Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Ana ətirli çörək - Arxa cəbhənin qəhrəmanları

Ana ətirli çörək - Arxa cəbhənin qəhrəmanları

22.10.2021 [13:15]

Bu gün sizə 44 günlük müharibənin arxa cəbhəsində gecəsini gündüzünə qatan, əlindən gələn köməyi əsirgəməyən bir insan barədə danışacağam. Onu arxa cəbhənin romantik qəhrəmanı adlandırıram. Çünki duyğularını, hisslərini o qədər gözəl ifadə edir, o günlərin mənzərəsini sözlə elə təsvir edir ki, dinlədikcə özünü onunla birgə o səngərlərdə, o yollarda hiss edirsən, burnuna barıt qoxusu gəlir, qulaqların müharibənin məşum uğultusunu hiss edir…

Tural Nəbiyev 1983-cü ildə Füzuli rayonunun Horadiz qəsəbəsində (indiki Horadiz şəhərində) anadan olub. Müəllim işləyir. Eyni zamanda, yerli bələdiyyədə çalışır. Müharibədə çəkdiyi zəhmətə görə, general Bərxudarov onu təltif edib. Bu isə onun üçün ən böyük hədiyyədir. Əlbəttə ki, qələbəmizdən sonra.

"Müharibədən əvvəl və başlayandan sonra arxa cəbhə olaraq əlimizdən gələni etməyə çalışdıq. Şəhid olan qardaşlarımızı Əhmədbəyli kənd məscidinə yola salırdıq, yaralı qazilərimizi qarşılayıb onları Horadiz xəstəxanasına, Olimpiya İdman Kompleksində yerləşən Hospitala, rayonumuzun müxtəlif yerlərində olan xəstəxanalara, Diaqnostika Mərkəzinə çatdırılmasına kömək olurduq. İlk gündən bizim uşaqlar qruplar halında Horadiz şəhər xəstəxanasında yaralıları daşımaq, tibbi maşınların yanında oturub, rayonumuzun həmin anda müxtəlif yerlərində fəaliyyət göstərən xəstəxanalara yaralı və yaxud da şəhid aparılmasına kömək etmək (təcili tibbi yardım maşınları ilk vaxtlarda yolları tanımırdılar), gələn dolu “TIR”-lardan yükləri boşaltmaq, bu yükləri hərbi maşınlara, təcili tibbi yardım maşınlarına yükləyərək, ön xəttə çatdırmaq işilərinə baxırdılar", - deyə Tural o günləri xatırlayır.

O da, dostları da hərbi zonada yaşadıqlarına görə, əraziyə yad adam gələndə, icazəsiz çəkiliş aparanda müdaxilə edir, cəbhəyə getmək üçün gətirilən əsgərləri gecələmək üçün öz evlərinə aparıb qulluq göstərirdilər.

Ana ətirli çörək

Ən unudulmaz xatirələrini bölüşür mənimlə:

"Müharibə gedirdi. Gec saatlarda evə gəldim. Üst-başım pis vəziyyətdə idi. Anamın mənə baxdığını hiss etdim. Vərdiş eləmişdim ki, deyəcək dur üst-başını dəyiş. Ancaq demədi. Kədərliydi. "Bu gün təcili tibbi yardım maşınlarının səsini saymışam, çox keçib. Sonra sayı unutdum, Allah balalarımıza yardımçı olsun, yaman çox idi təcili yardım maşınları, ay oğul. Çörək bişirmişəm" dedi.

Saata baxdım, "gecə saat ondur, sabah bişirərdin də" dedim. Bişirdiyi çörəkləri büküb gətirib qarşıma qoydu. "Sizin üçün bişirməmişəm apar əsgərlərə ver" dedi. Ön xəttə gedən əsgərləri yaxın ərazilərdə yerləşdirdiyimizi bilirdi. Heç nə demədim. Çörəkləri götürüb getdim. Yolüstü sosiska, kolbasa da aldım.

Əsgərlərimizin yanına getdim. Əsgərlərdən biri, ən cavanı aralıda oturmuşdu. Dedi ki, çörək qoxusu gəlir. Özü də evdə bişib. Ətrindən bilirəm. Yaxına gəldi, çörəkdən bir parça kəsdi, paketdə gətirdiyim, kolbasa, sosiskanı uzatdım. Çörəyi burnuna tutub, dərindən nəfəs aldı. "Yox qardaş, bu qoxunu hiss etmək üçün onu elə yavan yemək lazımdır. Bu başqa qoxudur, bu, ana qoxusudur" dedi. Evə qayıdanda bunu anama dedim, ağladı. Ondan sonra demək olar hər gün çörək, peraşki bişirirdi, mən də əsgərlərə aparırdım. Bir neçə gün keçdi. Zəng vurdu ki, unum qurtarıb, un al gətir mənə. Dedim ki, yaxın ərazilərdə dükanlar bağlıdır, un da yoxdur. Anam mənə acıqla "əlinizdən bir iş gəlmir, haradan tapırsan tap, bilmirəm" dedi. Anam o günlərdə əsgərlərimizə əlindən gələn bu yardımı etməyi özünə borc bilmişdi. Bu barədə danışmağı isə sevmir. Bu gün o günlərdən danışırdıq, söhbət bu mövzuya gələndə dedi ki, siz bekar adamlarsınız, mənim işim çoxdur, ayağıma dolaşmayın".

Bu, Turalın anası kimi minlərlə ananın o günlərdə yaşadığı reallıqdır. Bir də Tural kimi neçə qardaşlarımız olub qucağında şəhid daşıyan, ağuşu neçə qazimizin qanına bələnən.

O barədə xatırlayanda gözləri dolur. Səsi qırıla-qırıla danışır, sözlərini qəhər boğur.

"Bir postun yanında durub kömək edirdik. Öndə döyüş gedirdi. Yaralılar hərbi tibbi texnikalarla döyüş meydanından çıxarılıb gətirilir, təcili tibbi yardım maşınlarına qoyulur, onlar da xəstəxanalara aparırdılar. Hər birimiz nəsə etməyə çalışırdıq. Toz, duman içində hərbi maşın yaxınlaşdı. Bu maşınlarda adətən ən ağır yaralılar olurdu. Maşın dayandı, içərisindən iki əsgər düşdü. Sonra yaralanmış əsgəri çıxardılar. Qolunu bağlamışdılar, dirsəkdən yuxarı yox idi. Ancaq nə ah edirdi, nə səs çıxarırdı. Tək dediyi "buraxın, mən yaxşıyam, sol əlimdir, axı mən sağ əlimi işlədirəm, bağlayın qan axmasın, irəli getmək lazımdır. Buraxın məni...".

Bir qolu qopan və ağır yaralanan əsgər ancaq önə getmək, qisas almaq haqqında düşünürdü. Sizcə bu cür əsgər məğlub ola bilərdimi? Onlarla belə əsgər gördüm, mina qəlpələri ilə yaralanan, əzalarını itirən, bədəni yanan… Amma Vətən eşqi insana can ağrısını necə unutdurarmış, bax, bunun da canlı şahidiyəm mən. O igid oğullarımızla qürur duymamaq olmaz".

 Tural deyir ki, onun kimi yüzlərlə sadə vətəndaş arxa cəbhədə ön cəbhə üçün əlindən gələn köməyi əsirgəməyib. Hətta bir çoxları düşmənin uçan kəşfiyyat qurğularının diqqətini özlərinə çəkmək üçün hədəf rolunu da oynayıblar - ölümü bircə an düşünmədən.

"Müharibənin şiddətlə getdiyi zaman idi. Hadrut istiqamətində güclü döyüşlərin getdiyini bilirdik. Horadiz şəhərində işıqların yandırılması qadağan edilmişdi. Düşmən görər və atəş açar deyə,  maşınlar da işıqsız hərəkət edirdi. Di gəl ki, Horadizdə texnikalarımız, əsgərlərimiz olan əraziyə doğru hərəkət edən erməni dronunu azdırmaq üçün alışqanla, fənərlə işıq yandıran yaşlı insanlar var idi. PUA istiqaməti dəyişsin, əsgərlərimizə tərəf getməsin deyə, özlərini hədəf edirdilər".

Tural özündən başqa hamı haqqında danışır…

"Sizə danışım Nazim dayıdan. 44 günlük Vətən müharibəsi zamanı işlətdiyi çay evində əsgərlərimiz üçün yemək bişirən, şəhərimizə gələn qonaqlara təmənnasız xidmət edən və ən əsası isə nisyə dəftərini qarşısına qoyub şəhid olan əsgər, gizir, zabit qardaşlarımız üçün ağlayaraq "borcunuz ödənib", deyərək həmin dəftəri cırıb atan Nazim dayıdan. Horadizdə raket zərbəsindən evi dağılan, ancaq yol kənarına bir stul qoyub gecəni orada yatan Nazim dayıdan. "Yüz belə ev əsgərlərimizin bir telinə qurban" ,deyən Nazim dayı... Ev dövlət tərəfindən əvvəlkindən də yaxşı bərpa olunub. Müharibədən sonra Nazim dayıya Horadiz bələdiyyəsi adından xidmətlərinə görə təşəkkür etdik. Bu gün sağlamlığında müəyyən problemlər yaşasa da, “bu halımla yenə hazıram”, dedi.

Bu dəfə gözləri qürurla parlayır, yenə kövrəlir. Elə bu kövrək ruhunu görərək soruşuram. "Sizi o günlərdə ən çox kövrəldən məqam nə olub?".

"Ağır yaralanmış əsgərin "buraxın, mənim heç nəyim yoxdur" dediyini görəndə ağladım. Hər yaralıya, şəhidə öz oğluymuş kimi yüyürən atanı görəndə ağladım. Gücü ancaq öz əkdiyi yerkökünü əsgər balalara gətirən babanı görəndə ağladım. Şəhid olan oğluna verdiyi sözü tutmaq üçün, azad olunan torpaqları görməyə gələn, o torpağa üzünü sürtən atanı görəndə ağladım. Əsgərə çörək çatdıra bilməyən çörək sexindən ac qalsa da, çörək almayan sakinlərimizi gördükdə ağladım. PUA gördükdə yaxınlıqdakı əsgərlərini qorumaq üçün yol qırağında əl edərək diqqəti özünə cəlb edən insanları gördükcə ağladım. Yaralı əsgərin qanaxmasına, ağrısına baxmayaraq, “öncə şəhidi düşürün” dediyini eşidəndə ağladım".

Amma daha ağlamırıq. Ağlamaq sırası indi düşməndədir. Bizlər 30 il bizsiz qalmış doğma torpaqlarımızı abadlaşdırmağa, yenidən el-oba, yurd-yuva eləməyə başlamışıq. Axar sularımız yenidən çağlayır, kəsilən ağaclarımız yenidən göyərir. Bu ellərin “Xan çinar” kimi oğulları azad edilmiş torpaqların “Xan çinar”ları ilə qucaqlaşır, boy-boya verirlər. Onlar arasında Tural və dostları da var. Bu dəfə də ellərimizi abadlaşdırmaq, qurmaq, yaratmaq əzmiylə qol çırmayıblar. Oğuz ellərində 3 tonqal qurulub bu dəfə. Var olun, Vətən oğulları!

İlhamə Rəsulova

Paylaş
Baxılıb: 151 dəfə

Xəbər lenti

Hamısına bax

Prezident bu gün

04 Dekabr 00:11

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31