Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Azərbaycan dilinin saflığının qorunması dövlətin diqqət mərkəzindədir

Azərbaycan dilinin saflığının qorunması dövlətin diqqət mərkəzindədir

07.12.2018 [10:10]

Bu istiqamətdə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir
Dövlətimizin müstəqilliyinin başlıca rəmzlərindən biri olan Azərbaycan dili xalqımızın mənəvi sərvətidir. Ana dilimizin saflığının qorunması dövlətin diqqət mərkəzindədir və bu istiqamətdə məqsədyönlü, ardıcıl işlər görülür, mühüm tədbirlər həyata keçirilir. Ümumiyyətlə, ölkəmizdə dil siyasətinin formalaşdırılması, ana dilinin dövlət dili olaraq tətbiqi işinin təkmilləşdirilməsi Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyev 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildikdən sonra məhz Azərbaycan dili siyasi elitanın dilinə çevrilməyə başladı. Bu, Azərbaycan dilinin inkişaf tarixində ən parlaq səhifələrdən biri kimi yadda qalıb. Ən mühüm məqamlardan biri isə budur ki, Ulu öndər 1978-ci ildə tarixi bir uğura imza atdı. Belə ki, həmin ildə qəbul olunan Azərbaycan SSR-in növbəti Konstitusiyasında ilk dəfə olaraq Azərbaycan dili rəsmi dil statusu əldə etdi. Beləliklə, Azərbaycan yerli dilin rəsmi dil statusuna malik olduğu azsaylı sovet respublikalarından biri idi. Bundan başqa, müstəqillik illərində də Ulu öndər Heydər Əliyev tərəfindən milli dilimizin qorunması istiqamətində tarixi əhəmiyyət kəsb edən qərarlar qəbul edildi. Əvvəla qeyd edək ki, Ümummilli lider Heydər Əliyevin 2001-ci il avqustun 9-da imzaladığı Fərmana əsasən, avqustun 1-i respublikamızda Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi təsbit olunub. Eyni zamanda, Ulu öndər Heydər Əliyevin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il tarixli və “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2 yanvar 2003-cü il tarixli fərmanları ilə ədəbi dilimizin fəaliyyət meydanı daha da genişləndirilib.
Ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan siyasəti uğurla davam etdirən Prezident İlham Əliyev dilimizin qorunması və inkişafına böyük həssaslıqla yanaşır. Dövlətimizin başçısının imzaladığı Fərman və sərəncamlar ana dilimizin saflığının qorunması və inkişafı yönündə mühüm əsas olmaqla yanaşı, eyni zamanda, milli identikliyi də gücləndirən əhəmiyyətli amildir. “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 yanvar 2004-cü il tarixli Sərəncamı da bu istiqamətdə xüsusi əhəmiyyət kəsb edir. Bundan başqa, dövlət başçısı tərəfindən 2012-ci il mayın 23-də “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” Sərəncamın imzalanması da ayrıca qeyd edilməlidir. Prezident İlham Əliyevin 17 iyul 2018-ci il tarixli “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamı da Azərbaycan dilinin inkişafı və tətbiqi dairəsinin daha da genişləndirilməsi baxımından müstəsna əhəmiyyətə malikdir. Bunlarla yanaşı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərman imzalayıb. Fərmanda göstərilir ki, müasir Azərbaycan dili mükəmməl qrammatik quruluşa, zəngin lüğət tərkibinə və ifadə vasitələrinə malikdir. Bununla yanaşı, dilimizin hüdudsuz imkanlarından yetərincə və düzgün istifadə edilməməsi halları hələ də kifayət qədər geniş yayılıb. Televiziya və radio kanallarında, internet resurslarında, mətbu nəşrlərdə və reklam daşıyıcılarında ədəbi dilin normalarının kobud şəkildə pozulması, leksik və qrammatik qaydalara əməl edilməməsi, məişət danışığından istifadə olunması, əcnəbi söz və ifadələrin yersiz işlədilməsi az qala adi hala çevrilib. Bu sahədə hüquqi tənzimləmənin və daimi nəzarətin olmaması dil pozuntularının azaldılması və aradan qaldırılması istiqamətində təsirli tədbirlər görməyə imkan vermir. Məhz bu təsirli tədbirləri görmək üçün ölkə başçısı tərəfindən imzalanan sözügedən Fərmana əsasən Azərbaycan Respublikasının dövlət dilinin tətbiqinə nəzarət edən, kütləvi informasiya vasitələrində, internet resurslarında və reklam daşıyıcılarında ədəbi dil normalarının qorunmasını təmin edən, dövlət büdcəsindən maliyyələşən “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi” publik hüquqi şəxs yaradılacaq. Şübhəsiz ki, “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərman Ana dilimizin qorunması və inkişafına diqqət və qayğının bariz nümunəsidir. Digər tərəfdən, sözügedən Fərman Azərbaycan dilinin tətbiqi sahəsində hüquqi tənzimləmənin və daimi nəzarətin təmin edilməsinə, mövcud nöqsanların və pozuntuların aradan qaldırılmasına xidmət edir.
Bu məqamda qeyd edək ki, dekabrın 5-də keçirilən konfransda “Azərbaycanın teleradio məkanında ədəbi dilin qorunması” layihəsi çərçivəsində Milli Televiziya və Radio Şurası (MTRŞ) və Bakı Dövlət Universitetinin Azərbaycan dilçiliyi kafedrasının mütəxəssisləri tərəfindən teleradio yayımçılarının ədəbi dil normalarına riayət edilməsi ilə bağlı 2018-ci ilin avqust və sentyabr aylarında aparılmış monitorinqin nəticələri açıqlanıb. Qeyd edilib ki, monitorinqə 6 adda televiziya, 12 adda radio verilişləri cəlb olunub. Həmin verilişlər mövzu istiqamətinə görə təhlil edilib, məlum olub ki, ədəbi dil normaları dilin bütün səviyyələri üzrə - istər fonetik, istər leksik, istər qrammatik, istərsə də üslubi səviyyədə pozulur. Konfransda monitorinqin davam etdiriləcəyi diqqətə çatdırılıb.
Bütövlükdə, dövlət dilinin istifadəsi dairəsinin genişləndirilməsi və saflığının qorunması sahəsində mövcud problemlərin mütəmadi olaraq öyrənilməsi, monitorinqinin aparılması və nöqsanların aradan qaldırılması diqqət mərkəzindədir. Yeri gəlmişkən, Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bəhs olunan konfransda çıxışı zamanı Ümummilli lider Heydər Əliyevin Azərbaycan dilinin xalqımızın ictimai-siyasi və mənəvi həyatında rolunu yüksəltmək istiqamətində gördüyü mühüm işləri xatırladaraq qeyd edib ki, məhz bunun nəticəsində ana dilimiz dövlət dili statusu qazanıb, onun mövqeləri əhəmiyyətli dərəcədə möhkəmlənib. Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi dil siyasətini hazırda Prezident İlham Əliyev ardıcıl surətdə davam etdirir. Əli Həsənov bildirib ki, dövlət dilinin tətbiqi dairəsinin genişləndirilməsini və saflığının qorunmasını Prezident İlham Əliyev Azərbaycan dövləti qarşısında duran ən mühüm vəzifələrdən biri hesab edir: “Təəssüf ki, kütləvi informasiya vasitələrində, o cümlədən elektron KİV-də dövlət dilinin norma və prinsiplərinə uyğun olmayan söz və ifadələr işlədilir. Bu amilləri nəzərə alaraq, Prezident İlham Əliyev 2012-ci ilin mayında “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” haqqında Sərəncam imzalayıb. Sərəncamda dilimizin müxtəlif səviyyələrdə, xüsusilə KİV-lərdə işlənməsində fonetik, sintaktik və semantik normalardan ciddi yayınmaların olduğu vurğulanıb, Azərbaycan dilinin internet sahəsində tətbiqinə diqqətin artırılmasının vacibliyi xüsusi qeyd edilib”.
“Təəssüf ki, 2012-ci ildə imzalanmış Prezident Sərəncamında sadalanan nöqsanlara bu gün də təsadüf edilir. Buna görə də Prezident İlham Əliyev dövlət dilinin istifadəsi dairəsinin genişləndirilməsi və saflığının qorunması sahəsində mövcud problemlərin mütəmadi olaraq öyrənilməsi, monitorinqinin aparılması və nöqsanların aradan qaldırılması məqsədilə 2018-ci il noyabrın 1-də yeni Fərman imzalayıb. Həmin Fərmandan irəli gələn vəzifələrə uyğun olaraq müəyyən monitorinq aparılıb və düşünürəm ki, mütəxəssislərin iştirakı ilə monitorinqin nəticələri peşəkarcasına təhlil edilərək lazımi nəticələr çıxarılacaq”, - deyə Prezidentin köməkçisi vurğulayıb.
Beləliklə, Azərbaycan dilinin tətbiqi dairəsinin genişləndirilməsi və saflığının qorunması mühüm vəzifələrdən biri kimi müəyyənləşdirilib. Bu istiqamətdə davamlı xarakter daşıyan mühüm tədbirlər həyata keçirilir və səmərəli nəticələr əldə olunur.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 665 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31