Bakının “gecəqondu” problemi
14.12.2021 [10:46]
Mübariz Abdullayev
Paytaxt Bakıda qeydiyyatsız tikililər problemi hələ də qalmaqdadır. Belə tikililər bir sıra nöqteyi-nəzərdən ciddi narahatlıqlara yol açır. Söhbət vətəndaşların mülkiyyət hüququ, şəhərsalma normalarının pozulması, təhlükəsizlik, əhaliyə kommunal xidmətlər göstərən qurumlar üçün yaranan çətinliklər, bələdiyyə vergilərinin yığılması və bu kimi digər çox ciddi məsələlərdən gedir.
“Gecəqondular” paytaxta necə ayaq açıb?
Qeydiyyatsız evlər “gecəqondular” kimi də məşhurdur. Tələm-tələsik, nəzarətdən kənar tikildiyinə görə belə adlandırılır. Əlbəttə, biz burada “nəzarətdən kənar” ifadəsini şərti olaraq işlətdik. Əslində, belə tikililər də əksər hallarda şəhərin, rayonların, qəsəbələrin, bələdiyyələrin və nəhayət, mənzil-kommunal istismar sahələrinin, çoxsaylı tikintiyə nəzarət qurumlarının gizli sövdələşmələrinin və “xeyir-dua”larının nəticəsində paytaxtımızın sağalmayan xəstəliyinə çevrilib. Söhbət yüz minlərlə qanunsuz tiklilərdən gedir. Belə tikililərə həm paytaxtın mərkəzi rayonlarında, həm də şəhərətrafı qəsəbələrdə rast gəlmək mümkündür. Binəqədi, Sabunçu, Xəzər, Xətai, Yasamal kimi rayonlar “gecəqondular”ın siyahısında ön sıraları bölüşürlər. Biz səlahiyyətli qurumların təmsilçilərinin vətəndaşların hətta öz mənzillərində apardıqları təmir işlərinə müdaxilə etmələrinin, onlardan müxtəlif bəhanələrlə “şirinlik” istəmələrinin şahidi olmuşuq. Bəs bir neçə gün, bir neçə ay davam edən qanunsuz tikililər nə üçün gözdən-könüldən uzaqda qalıb, belə tikililəri aparanlara “gözün üstündə qaşın var” deyən tapılmayıb? Bu, müvafiq qurumların rəhbər şəxslərinin vicdan məsələsidir. Açıq deyək ki, onlar hansısa təmannalar müqabilində şəhərimizi belə ciddi bir problemlə üz-üzə qoyublar. Dəfələrlə olub ki, su, kanalizasiya, qaz xətlərinin üstündə, yüksək gərginlikli elektrik xətlərinin altında tikilən fərdi yaşayış evlərində bədbəxt hadisələr baş verib. Burada vətəndaşların, özlərinin də günahı az deyil. Onlar ayıq-sayıq olmalı və bəzi xidmət əməkdaşları ilə qeyri-qanuni sövdələşmələrə getməməlidirlər. Axı kommunikasiya xətlərinin yaxınlığında və yaxud bilavasitə üzərində hansı məntiqlə tikinti aparmaq olar? Unutmaq olmaz ki, belə tikililər hər an təhlükə saçır.
Sənədləşdirmənin faydaları
Ekspertlər “gecəqondular” kimi tanınan tikililərin qeydiyyatının aktual məsələ olduğunu bildirirlər. Bununla bağlı “Yeni Azərbaycan”a açıqlama verən əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə bildirib ki, özbaşına tikilən evlərin qeydiyyata alınması həm iqtisadi, həm də sosial baxımdan ciddi önəm daşıyır. Artıq bir neçə ildir ki, bu istiqamətdə proseslərə start verildiyini deyən ekspert bildirib: “Belə tikililərin qeydiyyata alınması asan deyil. İndiyədək rayonlar üzrə müvafiq komissiyalar işləyib. Düzdür, 2020-ci ildə pandemiya ilə əlaqədar bu istiqamətdə işlər bir qədər səngidi. Ancaq cari ildən inventarlaşdırma davam etdirilir. Məndə olan məlumata görə, işlər hazırda yekunlaşma mərhələsindədir. Vəziyyət hökumət və digər müvafiq qurumlar səviyyəsində ciddi şəkildə araşdırıldıqdan sonra yekun qərar elan olunacaq. Şübhə yoxdur ki, burada dövlətin, kommunal xidmətlər göstərən ayrı-ayrı qurumların və əlbəttə ki, vətəndaşların maraqları nəzərə alınacaq”.
Ramil Qasımzadə “gecəqondular”ın qeydiyyata alınmasının ölkə iqtisadiyyatı üçün əhəmiyyətli olduğunu bildirib: “Evlərin qeydiyyata alınması büdcə daxilolmalarının artmasında öz əksini tapacaq. Belə ki, əmlaklarını özəlləşdirəcək vətəndaşlar müəyyən olunmuş qaydada rüsumlar ödəyəcəklər”.
Diqqət çəkən məsələlərdən biri indiyədək sənədsiz evlərə görə əmlak vergisinin yığılmasında ciddi çək-çevirlərin müşahidə edilməsi ilə bağlıdır. Faktiki olaraq tikili mövcuddur. Ancaq sənəd olmadığından bələdiyyələr həmin tikililərə görə vergiləri yığa bilmirlər. Vətəndaş sənəd, bələdiyyə qurumları isə vergi istəyirlər. Beləliklə, bələdiyyələrlə vətəndaşlar arasında mübahisə yaranır. “Söhbət burada böyük həcmlərdə vəsaitdən gedir. Vətəndaşlar vergiləri ödəməyə hazırdırlar, buna etiraz etmirlər. Ancaq onlar vergiləri hansı əsasla ödəsinlər? Tikililərin sənədləşdirilməsi ilə həm vətəndaş məmnunluğunu yüksəltmək, həm də bələdiyyələrin maliyyə təminatını yaxşılaşdırmaq, büdcəyə əlavə gəlirləri təmin etmək mümkündür. Digər tərəfdən, “gecəqondular”ın qeydiyyata alınması sığorta bazarının canlanmasına müsbət təsir göstərəcək və vətəndaşlar sığorta xidmətlərindən bəhrələnə biləcəklər”, - deyə Ramil Qasımzadə bildirib.
Qanunsuz tikilən evlərin sənədləşdirilməsinin həmin tikililərin sahibləri üçün başqa bir tərəfdən də önəmli olduğunu deyən ekspert vurğulayıb: “Qanunsuz tikililərin sahibləri öz əmlaklarını bazarda alıcılara real qiymətindən aşağı təklif etmək məcburiyyətində qalırlar. Çünki müştərilər sənədsiz tikililəri almaqda maraqlı deyillər. Burada itirən, ziyana düşən yenə də qeydiyyata alınmayan tikililərin sahibləridir. Tikililərin qeydiyyatı aparıldıqdan sonra vətəndaşların əmlak hüquqları bərpa olunacaq və onlar bazarın, necə deyərlər, tamhüquqlu iştirakçılarına çevriləcəklər”.
Bəs tikililərin sənədləşdirilməsi hansı qaydada aparılacaq?
Əlbəttə, qanunsuz, özbaşına ucaldılan tikililərin qeydiyyatı hamı üçün eyni prinsiplə reallaşdırılmayacaq və bu, heç mümkün də deyil. Bu da onunla bağlıdır ki, bəhs olunan tikililərin dislokasiya yeri bir-birlərindən fərqlənir. Aydın məsələdir ki, su, kanalizasiya, qaz xətlərinin üzərində, yüksək gərginlikli elektrik xətlərinin altında inşa olunmuş tikililərin qeydiyyata alınması mümkün deyil. Bir sıra hallarda qanunsuz tikililər dövlət və yaxud kənd təsərrüfatı təyinatlı torpaqlarda inşa olunub. Ramil Qasımzadənin bildirdiyinə görə, bütün bu kimi fərqli hallarda tikililərin qeydiyyata alınmasına da fərqli yanaşmalar tətbiq oluna bilər. Məsələn, kənd təsərrüfatı torpaqlarında inşa edilmiş tikililərin sənədləşdirilməsindən öncə bu cür sahələrin təyinatı dəyişdirilməlidir. Ekspert əlavə edib ki, belə praktika mövcuddur. O, əminliyini ifadə edərək bildirib ki, tikililərin sənədləşdirilməsi prosesində bütün hallarda vətəndaşların mənafeyi qorunacaq.
Ölkədə qanunsuz tikililərə birdəfəlik son qoyulacaq
Yaxşı haldır ki, son vaxtlarda paytaxt Bakıda və onun qəsəbələrində qanunsuz tikililərin sayı əhəmiyyətli dərəcədə azalıb. Prezident İlham Əliyevin verdiyi tapşırıqlara əsasən tikintilərin aparılmasına nəzarət tədbirlərinin gücləndirilməsi öz bəhrəsini verir. KİV-ə açıqlamasında bu barədə danışan fövqəladə hallar naziri Kəmaləddin Heydərov bildirib ki, qanunsuz tikililərlə mübarizə istiqamətində çoxsaylı tədbirlər həyata keçirilir. Nazir deyib ki, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi yaradılandan sonra Bakı şəhərində, digər şəhər və rayon mərkəzlərində bu işə xüsusi diqqət ayrılıb: “İndi Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, rayon icra hakimiyyətləri ilə birgə bu məsələlərə baxılır. Təbii ki, burada obyektiv və subyektiv məsələlər var. Qaçqın və məcburi köçkünlərimizin çox olduğu dövrdə bəzi tikililər tikildi”.
K. Heydərov qeyd edib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq Bakıda çox sayda çoxmərtəbəli binaların istismara qəbulu da təmin olunub, Sərəncam yerinə yetirilib: “İstismara qəbul üçün bütün lazımi sənədlər qaydaya salınıb, yol verilmiş texniki səhvlər aradan qaldırılıb, daha sonra da bu binalar istismara qəbul edilib”.
Fövqəladə hallar naziri prosesin digər rayonlarda da davam etdiyini nəzərə çatdırıb: “Yəqin ki, bir neçə ildən sonra Azərbaycanda qanunsuz tikililər olmayacaq. Çünki artıq hər kəs başa düşür və bilir ki, qanunsuz tikililər dövlət tərəfindən qəbul edilməyəcək. Adamlar bu qanunsuz tikililərin özləri üçün də təhlükə mənbəyi olduğunu başa düşürlər”.
Xəbər lenti
Hamısına baxDünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46

