Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Yadplanetlilərin oğurladığı prezident nələr danışdı

Yadplanetlilərin oğurladığı prezident nələr danışdı

10.12.2021 [10:57]

Kainatda tək deyilik - Yadplanetlilərlə görüşə hazırıqmı?

İlhamə Rəsulova

İnsanı hər zaman bir sual maraqlandırıb. Ucsuz-bucaqsız kəhkəşanda, kainatda yaşayan yeganə şüurlu varlıqlar bizik? Kainatın nə dərəcədə böyük olduğunu dərk etdikdən sonra yəqin ki, yalnız olduğumuzu düşünmək çox da ağıllı olmazdı. Hətta müqəddəs dini kitablarda belə, başqa canlı məxluqların varlığından söhbət gedir. Cinlər və ya mələklər deyə anılan o varlıqlar, əslində başqa dünyaların sakinləri deyil, bəs kimlərdirlər? İslam araşdırmaçıları irfan və təsəvvüf elmində Allahın yaratdığı 18 min aləm və orada yaşayan məxluqat barədə məlumat verildiyini yaxşı bilirlər. Növbəti sual belə yaranır. Başqa planetlərdə bizdən daha çox inkişaf etmiş varlıqlar varsa, onların bizə münasibəti dostcadır, ya düşməncə? Görünür ki, düşməncə deyil, əks halda müdaxilələrini görərdik. Bəlkə də baxıb, balaca Yer kürəsində 8 milyardlıq insan toplumunun öz-özünü müharibələrlə məhv etməsini təəccüb içində izləyir, bizi aqressiv canlılar olaraq gördükləri üçün yaxınlaşmırlar. Ya da biz hələ bu görüş üçün kifayət qədər yetkin deyilik.

Hollivud filmləri bizi yaşayacağımız gələcəyə qismən alışdırdı. Pandemiyalar, viruslar, yüksək texnologiyalar, insanabənzər robotlar deyərkən hamısını gördük keçdik (maraqlı dövrdə yaşayırıq əslində). Bircə qalıb yadplanetlilərlə təmaslarımız, görünür ki, yaxın 10 ildə o da gerçəkləşəcək. Çünki Amerika rəsmiləri artıq xırda-xırda məlumatlar yaymaqda maraqlıdırlar. Bəlkə, cəmiyyəti yeni bir təkamül proseslərinə hazırlayırlar?

2021-ci ilin noyabr ayında ABŞ-da UNO-ları izləmək üçün struktur yaradılıb. “The New York Times” yazır ki, Pentaqon ABŞ Müdafiə Nazirliyinin strukturunda naməlum uçan obyektlər (UNO) haqqında məlumatların tədqiqi üçün yeni bölmənin yaradıldığını elan edib. Məlumdur ki, yenidən təşkil edilmiş Hava Obyektlərinin Müəyyənləşdirilməsi və Sinxronizasiya Qrupunun (AOIMSG) işinə hərbçilər və kəşfiyyat rəsmiləri nəzarət edəcək. Pentaqon UNO izləmə qrupunun yenidən təşkil olunduğunu elan edir.

Bundan az öncə, yəni 2021-ci ilin iyun ayında ABŞ kəşfiyyatı, yarım əsrdə ilk UNO hesabatını dərc edib və bildirib ki, 2004-2021-ci illərdə aerodinamika qanunlarına zidd olan 144 uçuş faktı qeydə alınıb. ABŞ kəşfiyyat orqanları UNO-lara dair onlarla hərbi sübutu 9 səhifəlik hesabatda təqdim ediblər. UNO hesabatı ABŞ Konqresinin tələbi ilə hazırlanıb. Ölkənin Müdafiə Nazirliyi onilliklər ərzində naməlum uçan obyektlərin tədqiqi ilə məşğul olub. Eyni zamanda, hərbçiləri yalnız yerdənkənar həyatın mövcudluğu məsələsi deyil, onların digər dövlətlərlə əlaqəsi, rəqibləri - Rusiya və Çinin mümkün yeni silahları maraqlandırır.

“The Sun” isə yazıb ki, ABŞ Milli Kəşfiyyatının direktoru Avril Hayns naməlum uçan obyektlərlə qeydə alınmış qarşılaşmalardan danışıb və etiraf edib ki, mütəxəssislər bu hadisələrin elmi izahını tapa bilmirlər, Naməlum uçan obyektlər (UNO) Amerikanın nüvə qurğularına birbaşa təsir göstərib. Bunu “The Washington Post” qəzetinə müsahibəsində Pentaqonun anomal aerokosmik təhdidlərə dair məlumatların toplanması və təhlili üzrə məxfi proqramının keçmiş direktoru Luis Elizondo deyib.

ABŞ Müdafiə Nazirliyinin hesabatındakı bir cümlə də diqqət çəkir. “Ölkəmizdə bu UNO-ların müdaxilə etdiyi və nüvə potensialımızı faktiki olaraq söndürdüyü hallar artıq olub. Onların digər ölkələrdə nüvə texnologiyalarına müdaxilə etdiklərinə və əslində onları işə saldıqlarına dair sübutlarımız var”.

1991-ci ildə SSRİ-nin “Mir” kosmos stansiyasına gedən ingilis astronavt Elen Şerman yadplanetlilərin mövcud olduğunu iddia etdi. Şerman yadplanetlilərin mövcud olduğunu, onların fərqli elementlərdən ibarət olduğunu bildirdi. Astronavta görə, yadplanetlilərin Yer kürəsinə haradan gəlməsinin sirrini çözmək çox çətindir. Həmin fərqliliklər buna mane olur. Bu varlıqların karbon və azot əsaslı olduğunu deyən Şerman onların görünməsinin mümkün olmadığını iddia edib.

Sosial şəbəkədə sualları cavablandıran amerikalı keçmiş astronavt Maykl Kollins “Yadplanetlilər varmı?” sualına “Bəli” cavabını verib. O, daha fərqli bir planetdə həyat axtarmaq üçün xüsusi kosmik vasitəsinin (Apollo 11) hazırlandığını iddia edib.

Yadplanetlilərlə görüşən prezident

Yadplanetlilərlə görüşdüklərini, onlar tərəfindən oğurlandıqlarını qeyd edən çoxlu sayda insan var. Hekayələr fərqli ola bilər, çünki yerdənkənar sivilizasiyaların sayı çoxdur, hər kəs fərqli planetlərin nümayəndələri ilə təmasda ola bilərdi. Sadə insanlara adətən inanmır, çox zaman onların ağlına şübhə ilə yanaşırlar. Bir zamanlar Xalq yazıçısı İsa Hüseynov Muğanna da yadplanetlilərlə müntəzəm təmaslarda olduğunu, onların xərçəng xəstəliyindən əziyyət çəkən xanımını sağaltdığını demişdi. Yazıçıya hamı bundan sonra “ birtəhər” baxmağa başlamışdı. Onlarla görüşdüyünü gizlətməyənlərdən biri də Kalmıkiyanın keçmiş rəhbəri, FİDE Prezidenti Kirsan İlyumjinovdur.

O, 2017-ci ildə Rusiya telekanallarının birində canlı yayımda yadplanetlilərlə görüşünün təfərrüatlarını danışıb. İlyumjinovun sözlərinə görə, yadplanetlilərlə əlaqə 1997-ci ildə Moskvada baş verib, O zaman İlyumjinov Kalmıkiya Respublikasının Prezidenti idi.

“Moskvanın mərkəzində mənzilim var. Evə gəldim, kitab oxuyurdum. Pəncərənin açıq olduğunu hiss etdim. Balkona çıxdım. Qarşımda yadplanetlilərin gəmisini gördüm və mən gəmiyə keçdim”.

O, baş verənləri aydın hiss etdiyini vurğulayıb. İlyumjinovun sözlərinə görə, yadplanetlilər sarı rəngdə olublar. İlyumjinov yadplanetlilərlə nə danışdığını da xatırlayıb.

“Mən onlarla söhbətdən sonra qayıdanda Yerdə fərqli zamanda olub-olmayacağımı soruşdum. Onlar hər şeyin adi qaydada olacağını dedilər.

FİDE prezidenti yadplanetlilərdən niyə yerlilərlə hələ də təmasda olmadıqlarını soruşub. Mənə belə cavab verdilər: “Siz hələ hazır deyilsiniz, qarışqalarla ünsiyyət qurmursunuz, hələ o ibtidai səviyyədəsiniz”.

O, Rusiya Federasiyasının o vaxtkı prezidenti Boris Yeltsinə bu görüş barədə danışıb. Yeltsin təəccüblənməyib və sakit şəkildə “Onlarla uçdun, geri qayıtdın, yaxşı elədin, bu barədə danışma, get işinlə məşğul ol” - deyib. Bu hadisədən bir qədər sonra o işindən azad edilib.

ABŞ prezidentlərindən Eyzenhauzerin yadplanetlilərlə müqavilə bağlamasına dair iddialar da var. İddialara görə, o tədqiqat aparmaq üçün oğurlanacaq insanlar müqabilində yeni texnologiyalar tələb edib.

UNO-lar və Azərbaycan

Demək olar ki, hər bir ölkənin özünün UNO-larla bağlı əfsanələri var, o cümlədən Azərbaycanın və azərbaycanlıların. Tez-tez sosial şəbəkələrdə uçan naməlum obyektlər gördüyünü iddia edən şəxslər üzə çıxır. Bu sətirlərin müəllifi olaraq uşaqkən mən özüm də 80-ci illərin ortalarında belə bir obyekti gördüyümü deyə bilərəm. Yay axşamında ailəlikcə eyvanda oturmuşduq. Uzunluğu bəlkə də 50 metr olan bir obyekt 25-30 metr hündürlükdən həyətimizin üzərindən ötdü keçdi. Gövdəsi qaranlıq idi deyə görünmürdü, sadəcə sayrışan işıqlarına əsasən onun d?rijabl formasında olduğunu deyə bilərəm. Səs yox idi, sürət az idi, sakitcə süzərək ötüb keçdi. Həyəcan yaratmışdı bizdə. Nə olduğunu dəqiq deyə bilmərəm.

Bu günlərdə Azərbaycan mediasında Xəzərin UNO-ların bazası olması barədə xəbərlər dolaşır. Əslində bu xəbər yeni deyil, hətta 70 il öncəyə aiddir desəm, yalan olmaz.

“Xəzər əjdahası” və ya N24 kvadratın fenomeni barədə məlumatların əsası 1980-ci illərdə qoyulub. N24-ün Bakının Suraxanı rayonu ərazisində yerləşməsi ehtimalı var. 1955-ci ildə ABŞ senatoru Riçard Rassel Suraxanıda UNO müşahidə edəndən sonra ərazi dünya dövlətlərinin casusları tərəfindən izlənməyə başlayıb.

1950-ci illərdən etibarən neft yataqlarının mənbələrinin öyrənilməsi bəhanəsi ilə O.Şmid adına SSRİ E.M. Yerin Fizikası İnstitutunun əməkdaşları daima “Xəzər əjdahası”nı müşahidə ediblər. İddialara görə, dünyanın bir çox qabaqcıl ölkələrinin 24 kvadratına öz sərbəst girişləri var.

Keçmiş SSRİ KQB-sinin xüsusi şöbəsinin sabiq əməkdaşı, ehtiyatda olan mayor Vasili Kuzminıx iddia edib ki, 80-ci illərdə Azərbaycan əraizisində xidmətdə olarkən nəhəng ölçüdə naməlum obyekt görünüb, məlumat gizli saxlanıb.

“O, saatda 700 kilometr sürətlə hərəkət edirdi. Bizimlə eyni hündürlükdə. O vaxt buna izahat tapa bilmədik. Belə nəticəyə gəldim ki, bu, bizim biliklərimizdən kənarda qalan bir şeydir. Mən bu barədə rəhbərliyə raport verəndə o əsəbləşdi və boş işlərlə məşğul olmamağı tapşırdı”, - deyə o, bildirib.

1990-2000-ci illərdə akademik Elçin Xəlilov Xəzər üzərində sirli uçan obyektlərin varlığı barədə dəfələrlə danışsa da, bu, sadəcə paronormal hadisə kimi qiymətləndirilmiş, çox ciddiyə alınmamışdı. Görünür ki, bu informasiyanın açılmaması lazım imiş...

Zamanda səyahət, ya göydən gələn Tanrılar?

Yer üzərində sirri açılmamış çoxlu sayda qəribə məkanlar var. Onlardan biri də Misir piramidalarıdır. Bu piramidaların bənzərlərinin Antarktidada olması barədə məlumatları eşitməmiş deyilsiniz. Və yəqin onu da bilirsiniz ki, Antarktida hansısa bir səbəbdən hərbi qaydada sirli obyekt kimi qorunur, qitəyə səfər edənlər ora öz ayaqları ilə mikrob, virus daşımasınlar deyə gəmidən düşüb, quruya ayaq basarkən çox mükəmməl sterilizasiyadan keçirilirlər. Bu maraqlı fakta məntiqli açıqlama verilmir, qitənin təbiətinin olduğu kimi saxlanılması ilə əlaqələndirilir.

Bir neçə il əvvəl Antarktidada tapılan sirli obyekt haqda hələlik açıqlama verilməyib. Böyük bir buz təbəqəsinin əriməsi ilə ortaya çıxan tikilinin nə olduğu hələlik bilinmir. Lakin bu, Yer kürəsinə çırpılmış bir UNO-ya oxşayır.

Qayıdaq alimlərə hələ də müəmmalı qalan Misir ehramlarına. 4000 ildən çox yaşı olan bu ehramların üzərindəki divar rəsmləri qədim tarixin izlərini daşıyır. Lakin bəzi rəsmlər sanki zamanda səyahətdən xəbər verir. Ehramların divarlarındakı rəsmlərdə helikopter, qırıcı təyyarə, tank, astronavt geyimli insan təsvirləri var və bu barədə geniş məlumat verilmir. Ehramların özlərinin quruluşu da maraqlıdır. Oradan tapılmış gil qablardakı batareyalar hələ də alimləri təəccübləndirir. Qədim misirlilər kabelsiz elektrik işığı barədə məlumatlı olublar. Ehramların tikilişindəki mükəmməl hesablamalar bu gün onların qəribə formada “çalışmasına” kömək edir. Məsələn, kəsik, yanıq, sıyrılma yaraları həcmi böyük ehramların daxilində daha tez sağalır. Ehramın daxilinə bir qabda çirklənmiş su qoysanız, bir neçə gündən sonra onu təmizlənmiş vəziyyətdə görəcəksiniz.

Bitkilər ehramların daxilində daha tez inkişaf edirlər. Ehramların daxilində ultrasəs, radar, şüaötürmə cihazları işləmir. Bu, tədqiqatçı alimlərin ehramlar barədə bildikləri sirrin yalnız cüzi hissəsidir. Misirin tarixinə dair qədim əfsanələrdə onlar bu yerlərə göylərdən günəş kimi parlayan qəribə aparatlarda uçub gələn tanrılar barədə danışılır. Söhbət ya yadplanetlilərdən gedir, ya da zamanda hərəkəti kəşf etmiş yerlilərdən. Sirr hələ ki sirr olaraq qalır.

Yəqin hamı ABŞ-dakı sirli 51-ci zona haqqında eşidib. Narvadada yerləşən bu sirli zonaya giriş qadağandır. Rəsmən bildirilir ki, təyyarələri və silahları sınaqdan keçirmək üçün istifadə olunur. Bununla belə, ufoloqlar Yerə gələn ağıllı varlıqların məxfi tədqiqatlarının məhz burada aparıldığını iddia edirlər.

Baza 1955-ci ildə açılıb, lakin CIA onun mövcudluğunu yalnız 2013-cü ilin avqustunda rəsmən tanıyıb. Və dörd ay sonra prezident Barak Obama ilk dəfə ictimaiyyət qarşısında çıxışında 51-ci ərazini xatırladıb, əvvəllər heç bir prezident bunu etməmişdi.

1989-cu ildə professor Robert Lazar açıq şəkildə bildirdi ki, o, yadplanetli texnologiyaları öyrənən “51-ci sahə” ilə məşğuldur. Xüsusilə, o, yadplanetlilərin tibbi fotoşəkillərini gördüyünü iddia etdi və həmçinin, onun sözlərinə görə, bazada bir UNO cihazı araşdırılır.

Hər bir cəmiyyətin insan övladı kimi inkişaf dövrləri var. Uşaqlıq, yeniyetməlik, gənclik və qocalıq. Lakin görünən odur ki, bizim cəmiyyətdə heç də hamı eyni sürətlə inkişaf etmir. Müasir texnologiyalarla Marsda koloniyalar yaratmaqdan danışdığımız bir dövrdə hələ Yerin özü barədə hər şeyi öyrənməmişik, yerin tərki, okeanların dibi müəmma olaraq qalır. Bir qrup insan super zəkaya sahibkən cəngəlliklərdə hələ çılpaq gəzən vəhşi qəbilələrimiz var. Bəzi dövlətlər çox varlı, bəziləri çox kasıbdır. Yəqin yadplanetlilərin gözüylə baxınca biz doğrudan da hələ ibtidai formamızdan qurtula bilməmişik. Özü ilə savaşan insan yadplanetliylə savaşmazmı? Görünür onları məhz bu sual düşündürür. Və ən nəhayət, biz insan cəmiyyəti olaraq bu təmaslara hazırıqmı? Yadplanetlilərlə hər tin başında rastlaşmaq qorxusu gündəlik qayğılarla dolub- daşan həyatımızı xaosa sürükləməzmi? Dərdimiz az idi, biri də yad planetlərdən gəlsin? Necə düşünürsünüz, biz buna hazırıq, yoxsa bu təmas bizim də haqqımızdır?

Paylaş
Baxılıb: 230 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Xəbər lenti

Xəbər lenti

Neft ucuzlaşıb

21 Yanvar 10:00

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31