Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Makronun insinuasiyası, Borrelin hallüsinasiyası...

Makronun insinuasiyası, Borrelin hallüsinasiyası...

01.03.2024 [10:50]

Qərb öz uydurduğu yalanların əsirinə çevrilir

Son 30 illik tarix dünyada, əsasən isə Avroasiyada lokal ərazi münaqişələrinin daha aktual səciyyə daşıması ilə seçilib. Separatizm meyllərinin güclənməsi, haqsız ərazi iddiaları və bəzi güclərin məhz separatizm üzərindən öz maraqlarını təmin etmək cəhdləri bu kimi kataklizmlərin dondurulmuş münaqişələr toplusuna çevrilməsinə şərait yaradır. Maraqlı bir xüsusiyyət isə diqqəti cəlb edir - özünü “beynəlxalq aləm” adlandıran, beynəlxalq standartların müəyyənləşməsinə “məsul” olduqlarını iddia edən bəzi ölkə və təşkilatlarların ayrı-ayrı ərazilərdə baş verən, amma eyni mahiyyətə malik olan münaqişələrə baxışı fərqlidir.  Bu isə növbəti dəfə ikili standartlar məsələsini yenidən gündəmə gətirir.

Zərurətdən doğan addımlar...

Prezident İlham Əliyev Alman İqtisadiyyatının Şərq Komitəsinin sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən çıxışında bildirib ki, beynəlxalq hüququn normaları bizim tərəfimizdədir. Dövlət başçısı vurğulayıb ki, ölkəmizin suverenliyini və ərazi bütövlüyünü təmin etməsi ilə bağlı bizi hər hansı günahlandırma cəhdləri tamamilə əsassız və qərəzlidir. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini təmin etməklə bağlı digər ölkələrin atdığı addımlardan fərqli addımlar atmır.

2020-ci il Vətən müharibəsi və 2023-cü il antiterror tədbirlərinin reallaşmasını zəruri edən məsələlər göz önündədir. 2020-ci ilə qədər Azərbaycan BMT TŞ, ATƏT, AŞPA və bu kimi bir neçə platforma üzərindən özünün haqlı mövqeyini irəli sürür, təcavüzə və işğala məruz qaldığını bəyan edirdi. Faktlar isə ortada idi - başda BMT TŞ olmaqla bütün beynəlxalq təsisatlar Azərbaycanın işğala məruz qaldığını, torpaqlarına təcavüz edildiyini təsdiqləyirdlər. Amma ortada nəticə yox idi - işğal faktı aradan qaldırılmırdı, Azərbaycanın öz torpaqları üzərindəki suveren hüquqları bərpa olunmurdu. Amma saymaqla bitməyən misallar var ki, beynəlxalq aləmin həmin münaqişələrə münasibəti olduqca operativ xarakter daşıyıb. Azərbaycana münasibətdə isə fərqli standartlar tətbiq olunurdu. Beləliklə, hüquqi müstəvidə öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmək üçün zəmin formalaşdıran Azərbaycan özünün iradəsini və qətiyyətini hərb meydanında da göstərdi - qalib gəldi, torpaqlarını işğaldan azad etdi, beynəlxalq aləmin qərarlarını və qətnamələrini icra etdi.

Eyni xüsus 2023-cü il antiterror tədbirlərinə də şamil olunur. 2020-ci ilin 10 noyabrında imzalanmış üçtərəfli Bəyanatın icrası mexanizmləri 3 ilə yaxın işləmədi. Ermənistan üzərinə götürdüyü öhdəliklərdən boyun qaçırır, Azərbaycan ərazilərindəki hərbi kontingentini çıxarmırdı. Beləliklə, Azərbaycan növbəti dəfə ədaləti və hüququ öz gücü ilə bərpa etdi - lokal antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi bərpa olundu.

Borrel haradan məlumat alır?

Təəssüfləndirici haldır ki, bəzi beynəlxalq təşkilatlar və onların təmsilçiləri ermənipərəst maraqdan çıxış edərək Azərbaycanın haqlı və hüquqi addımlarını hədəfə almağa çalışır. Bir sıra təşkilatların ayrı-ayrı nümayəndələri erməni lobbisinin təhriki və maliyyə dəstəyi ilə Azərbaycana qarşı kampaniyalar təşkil edir, reallığı əks etdirməyən açıqlamalar verirlər. Məsələn, Avropa İttifaqının rəsmisi Cozef Borel bu məsələdə xüsusilə fərqlənir.

Prezident İlham Əliyev sözügedən qəbulda təəssüf hissi ilə qeyd edib ki, bu gün ikili standartlar bir sıra beynəlxalq institutlar, o cümlədən Avropa İttifaqı üçün adi hala çevrilib. Bu baxımdan Cozef Borrelin qeyri-adekvat bəyanatları bizi çox məyus edib. Əvvəla, onun bu bəyanatları heç bir reallığı əks etdirmir və beynəlxalq hüququn normalarına ziddir. İkincisi, Azərbaycan tərəfi bu bəyanatları ölkəmizə qarşı pərdələnmiş təhdid kimi qiymətləndirir. Belə ki, Borrel bildirib ki, Azərbaycan Ermənistana hücum edərsə, bunun acı nəticələrini görəcək: “Əvvəla, Borrel bu məlumatı haradan alıb ki, Azərbaycan Ermənistana hücum etməyi planlaşdırır? Bizdə belə planlar yoxdur. Onlar cənab Makronun insinuasiyalarıdır. Bütün bunlar Fransanın guya Azərbaycanın Ermənistana hücuma hazırlaşması ilə bağlı ölkəmizin demonizə edilməsinə əsaslanan anti-Azərbaycan siyasətinin bir hissəsidir”.

Ermənipərəst şəbəkə...

Bəli, qeyd olunduğu kimi, Fransa prezidenti Emmanuel Makron özünün xarakterinə uyğun olaraq Azərbaycana qarşı apardığı şər-böhtan kampaniyaları üçün uydurmalar yaradır, yalan illüziyalar düzüb qoşur. Borrel kimi erməni havasına oynayanlar isə bu insinuasiyalardan “ruhlanaraq” hallüsinasiyalar görür. Mənzərə təxminən bu formadadır - Makron uydurur, Borrel isə təbliğatını aparır. Bu tablo Azərbaycana qarşı aparılan ermənipərəst kampaniyanın ən real mənzərəsidir. Borrelin indiyə qədər dilə gətirdiyi açıqlamaların mahiyyətinə, xarakterinə diqqət yetirsək, onların heç birinin reallığa söykənmədiyini, yalan üzərində qurulduğunu görə bilərik. Bu fakt xüsusilə antiterror tədbirlərindən sonrakı mərhələdə daha açıq şəkildə gözə çarpır. Avropada Makronun, Borrelin də daxil olduğu ermənipərəst şəbəkə bu kimi yalanlar üzərindən Azərbaycana iftiralar atır, olmazın yalanlar danışırlar. Bəli, bu ermənipərəst şəbəkəyə daxil olanlar isə təmsil etdiyi ölkədən, hətta partiyadan asılı olmayaraq erməni marağının əsiri kimi çıxış edir. Məsələn, AŞPA-da Azərbaycanla bağlı haqsız qərarın təşəbbüsü Almaniyanı təmsil edən Frank Şvabe tərəfindən irəli sürülmüşdü. Prezident İlham Əliyev bu məsələyə toxunaraq bildirib ki, Avropa Şurası Parlament Assambleyası Azərbaycan nümayəndə heyətinin səs hüququndan məhrum edilməsi barədə qərar qəbul edir. Əfsuslar olsun ki, bu qərar Almaniya parlamentinin üzvünün təşəbbüsü ilə qəbul olunub və o şəxs Kansler Şoltsun rəhbərlik etdiyi partiyanın üzvüdür: “Bu, ikili standart deyilmi, yoxsa bizimlə aparılan bir oyundur?! Almaniya Kansleri qərəzsizlik nümayiş etdirir, onun bəyanatları və fəaliyyəti bunu əks etdirir. Onun rəhbərlik etdiyi partiyanın üzvü isə AŞPA-da 2 qeyri-xristian ölkəsindən biri olan Azərbaycanı uzaqlaşdırmaq istəyir və bunu nümayişkaranə və məqsədyönlü şəkildə edir”.

Bəli, göründüyü kimi Makronun, Borrelin, Şvabenin də təmsil olunduğu ermənipərəst şəbəkə Azərbaycana qarşı bütün gücünü səfərbər edib. Amma onların bu platformada da məğlubiyyəti qaçılmazdır - çünki Azərbaycanın atdığı addımlar haqqı və ədaləti simvolizə edir...

P.SADAYOĞLU

Paylaş:
Baxılıb: 218 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Gündəm

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30