Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Parlamentari 3 suala cavab vermir

Parlamentari 3 suala cavab vermir

18.12.2021 [11:30]

 “Millət vəkili”, yoxsa “parlamentari”?

Yeganə Bayramova

Dil millətin kimliyini şərtləndirən əsas amillərdən biridir. Azərbaycan xalqının varlığını yaşadan dilimiz neçə yüz illərdir ki, onun milli və mənəvi varlığını, mövcudluğunu qoruyub saxlayır. Ona görə də ana dili hər bir xalqın qürur mənbəyidir. Ancaq tez-tez orfoqrafiya lüğətimizə dəyişikliklər edilir, bəzi əcnəbi sözlərin qarşılığı yaradılaraq dilimizə uyğunlaşdırılır. Bu dəyişikliklər ictimaiyyət tərəfindən hər dəfə birmənalı qarşılanmır.

1970-1980-ci illərdə Azərbaycan dilinin işlənməsinin yeganə bir qarantı  vardı, o da ulu öndər  Heydər Əliyev idi. 1972-ci ilin ortalarında yazıçıların  biri “Yoldaş Əliyev, Siz azərbaycanca  nə gözəl  danışırsınız”, - deyəndə, ulu öndər gülümsəyərək belə  cavab vermişdi: “Sən niyə mənim rusca gözəl  danışmağıma deyil, azərbaycanca danışmağıma təəccüb edirsən? Bu dil  mənim ana dilimdir, mən bu dili bilməliyəm! Eləcə də hamımız”.

Məhz  bu müdrik sözlər  öz dilinə  xor baxan Azərbaycan ziyalılarının  milli tərbiyəsinə təsir edərək ana dilinə uzun müddətdən bəri davam edən soyuq  münasibətə  son qoya bildi. Heydər Əliyev atdığı bu addımla Azərbaycan dilinə  məhəbbət, milli-mənəvi dəyərləri yaşatmaq və milli mədəniyyəti çiçəkləndirmək strategiyasının həyatiliyini, önəmini, gücünü və həmişəyaşarlığını dönə-dönə sübut etdi. 

Elə bir dil yoxdur ki, başqa dillərdən söz almasın. Qloballaşan dünyada bu, bir həqiqət olmaqla yanaşı, həmçinin qaçılmaz prosesdir. Xüsusilə, müstəqillikdən sonra dilimizə yüzlərlə söz daxil olub. Digər dillərdə olduğu kimi Azərbaycan dilində də çoxlu sayda alınma sözdən istifadə olunur. Bəzi mütəxəssislər bunun düzgün tendensiya olmadığını söyləsələr də, digərləri alınma sözlərdən istifadə etməməyin qeyri-mümkün olduğunu vurğulayırlar. Məsələn, dilimizdə “millət vəkili” və “deputat” sözünə paralel olaraq “parlamentari” sözündən istifadə olunur. Bir çoxları “parlamentari”nin daha çox işlək olmasından yanadır desək, yanılmarıq. Nədənsə “parlamentari” sözü bəzilərinə daha cəlbedici görünür. Maraqlıdır, bu söz dilimizə necə daxil olub və geniş şəkildə istifadə edilməsi nə dərəcədə düzgündür?

Filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, hər bir xalqın dilində alınma sözlərdən istifadə edildiyi qaçılmaz bir həqiqətdir, lakin yerli-yersiz alınma sözlərə üstünlük verilməsi düzgün deyil.

Professorun sözlərinə görə, əgər hansısa dildən gələn söz cəmiyyət tərəfindən anlaşılırsa və geniş çevrəni əhatə edirsə, o zaman alınma sözlərdən istifadə məqbul sayıla bilər:

““Parlamentari” sözü “parlament” sözündən yaranıb və millət vəkili, deputat sözü ilə müqayisədə çox da işlək deyil. Yəni parlamentari sözü məhdud dairədə işlənir. İnsanların çoxu parlament sözünü başa düşsə də, parlamentarinin millət vəkilinə aid olduğunu dəqiq anlamırlar. Düşünürəm ki, dilin sözlərə münasibətdə əsas qaydası işləklikdir. Hansı söz daha çox işlənir və daha aydındırsa, mənalı və dürüst ifadə edilirsə, həmin söz də işlənməlidir. Üzeyir Hacıbəyovun alınma sözlərlə bağlı maraqlı yanaşması var idi. O, 1907-ci ildə rusca və türkcə hərbi-siyasi və iqtisadi terminlərdən ibarət lüğət hazırlamışdı. Həmin lüğətdə sözlərin kifayət qədər maraqlı izahı qeyd olunub. Ü. Hacıbəyov alınma sözlə yerli sözü işlətməyin arasındakı tənasübü həll etməyin yolunu göstərirdi. O, deyirdi ki, hansı söz mənanı daha dolğun ifadə edirsə, onu da işlətmək lazımdır. Yəni bir yerdə millət vəkili, digər yerdə deputat, başqa bir yerdə parlamentaridirsə, sözü dəqiq yerinə qoymaq lazımdır ki, mənanı düzgün çatdırmaq mümkün olsun. Bəzi insanlar cəlbedici göründüyünü düşündükləri üçün xüsusi bir həvəslə yerli-yersiz alınma sözlərdən istifadə edirlər. Hesab edirəm ki, bu, düzgün yanaşma deyil. Maksimum şəkildə çalışmalıyıq ki, ana dilimizin leksik xəttindəki gərəkli sözləri tapaq və istifadə edək. Bu il “Alınma sözlər” adlı yeni kitabım nəşr olunub və həmin kitabda “parlamentari” sözünü qeyd etməmişəm. Çünki bu sözü çox işlək hesab etmirəm”.

Q.Məhərrəmli dilin alınma sözlər olmadan keçinmədiyinin bir həqiqət olduğunu da vurğulayıb:

“Məsələn, hazırda ən məşhur lüğət ingilislərin yaratdığı “Oxford” lüğətidir, amma orada da 600 mindən çox sözün təxminən yarısı ingilis dilinə aiddir, digərləri isə başqa dillərdən ingilis dilinə keçən sözlərdir. Hətta Hindistanda hansısa dialektdə ingilis sözü işlənirsə, onu da lüğətə aid edirlər. Azərbaycan dilində isə vaxtilə fars sözləri, sovet dövründə rus dilindən gələn sözlər çoxluq təşkil edirdi. İndi isə qapılar taybatay açıqdır və bütün dillərdəki sözlərin birbaşa Azərbaycan dilinə gəlməsi mümkündür. Ona görə də alınma sözlərsiz mümkün deyil. Həsən Bəy Zərdabi də vaxtilə deyirdi ki, “Əkinçi”də alınma sözlər olmadan keçinmək olmur. Çünki tayfalar, xalqlar, ölkələr bir-biri ilə ticarət əlaqələri qururlar, ona görə də istər-istəməz dilimizə alınma sözlər gəlir.

Ağıllı və məqsədyönlü olan budur ki, alınma olsa da, lazımlı sözlərdən istifadə olunsun. Yəni əşyaları, predmeti, hadisələri doğru-düzgün ifadə edən alınma sözləri işlətmək lazımdır”.

Dilçi alim, filologiya elmləri doktoru, professor Adil Babayevin qənaətincə, alınma sözlərdən hansısa dilimizin tələffüz bazasına uyğundursa, onu istifadə etmək olar. Amma “parlamentari” sözü dilimizin kontekstinə uyğun gəlməyən bir sözdür:

“Məsələn, parlamentari əvəzinə parlament üzvləri demək mümkündür. Son zamanlar postmünaqişə və postmüharibə sözü dilimizdə çoxluq təşkil edir. Ancaq bu düzgün deyil. Münaqişədən sonrakı dövr demək daha məqsədəuyğundur. Hətta cənab Prezidentin də sərəncamı var: Bir halda ki, hansısa sözü ana dilində söyləmək mümkündürsə, başqa dildəki sözlərdən istifadə etmək olmaz. Çünki həmin sözlər dilimizi anlaşılmaz edir. Xalqımızın genetik koduna daxil olan söz və ifadələrin işlənməsi daha düzgündür”.

Alim qeyd edib ki, bəzi adamlar daxili iddialarından irəli gələn situasiyalara görə, xüsusilə alınma sözlərdən istifadəni üstün tuturlar:

“Ancaq öz dilimizin çox gözəl ahəngi var. Alınma sözlər lüğət fonduna daxil olur və 3 suala cavab verirsə, dilimizdə istifadəsi uyğun hesab edilir. Kimə?(hamıya), Harada?(hər yerdə) və Nə vaxt? (hər zaman) sualına cavab verdikdən sonra həmin sözlər ana dilində işlədilə bilər. Parlamentari sözü isə bu 3 suala cavab vermir”.

 

Paylaş
Baxılıb: 222 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Müsahibə

İqtisadiyyat

MEDİA

İqtisadiyyat

Gündəm

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31