Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / “Azadıstan”a gedən yol...

“Azadıstan”a gedən yol...

07.04.2023 [10:29]

7 aprel - Təbriz üsyanı

Şeyx Məhəmməd Xiyabaninin rəhbərlik etdiyi hərəkat bu tarixdə İran rejimi üzərində qələbə qazanmışdı

N.BAYRAMLI

Birinci Dünya müharibəsinin doğurduğu tarixi şəraitdə, Azərbaycanın şimalında olduğu kimi, Cənubi Azərbaycanda da xalq öz milli dövlətçilik ənənələrinin dirçəlişi uğrunda mübarizəyə qalxmışdı. Müharibə illərində İran ərazisi, o cümlədən ölkənin şimal-qərbini əhatə edən Cənubi Azərbaycan torpaqları da xarici dövlətlərin hərbi əməliyyat meydanına çevrilmişdi. İran irticası və işğalçılarının ağalığı xalqın onsuz da ağır olan vəziyyətini, ölkə daxilindəki ziddiyyətləri son həddə çatdırmışdı. Rusiyada fevral inqilabı nəticəsində çar mütləqiyyəti devrilsə də, rus qoşunları hələ də Cənubi Azərbaycanı işğal altında saxlayırdı. Şahlıq rejiminə və xarici işğalçılara qarşı bütün İranı əhatə edən xalq hərəkatı, konstitusiyalı quruluş və demokratik dəyişikliklər uğrunda mübarizə, çox çəkmədən, Cənubi Azərbaycanda milli azadlıq hərəkatı xarakteri almağa başladı.

Rusiyada baş verən hadisələr, Azərbaycanın şimalında azadlıq hərəkatının qələbəsi, milli dövlətçilik ənənələrinin dirçəlişi və Azərbaycan Xalq Cümhuriyyətinin həyata keçirdiyi islahatlar Cənubi Azərbaycanda milli azadlıq hərəkatını daha da qüvvətləndirdi. Cənubi Azərbaycanda milli azadlıq hərəkatına 1905-1911-ci illər İran inqilabının fəal iştirakçısı olan Şeyx Məhəmməd Xiyabani  başçılıq edirdi. Şeyx Məhəmməd Xiyabaninin başçılıq etdiyi azadlıq mücahidləri daxili irticaya və yadelli işğalçılara qarşı mübarizə aparırdı. Cənubi Azərbaycan əhalisinin vahid cəbhə halında azadlıq mücadiləsinə qalxmasında Azərbaycan Demokrat Firqəsi (ADF) mühüm rol oynayırdı.

Xiyabaninin göstərişi ilə hərəkət edən demokratlar Təbriz, Ərdəbil, Xoy, Urmiya, Sərab, Zəncan və b. Azərbaycan şəhərlərində əhalini mitinqlərə qaldırır, ingilispərəst İran hökumətinin istefasını və ölkədə demokratik islahatlar keçirilməsini tələb edirdilər. Milli azadlıq hərəkatının genişlənməkdə olduğu bir şəraitdə - 1918-ci ilin əvvəllərində rus qoşunları Cənubi Azərbaycandan çıxarıldı. Bundan istifadə edən İngiltərə öz hərbi qüvvələrini Cənubi Azərbaycanda yerləşdirməyə başladı. İngilislərin Cənubi Azərbaycanın Osmanlı ilə həmsərhəd rayonlarını ələ keçirməsi və bununla bütün İranı nəzarət altına almaları ölkədə narazılığı daha da artırdı, Cənubi Azərbaycanda milli azadlıq hərəkatını daha da qüvvətləndirdi. Belə bir şəraitdə keçmiş rus zabitləri tərəfindən silahlandırılmış erməni quldurları Şərqi Anadolu və Şimali Azərbaycanda olduğu kimi, Cənubi Azərbaycanın Türkiyə ilə sərhəd bölgələrində də Azərbaycan türklərinə qarşı soyqırımına başladılar. Yaranmış ağır vəziyyətdə qardaş Osmanlı hərbi qüvvələri cənublu soydaşlarımızın köməyinə çatdı. 1918-ci ilin martından başlayaraq Maku, Urmiya və Salması işğalçılardan və erməni quldurlarından təmizləyən türk hərbi hissələri Təbrizə daxil oldular. Beləliklə, Cənubi Azərbaycan ərazisində də xalqımıza qarşı həyata keçirilən soyqırımının qarşısı alındı. Lakin Osmanlı üçün yaranmış çox ağır beynəlxalq şəraitdə türk hərbi qüvvələri 1918-ci ilin noyabrında Cənubi Azərbaycanı tərk etməli oldular. Bundan istifadə edən ingilislər Təbriz də daxil olmaqla bütün Cənubi Azərbaycanı işğal etdilər. Beləliklə, İran ərazisi tamamilə ingilislərin nəzarəti altına keçdi.

1919-cu ilin avqustun 9-da işğalçıların təzyiqi altında İranla İngiltərə arasında saziş bağlandı. Sazişin şərtlərinə əsasən İran İngiltərədən asılı dövlətə çevrilirdi. Bu saziş xalq hərəkatını daha da alovlandırdı. Cənubi Azərbaycanın hər yerində izdihamlı mitinqlər və nümayişlər başlandı. 1919-cu ilin oktyabrında üsyana qalxan Təbriz mücahidləri İran valisini şəhərdən qovdular. Bundan çox keçməmiş Təbriz əhalisinin tələbi ilə ingilis hərbi hissələri də şəhərdən çıxarıldı.

Milli azadlıq hərəkatı getdikcə daha ardıcıl xarakter aldı və özünün həlledici mərhələsinə daxil oldu. 1920-ci il aprelin 7-də Şeyx Məhəmməd Xiyabaninin rəhbərliyi ilə Təbrizdə silahlı üsyan başlandı. Bütün Təbriz əhalisi üsyançıların müdafiəsinə qalxdı. Üsyanı yatırtmaq üçün mərkəzdən göndərilmiş polis dəstələri buna cəsarət göstərməyərək şəhəri tərk etdilər. Xalqın misli görünməmiş fəallığı nəticəsində 1920-ci ilin 7 aprel üsyanı qan tökülmədən qalib gəldi.

Təbriz üsyançıları dərhal əməli fəaliyyətə başladılar. Mərkəzdən göndərilmiş dövlət məmurları və hərbi qulluqçular vəzifələrindən kənar edildilər. Bütün dövlət idarəçiliyi ADF fəallarının əlinə keçdi. Beləliklə, bütün İran ərazisində demokratik dəyişikliklər və yeniləşmə uğrunda başlanmış hərəkat, nəticə etibarilə, milli azadlıq hərəkatına çevrildi. Azərbaycanın müstəqil dövlətçilik ənənələrinin dirçəldilməsinə başlandı. Xalq azadlığa can atır, özünün müstəqil, milli dövlətini yaratmaq istəyirdi. Təbrizdə silahlı üsyan qələbə çaldıqdan sonra Xoy, Ərdəbil, Astara, Marağa, Əhər və Zəncanda da üsyanlar baş verdi. Cənubi Azərbaycanda baş verən milli azadlıq hərəkatı İranın başqa yerlərində də daxili irticadan və ingilislərdən narazı olan qüvvələr tərəfindən rəğbətlə qarşılandı. İrticaya və ingilis ağalığına qarşı ümumxalq narazılığının bütün İranı əhatə etdiyi şəraitdə Təbriz üsyançıları daha qəti addımlar atmağa başladılar. 1920-ci il iyunun 23-də Təbrizdə Ş.M.Xiyabaninin başçılığı ilə Milli Hökumət yaradıldı. ADF fəallarından ibarət olan Milli Hökumətin tərkibi əhalinin müxtəlif təbəqələrinin nümayəndələrindən ibarət idi.

Milli Hökumətin fəaliyyətə başladığı 24 iyun günü Təbrizdə ümumxalq bayramına çevrildi. Bütün müəssisələrdə, tədris ocaqlarında iş dayandırıldı, bazarlar bağlandı. Milli Hökumətin qərarı ilə, mərkəzdən göndərilmiş bütün dövlət məmurları, İran valisi də daxil olmaqla Təbrizdən çıxarıldılar. Bu, faktiki olaraq, Cənubi Azərbaycanda mürtəce şahlıq rejiminin - İran hakimiyyətinin devrilməsi və milli dövlətçilik ənənələrinin dirçəlişi demək idi. Şeyx Məhəmməd Xiyabaninin başçılıq etdiyi Milli Hökumət isə müstəqil demokratik respublika funksiyasını yerinə yetirirdi. Milli Hökumətin rəhbərləri inanırdılar ki, Təbrizdən sonra bütün İran ayağa qalxacaq, şahlıq idarə üsulu devriləcək, xalq hakimiyyətə gələcək və bütün ölkədə respublika quruluşu bərqərar olacaq.

Beləliklə, Milli Hökumət iqtisadiyyat, maarif, səhiyyə və digər sahələrdə islahatlara başladı. İlk növbədə dözülməz vəziyyətə düşmüş yoxsul əhalinin, o cümlədən təbrizlilərin vəziyyətini yaxşılaşdırmaq üçün müxtəlif xarakterli tədbirlər görüldü. Savadsızlığın ləğvinə başlandı, milli məktəblər, xəstəxanalar açıldı. Təbrizdə yoxsul uşaqları üçün pulsuz qız məktəbi fəaliyyətə başladı. Yeni açılmış milli məktəblərdə dərs demək üçün Bakıdan, Türkiyədən, Tiflisdən müəllimlər dəvət olundu. Milli qvardiya yaradılması üçün hazırlıq işlərinə başlandı. Milli Hökumətin öz jandarm və polis dəstələri yaradıldı, polis məktəbi açıldı. Eyni zamanda, yeni iş yerləri açılması, pul islahatı keçirilməsi, bank-maliyyə sistemi yaradılması, bələdiyyə seçkiləri keçirilməsi üçün hazırlıq işləri görülməsinə, torpaq islahatına başlandı. Bu məqsədlə yeni idarələr, müəssisələr, nazirliklər yaradıldı.

Göründüyü kimi, Milli Hökumətin həyata keçirdiyi bütün tədbirlərin, nəzərdə tutulan islahatların özü də, əslində, Cənubi Azərbaycanda respublika tipli müstəqil, demokratik dövlət yaradılmasına yönəlmişdi. Yaradılmaqda olan müstəqil Azərbaycan dövləti Azadıstan Məmləkəti adlanırdı. Buna müvafiq olaraq bütün rəsmi sənədlərdə, blanklarda, habelə nazirliklərin, idarə və müəssisələrin adı əks olunan lövhələrdə Azərbaycan adı “Azadıstan”la əvəz olundu. Xiyabani öz doğma xalqını daim maariflənməyə, inkişaf naminə mübarizəyə çağırır, müstəqilliyin, azadlığın yalnız bu yolla əldə olunacağına inanırdı.

Cənubi Azərbaycanda milli azadlıq hərəkatı dərinləşməkdə idi. Azərbaycan xalqı, faktiki olaraq, özünün respublika tipli demokratik dövlətini yaratmağa başlamışdı. Azadıstan Məmləkətinin uğurları bütün İranı hərəkətə gətirmişdi. Qorxuya düşən şahlıq rejimi, həmçinin İranı öz asılılığında saxlamağa çalışan və Bakı neftinə can atan ingilislər real təhlükə qarşısında qalmışdılar. Odur ki, İran irticası və ona yaxından kömək edən ingilislər Tehranda Milli Hökumətə qarşı qəsd hazırlamağa başlamışdılar. Tehran rejimi bir tərəfdən Milli Hökuməti aldatmaq məqsədilə Xiyabani ilə danışıqlar aparır, müxtəlif vədlər verir, digər tərəfdən isə Təbrizə hücum planı hazırlayırdı. Bütün hazırlıq işləri başa çatdırıldıqdan sonra 1920-ci il sentyabrın 12-də təpədən dırnağadək silahlanmış irtica qüvvələri Təbrizə hücum etdilər. Təbriz üsyançıları iki gün ərzində qəhrəmancasına müqavimət göstərdilər. Lakin sayca çox olan və yaxşı silahlanmış şah qüvvələri üstünlüyü ələ ala bildi. Sentyabrın 14-də Xiyabani öldürüldü və üsyan qan içərisində boğuldu. Beləliklə, Azərbaycan xalqının istiqlal mübarizəsinin daha bir parlaq səhifəsi tarixə qovuşdu. Şimali Azərbaycanda Sovet Rusiyasının qanlı bolşevik rejimi Azərbaycan Xalq Cümhuriyyətinin varlığına son qoyduğu kimi, Cənubi Azərbaycanda da İranın irticaçı şahlıq rejimi Azadıstan Məmləkətini qan içində boğdu.

Təəssüflər olsun ki, bu gün də İran rejimi cənublu soydaşlarımıza qarşı irtica mövqeyində dayanır, onları öz ana dillərində təhsil almaqdan belə məhrum edir. Digər tərəfdən, bu rejim Azərbaycana və azərbaycanlılara qarşı siyasətində ermənilərlə fəal əməkdaşlıq edir. 44 günlük Vətən müharibəsində Azərbaycanın öz topraqlarını erməni işğalından azad etməsini rəsmi Tehran həzm edə bilmir. Bundan sonra Ermənistanla münasibətləri daha da gücləndirib, Azərbaycanla isə təhdid dilində danışmağa çalışır. Qədim Azərbaycan şəhəri Təbrizdə isə Ermənistanın konsulluğunu açmaq istəyir. Cənublu soydaşlarımız isə  rejimə qarşı öz etiraz səslərini ucaltmaqdadırlar. Xalqın etirazları bu rejimin sonunu yaxınlaşdırır. 

Paylaş:
Baxılıb: 906 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

MEDİA

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31