Milli həmrəylik Azərbaycanda həyata keçirilən dövlət siyasətinin strateji prioritetidir
13.03.2021 [10:14]
Prezident İlham Əliyev: Biz yeni dövrdə siyasi dialoqu daha da dərinləşdirməliyik
Məlum olduğu kimi müstəqil Azərbaycan ötən üç onillik ərzində, daha dəqiq desək, 1993-cü ilin iyunundan sonar bütün sahələrdə böyük uğurlar qazanıb. Belə ki, bəhs edilən dövr ərzində aparılan məqsədyönlü siyasət sayəsində respublikamız bütün parametrlər baxımından regionun lider dövlətinə çevrilib. Bu gün Azərbaycan iqtisadi və siyasi cəhətdən tam müstəqil siyasət həyata keçirir və özünün milli maraqlarını qətiyyətlə qoruyur. Ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsində qazanılan şanlı qələbə ölkəmizin gücünü bütün dünyaya nümayiş etdirdi. Bu qələbə sayəsində Azərbaycan tarixi ədaləti və ərazi bütövlüyünü öz gücünə təmin etdi. Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev partiyanın martın 5-də keçirilən VII qurultayında videoformatda söylədiyi nitqində ölkəmizin uğurlu inkişaf yolu keçməsindən məmnunluğunu bildirərək gələcək inkişafla bağlı fikirlərini də diqqətə çatdırıb. “Ölkənin gələcəyini elə planlaşdırmalıyıq ki, uzunmüddətli dayanıqlı inkişaf təmin edilsin, müstəqillik əbədi olsun, ölkəmizin qüdrəti artsın, təsir imkanlarımız artsın və daim Azərbaycan xalqı təhlükəsizlik şəraitində öz dədə-baba torpağında yaşasın”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Aparılan islahatlar sayəsində yaranan münbit siyasi dialoq mühiti ölkədə yeni tərəqqi məzmunlu konsolidasiyaları təmin edib
Son 17 ildə Azərbaycan Prezident İlham Əliyevin siyasi qətiyyəti ilə həyata keçirilən islahatlar dövrünü yaşayıb. Ölkəmizdə aparılan islahatlar ayrılıqda götürülmüş hansısa bir sahəni əhatə etməyib, kompleks səciyyə daşıyıb. O cümlədən son vaxtlarda respublikamızda milli həmrəyliyə və sağlam dialoqa xidmət edən siyasi məzmunlu islahatlara geniş meydan verilir. Əksər partiyaların təmsil olunduğu yeni siyasi konfiqurasiyanın formalaşması ölkəmizin böyük uğurudur.
Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan siyasət sırf milli maraqlar üzərində qurulub. Ölkəmizdə gözəl ənənə formalaşıb: Qarşıya ümummilli səciyyə daşıyan hədəflər qoyulur və ölkənin imkanları bu məqsədlərə çatmaq üçün səfərbər edilir. Dövlət başçımız YAP-ın VII qurultayındakı nitqində vacib bir məqamı xatırladaraq deyib: “Prezident seçkilərindən sonra bəyan etdiyim proqram icra olunur və biz ardıcıllıqla öz hədəflərimizə çatırıq. Prezident seçkilərindən sonra mən ərazi bütövlüyümüzün bərpasını qarşıya birinci dərəcəli vəzifə kimi qoymuşdum və biz buna nail olduq. Eyni zamanda, siyasi, iqtisadi, sosial və başqa sahələrdə, o cümlədən xoşagəlməz hallara qarşı mübarizədə də qarşımıza açıq-aydın hədəflər qoyuldu. Biz ardıcıllıqla və məqsədyönlü şəkildə bu hədəflərə çatırıq”.
Qarşıya qoyulan hədəflərə çatmağımızda ölkədəki uzunmüddətli sabitlik, iqtidar-xalq həmrəyliyi fundamental amillərdən biri qismində çıxış edir. Dünyanın mənzərəsinə nəzər saldıqda görürük ki, sabitlik olmayan ölkələrdə inkişafla bağlı ciddi problemlər yaşanır. Azərbaycan ardıcıl və məqsədyönlü siyasət sayəsində bu kimi problemlərdən yan keçməyi bacaran ölkələr sırasında yer alır. Milli həmrəylik Azərbaycanda həyata keçirilən dövlət siyasətinin strateji prioritetini təşkil edir. Hazırda respublikamızda milli maraqların üstünlük təşkil etdiyi bir dövr yaşanır. Ölkədə aparılan iqtidar-müxalifət dialoqu nəticəsində əksər siyasi partiyaların həm iqtidarla, həm də öz aralarında sağlam münasibətləri formalaşıb, onlar ümumdövlət məsələlərində vahid mövqe sərgiləyirlər. Respublikamızda Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən həmrəylik siyasəti, həmçinin Vətən müharibəsində qazanılmış Qələbə ölkədə milli birliyi daha da gücləndirib. Yeri gəlmişkən, 44 günlük Vətən müharibəsi günlərində Azərbaycan cəmiyyəti, o cümlədən də əksər siyasi partiyalar yüksək həmrəylik nümayiş etdirdilər. Ölkəmizdə fəaliyyət göstərən 50 siyasi partiya birgə bəyanat qəbul edərək torpaqlarımızın məkrli düşməndən azad edilməsi uğrunda aparılan müharibədə Prezidentə, Silahlı Qüvvələrimizə öz dəstəklərini ifadə etdi.
Ölkəmizdəki dialoq mühiti siyasətdə yeni tərəqqi məzmunlu konsolidasiyalara səbəb olub. Yeni Azərbaycan Partiyasının VII qurultayında 6 siyasi partiyanın YAP-a qoşulmasına dair qərar qəbul edilməsi bunu bir daha təsdiqləyir. Qeyd edək ki, YAP-a qoşulan partiyalar aşağıdakılardır: Azərbaycan Xalq Demokratik Partiyası, Azərbaycan Kəndli Partiyası, Milli Qurtuluş Partiyası, Azərbaycan Yurddaş Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası və Azərbaycan Demokrat Sahibkarlar Partiyası. Şübhə yoxdur ki, bu qərar ölkəmizdə dialoq mühitinin dərinləşməsinə və demokratik ənənələrin şaxələnməsinə xidmət edəcək. Siyasi rəqabətin əsas aləti olaraq partiyaların güclənməsi vətəndaşların maraqlarının müdafiə olunmasında yeni imkanlar yaradır. Deyə bilərik ki, ölkənin siyasi həyatında yeni demokratik məzmunlu presedent yaranıb. Azərbaycan Prezidenti İlham Əliyevin “Biz birlikdə güclüyük” fikri dövlət siyasətinin əsas fəlsəfəsinə çevrilərək siyasi münasibətlərdə də öz əksini tapır. Belə ki, 6 siyasi partiyanın YAP-a qoşulması faktı Azərbaycanda dövlət və milli maraqlar naminə müxtəlif siyasi qüvvələrin inteqrasiya nümunəsidir. Bu inteqrasiya siyasi partiyaların daha səmərəli və təsirli siyasi fəaliyyətinə gətirib çıxaracaq. Məhdud resurslara malik partiyaların kifayət qədər güclü siyasi partiyaya qoşulması ölkədə yeni siyasi mənzərənin yaranmasına səbəb olmaqla yanaşı, həmin partiyaların üzvləri üçün yeni imkanlar yaradacaq. Bununla da partiya üzvlərinin siyasi maraqlarının təminatı prosesi daha effektiv təşkil olunacaq. Eyni zamanda, siyasi qüvvələrin inteqrasiyası ölkənin siyasi partiyalar sisteminin daha effektiv fəaliyyətinə nail olmaq məqsədi daşıyır. Ölkədə partiyaların ləğv olunmadan sayının azalması siyasi proseslərə təsir etmək iqtidarında olan partiyalar üçün daha əlverişli şərait yaradılmasına müsbət təsir göstərəcək. Ölkədə siyasi dialoqun baş tutmasından məmnunluğunu bildirən Prezident İlham Əliyev “Biz yeni dövrdə siyasi dialoqu daha da dərinləşdirməliyik. Bu prosesə müharibədən əvvəl start verildi və hesab edirəm ki, qısa müddət ərzində yaxşı nəticələr əldə olundu. Demək olar ki, bütün partiyalar, - əgər biz özünü siyasi qurum adlandıran antimilli şuranı istisna etsək, bütün siyasi qüvvələr dialoqa meyil göstərmişlər, bizim təşəbbüsümüzü alqışlamışlar və artıq bu dialoq baş tutub”, - deyə vurğulayıb.
Altı siyasi partiyanın YAP-a qoşulması iqtidar partiyasına olan etibar və inamı ifadə edir
Siyasi partiyalar sistemində müşahidə olunan tendensiyalar YAP-ın gücündən və elektoratın potensialından xəbər verir. Nisbətən zəif qüvvələrin daha güclü qüvvəyə qoşulmaq istəyi təbii və başadüşüləndir. Eyni zamanda, 6 siyasi partiyanın YAP-a qoşulması iqtidar partiyasına olan etibar və inamı ifadə edir. Qurultayda da qeyd olunduğu kimi, Yeni Azərbaycan Partiyası zərurətdən yaranan bir partiyadır. Ötən əsrin doxsanıncı illərinin əvvəllərində respublikamızda vəziyyət çox ağır idi. Biz XX yüzillikdə ikinci dəfə qazanılan müstəqilliyimizi itirə bilərdik. 1992-ci ilin yazında hakimiyyəti qeyri-legitim yolla ələ alan AXC-”Müsavat” iqtidarının səriştəsizliyi və korporativ maraqlardan çıxış etməsi səbəbindən ölkədə hərc-mərclik son həddə çatmışdı, proseslər idarəolunmaz xarakter almışdı və vətəndaş müharibəsi təhlükəsi tam real idi. Respublikamızdakı belə vəziyyətdən istifadə edən məkrli düşmən isə işğalçılıq siyasətinin əhatə dairəsini genişləndirərək yeni-yeni torpaqları ələ keçirirdi. Belə bir şəraitdə xalq və vətənpərvər ziyalılar nicat yolunu dövlət idarəçiliyi sahəsində zəngin təcrübəsi olan Ulu Öndər Heydər Əliyevin ölkənin siyasi rəhbərliyinə gəlməsində görürdülər. Milli düşüncəli vətənpərvər ziyalılar - məşhur “91-lər” o dövrdə Naxçıvana rəhbərlik edən və muxtar respublikanı yaşadan Ulu Öndərə müraciət ünvanladılar. Müraciətdə Ümummilli Liderimizdən xahiş olunurdu ki, Azərbaycanın nicatı naminə yeni bir siyasi partiyanın yaradılmasına və ona rəhbərlik etməsinə razılıq versin. Qəlbində öz xalqına və Vətəninə böyük sevgi bəsləyən Ulu Öndər Azərbaycanın taleyi baxımından müstəsna önəm daşıyan bu müraciətə müsbət cavab verdi. Beləliklə, 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyası təsis edildi və cəmi bir neçə aydan sonra bu partiya iqtidara gəldi. Azərbaycan xalqının, ziyalıların Heydər Əliyevə sonsuz inamı heç də səbəbsiz deyildi. Burada, əlbəttə ki, Onun 1970-1980-ci illərin əvvəllərində gördüyü işlər önəmli rol oynayırdı. Xatırladaq ki, Ulu Öndər 1969-cu ildə Azərbaycana rəhbərlik etməyə başlayanda respublikamız keçmiş İttifaqın müttəfiq respublikaları arasında bütün göstəricilərə görə axırıncı yerlərdə qərarlaşmışdı. Heydər Əliyevin fəaliyyətinin nəticəsində isə Azərbaycan 1982-ci ildə artıq qabaqcıl respublikaya çevrilmişdi. Ulu Öndərin ötən əsrin doxsanıncı illərinin əvvəllərində Naxçıvandakı fəaliyyətindən yuxarıda bəhs etdik. 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə Azərbaycanın siyasi rəhbərliyinə qayıdan Heydər Əliyev əsl xilaskarlıq missiyası yerinə yetirdi. O, aldığı müdrik qərarlarla Azərbaycanda sabitliyi bərqərar etdi və ölkəni inkişafa istiqamətləndirdi. Prezident İlham Əliyev Ümummilli Liderimizin tarixi xidmətlərindən bəhs edərək deyib: “Yeni Azərbaycan Partiyasının adı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Partiya Heydər Əliyevin ətrafında yaradılmışdır, Onun siyasi təcrübəsi, bilikləri, xalq qarşısında göstərdiyi xidmətlər, Naxçıvanda çalışdığı dövrdə göstərdiyi əsl vətənpərvərlik və öz xalqına olan sadiqlik Azərbaycanın mütərəqqi insanlarını Onun ətrafında birləşdirdi”.
Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu Yeni Azərbaycan Partiyası ötən üç onillik ərzində ölkəmizin inkişafına, bütün sahələrdə uğurlar qazanmasına özünün sanballı töhfələrini verib. YAP respublikamızda gedən bütün proseslərin mərkəzində dayanıb və şübhə yoxdur ki, bundan sonra da belə olacaq. Prezident İlham Əliyev 6 siyasi partiyanın YAP-a birləşməsini müsbət dəyərləndirib. Bu xüsusda fikirlərini diqqətə çatdıran dövlətimizin başçısı bildirib: “Əminəm ki, bir neçə partiyanın Yeni Azərbaycan Partiyası ilə birləşməsi partiyamızı gücləndirəcək”.
Ekspertlər bildirirlər ki, ideoloji prioritetlərin vəhdətliyi 6 siyasi partiyanın iqtidar partiyasına qoşulmasını şərtləndirib. Azərbaycan Respublikasında təsis edilmiş bir sıra partiyalar öz siyasi proqramlarında başlıca məqsəd kimi Azərbaycanın ərazi bütövlüyünün bərpasını və “Turançılıq” ideologiyasını nəzərdə tutmuşlar. 44 günlük Vətən müharibəsində qazanılmış Qələbə, həmçinin Azərbaycan-Türkiyə münasibətlərinin yüksək səviyyədə formalaşması bir sıra partiyaların özlərinin siyasi proqramlarında göstərilmiş əsas məqsədə çatmasına səbəb olmuşdur.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34

