Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / 8 maydan 8 noyabra...

8 maydan 8 noyabra...

08.05.2026 [08:37]

28 illik həsrət - Şuşa bizə, biz Şuşaya can atmışıq

Mədəniyyətimizin, musiqimizin beşiyi sayılan, hər bir azərbaycanlının adını ürəyinin başında gəzdirdiyi dağlar gözəli Şuşanın müasir tarixində həm kədər, qəm-qüssə, həm də sevinc, fərəh, qürur səhifələri yazılıb. Şəhər tarixin bu günündə - 8 may 1992-ci ildə işğal altına düşüb, 8 noyabr 2020-ci ildə isə işğaldan azad olunub.

Şuşanın işğal və azadlığına qovuşma tarixlərinin hər ikisində 8 rəqəminin yer alması təsadüfdürmü, yoxsa Allahın bir lütfüdürmü, bunu demək çətindir. Ancaq hər halda bu ştrix də tarixi, memarlığı, coğrafi yerləşməsi, iqlimi, insanları ilə təkrarsız olan Şuşanın özəlliklərindən biridir.

Amansız işğalın kədərli izləri

Başı buludlara söykənən Şuşa o qədər munisdir, xalqımız üçün o qədər əzizdir ki, onun nə vaxtsa düşmən əlinə keçəcəyini heç təsəvvürümüzə belə gətirə bilməzdik. Ancaq bu, 34 il bundan əvvəl baş verdi. 

Coğrafi yerləşməsinə görə alınmaz qala sayılan Şuşanın işğalını o dövrdə respublikamızda cərəyan edən ziddiyyətli ictimai-siyasi proseslərin fonunda dəyərləndirmək lazımdır. Müstəqilliyini yenicə bərqərar etmiş ölkədə anarxiya hökm sürürdü, vahid komandanlığa tabe olan ordu yox idi, ayrı-ayrı “liderlərin”, siyasi qüvvələrin başı hakimiyyətə gəlmək, karyera qurmaq, sərvət toplamaq uğrunda ədavət mübarizəsinə qarışmışdı. Məkrli düşmən də bundan sui-istifadə etməklə Şuşanın işğalına nail olub.

Ermənistan silahlı qüvvələri Şuşanın işğalı əməliyyatına mayın 8-nə keçən gecə  başlayıb. Şəhərin intensiv artileriya atəşinə tutulması səhər saat 6-dək davam edib. Bundan sonra düşmən ordusunun 1000 nəfərlik şəxsi heyəti üç tərəfdən şəhərə hücuma keçib. Şuşanın Ermənistan silahlı qüvvələri tərəfindən ələ keçirilməsi ilə Dağlıq Qarabağın işğalı başa çatdırılıb.

İşğaldan kədərli izlər qalıb.  Qeyri-bərabər döyüşlərdə 195 nəfər Azərbaycan vətəndaşı xüsusi amansızlıqla qətlə yetirilib, 165 nəfər yaralanıb,  552 uşaq valideynlərini itirib, 20 mindən artıq mülki əhali isə doğma  ev-eşiklərini tərk edərək məcburi köçkün vəziyyətinə düşüb.

İşğal illərində ermənilər şəhərdə ağlasığmaz vandalizm əməlləri törədiblər və hər vəchlə Şuşanın tarixi simasını dəyişərək onu özününküləşdirməyə və xalqımıızın mədəni irsinə sahiblənməyə çalışıblar. 600-ə yaxın tarixi memarlıq abidəsi, o cümlədən Pənahəli xanın sarayı, Cümə məscidi, Aşağı Gövhər Ağa məscidi, XurşudBanu Natəvanın evi, Molla Pənah Vaqifin məqbərəsi yerlə-yeksan edilib. Şəhərin tarix muzeyinin 5 minədək əşyası, professional Azərbaycan musiqisinin banisi, bəstəkar Üzeyir Hacıbəylinin (300-dən çox əşya), vokal sənətimizin əsasını qoymuş böyük müğənni Bülbülün (400-dək əşya), görkəmli musiqiçi və rəssam Mir Mövsüm Nəvvabın (100-dən çox əşya) xatirə muzeylərinin fondları qarət edilib. Şuşada Üzeyir Hacıbəylinin, Bülbülün, Natəvanın heykəllərinin güllələnməsi isə erməni vəhşiliyinin, qəddarlığının zirvə nöqtəsidir.

Şuşa hər gün dirçəlir

Şuşanın işğalı 28 il çəkib. Ancaq bu zaman kəsiyində nə Şuşanın azərbaycanlı ruhu itib, nə də xalqımızın ona olan sonsuz sevgisi azalıb. Şuşa bizi gözləyib, biz də hər zaman doğma şəhərimizə qovuşmağa can atmışıq və bu möcüzənin baş verəcəyinə inanmışıq. 2020-ci il 8 noyabr tarixində Azərbaycan Ordusunun xüsusi təyinatlı qüvvələri misilsiz şücaət göstərməklə,  mümkünsüz görünəni reallığa çevirməklə, Şuşanı azad etməklə xalqımıza sonsuz sevinc və qürur hissi yaşadıb. Şuşanın işğaldan azad edilməsi 44 günlük Vətən müharibəsində şanlı Zəfərimizin müjdəsi və rəmzi idi. Bundan sonra düşmən müharibəni davam etdirməyin mənasız olduğunu başa düşdü və noyabrın 10-da onun üçün kapitulyasiya sənədi sayılan üçtərəfli bəyanatı imzalamaq məcburiyyətində qaldı. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev noyabrın 8-də Azərbaycan xalqına müraciətində qürur hissi ilə bildirib: “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa biz qayıtdıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!”.

Qalib Azərbaycan müharibədən dərhal sonra işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq-abadlıq işlərinə başlayıb. Şuşa isə Prezident İlham Əliyevin  xüsusi qayğısı və Heydər Əliyev Fondunun yaxından iştirakı sayəsində hər gün dirçəlir, hər gün onun tarixinin daha bir parçası bərpa olnur, ənənələri geri qaytarılır. Şəhərin bərpasına yolların çəkilməsi, enerji, su təminatının qaydaya salınması, digər müasir infrastruktur obyektlərnin tikintisi ilə başlanıldı.  Aradan az zaman məsafəsi ötüb. Ancaq qısa müddətdə Şuşanın yeni məhəllələri salınıb və artıq şəhərə köç başlayıb.

44 günlük müharibənin başa çatmasından cəmi bir il sonra Zəfər yolunun tikintisinin başlanılması əlamətdar hadisə idi. Onun açılışı 2021-ci il noyabrın 7-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə baş tutub. Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarının ərazisindən keçməklə inşa edilən Zəfər yolu Füzuli və Şuşa şəhərləri də daxil olmaqla bu rayonların onlarla yaşayış məntəqəsini əhatə edir. Qeyd edək ki, Zəfər yolunun yatağından əvvəllər Şuşaya dar cığır uzanıb. Xüsusi təyinatlı qüvvələrimizin igid əsgər və zabitləri də Şuşanın fəthinə bu dar cığırdan keçməklə nail olublar.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 21 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31