. O cümlədən pandemiya dövründə humanitarlaşma və ədalətli münasibətlərin qurulması istiqamətlərində çox dəyərli təşəbbüslərlə çıxış edib. Həmin sırada regional və beynəlxalq miqyaslarda qarşılıqlı faydalı əməkdaşlığın formalaşmasına ayrıca diqqət yetirilib. Orta Dəhlizin reallaşması bu baxımdan həmişə ön planda tutulmaqdadır.

Türk Dövlətləri Təşkilatı çərçivəsində də Azərbaycan Prezidenti türkdilli ölkələrin əməkdaşlığının yeni səviyyəyə yüksəldilməsi ilə yanaşı, Orta Dəhlizin işləməsi və həmin kontekstdə Zəngəzur dəhlizinin açılması ilə əlaqədar faydalı addımlar atıb, təşəbbüslər irəli sürüb. Bununla Türk liderlər sırasında İlham Əliyev yeni bir müsbət ənənənin əsasını qoymuş olub: milli maraqları regional və beynəlxalq təşkilatlarda aktiv fəaliyyətlə qarşılıqlı əlaqədə diplomatik və siyasi yolla təmin etmək!

Təbii ki, bu yanaşma çoxdan mövcuddur, lakin Azərbaycan Prezidenti həmin strategiyanı böyük bir geosiyasi məkanda, turbulentlik və risklərin yer aldığı şəraitdə, qeyri-sabitliyə meyilliliyin artmaqda davam etdiyi bir dönəmdə konkret təşəbbüslər vasitəsilə reallaşdıra bilib. İndi həm BMT, həm Qoşulmama Hərəkatı, həm də Türk Dövlətləri Təşkilatı Orta Dəhliz çərçivəsində Zəngəzur dəhlizinin hər bir iştirakçı dövlətə faydasına qətiyyən şübhə etmir. Bu, regionun geosiyasi mənzərəsini yeniləyəcək tarixi uğurdur!

Görünür, bütün bu reallıqları nəzərə alaraq, Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanın dövlət quruculuğunun bütün istiqamətlərində, o cümlədən xarici siyasətdə böyük və əhəmiyyətli uğurlar qazandığını aşağıdakı kimi ifadə edib: “Azərbaycan Respublikası sözün əsl mənasında müstəqil xarici siyasət yürüdən ölkədir. Bu müstəqil siyasətin əsasını Azərbaycanın milli maraqları və ölkə vətəndaşlarının mənafeyinin qorunması təşkil edir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan bu strategiya tarixi təcrübəni, geosiyasi reallıqları nəzərə alaraq, çoxistiqamətli və tarazlaşdırılmış əsasda praqmatik və realist prinsiplərlə həyata keçirilir”. Hikmət Hacıyev əlavə edib ki, “...gərgin və nizamsız beynəlxalq münasibətlər şəraitində ölkəmiz beynəlxalq hüququn norma və prinsipləri əsasında xarici siyasət yürüdərək, heç bir dövlətin daxili işlərinə qarışmır və özünün də daxili işlərinə qarışmağa heç bir dairəyə imkan vermir”.

Təşəbbüskar və ədalətli liderlik nümunəsi: Azərbaycanın qürur mənbəyi

Yuxarıda vurğulanan məqamlar Azərbaycan Prezidentinin XXI əsrdə yeni liderlik nümunəsi nümayiş etdirdiyini təsdiq edir. Bu kontekstdə Henri Kissincerin son məqaləsindən bir məqamı xatırlamaq istərdik. Tanınmış strateq “The Spectator” jurnalı üçün yazdığı məqalədə vurğulayır ki, “ ... indi baş verən strateji dəyişiklərə əsaslanmaq zərurətini ifadə edən və həmin dəyişikləri danışıqlar vasitəsi ilə sülhə nail olmaq üçün yeni struktura inteqrasiya etmək vacibliyini ortaya qoyan məqam tədricən yaxınlaşır”.

Bu tezisi tarixi faktlar əsasında irəli sürən H.Kissincer yazır ki, Birinci Dünya müharibəsində liderlər sülh məqamını əldən verdilər və nəticədə, daha 2 milyon insan həlak oldu. Deməli, məşhur diplomat və ekspert hesab edir ki, hazırda dünya miqyasında (o cümlədən Rusiya-Ukrayna müharibəsi fonunda) XXI əsrin lideri danışıqlar yolu ilə sülhə, humanitarizmə və tarixi ədalətin bərpasına çalışmalıdır. Yuxarıdakı faktlar bir daha təsdiq edir ki, İlham Əliyev bütün istiqamətlərdəki (Rusiya, İran, Türkiyə, ABŞ, Avropa İttifaqı, Çin və s.) fəaliyyətində məhz sülh, barış, humanitarlıq, ədalət, təhlükəsizlik və əməkdaşlıq üçün çalışır.

Təsadüfi deyildir ki, müharibədə qalib gəlməsinə baxmayaraq, Azərbaycan Prezidenti ilk olaraq Ermənistana sülh və əməkdaşlıq əlini uzatdı. Bu, tarixdə nadir hallarda baş verir. Tarixi aspekt demişkən, bir məqamı qeyd etmək istərdik: hələ XIX əsrdə ingilis filosofu Tomas Karleyl yazırdı ki, “böyük şəxsiyyətlər tarixi formalaşdırırlar və onların bu rolunu daim nəzərə almaq gərəkdir”.

İlham Əliyevin dövlət başçısı-lider kimi fəaliyyətində böyük maraq doğuran başqa siyasi məqam Azərbaycan Prezidentinin daxili siyasətdəki böyük səmərəli addımları xarici siyasətlə tam uyğunlaşdıra bilməsi ilə bağlıdır. Yuxarıdakı faktlar da göstərir ki, İlham Əliyev, fəaliyyəti boyu Azərbaycanın müstəqil dövlət kimi güclü iqtisadiyyata, enerji sektoruna malik olmasına, digər sahələrin infrastrukturunun inkişaf etdirilməsinə, əhalinin rifah halının yüksəlməsinə, sosial təminata, elm və mədəniyyətin inkişafına, nəqliyyat-logistika sferasının qabaqcıl dünya standartları səviyyəsində qurulmasına və başqa istiqamətlərə çox böyük diqqət yetirib. Məhz bunun nəticəsidir ki, Azərbaycan Cənubi Qafqaz regionunda ciddi bir münaqişəni siyasi-diplomatik yolla ədalətli həll edib və postmünaqişə mərhələsində yeni uğurlara imza atmaqdadır.

Azərbaycanın Zəfər Yolu davam edir, Azərbaycan dövlətinin sükanı etibarlı əllərdədir və ölkəmizi yeni-yeni nailiyyətlər gözləyir!

Paylaş:
Baxılıb: 115 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Siyasət

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Siyasət

Yeni detallar...

08 Fevral 10:14

İqtisadiyyat

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28