Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Mərkəzi Asiyanın seçimi: Rusiya, yoxsa Qərb?

Mərkəzi Asiyanın seçimi: Rusiya, yoxsa Qərb?

30.11.2023 [10:45]

Son zamanlar Qərblə Rusiya arasında intensivləşən mövqe savaşı tez-tez Mərkəzi Asiyada özünü büruzə verir. ABŞ ilə Avropa İttifaqının türk dövlətləri coğrafiyasına artan marağı Kremlin xüsusi diqqətindədir. Mərkəzi Asiya respublikaları isə həm Rusiya, həm də Qərblə normal münasibətlərini qoruyub saxlamağa çalışır. Məhz belə bir durumda balanslı siyasət strategiyası region dövlətlərinin qarşısında ən optimal həll yolu kimi durur.

Sanksiya təzyiqləri

Rusiya mediası yazır ki, Avropa İttifaqının sanksiyalar üzrə xüsusi nümayəndəsi David Sallivan noyabrın 28-30-da  Astana və Daşkəndə səfər edəcək. Bu, Sallivanın Mərkəzi Asiya ölkələrinə il ərzində üçüncü səfəridir. Səfərin məqsədi isə, qurumun rəsmi açıqlamasında qeyd olunduğu kimi, Aİ-nin Rusiyaya qarşı sanksiyaları barədə Qazaxıstan və Özbəkistan hakimiyyətləri ilə konstruktiv dialoqu davam etdirməkdir.

Bu haqda Avropa İttifaqının Qazaxıstan və Özbəkistandakı diplomatik nümayəndəliklərinin  mətbuat xidməti məlumat yayıb.

Rusiyalı ekspertlərin fikrinə görə, indiki halda bölgəyə belə tələsik gəlişin səbəbi prezidentlər Qasım-Jomart Tokayev və Vladimir Putin arasında Rusiya prezidentinin Qazaxıstanı “Rusiyanın ən yaxın müttəfiqi” adlandırdığı danışıqlar ola bilər. 

Xatırladaq ki, Avropa Komissiyası anti-Rusiya sanksiyalarına nəzarət və Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlərdən yayınmamaları, yan keçməmələri üçün üçüncü ölkələrlə, yəni, Rusiyaya yaxın ölkələrlə davamlı, yüksək səviyyəli münasibətlər saxlamaq məqsədilə “Aİ-nin sanksiyalar üzrə beynəlxalq xüsusi nümayəndəliyi” vəzifəsini təsis edib. Bu posta mart ayında Qırğızıstana, apreldə isə Qazaxıstan və Özbəkistana səfər etmiş diplomat David Sallivan təyin olunub.

Rusiya mətbuatının bu məsələlərə geniş yer verməsindən anlaşılır ki, Aİ-nin sanksiyalar üzrə xüsusi nümayəndəliyi kimi bir vəzifənin təyin olunması və bu nümayəndəliyin Mərkəzi Asiya regionu ilə işləmək cəhdləri Moskvanı təbii olaraq narahat edir.

Ehtimal etmək olar ki, Sallivan Qazaxıstan prezidenti ilə görüşündə Rusiya prezidentinin Astanaya sonuncu  səfərinin nəticələrini müzakirə edəcək. Rusiyalı ekspertlərin fikrincə, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Vladimir Putini əmin edib ki, o, Rusiyanın digər ölkələrlə ticarətinə qoyulan məhdudiyyətlərin əleyhinədir. Rusiya mediası yazır ki, Tokayev Rusiyanın ixrac etdiyi ərzaq məhsullarının, toxum və gübrələrin dünya bazarına çıxarılmasına qoyulan qadağaların aradan qaldırılmasını təklif edib.

Aİ-nin Asiyadakı arzuları

Bəzi analitiklər isə Qazaxıstanın məlum cəbhələşmədə hansı qütbün yanında dayandığını tam əminliklə söyləməyin çətin olduğunu bildirirlər. Rusiya ilə sıx iqtisadi, ticari, mədəni əlaqələrinə və yaxın qonşuluq münasibətlərinə baxmayaraq, Qazaxıstan müstəqil xarici siyasəti olan, müasir dünyaya inteqrasiya edən azad ölkədir. Bu səbəbdən də bütün müstəqil dövlətlər kimi Qazaxıstan da hər şeydən öncə öz milli maraqlarını qoruyur və tamamilə haqlı olaraq digər dövlətlərlə münasibətlərini də bunun üzərində qurur.

Məsələn, Qasım-Jomart Tokayev bir ay öncə Almaniyaya səfəri zamanı Qazaxıstanın çoxvektorlu xarici siyasətinə sadiq qalaraq, ölkəsinin Qərbin Rusiyaya qarşı sanksiyalar rejiminə müdaxilə etmək niyyətində olmadığını və bununla bağlı Qərb tərəfdaşlarının narahatlığına lüzum görmədiyini bildirmişdi.

Qazaxıstanlı politoloq, prezident yanında Milli Məşvərətin üzvü Marat Şibutovun fikrincə, Qazaxıstan öz iqtisadiyyatını risk altında qoymamaq üçün sanksiyalar rejiminə əməl etməyə məcburdur. Şibutov bildirib ki, Aİ təmsilçiləri ilə görüşlərdə Qazaxıstan rəhbərliyi adətən diqqəti bu məsələyə yönəltməməyə çalışır. Çünki ölkədəki bir çox şirkət Aİ-nin müəyyən etdiyi qaydalara, yumşaq desək, əhəmiyyət vermir. Qazaxıstan rəhbərliyi bu şirkətlərin rusiyalı həmkarları ilə əməkdaşlıq etməsinə çox da mane olmur.

Daşkənddə yerləşən “Mano” Araşdırma Təşəbbüsləri Mərkəzinin direktoru Bəxtiyor Erqaşev sanksiyalara münasibət bildirərkən bunları deyib: “Region dövlətlərinin rəhbərləri Avropa rəsmilərini əmin edirlər ki, bütün sanksiya tələbləri yerinə yetirilir. Xüsusilə, Özbəkistan Mərkəzi Bankı maliyyə əməliyyatlarına nəzarət məsələsində amerikalılar və avropalılarla fəal işləyir. Amma Mərkəzi Asiya ölkələrinin bəzi biznes qurumları tərəfindən bu sanksiyaların faktiki həyata keçirilməsində müəyyən  problemlər qalır”.

Ekspertin fikrincə, region ölkələrinin siyasi rəhbərlikləri  sanksiyalara əməl etməyə çalışsa da, bəzi özəl biznes şəbəkələri Rusiya şirkətləri ilə əməkdaşlığa davam edir. Əlbəttə, bu da Aİ-nin region ölkələrinə müəyyən dərəcədə təzyiq göstərməsinə gətirib çıxarır.

Transxəzər marşrutu: yeni imkanlar

Politoloq Erqaşev bildirib ki, Mərkəzi Asiya Ukrayna müharibəsindən ən çox zərər çəkən regionlardandır. Analitikin sözlərinə görə, region ölkələri müharibəyə qədər Çin və Avropa arasında tranzit yüklərin daşınmasından əhəmiyyətli gəlir əldə edirdi. Lakin müharibə nəticəsində bu qarşılıqlı yük axını dayandırılıb, tranzit gəlirləri xeyli dərəcədə azalıb. Bundan əlavə, Mərkəzi Asiya ölkələri ilə Avropa dövlətləri arasında qarşılıqlı ixrac və idxal yük axınları da mövcud idi. Hazırda Rusiya və Belarusun Aİ ilə qərb sərhədi bağlı olduğundan əksər şirkətlər yeni marşrut axtarışındadır. Əlbəttə, alternativ marşrutlar var: məsələn, Xəzər dənizi vasitəsilə Cənubi Qafqaza, oradan Türkiyə və Aİ-nin dəniz limanlarına gedən Transxəzər dəhlizini qeyd edə bilərik.

Yeri gəlmişkən, Transxəzər layihəsinə Azərbaycan dövləti xüsusi dəstək verir. Mərkəzi Asiyadan olan ekspertlərin fikrincə, bütün bu məsələləri nəzərə alaraq region ölkələri öz biznes itkilərini hansı yollasa önləmək barədə düşünməlidir. Onların fikrincə, çətin ki, yerli sahibkarlar Vaşinqtonun və ya Brüsselin göstərişlərinə əməl etsinlər. Dövlət tərəfindən özəl biznes şəbəkəsinin rus şirkətləri ilə qarşılıqlı gəlir gətirən iş birliyinə qadağa qoyulması o qədər də ağlabatan deyil. Ona görə də David Sallivan bu səfərində də səmimi qarşılanacaq və onun sanksiyalar barədə söylədikləri zahiri razılıqla müşayiət olunacaq.

Rusiyalı alim: “Avropanın Mərkəzi Asiyada ciddi mövqeyi yoxdur...”

Rusiya Xarici İşlər Nazirliyi yanında Beynəlxalq Araşdırmalar İnstitutunun aparıcı elmi işçisi, siyasi analitik Aleksandr Knyazev Aİ-nin sanksiyalarla bağlı Mərkəzi Asiya ölkələri qarşısına qoyduğu tələblər barədə danışarkən deyib: “Sanksiya təhdidləri ilə bağlı vəziyyət hazırda dalana dirənib. Nə Qazaxıstan, nə Özbəkistan, nə də digər region ölkələri Rusiya ilə qarşılıqlı əlaqəni dayandırmaqda və ya hissolunacaq dərəcədə məhdudlaşdırmaqda maraqlı deyil. Çünki bu ölkələr üçün Rusiya ilə qarşılıqlı əlaqə həyati əhəmiyyət kəsb edir. Ümumiyyətlə, hər hansı bir ölkəyə qarşı istənilən bu cür sanksiya tələbi avtomatik olaraq həmin ölkəni Qərb əleyhdarlarının düşərgəsinə çevirir. Bu cür tələblər müəyyən ölkələri Rusiya və Belarusla daha yaxın müttəfiqə çevirir”.

Ekspert Sallivanın və digər Aİ, ABŞ nümayəndələrinin regiona ardıcıl səfərlərini daimi narahatedici xatırlatma və təhdid siyasəti kimi qiymətləndirir: “Bu siyasətin qıcıq yaratmaqdan başqa hansısa işə yaradığını demək olmaz. Məsələn, hər hansı bir Qərb şirkəti regionu tərk edərsə, onun yerini şərti bir Çin şirkəti tutacaq. ABŞ və Avropa İttifaqının problemi ondadır ki, onların Mərkəzi Asiya iqtisadiyyatında praktiki olaraq ciddi mövqeləri yoxdur”, - deyə Knyazev öz fikirlərinə aydınlıq gətirib.

Beləliklə, Qərb indiki durumda nəyin bahasına olur olsun, Mərkəzi Asiyada möhkəmlənmək və region ölkələrini Rusiyaya qarşı sanksiyalarda iştiraka cəlb etməyə çalışır. Rusiya Qərbin bu cəhdlərini Mərkəzi Asiya ölkələrinə təzyiq və təhdid kimi qiymətləndirir. Region ölkələri isə həm yaxın qonşuları, uzunmüddətli tərəfdaşları olan Rusiya ilə, həm də ümumi inteqrasiya yolunu tutduqları Avropa ilə bütün sahələrdə balanslı münasibətlər qurmağa, milli maraqlarının və təhlükəsizliklərinin təmin edildiyi ortaq məxrəcə gəlməyə çalışırlar. Bu ölkələr bəzən iki yol ayrıcında tərəddüdlü görünsə də, qədim Şərq müdrikliyi onları bu yolda daima müşayiət etməkdədir.

Murad Köhnəqala

Paylaş:
Baxılıb: 302 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Xəbər lenti

Siyasət

Xarici siyasət

Xəbər lenti

Analitik

Analitik

İqtisadiyyat

Gündəm

Gündəm

Xəbər lenti

3№-li protokol

23 Fevral 22:28  

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Ədəbiyyat

Xarici siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29