Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Baş ağrısı, soyuqdəymə, öskürək...

Baş ağrısı, soyuqdəymə, öskürək...

14.05.2024 [10:40]

Yazda xəstəliklərdən qorunmaq üçün nə etməli?

Adətən yaz aylarında xəstə olan birini görəndə şübhəsiz ağlımızdan ilk bu sual keçir: “Belə aylarda necə xəstə olmaq olar?” Çox təəssüf ki, yaz aylarında da immuntetin aşağı düşməsi və bəzi xəstəliklərin yayılması mümkündür.

Son günlər ölkəmizdə qeyri-sabit hava şəraiti müşahidə olunur. May ayında bu cür hava insanların narahatlığına səbəb olub. Belə ki, havanın yağışlı və küləkli olması may ayı olmasına baxmayaraq insanlar arasında qrip, soyuqdəymə kimi xəstəliklərin yayılmasına şərait yaradıb. Əhalinin digər qism xəstəlikdən sonra davamlı olaraq öskürdüklərini bildirirlər. Səhhətində narahatlıq yaranan insanların başqa bir qismi isə son günlər kəskin baş ağrılarından şikayətlənirlər.

İnsanları yanıldan hava...

Mövzu barədə “Yeni Azərbaycan”a danışan həkim-terapevt Şəmsiyyə Namazlı xüsusilə yaz aylarında insanların səhhəti ilə bağlı daha çox problem yaşadığını bildirib. Həkimin sözlərinə görə, aprel ayından etibarən havaların kəskin isti keçməsinə şahid olduq, lakin bu cür hava şəraiti normal hesab olunmur: “Son zamanlarkı hava şəraiti insanların bir növ aldanmasına səbəb olur. Aprel ayından havalar isti olsa da, insanların böyük qismi baş ağrıları, burun axması və müxtəlif virus infeksiyalarına yoluxduqlarını bildirirdilər. Apreldə kəskin isti hava hətta insanlarda şiddətli baş ağrılarına da səbəb olmuşdu. Çünki pasiyentlər daha çox bununla bağlı müraciət edirdilər. İndi isə may ayıdır və bu ay başlayandan bəri yağışlı, küləkli və soyuq hava hökm sürdü. Havanın birdən-birə bu qədər dəyişkən olması təbii ki, insanların səhhətinə xoş təsir göstərmir. Məsələn, hazırda küçəyə çıxan insanların çoxusu qalın geyinir. Lakin gün ərzində havanın birdən-birə mülayimləşməsi də baş verir. Bu zaman insanların xəstələnmə riski daha yüksəkdir. Xüsusilə, metro və avtobusdan istifadə edən əhalinin sıxlıq içərisində qalaraq tərləməsi və daha sonra yenidən açıq-küləkli havada olması soyuqdəyməyə səbəb olur. Ona görə də insanların evdən çıxarkən nə çox qalın, nə də çox nazik geyinməməsi məsləhətdir”.

Fərqli növ mikroblar...

Ş.Namazlı qeyd edib ki, yazda virus infeksiyasına yoluxmaq qışa nisbətən 25 faiz daha asandır, lakin yadda saxlamaq lazımdır ki, yaz virusları adi simptomları ilə yanaşı, qarın ağrısına da səbəb ola bilən fərqli növ mikroblardan qaynaqlanır: “Belə insanlarda əsasən ürəkbulanma və baş gicəllənməsi kimi narahatlıqlar olur. Bu viruslara daha az həssas olmaq üçün bədən tərbiyəsi ilə fəal məşğul olmaq məsləhətdir

Yazda şiddətli qızartı və səpgi ilə xarakterizə olunan dəri iltihabı daha da kəskinləşə bilər. Bundan başqa, ətraf mühitin temperaturu nə qədər yüksək olarsa, böyrək daşlarının əmələ gəlmə ehtimalı da bir o qədər yüksəkdir. Bu, yazda orqanizmimizin nəmini daha tez itirməsi, böyrəklərin isə daha çox stress keçirməsi ilə bağlıdır. Buna görə də, yazda çoxlu  maye qəbul etmək və susuzluq əlamətlərini müşahidə etdikdə vaxtında tədbir görmək çox vacibdir”.

Bronxit xəstələrinin nəzərinə...

Həkim qeyd edib ki, aprel-may ayları bronxit xəstəliyi olan insanlar üçün çətin keçə bilər: “Çünki bu aylarda da qrip infeksiyası, həmçinin yuxarı tənəffüs yolu infeksiyalarına yoluxma çox olur. Üst tənəffüs yolu infeksiyaları isə xüsusilə bronxit xəstələrinin davamlı öskürməsinə səbəb olur. Belə hallar uzana bilər, lakin adətən öz-özünə də keçir. Lakin dərman preparatlarından əlavə təbii bal öskürək üçün ən yaxşı təbii qida mənbəyidir. Cökə və adaçayı kimi bitki çaylarından da istifadə edilə bilər”.

Yeganə BAYRAMOVA

Paylaş:
Baxılıb: 201 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Maraqlı

Mədəniyyət

MEDİA

İqtisadiyyat

Xəbər lenti

Analitik

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31