Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan-İsrail münasibətləri...

Azərbaycan-İsrail münasibətləri...

19.01.2023 [10:24]

İki dost ölkə arasında əlaqələr davamlı olaraq inkişaf edir

NARDAR

Azərbaycanın xarici siyasətində dünya ölkələri ilə qarşılıqlı etimada əsaslanan bərabərhüquqlu münasibətlərin qurulması prioritetdir. Bu siyasət nəticəsində ölkəmizin xarici əlaqələri, dostluq münasibətləri daim güclənir. Azərbaycana yaxın dost və tərəfdaş ölkələrdən biri də İsrail dövlətidir.  Azərbaycan və İsrail xalqları arasında dostluq əlaqələrinin qədim tarixi var. Bu xalqlar həmişə bir-birinin dilinə, dininə, mədəniyyətinə dərin hörmətlə, ehtiramla yanaşıblar. Ölkələrimiz arasında siyasi münasibətlər də yüksək səviyyədədir. Son vaxtlar qarşılıqlı diplomatik səfərlərin reallaşması buna nümunədir. Yanvarın 17-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə İsrail Dövlətinin Xarici İşlər Nazirliyinin siyasi direktoru Aliza Bin Nunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, İsrail nümayəndə heyəti Xarici İşlər Nazirliyinin Mərkəzi Aparatının yüksək vəzifəli şəxsləri və İsrailin Avrasiya ölkələrindəki səfirlərindən ibarət olub. Görüş zamanı tərəflər ikitərəfli və çoxtərəfli münasibətlərin müxtəlif aspektləri, o cümlədən Azərbaycanla İsrail arasında iqtisadi, təhlükəsizlik, təhsil, yüksək texnologiyalar və digər istiqamətlərdə əməkdaşlığın perspektivləri barədə ətraflı müzakirə aparıblar.

Səfirlərin Bakı görüşü

Ceyhun Bayramov ötən il 30 illiyinin qeyd olunduğu Azərbaycan-İsrail diplomatik münasibətlərinin və ikitərəfli əməkdaşlığın inkişaf səviyyəsindən məmnunluğunu ifadə edərək, xalqlarımızın birgəyaşayış tarixinin yüz illəri əhatə etdiyini vurğulayıb. Nazir İsraildə Azərbaycanın turizm bürosunun və ticarət nümayəndəliyinin fəaliyyətinin, bu yaxınlarda səfirliyinin təsis edilməsinin münasibətlərin daha da inkişafına əhəmiyyətli töhfə verəcəyini bildirib. Görüş zamanı Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti, ölkəmizin ərazilərinin 30 ilə yaxın Ermənistan tərəfindən işğalı, həmçinin 44 günlük Vətən müharibəsindən sonra ölkəmizin Ermənistanla münasibətlərin qurulması və sülh prosesi istiqamətində atdığı addımlar və təşəbbüslər barədə qarşı tərəf məlumatlandırılıb. Bununla yanaşı, Ermənistan tərəfindən törədilən təxribatlar qeyd olunub.

Aliza Bin Nun Azərbaycana səfər etməkdən məmnunluğunu ifadə edərək, İsrailin Avrasiyadakı səfirlərinin görüşünün məhz Bakıda keçirilməsinin İsrailin ölkəmizlə münasibətlərə verdiyi önəmin göstəricisi olduğunu diqqətə çatdırıb. O, Azərbaycanda yaşayan yəhudi icmasının iki ölkəni birləşdirən körpü rolunu oynadığını bildirib. Aliza Bin Nun İsrail ilə Azərbaycan arasında ikitərəfli və çoxtərəfli formatlarda mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün səylərin daha da artırılmasında İsrail tərəfinin maraqlı olduğunu diqqətə çatdırıb.

Görüş çərçivəsində iki ölkə arasında yüksəksəviyyəli dialoq və səfərlərin həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb, həmçinin qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələlər müzakirə edilib.

Qeyd edək ki, İsrail Avrasiyadakı səfirlərinin görüşünü indiyə qədər başqa ölkələrdə reallaşdırırdı. Bu dəfə səfirlərin bir araya toplaşması üçün Bakının seçilməsinin mühüm səbəbləri var. Belə ki, davamlı iqtisadi inkişafa, ictimai-siyasi sabitliyə malik olan Azərbaycanın beynəlxalq nüfuzu və mövqeyi zaman keçdikcə daha da möhkəmlənir. Bu da səbəbsiz deyil. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü daxili və xarici siyasət ölkəmizin dinamik inkişaf yolu ilə irəliləməsini şərtləndirməklə yanaşı, çoxsaylı nailiyyətlərin əldə edilməsini də təmin edib. Qazanılmış çoxsaylı nailiyyətlər isə öz növbəsində Azərbaycanın uğurlarının davamlı olacağını deməyə əsas verir. Eyni zamanda, Azərbaycanın mühüm beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməsi ölkəmizin nüfuzunun və qüdrətinin təzahürüdür. Başqa sözlə, Azərbaycanın beynəlxalq arenada mövqeyini möhkəmləndirən, davamlı uğurlarını şərtləndirən amillərdən biri məhz ölkəmizin dünyamiqyaslı mötəbər tədbirlərə uğurla ev sahibliyi etməsidir. Çoxsaylı beynəlxalq forumların, sivilizasiyalararası tədbirlərin ölkəmizdə uğurla keçirilməsi Azərbaycanın beynəlxalq dialoq məkanı kimi çıxış etməsini göstərir. Prezident

İlham Əliyevin qeyd etdiyi kimi, hazırda Azərbaycan Cənubi Qafqaz regionunun siyasi, iqtisadi və humanitar mərkəzinə çevrilib. Bakı şəhərinin mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etməsi artıq ənənə halını alıb.

İsraildə səfirliyimizin açılması əlaqələrimizi gücləndirəcək

Ümumiyyətlə, bu kimi faktlar Azərbaycanın qlobal miqyasda imicinin yüksəldiyini, ölkəmizin təhlükəsiz məkan kimi səciyyələndirildiyini göstərir. Azərbaycan Prezidentinin apardığı uğurlu və çoxvektorlu xarici siyasət kursu bu amilin reallaşmasında ən mühüm şərt kimi çıxış etməkdədir. Məhz Prezident İlham Əliyevin yürütdüyü siyasət əməkdaşlığa, qarşılıqlı milli maraqların qorunmasına, yüksək səviyyəli tərəfdaşlığa əsaslandığı üçün dünyanın aparıcı dövlətləri, beynəlxalq təşkilatlar Azərbaycana etimad göstərirlər. Bir sözlə, Azərbaycan özünün çoxşaxəli və mütərəqqi siyasi kursu ilə müasir dünyanın, xalqlararası əməkdaşlığın inkişafında və sivilizasiyalararası dialoqda mühüm rol oynayır. Bütövlükdə isə, Şərq ilə Qərb arasında körpü rolunu oynayan Azərbaycan Cənubi Qafqaz regionunun siyasi, iqtisadi və humanitar mərkəzinə çevrilib, paytaxt Bakının mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etməsi ənənə halını alıb.

Azərbaycan-İsrail siyasi əlaqələrinə gəlincə, bu əlaqələr yüksələn xətlə inkişaf edir. Ötən il dekabrın 28-29-da Azərbaycanın xarici işlər nazirinin müavini Fariz Rzayevin rəhbərlik etdiyi nümayəndə heyətinin İsrailə işgüzar səfəri çərçivəsində Azərbaycan və İsrail Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib. Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Fariz Rzayev, İsrail tərəfindən isə Xarici İşlər Nazirliyinin siyasi direktoru Aliza Bin Nun rəhbərlik edib. Məsləhətləşmələr zamanı ikitərəfli münasibətlərin siyasi, iqtisadi və humanitar sahələri üzrə hazırkı vəziyyət və inkişaf perspektivləri müzakirə olunub. Azərbaycan nümayəndə heyəti, həmçinin İsrail Xarici İşlər Nazirliyinin Baş direktoru Alon Uşpitz ilə görüşüb. Bununla yanaşı, Azərbaycan İnkişafa Yardım Agentliyinin (AIDA) rəisi Elməddin Mehdiyev ilə İsrailin Beynəlxalq İnkişaf Əməkdaşlığı Agentliyinin (MASHAV) rəis müavini Aviv Ezra arasında görüş keçirilib. İsrailə səfər çərçivəsində İsrailin təhsil və elmi araşdırma mərkəzlərinin nümayəndələri ilə də görüşlər təşkil olunub.

İki ölkə arasında yüksək əlaqələrin daha bir nümunəsi isə Azərbaycanın İsraildə səfirliyinin açılmasıdır. Belə ki, ötən il Milli Məclis bu ölkədə səfirliyimizin açılması barədə qərar qəbul edib. Bu il yanvarın 11-də isə dövlət başçısının Sərəncamı ilə Muxtar Məmməd oğlu Məmmədov Azərbaycan Respublikasının İsrail Dövlətində fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Bu və digər faktlar ölkələrimizin dostluq münasibətlərinin davamlı olaraq güclənməsindən xəbər verir.

        

Paylaş:
Baxılıb: 88 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Siyasət

Xəbər lenti

Sosial

Siyasət

Analitik

Bayram, yoxsa matəm?

28 Yanvar 10:27

Xəbər lenti

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31