Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan - Müqəddəs Taxt-Tac münasibətləri...

Azərbaycan - Müqəddəs Taxt-Tac münasibətləri...

12.07.2023 [10:36]

Dövlət katibi kardinal Pietro Parolinin ölkəmizə səfəri qarşılıqlı əlaqələrimizi daha da gücləndirəcək

Nardar BAYRAMLI

Azərbaycan  Müqəddəs Taxt-Tacla əlaqələrin inkişafına böyük önəm verir. Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolinin ölkəmizə səfəri də qarşılıqlı münasibətlərin səviyyəsindən xəbər verir. Azərbaycan Prezidenti

İlham Əliyev iyulun 10-da Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolini qəbul edib. Dövlətimizin başçısı münasibətlərimizin dərinləşdirilməsində qarşılıqlı səfərlərin önəmini qeyd edərək, özünün 2020-ci ildə Vatikana səfərini və Pietro Parolin ilə görüşünü, həmçinin Roma Papası Fransiskin ölkəmizə səfərini məmnunluqla xatırlayıb. Prezident kardinal Pietro Parolinin səfərinin əlaqələrimizin genişlənməsi işinə töhfə verəcəyinə əminliyi vurğulayıb. Dövlətimizin başçısı Azərbaycanın Müqəddəs Taxt-Tacda səfirliyinin açılmasını qeyd edib.

Azərbaycan Prezidenti ilə görüşdən məmnunluğunu ifadə edən kardinal Pietro Parolin Roma Papası Fransiskin salamlarını və ən xoş arzularını, həmçinin ölkəmizdə katolik icmaya göstərilən diqqətə görə təşəkkürünü dövlətimizin başçısına çatdırıb. Söhbət zamanı Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tac arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirilib. Kardinal Pietro Parolin ölkəmizdə dini abidələrin bərpası istiqamətində görülən işləri vurğulayıb, katolik kilsəsində aparılan bərpa işlərinə görə Heydər Əliyev Fondunun fəaliyyətini yüksək qiymətləndirib.

Uğurlu əməkdaşlıq

Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin ölkəmizə səfəri çərçivəsində xarici işlər naziri Ceyhun Bayramovla görüşüb. Görüş zamanı regionda ikitərəfli əməkdaşlıq sahələri və sülh səyləri müzakirə edilib.

Xatırladaq ki, ötən il Azərbaycanla Müqəddəs Taxt-Tac arasında diplomatik münasibətlərimizin yaradılmasının 30 illiyi qeyd edilib. Prezident İlham

Əliyevin Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ilə əlaqədar Papa Fransiskə göndərdiyi məktubda “Biz Müqəddəs Taxt-Tac ilə əlaqələrimizə xüsusi önəm veririk. Məmnunluqla qeyd etmək istəyirəm ki, qarşılıqlı hörmət ilə səciyyələnən münasibətlərimiz otuz illik dövr ərzində böyük inkişaf yolu keçmişdir. 2002-ci ilin mayında Papa II İohann Pavelin və 2016-cı ilin oktyabrında Zati-müqəddəslərinizin Azərbaycana tarixi səfərləri həm ikitərəfli əlaqələrimiz, həm də sivilizasiyalararası dialoq baxımından mühüm əhəmiyyət kəsb etmişdi. Mən də Vatikana etdiyim üç rəsmi səfəri, Sizinlə həm Bakıda, həm də Vatikanda keçirdiyimiz görüşləri ən xoş təəssüratlarla xatırlayıram”, - deyə qeyd edilib. Prezident İlham Əliyev Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tac arasında formalaşmış səmərəli əməkdaşlığın əhəmiyyətinə də toxunub. Vurğulanıb ki, Fond tərəfindən Vatikanda bir sıra bəşəri əhəmiyyət daşıyan tarixi abidələrin bərpası həyata keçirilib, mədəni irsin qorunması sahəsində böyük işlər görülüb.

Tolerantlıq nümunəsi

Dünyanın ayrı-ayrı ölkələrindən, regionlarından olduğu kimi,  Vatikandan da Azərbaycana mənəvi-siyasi baxış müsbət çalarlarla zəngindir. Bu isə təsadüfi deyil və bir sıra amillərlə şərtlənir. Əvvəla, Azərbaycanda dini etiqad və vicdan azadlığı tam təmin edilib, ölkədə çoxlu sayda dini icma fəaliyyət göstərir, hər kəsin dini ayinləri sərbəst şəkildə yerinə yetirməsi üçün zəruri şərait təmin olunub. Müxtəlif dini dünyagörüşünə malik olan insanlar öz vicdan və etiqad azadlıqlarından sərbəst istifadə edirlər. Azərbaycanda milli, dini müxtəliflik insanlar arasında fərq yaradan amil kimi deyil, cəmiyyətin üstün dəyəri kimi çıxış edir. Azərbaycanda multikulturalizm, dinlərə və mədəniyyətlərə tolerant yanaşma cəmiyyətin həyat tərzidir, bütün dinlərə hörmətlə yanaşılır. Respublikamızda İslam dininə aid tarixi-dini abidələrin bərpasına dövlət vəsaiti ayrıldığı kimi, digər dinlərlə bağlı da eyni yanaşma tətbiq olunur.

Qarşılıqlı səfərlərin əhəmiyyəti

Qeyd edək ki, ölkəmizdə katolik icmasının nümayəndələri də sülh, təhlükəsizlik və mehriban birgəyaşayış şəraitində yaşayırlar, fəaliyyət göstərirlər. Buna nümunə kimi, 2008-ci ildə Bakıda Katolik Kilsəsinin açılışını göstərmək olar. 2012-ci ildə isə Vatikan muzeylərində diplomatik əlaqələrimizin 20 illiyinə həsr edilmiş Azərbaycan sərgisi keçirilib. Qeyd edək ki, bu, Vatikanda ilk müsəlman ölkəsinin sərgisi idi. 2016-cı ildə isə Roma Papası Fransisk ölkəmizə səfər etmiş, Prezident

İlham Əliyev və xanımı Mehriban Əliyeva ilə görüşmüşdü. Səfər zamanı Prezident İlham Əliyev və Roma Papası Fransisk Heydər Əliyev Mərkəzində ictimaiyyətin nümayəndələri qarşısında çıxışları zamanı çox mühüm məqamlara toxunmuşdular.

2020-ci ildə Prezident İlham Əliyev İtaliyaya dövlət səfəri çərçivəsində birinci xanım Mehriban Əliyeva ilə birlikdə Vatikanda olublar, Katolik Kilsəsinin rəhbəri Papa Fransisk ilə görüşüblər. Papa Fransisk ölkəmizdə dini icmalar arasındakı tolerant münasibətlərə toxunub. Bildirib ki, dünyanın bir çox yerlərində gərginlik və münaqişələrin artdığı, bəzi dairələrin dini amildən istifadə edərək ədavəti və nifaqı daha da yaymağa çalışdığı bir vaxtda Azərbaycan əsl tolerantlıq nümunəsidir.

Heydər Əliyev Fondu Vatikanda önəmli layihələr həyata keçirib

Roma Papası Heydər Əliyev Fondu tərəfindən Vatikanda həyata keçirilən təmir-bərpa işlərini qeyd edib, Azərbaycan hökumətinə, xüsusilə də Fondun prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirib. Vurğulayıb ki, Vatikan Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərini heç vaxt yaddan çıxarmayacaq. Çünki məhz Heydər Əliyev Fondunun layihələri sayəsində Vatikanda bir çox tarixi abidələrin, o cümlədən katakombaların bərpasına nail olunub. Prezident İlham Əliyev isə deyib ki, ölkəmiz bütün dünyada dinlərin nümayəndələri arasında qarşılıqlı anlaşmanın, qardaşlıq və həmrəylik hisslərinin bərqərar olmasına çalışır və bu baxımdan dünyaya nümunədir. Azərbaycanın təqdim etdiyi tolerantlıq və birgəyaşayış nümunəsi dünyada münaqişələrin və toqquşmaların aradan qaldırılmasına xidmət edən əsas meyarlardan biridir. Təsadüfi deyil ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Vatikanda Papa Cəngavər Ordeninin ən ali dərəcəsinə - IX Piy Ordeninin Böyük Xaçına (Dama di Gran Croce dell’ordine Piano) layiq görülüb. O, bu ordenlə mədəniyyətin, o cümlədən Müqəddəs Taxt-Tac təsisatları ilə qarşılıqlı əlaqələrin inkişafına verdiyi töhfələrə görə təltif edilib.

Ümumiyyətlə, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasət, o cümlədən Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə reallaşdırılan layihələr Müqəddəs Taxt-Tac ilə münasibətlərin inkişafına xidmət etməklə, dövlətimizin imicini möhkəmləndirməklə yanaşı, ölkəmizə beynəlxalq miqyasda mənəvi-siyasi dəstəyi gücləndirir. Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolinin ölkəmizə səfəri isə qarşılıqlı əlaqələrimizi daha da gücləndirəcək.

Paylaş:
Baxılıb: 585 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Xəbər lenti

Gündəm

Sosial

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31