Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Memarlıq və mərmər heykəltəraşlığı ilə məşhur olan qədim şəhər – Perge

Memarlıq və mərmər heykəltəraşlığı ilə məşhur olan qədim şəhər – Perge

23.06.2021 [09:35]

Pergi antik şəhəri Antalyada xarici turistlərin üz tutduğu tarixi məkanlar arasında ön sıralarda dayanır

Xəbər verdiyimiz kimi, bir qrup azərbaycanlı jurnalist Türkiyənin Antalya şəhərində səfərdədir. Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəvəti və nazirlik nəzdində fəaliyyət göstərən Türkiyə Turizm Tanıtım və İnkişaf Agentliyinin təşkilatçılığı ilə baş tutan səfərdə əsas məqsəd bir daha bu diyarın turizm potensialı, həmçinin hazırkı postpandemiya dönəmində turizm sektorunda həyata keçirilən təhlükəsizlik tədbirləri barədə əyani şəkildə məlumat əldə etməkdir. 

Bundan öncəki yazımızda vurğuladığımız kimi, Türkiyənin turizm paytaxtı hesab edilən Antalya həm də özünəməxsus arxitekturası, tarixi yerləri və abidələri ilə də məşhurdur. Xarici turistləri də bu diyara cəlb edən Antalyanın təbiəti, turistlərə göstərilən yüksək səviyyəli diqqətlə yanaşı, həm də buradakı antik şəhərlər, tarixi yerlərdir.

Perge böyük hamam və çoxsaylı fəvvarələrinə görə "Su şəhəri" də adlanıb 

Elə səfər çərçivəsində ilk baş çəkdiyimiz Perge antik şəhəri də belə yerlərdəndən biridir. Xatırladaq ki, Pergenin tarixinə dair müxtəlif məlumatlar var. Bunlardan birində qeyd edilir ki, Antalya şəhərinin 18 km şərqindəki Aksu rayonunda yerləşən Perge böyük hamam və çoxsaylı fəvvarələrinə görə "Su şəhəri" də adlanıb. Məlumata görə, qədim Pamfiliyadakı Perge Troya müharibəsindən qaçan qaçqınlar tərəfindən eramızdan əvvəl 1000-ci ildə qurulub. "Parha" adı ilə tanınan və Hitit dövründə də mövcudluğunu qoruyan şəhər, Roma dövründə Anadolunun ən mütəşəkkil şəhərlərindən biri olub. 

1946-cı ildə başlanan qazıntılar bu qədim şəhərlə bağlı çoxsaylı qiymətli tapıntıların üzə çıxmasına səbəb olub. böyük bir Roma amfiteatrı, Roma qapısı, həmçinin şəhər divarlarının xarabalıqları, akropol və Bizans bazilikası bu tapıntılara aiddir. Bundan başqa mərmər lövhələrlə üzlənmiş və qədim heykəllərlə bəzədilmiş məşhur Roma hamamları da Pergedə qorunub saxlanılıb. Bu barədə bir qədər sonra. 

Perge antik şəhərindəki stadion təxminən 12 min tamaşaçı tutumuna malik olub 

Hələlik isə qeyd edək ki, Perge şəhərinin planının əsasını biri Şərq-Qərb, digəri Şimal-Cənub istiqamətində uzanan iki əsas küçə təşkil edir. Antik Perge şəhərinin əsas təməl quruluşu olan stadion, Türkiyənin ən yaxşı qorunan qədim stadionlarından biridir. Bələdçimiz Meltem xanım Karamete dedi ki, eramızın II əsrində tikilən stadion təxminən 12 min tamaşaçı tutumuna malik olub. Amma romalılar bu stadionda heç də futbol oynamayıblar. Meltem xanımın sözlərinə görə, burada qədimdə qladiator döyüşləri, atletika yarışlar və at yarışları keçirilib. 

Yarışlardan öncə stadionda məşq edən idmançılar buradakı böyük hamamda çimiblər. Vurğulamaq yerinə düşər ki, qədim romalılar bu hamada hər cür şərait yaradıblarmış. İsti su, soyuq su olan otaqlar və s. 

O da qeyd olundu ki, memarlıq və mərmər heykəltəraşlığı ilə məşhur olan qədim şəhərdəki qazıntılarda aşkarlanan heykəllər, Antalya muzeyini ən əhəmiyyətli heykəltəraşlıq muzeylərindən birinə çevirib. Yeri gəlmişkən, Pergede heykəltaraşlıq məktəbi də fəaliyyət göstərib. 

Şəhərdəki akropolisin tunc dövründə qurulduğu hesab edilir. Ellinizm dövrü ərzində şəhər köhnə dünya içərisindəki ən zəngin və gözəl şəhərlər arasında olub. Bundan əlavə Perge Yunan riyaziyyatçısı Pergeli Apolloniusun məmləkətidir.

Perge bazarı dövrünün məhşur bazarlarından olub

Liman şəhəri kimi önə çıxan Pergedə qədimdə geniş bir bazar da olub. Özü də bu bazar sayəsində Perge sakinləri zəngin həyat sürüblər. Aksu çayı vasitəsilə dünyanın müxtəlif yerlərindən bu şəhərə üz tutan xarici tacirlər çoxsaylı mallar gətirirmişlər. 

Bazarda diqqəti çəkən yerlər çoxdur. Onlardan biri isə divarlardakı şəkillərdir. Məsələn divarlardan birinin üzərində ilan və adam şəklinin əks olunub. Meltem xanım deyir ki, bu şəkil olan divar qədimdə bir əzcaxana qapısı olub. 

Ümumiyyətlə, bazarda çoxsaylı dükanlar olub. Meydanın ortasında isə balıqçılara yer ayrılıb.  

Sirli, sehirli Roma qapısı... 

Antalyaya səfər edən xarici turistlərin üz tutduğu tarixi məkanlar arasında ön sıralarda dayanan Pergedə eramızdan əvvələ aid mağaralara və məskunlaşmalara rast gəlinməkdədir. Mağaralar içərisində ən tanınmış olan Quru mağarası, Karainin qonşusu olan Öküzün mağarası, Beldibi, Bəlbas qaya sığınacaqları və Badamağacı bölgədəki ən tanınmış tarix öncəsi yaşayış sahələridir.

Antik dövrdə şəhərin əzəmətini əks etdirən digər sosial və mədəni quruluşlara düzbucaqlı planlı bir agora, hündür qüllələr , abidəli fəvvarələr və bir də Roma qapısı daxildir. Roma qapısı da eramızın ikinci əsrində tikilib. Deyilənə görə, şəhər böyüdükçə onun sərhədləri də böyüyürmüş. Nəticədə də ərazisi genişlənmiş şəhərin yeni giriş nöqtəsində Roma qapısı tikilir. Meltem xanım deyir ki, bu qədim abidənin bir sirri var. Ortadakı iki daşı götürsən bütün qapı divarları dağılar. 

Roma qapısının üzərinə çəkilmiş akantus isə qədimdən yunanlar və romalılar tərəfindən bərəkət çiçəyi kimi dəyərləndirilirmiş. Bir də Pergedə əksər daşların üzərində akantusla yanaşı yumurta rəsminə rast gəlmək mümkündür. Meltem xanımın sözlərinə görə, qədim romalılar yumurtanı da bərəkət simvolu kimi qəbul edirlərmiş.

Bir sözlə, Antalyaya səfər edən xarici turistlərin Pergeni görməkdə maraqlı olması təsadüfi deyil. İnanırıq ki, hər daşında bir tarix yatan bu antik şəhər postpandemiya dövründə də xarici turistlərin sıx gəldiyi məkan kimi yadda qalacaq.

Nadir AZƏRİ

Türkiyə, Antalya

Paylaş:
Baxılıb: 744 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Gündəm

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31