Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Avto qəzaların aradan qaldırılmasında ictimai maarifləndirmə

Avto qəzaların aradan qaldırılmasında ictimai maarifləndirmə

26.06.2014 [10:45]

Sürücülərin və piyadaların təhlükəsizliyinin təmin olunması maarifləndirmə tədbirlərinin başlıca məqsədidir
Məlumdur ki, nəqliyyat vasitələrinin təhlükəsiz idarə olunması, yol-nəqliyyat qəzalarının sayının azaldılması ölkələrin qarşısında duran vacib məsələlərdəndir. Dünya Bankının hesabatlarına görə, dünyada il ərzində 1,2 milyon insan yol qəzalarında dünyasını dəyişir, 50 milyona qədər insan yaralanır.
Bu məsələ şəhərlərin sürətlə böyüdüyü, nəqliyyat istifadəçilərinin və nəqliyyat vasitələrinin, xüsusən də minik avtomobillərinin sürətlə artdığı Azərbaycan üçün də aktualdır. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin məlumatına görə, ötən ildə respublika ərazisində 2846 yol-nəqliyyat hadisəsi qeydə alınıb, nəticədə 1164 nəfər həlak olub, 2948 nəfər yaralanıb. Nəqliyyatın sayının təxminən 10 faizədək artmasına baxmayaraq, 2012-ci illə müqayisədə yol-nəqliyyat hadisələrinin sayı 46 fakt (1,6 faiz), həlak olanların sayı 4 nəfər (0,3 faiz), yaralananların sayı isə 49 nəfər (1,6 faiz) azalıb.
Paytaxtımıza gəlincə, 2013-cü ildə Bakıda 1011 yol-nəqliyyat hadisəsi baş verib. Qəzalar zamanı 342 nəfər həlak olub, 1000 nəfər xəsarət alıb. 2012-ci illə müqayisədə 57 hadisə, 26 xəsarət faktı azalsa da, ölənlərin sayı 12 nəfər artıb.
Qeyd edək ki, ötən ildə ümumilikdə il ərzində yol-nəqliyyat hadisələrinin profilaktikası sahəsində həyata keçirilmiş qabaqlayıcı tədbirlər nəticəsində əvvəlki illə müqayisədə yol-nəqliyyat hadisələrinin, onların nəticəsində həlak olan və yaralananların sayında azalma qeydə alınıb. Buna baxmayaraq, qəzaların baş verməsi, ölüm və yaralanma hallarının qeydə alınması yollarda təhlükəsizliyin gücləndirilməsi tədbirlərinin davamlı olmasını zəruri edir.
QƏZALAR VƏ SƏBƏBLƏR
Qəzaların baş verməsinin qarşısının mümkün qədər alınması tədbirlərinin müəyyən edilməsi, ilk növbədə, onların səbəblərinin aşkarlanmasından asılıdır. Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən mütəmadi olaraq, qəzaların meydana gəlməsinə səbəb olan faktlar barədə statistik göstəricilər hazırlanır, onların əsasında təhlillər aparılır, qəzaların azaldılması və qarşısının alınması tədbirləri müəyyən edilir. Bu faktlara əsasən, respublika üzrə ötən ildə qeydə alınmış yol-nəqliyyat hadisələrinin 92,8 faizi sürücülərin yol hərəkəti qaydalarını pozmaları, o cümlədən 29,1 faizi nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması, 31,2 faizi ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıxma, 8,4 faizi yolayrıclarını keçmə qaydalarının pozulması, 2,7 faizi nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən baş verib. Ümumilikdə, hadisələrin əsasında sürət həddinin aşılması, ötmə, manevretmə, yolayrıcı qaydalarının pozulması halları dayanır.
SÜRÜCÜLƏR VƏ PİYADALAR MAARİFLƏNDİRİLİR
Ölkə ərazisində yol-nəqliyyat hadisələrinin qarşısının alınması, hərəkət iştirakçılarının yol hərəkəti sahəsində intizamının möhkəmləndirilməsi, piyadaların təhlükəsizliyinin qorunması üçün Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən hər il müxtəlif aksiyalar, maarifləndirmə tədbirləri təşkil olunur. Buna nümunə olaraq, ötən il aprel ayının 1-dən 30-dək “Yollarda həmrəy olaq, təhlükədən uzaq olaq!” devizi altında keçirilən təhlükəsizlik ayını göstərmək olar. Aylıq respublikanın avtomobil yollarında ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktik tədbirlərin səmərəliliyinin yüksəldilməsi məqsədini daşıyıb.
Məlumdur ki, piyadaların iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin heç də hamısı sürücülərin xətası səbəbindən yaranmır. Bəzi hallarda piyadaların yol hərəkəti qaydalarını bilməmələri, yaxud ehtiyatsızlıqdan əməl etməmələri yollarda faciəvi hadisələrə gətirib çıxarır. Bir çox hallarda piyadaların yolların onlar üçün nəzərdə tutulmamış hissələrindən keçmələri, yeraltı və yerüstü piyada keçidlərindən istifadə etməmələri, svetoforun işıq göstəricilərinə əhəmiyyət verməmələri təhlükəli vəziyyətlərin yaranmasına səbəb olur. Statistika göstərir ki, ötən il baş vermiş yol-nəqliyyat hadisələrinin 38,5 faizini piyadaların vurulması təşkil edib, nəticədə 398 piyada həlak olub, 784-ü yaralanıb. Bunlardan 119-u məhz piyadaların yol hərəkəti qaydalarını pozmaları nəticəsində baş verib. Piyadaların yollarda daha diqqətli olmaları, yol hərəkəti qaydalarına əməl etmələri və beləliklə, özlərini mümkün təhlükələrdən maksimum qoruya bilmələri üçün əvvəlki illərdə “Diqqət! Piyada!”, “Piyadalar, diqqətli olun!” devizləri altında maarifləndirmə həftəlikləri keçirilib.
Məlumdur ki, hər il uşaqlar və yeniyetmələrin də yol-nəqliyyat hadisələrinin qurbanına çevrilməsi halları baş verir. Belə ki, respublika üzrə ötən il qeydə alınmış yol-nəqliyyat hadisələri nəticəsində 81 nəfər uşaq və yeniyetmə həlak olub, 268 nəfər yaralanıb. Bir sıra hallarda uşaqların yol hərəkəti qaydalarından xəbərsiz olmaları belə faciələri qaçılmaz edir. Uşaqların yollarda təhlükəsizliyinin təmin edilməsi məqsədilə ötən il sentyabr ayının 10-dan oktyabr ayının 10-dək “Diqqət uşaqlar” devizi altında təhlükəsizlik aylığı keçirilib.
MAARİFLƏNDİRMƏ AKSİYALARI DAVAM ETDİRİLİR
Statistik məlumatlara əsasən, cari ilin 3 ayı ərzində respublikada piyadaların vurulması ilə bağlı qeydə alınmış hadisələr ümumilikdə ölkədə baş verən yol-nəqliyyat hadisələrinin 42 faizini, Bakı şəhərində isə 52 faizini təşkil edir. Bu isə maarifləndirmə işlərinin davam etdirilməsinin vacibliyini göstərən faktdır.
Təsadüfi deyil ki, uşaqların maarifləndirilməsi tədbirləri bu il də davam etdirilir. Belə ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi, 46 saylı məktəbdənkənar tərbiyə işi mərkəzi və “Nurgün Motors” şirkəti 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə “Gəlin, uşaqlarımızı yol qəzalarından qoruyaq!” şüarı altında birgə tədbir təşkil edib. Mərkəzdə “Uşaqların yay tətilini təhlükəsiz başa vuraq”, “Yol hərəkəti qaydaları uşaqların gözündə”, “Sürət məsafəni yox, ömrü qısaldır”, “Keç yeraltı keçiddən, uzaq ol təhlükədən” və digər mövzular ətrafında çıxışlar edilib, uşaqlar asfalt üzərində yol hərəkəti qaydalarına dair rəsmlər çəkiblər. Tədbirin sonunda bilik və bacarıqları ilə seçilən şagirdlərə hədiyyələr təqdim olunub.
Həmçinin, respublika ərazisində mayın 5-dən 11-dək “Piyadalar, diqqətli olun!” şərti adı altında hərəkətin təhlükəsizliyi həftəliyi keçirilib. Bu tədbirin keçirilməsi nəqliyyat vasitələrinin sayının sürətlə artması hərəkət intensivliyinin yüksəlməsi ilə nəticələndiyindən baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması, xüsusilə də piyadaların yol hərəkəti ilə bağlı həyat və sağlamlığının qorunması sahəsində əlavə tədbirlərin görülməsi zərurətindən irəli gəlir. “Piyadalar, diqqətli olun!” həftəliyi ərzində xidməti ərazilərdə piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin səbəbləri araşdırılaraq konkret profilaktiki tədbirlər görülüb, piyadaların yol hərəkəti qaydalarını pozmasının qarşısını almaq məqsədi ilə müntəzəm reydlər keçirilib, bu istiqamətdə KİV-də təbliğat gücləndirilib, təhsil müəssisələrində və əmək kollektivlərində maarifləndirici görüşlər təşkil olunub.
Hazırda isə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin elan etdiyi kimi, respublikanın avtomobil yollarında sürücülər tərəfindən sürət həddinin aşılması, ötmə, manevretmə və qarşı hərəkət zolağına çıxma, nəqliyyat vasitələrinin yolun hərəkət hissələrində yerləşməsi qaydalarının pozulması, habelə nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması kimi xətalara yol verilməsi səbəbindən ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktiki tədbirlərin effektivliyinin yüksəldilməsi, yollarda təhlükəsizlik mühitinin yaradılmasında hərəkət iştirakçılarının bütün kateqoriyalarının və aidiyyəti təşkilatların aktiv iştirakının təmin edilməsi məqsədi ilə iyun ayının 15-dən iyul ayının 15-dək ölkə ərazisində “Sürücülər, intizamlı olaq!” adı altında hərəkətin təhlükəsizliyi aylığı keçirilir.
QANUNLAR ÇƏRÇİVƏSİNDƏ CƏZA TƏDBİRLƏRİ GÖRÜLÜR
Yol-nəqliyyat hadisələrinin, qəzaların qarşısının alınması, yollarda təhlükəsizliyin gücləndirilməsi üçün maarifləndirmə tədbirləri ilə yanaşı, qanunların tələblərini pozanlara qarşı hüquqi çərçivədə cəza tədbirləri də həyata keçirilir. 2013-cü il ərzində yol hərəkətinə nəzarət prosesində Dövlət Yol Polisi əməkdaşları 1 milyon 429 min 781 yol hərəkəti qaydasının pozuntusu, o cümlədən nəqliyyat vasitələrinin sərxoş halda idarə edilməsi üzrə 10 min 424, müəyyən olunmuş sürət həddinin aşılması üzrə 299 min 368, ötmə qaydalarının pozulması üzrə 28 min 699, yolayrıclarının keçilməsi qaydalarının pozulması üzrə 52 min 620, sərnişin daşıma qaydalarının pozulması üzrə 4727 fakt aşkar ediblər. Yol hərəkəti qaydası pozuntusuna görə 2636 sürücünün sürücülük hüququ müxtəlif müddətlərə məhdudlaşdırılıb.
Ötən il ərzində Dövlət Yol Polisi (DYP) əməkdaşları tərəfindən avtoxuliqanlıq edən 703 şəxs, eləcə də, nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsi ilə bağlı aşkar edilmiş 10 min 578 fakt üzrə həmin nəqliyyat vasitələrinin sürücüləri müvafiq inzibati məsuliyyətə cəlb ediliblər. Həmçinin, bu dövrdə DYP əməkdaşları tərəfindən sürücülərə 602 min 283 inzibati protokol yazılıb.
Qeyd edək ki, yol hərəkəti qaydalarını pozan piyadalara qanunla nəzərdə tutulan cərimələr tətbiq olunur. Ötən ildə yol hərəkəti qaydalarını pozan 139 658 piyada cərimələnib. Bu ilin birinci rübündə isə 40 min belə piyada inzibati məsuliyyətə cəlb edilib.
Bütövlükdə, həm cəzalandırma, həm də maarifləndirmə tədbirləri yaxın və uzaq perspektivdə yol-nəqliyyat hadisələrinin sayının azaldılması, sürücülərin və piyadaların yol mədəniyyətinin yüksəldilməsi, yollarda təhlükəsizliyin təmin edilməsi baxımından böyük əhəmiyyət daşıyır.
Hülya MƏMMƏDLİ
Yazı Baş Dövlət Yol Polisi
İdarəsinin, Azərbaycan Mətbuat
Şurasının və “Polisə dəstək”
İctimai Birliyinin “Yol polisi,
təhlükəsiz yollarımız” mövzusunda birgə keçirdikləri müsabiqəyə
təqdim olunmaq üçün verilir

Paylaş:
Baxılıb: 1085 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

18 Aprel 08:33  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30