Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Ermənistan Beynəlxalq Ədalət Məhkəməsi qarşısında...

Ermənistan Beynəlxalq Ədalət Məhkəməsi qarşısında...

07.01.2023 [10:34]

Azərbaycanlılara qarşı törətdiyi cinayətlərə görə cavab verəcək

Azərbaycan dövləti Ermənistanın azərbaycanlıların insan hüquqlarının məqsədyönlü şəkildə pozulmasına cavab olaraq, “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Beynəlxalq Konvensiya (CERD) çərçivəsində təcili tədbirlər görülməsi məqsədilə Beynəlxalq Ədalət Məhkəməsinə ikinci müraciətini təqdim edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, xüsusilə Ermənistanın 2021-ci ildən başlayaraq Azərbaycan ərazisində minalar və evlərdə mina tələləri yerləşdirməkdə davam etdiyinə dair yeni sübutlar mövcuddur. Bu minalar və mina tələlər Ermənistanın qanunsuz işğalı nəticəsində azərbaycanlıların 30 il əvvəl qovulduğu mülki yaşayış məntəqələrində və ya onların yaxınlığında yerləşdirilməklə məcburi köçkün ailələrinin və icmaların öz evlərinə qayıtmasına maneçilik törədir. Ermənistan tərəfi üçtərəfli Bəyanatı kobud şəkildə pozaraq hərbi təxribatlarını davam etdirib və 2022-ci ilin avqust ayından etibarən Azərbaycanda 2021-ci il Ermənistan istehsalı 2700-dən çox mina aşkar olunub. Minaların Ermənistanın üçtərəfli Bəyanatla bütün hərbi əməliyyatları dayandırmağa, qüvvələrini Azərbaycandan çıxarmağa və azərbaycanlı məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə qayıtmasına razılığından sonra yerləşdirdiyinə dair sübutlar mövcuddur. Sözügedən minaların yarıdan çoxu azərbaycanlı məcburi köçkünlərin qayıtmalı olduğu mülki ərazilərdə aşkar edilib. Bundan əlavə, Ermənistan bu minaların və digər silahların daşınması məqsədilə yalnız humanitar məqsədlər üçün nəzərdə tutulan Laçın yolundan açıq şəkildə istifadə edir.

Məlumatda vurğulanır ki, mülki ərazilərin minalarla hədəfə alınması nəinki günahsız mülki şəxslərin həyatına təhdid yaradır, Azərbaycanın hələ də əldə olunmasına sadiq qaldığı sülh sazişini təhlükə altında qoyan bir təxribatdır: “Cəmi üç həftə əvvəl Kəlbəcər rayonunda minanın partlaması nəticəsində 7 azərbaycanlı, o cümlədən bərpa işlərində iştirak edən 4 mülki şəxs yaralanıb, bir azərbaycanlı isə həlak olub. Azərbaycan mülki vətəndaşlarının qayıdacaqları rayonların minalardan operativ, təhlükəsiz və səmərəli şəkildə təmizlənməsi istiqamətində Ermənistanın dərhal lazımi addımlar atması, mülki əraziləri mina və digər partlayıcı maddələrlə hədəfə almaması və bu xüsusda Laçın yolundan istifadəni dayandırması məqsədilə Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edib. Azərbaycan tərəfi beynəlxalq insan hüquqlarını pozduğuna görə Ermənistanın məsuliyyətə cəlb edilməsi istiqamətində səylərini davam etdirəcək”.

Məsələ ilə bağlı qəzetimizə açıqlama verən Milli Məclisin deputatı Kamran Bayramov bildirib ki, Ermənistan 30 ilə yaxın davam etmiş işğalçı siyasət nəticəsində çoxsaylı hərbi cinayətlər törədib. Azərbaycan dövləti Ermənistanın bu cinayətlərinin dünyada ifşa olunması istiqamətində ardıcıl olaraq tədbirlər həyata keçirməkdədir. Hazırda Ermənistanın törətdiyi hərbi cinayətlər sənədləşdirilir. Belə ki, törədilən cinayətkar əməllərlə bağlı hüquqi prosedurlara başlanılıb. Mülki əhali, infrastruktur, dini, tarixi və mədəni abidələrə dəymiş ziyanın müvafiq təhlili aparılır, hər bir fakt sənədləşdirilir. Onun sözlərinə görə, Ermənistan dövləti işğal  dövründə humanitar hüquq normalarının kobud şəkildə pozulması hallarına yol verib. Hələ işğal dövründə Azərbaycanın təkidi ilə ATƏT-in iki faktaraşdırıcı missiyası erməni əsarətində olan torpaqlarımızda monitorinq aparmışdılar. Həmin missiyalar Ermənistanın qanunsuz əməllərini, cinayətlərini öz hesabatlarında əks etdirməyə məcbur olmuşdular. Çünki bu cinayətləri inkar etmək mümkün deyildi. 44 günlük Vətən müharibəsində torpaqlarımız işğaldan azad olunduqdan sonra həmin ərazilərə xarici ekspertlərin, diplomatların, jurnalistlərin səfərləri təşkil edilir. Onlar Ermənistanın hərbi cinayətlərinin - yaşayış məntəqələrinin tam dağıdılmasının, təbiətə vurulan ziyanın, qeyri-qanuni məskunlaşmanın şahidi olublar.

Millət vəkili qeyd edib ki,  Beynəlxalq Ədalət Məhkəməsinə edilən bu müraciət dövlətimiz tərəfindən ermənilərin hərbi cinayətlərinin sənədləşdirilməsi və müvafiq beynəlxalq məhkəmələrə təqdim olunması istiqamətində aparılan işlərin tərkib hissəsidir: “Dövlətimizin başçısı da Ermənistanın cinayətlərinin cəzasız qalmayacağına dair  dəfələrlə fikirlərini ifadə edib. Çünki Ermənistan bəşəri dəyərlərə, humanizm prinsiplərinə hörmətsizlik nümayiş etdirib, beynəlxalq qanunvericiliyi, Cenevrə konvensiyalarının tələblərini kobud şəkildə pozub. Ermənistanın cinayətlərinin hüquqi qiymətləndirilməsində, işğal nəticəsində dəymiş ziyanın hesablanmasında beynəlxalq hüquq mütəxəssisləri də iştirak edir. Azərbaycan ötən ilin dekabr ayında isə Ermənistanla bağlı Avropa Məhkəməsinə şikayət etmişdi. Həmin şikayət Laçın şəhəri, Zabux və Sus kəndlərinin mülki əhalisinə vurulan ziyanla bağlı idi. Dövlətimiz məhkəmələrə şikayət edərkən beynəlxalq hüquqa istinad edir. Ona görə də, qaldırılan iddia tam əsaslıdır. Ermənistanın cinayətləri ilə bağlı qarşıdakı dövrdə də beynəlxalq məhkəmələrə müraciət ediləcək. Ermənilər Azərbaycana, onun əhalisinə qarşı törətdiyi cinayətlərə görə cavab verəcəklər”.

“Azərbaycan artıq ikinci dəfədir ki, Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edir. Əsas hədəf Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi çoxsaylı cinayətlərin lazımlı qiymətini almağına yönəlib. Beynəlxalq Haaqa Ədalət Məhkəməsi bir çox nüfuzlu qərarlar çıxarıb”. Bu fikirləri isə politoloq Tural İsmayılov deyib. Onun sözlərinə görə, Haaqa Məhkəməsinin 30 illik işğal, Xocalı faciəsi və bir çox məsələlərdə səssizliyi də bizi ciddi narahat edirdi. Politoloq xatırladıb ki, Azərbaycan bu məhkəməyə birinci müraciətini ötən ilin sentyabr ayında etmişdi. Həmin müraciət də mina terroru, Ermənistanda Azərbaycana qarşı irqçi ritorika ilə bağlı idi. Artıq ikinci dəfədir ki, Beynəlxalq Ədalət Məhkəməsinə müraciət ünvanlayırıq. Ermənistan tərəfi üçtərəfli Bəyanatı kobud şəkildə pozaraq hərbi təxribatlarını davam etdirib  və

2022-ci ilin avqust ayından etibarən Azərbaycanda 2021-ci il Ermənistan istehsalı 2700-dən çox mina aşkar olunub. Minaların Ermənistanın üçtərəfli Bəyanatla bütün hərbi əməliyyatları dayandırmağa, qüvvələrini Azərbaycandan çıxarmağa və azərbaycanlı məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə qayıtmasına razılığından sonra yerləşdirdiyinə dair sübutlar mövcuddur.

Həmsöhbətimiz deyib ki, sözügedən minaların yarıdan çoxu azərbaycanlı məcburi köçkünlərin qayıtmalı olduğu mülki ərazilərdə aşkar edilib: “Bundan əlavə, Ermənistan bu minaların və digər silahların daşınması məqsədilə yalnız humanitar məqsədlər üçün nəzərdə tutulan Laçın yolundan açıq şəkildə istifadə edir. Hesab edirəm ki, beynəxlaq ədalətsizliklərə və qərəzli yanaşmalara baxmayaraq biz bütün qlobal instansiyalarda öz haqqımızı tələb etməliyik. Bu baxımdan XİN-in sonuncu açıqlamasını təqdir edirik. Ermənistan böyük cinayətlər törədib və bunların layiqli cavabını alması üçün bütün platformalarda səsimizi maksimum ucaltmalıyıq. Azərbaycan mülki vətəndaşlarının qayıdacaqları rayonların operativ, təhlükəsiz və effektiv şəkildə minalardan təmizlənməsi istiqamətində Ermənistanın dərhal lazımi addımlar atması, mülki əraziləri mina və digər partlayıcı maddələrlə hədəfə almaması və bu xüsusda Laçın yolundan istifadəni dayandırmaqla bağlı Haaqadan obyektiv qərar gözləyir. Ümid edək ki, bu dəfə beynəlxalq hüquqi sistem işlək olacaq”.

Nardar BAYRAMLI  

Paylaş:
Baxılıb: 344 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Siyasət

Xəbər lenti

Sosial

Tarix bəlli oldu...

16 Aprel 10:33

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30