Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Üçüncü müharibə olmayacaq, amma...

Üçüncü müharibə olmayacaq, amma...

12.01.2023 [10:13]

II Qarabağ müharibəsində bütün dünya Azərbaycan Ordusunun gücünü gördü

Azərbaycan Ordusu post-müharibə dövründə yeni inkişaf mərhələsinə qədəm qoyub. 44 günlük II Qarabağ müharibəsi dünyanın ən güclü orduları sırasında yer alan Azərbaycan Silahlı Qüvvələrinin yeni dövrün çağırışları əsasında komplektləşdirilməsinə imkan verdi. Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində də bildirib ki, bizim Ordumuz müharibə zamanı öz gücünü göstərdi, iradəsini göstərdi, xalqımız bütövlükdə əyilməz ruhunu göstərdi: “Biz müharibədə Ordumuzun gücünü göstərdik. Eyni zamanda, gördük ki, ordunun daha da inkişafına ehtiyac var. Halbuki, bunu indi hər kəs bilir. 44 gün ərzində bir gün də belə biz geri addım atmamışıq, bir nəfər də qaçan olmamışdı, bir nəfər də fərari olmamışdı. Bu, dünya hərb tarixində bəlkə də misilsiz bir göstəricidir. Ermənistan ordusundan on min nəfərin qaçmasını mən kənara qoyuram. Ümumiyyətlə, özü də hücuma keçən, aşağıdan yuxarıya qalxan, ölümə gedən, 6-7 müdafiə xətti olan bir əraziyə sinəsini qabağa verərək gedən əsgər-zabit əsl qəhrəmandır və bizim Ordumuzun gücü məhz bundadır”.

Güclü ordu təhlükəsizliyin qarantıdır...

Xüsusilə indiki halda, torpaqlarımızın 30 ilə yaxın müddətdən sonra işğaldan azad edilməsinin ardından Azərbaycanın təhlükəsizliyinin təminatı kimi güclü milli ordunun mövcudluğu zəruri faktora çevrilir. Bu baxımdan, ordu quruculuğunun daha da gücləndirilməsinin vacibliyinin dövlət başçısı səviyyəsində prioritet elan olunması ölkənin milli maraqları müstəvisindən kifayət qədər önəmli əhəmiyyət daşıyır. Güclü orduya, peşəkar silahlı qüvvələrə malik olmağımız, eyni zamanda, güclü hərbi-sənaye kompleksi Azərbaycanın dövlət müstəqilliyinin və ərazi bütövlüyünün etibarlı qarantıdır. Yeri gəlmişkən, ölkə başçısı da bu məsələyə toxunaraq vurğulayıb ki, biz müharibədən sonra dərhal, necə deyərlər, bir gün belə istirahət etmədən işə başladıq və müharibənin bütün mərhələlərini təhlil etməyə başladıq. Mən göstəriş verdim ki, bəli, bu, tarixi Qələbədir, artıq biz tarixi missiyamızı yerinə yetirmişik. İndi sevinmək əvəzinə, işləmək, nöqsanları aşkar etmək lazımdır. Əlbəttə ki, nöqsanlar da var idi və var. Onları aradan qaldırmaq və müharibə təcrübəmizi həyatda artıq yeni ordu konsepsiyası əsasında tətbiq etmək üçün fəal işləyirik: “İki il ərzində bir çox işlər görülübdür. Ancaq hələ bütün işlər görülməyib”.

Azərbaycanla hesablaşmamaq özünəqəsd sayılacaq

Azərbaycan Silahlı Qüvvələri quruda, suda və havada döyüş tapşırığını yerinə yetirmək, ölkəni istənilən hücumdan müdafiə etmək qüdrətinə malikdir. Beynəlxalq hərbi tədqiqat mərkəzlərinin rəyinə görə, Azərbaycan Ordusu regionun ən hazırlıqlı və müasir hərbi strukturu sayılır. Ümumiyyətlə, yüksək döyüş hazırlığına malik olan Azərbaycan Ordusu qarşıya qoyulan istənilən vəzifəni icra etmək gücündədir. Bununla belə, hər zaman inkişafa əsaslanan Azərbaycan müasir ordu bölmələrinin yaradılması yönündə əsaslı addımları ilə seçilir. Prezident İlham Əliyev sözügedən müsahibədə müharibədən sonra yaradılan yeni qoşun növü- Komando növü ilə bağlı fikirlərini bölüşüb. Dövlət başçısı bildirib ki, bizim komando qüvvələrimiz artıq tam formalaşıb, çox böyük qüvvəyə çevrilib və bu proses davam etdirilir: “Yeni komando qüvvələri yaradılacaq. Onların sayı daha da artacaq. Xüsusi Təyinatlı Qüvvələrimizin, hansı ki, müharibənin əsas yükünü öz üzərinə götürmüşdü, onların da sayını ən azı iki dəfə artırmışıq və artıracağıq. O cümlədən bütün təchizat ən yüksək səviyyədə təmin edilir”.

Eyni zamanda, Silahlı Qüvvələrin ayrı-ayrı bölmələrinin döyüş qabiliyyətinin getdikcə daha da artırılması və bu məqsədlə yeni, müasir hərbi-sənaye güclərinin formalaşdırılması, texniki təchizatın mükəmməl səviyyəyə qaldırılması da dövlətimizin əsas prioritetlərindəndir. Hazırki həssas məqam Azərbaycan dövlətinin bu sahəyə xüsusi diqqət ayırmasını zəruri edir. Vurğulanmalıdır ki, dövlətimizin apardığı siyasi kurs ordumuzun müasir standartlar əsasında formalaşmasını təmin edib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən köklü islahatlar nəticəsində bu gün Azərbaycan Silahlı Qüvvələri regionun ən güclü ordusuna çevrilməklə yanaşı, bütün dünyada ən müasir silahlı qüvvələrdən sayılır. Ölkə Prezidenti müsahibəsində də bildirib ki, Sərhəd Xidmətinin xüsusi təyinatlılarının sayını artırmışıq, Daxili Qoşunların xüsusi təyinatlıları, Dövlət Təhlükəsizlik Xidmətinin, Xarici Kəşfiyyat Xidmətinin xüsusi təyinatlıları, dəstələri, qrupları yaradılmışdır: “Dəniz piyadalarının sayını bir neçə dəfə artırmışıq. Naxçıvan Əlahiddə Ordunun xüsusi təyinatlılarının sayını artırmışıq. Yəni, onun sayını mən indi deyə bilmərəm, çünki hesab edirəm ki, bu, düzgün olmaz. Bununla paralel olaraq, onların sayı hələ artır. Biz hələ qarşıya qoyduğumuz hədəfə çatmamışıq. Biz artıq elə bir qüvvə yaratmışıq və yaradacağıq ki, yəni, bununla hesablaşmamaq özünəqəsd kimi sayılmalıdır”.

Bizimlə heç kim zarafat etməsin...

Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın artan iqtisadi imkanları ölkəmizdə ordu quruculuğu istiqamətində və müdafiə sənayesi sektorunda davamlı layihələrin həyata keçirilməsinə, yüksək inkişaf əldə olunmasına  əhəmiyyətli baza yaradıb. Bu isə son illərdə hərbi və müdafiə sənayesi sektorunda genişmiqyaslı kompleks islahatların daha da təkmilləşdirilməsi, bu sahələrin daha dinamik inkişafı üçün əlverişli imkanlar açır. Bu gün dünyada artan təhdidlər, qlobal təhlükəsizlik arxitekturasının zərər görəcəyi ilə bağlı proqnozlar dünyanı bu hədəfə fokuslayıb. Azərbaycan isə artıq bir neçə ildir ki, hərbi sənayesinin gücləndirilməsi yönündə fəal iş aparır. Təbii ki, artıq Ermənistan təhlükəsi bitib - bununla belə, ölkəmiz özünün təhlükəsizliyini təmin etmək üçün hər an hazır olmalıdır. Prezident İlham Əliyev də bildirib ki, biz Ermənistanla məsələni həll etmişik. Əminəm ki, üçüncü müharibə olmayacaq. Amma təhdidlər aradan qalxmayıb, müharibədən sonra yeni təhdidlərlə üzləşmişik: “Bu təhdidlərə sinə gərmək asan məsələ deyil - həm iradə olmalıdır, həm də ki, özündə əminlik olmalıdır. Biz heç vaxt avantüraya getməmişik və getməyəcəyik. Əgər bu təxribatlara qarşı biz, necə deyərlər, çox sarsıdıcı şapalaq vurmuşuqsa, deməli bu, sadəcə olaraq, təbliğat deyil, özümüzdə güc hiss edirik. Hər kəs bunu bilməlidir ki, bizimlə heç kim zarafat etməsin. Biz bunu müharibədən dərhal sonra başlamışıq. Çünki bilirdik ki, dünyanın gələcəyini bu, müəyyən edəcək. Amma Rusiya-Ukrayna müharibəsindən sonra görün, indi hər kəs bunu edir, hər kəs. Avropanın ən böyük ölkələri, hansılar ki, ordu quruculuğuna ümumiyyətlə fikir vermirdilər, indi ordularını yaradırlar. İndi vahid Avropa ordusu haqqında danışmağa başlayıblar. İndi hərbi təyinatlı məhsulları buraxmağa başlayıblar, yaxud da ki, genişləndirirlər. Biz buna nə vaxtdan başlamışıq? Artıq 15 ildir. Onu da bildirməliyəm ki, biz əsas Türkiyə və İsrail şirkətləri ilə, digər ölkələrin şirkətləri ilə yeni kontraktlar bağlamışıq, eyni zamanda, yerli istehsalı genişləndirmək üçün bir neçə aparıcı şirkətlə indi danışıqların son mərhələsindəyik”.

Ermənistan revanş edə bilməyəcək...

Ermənistan isə Azərbaycanda gedən bu yüksəksəviyyəli ordu quruculuğuna  özünəməxsus şəkildə “cavab verməyə” çalışır. Məsələn, bəzi havadarları bu ölkəni slahlandırır. Bəzi dövlətlər isə - Hindistanın timsalında Ermənistana ucuz qiymətə köhnə silahlar “təklif edir”. Bu kimi faktları özü üçün “ordu quruculuğu” təbliğatına çevirmək istəyən Ermənistanın siyasi-hərbi rəhbərliynin cəhdləri isə fiaskoya məhkumdur. Çünki bu kimi “ordu quruculuğu” Ermənistanda yanlış illüziyalar yaradır. Amma nəticə etibarı ilə Ermənistan bir daha yanlışlığa yol verməməlidir. “Dəmir yumruq” hər zaman öz yerindədir. Ermənilərin yanlışlıqla “revanşizm” arzusuna düşməsi onların sonunu gətirə bilər.

Prezident İlham Əliyev də bildirib ki, Ermənistana istənilən silah verilərsə, onlara kömək etməyəcək və mən Ermənistan tərəfinə bir neçə dəfə bunu demişəm: “Demişəm ki, buna əbəs yerə vəsait xərcləməyin. Çünki birincisi, bu sizə kömək etməyəcək, ikincisi ölkənizdə olan revanşist qüvvələrdə hansısa bir illüziya yarada bilər. İllüziya yarada bilər ki, siz revanş edə bilərsiniz. Edə bilməyəcəksiniz! Biz əgər görsək ki, bizim üçün hər hansı bir ciddi təhlükə varsa, bu təhlükəni dərhal dəf edəcəyik. Baxmayaraq ki, bu təhlükə harada yaranıb, bizim ərazimizdə, yaxud da ki, hüdudlarımızın kənarında. Bu, bizim legitim hüququmuzdur. Ona görə belə cəhdlər var və biz görürük, bilirik hansı ölkələr Ermənistana silah verməyə hazırlaşırlar. Əfsuslar olsun ki, onların arasında Hindistan da indi rol alıb. Biz bunu qeyri-dost addım kimi qiymətləndiririk. Çünki bu silahların, özü də hücum silahlarının bir hədəfi var, o da Azərbaycandır. Ona görə biz, əlbəttə ki, lazımi tədbirləri görürük və imkan verə bilmərik ki, Ermənistan bizim üçün təhlükə yaratsın, heç vaxt imkan verə bilmərik”.

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 131 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sabahın hava proqnozu

04 Fevral 12:34

Xəbər lenti

Fevralın 15-dən...

04 Fevral 11:30

Xəbər lenti

MEDİA

Sosial

Ödənişli olacaq

04 Fevral 10:44

Analitik

Siyasət

Gündəm

Siyasət

Səkkiz gün keçdi...

04 Fevral 10:17

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Son 5 ay ...

03 Fevral 11:02

Sosial

Ədəbiyyat

Allahı qoruyan şair

03 Fevral 10:56

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28