Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Kim idik, kim oluruq?

Kim idik, kim oluruq?

18.12.2021 [12:20]

Yeni nəsil insan yaranır - bir-birinə bənzəyən alfa insan nəsli

İlhamə Rəsulova

Z nəsil insanları tam öyrənib başa çatmadan Alfa nəsil insanlar doğulur. Ata-analarının deyil, yeni texnologiyaların övladı olan alfalar. GMO-lu qidalarla böyüyən, süni orqanlarla təchiz edilmiş yeni insan nəslinin yaranmasının fərqindəsinizmi? İnsanın rüşeymi yarananda birinci növbədə qida borusu, sonra onurğa və beyin formalaşır. İnsanlığın ümumi fəaliyyəti özünü qida ilə təmin etməyə yönəlib. Yəni insan nə yeyirsə, odur. Lakin son 20 ildə insan nə yeyir, necə yeyir və bu, onun gələcəyinə, genetikasına necə təsir edəcək, bax bu, birmənalı məsələ deyil.

Genetik cəhətdən dəyişdirilmiş orqanizm (GMO) gen mühəndisliyi metodlarından istifadə edilməklə genotipi süni şəkildə dəyişdirilmiş orqanizm deməkdir. Bu, bitkilərə, heyvanlara və mikroorqanizmlərə, hətta haqqında çox danışılmasa belə, insanlara da aiddir. Gizli laboratoriyalarda aparılan ximera insan, klon insan və DNT-sinə süni müdaxilələr edilərək istənilən formada yetişdirilə bilən insan layihələri var. Genetik modifikasiyanın əsasında transgen orqanizmlərin yaradılması üçün transgenlərin istifadəsi dayanır. Məqsəd sayı durmadan artan əhalinin ərzaq təhlükəsizliyinin təmin olunmasıdırsa da, əslində, geni dəyişdirilmiş qidalarla insanın genetikasında dəyişikliklər başlayır. Yeni nəsil insan yaranır.

Hələ 21 il öncə, uzaq 2000-ci ildə aparılmış hesablamalara görə,  ABŞ-da istifadə edilən bütün taxılların 50-60 faizi genetik cəhətdən dəyişdirilmiş olub. Hələ o zaman ABŞ Federal Qida və Dərman İdarəsi (FDA) tibbi ehtiyaclar da daxil olmaqla, transgen bitki və  heyvanların istifadəsinə icazə verdi. Avropa Qida Təhlükəsizliyi Təşkilatı isə geni dəyişdirilmiş heyvanlardan alınan ət və südün istehlakının zərərsiz olduğunu bəyan etsə də, hər kəs buna inanmadı.

Maraqlı bir faktı qeyd edək ki, 2017-ci ilin oktyabrında vaksinlərin istehsalının yeni üsulunun kəşfi ilə bağlı Avropada dərc olunan araşdırmada rekombinant texnologiyadan söz açıldı. İmmunitet reaksiyası yaratmaq üçün bir insanın və ya heyvanın immun sisteminə immunogen materialı çatdırmaq məqsədilə mikroorqanizmlərin genetik modifikasiyası imkanlarından bəhs edildi və çox keçmədi ki, dünya  pandemiyanın cəngində “vaksin qalmaqalları”na şahid oldu. Pandemiyadan da çox vaksinlərin tərkibi barədə (orqanizmə çip yeridilməsi, insanın idarə edilməsi və s.) şayiələr yayıldı.

1998-ci ilin avqustunda ingilis zülal mütəxəssisi Arpad Pustal televiziyada GMO-lu ərzaqla qidalanan siçovulların böyümə anormallıqları, orqan disfunksiyaları və immunitetin zəifləməsi ilə bağlı açıqlama verdi. Transgen qida təhlükəsi haqqında nəticəyə gəldi. Böyük rezonans doğuran bu xəbərə görə alimə təzyiqlər göstərildi. Arpadın işlədiyi Rovett İnstitutu onun illik müqaviləsini yeniləməkdən imtina etdi. Bir neçə il öncə Rusiya Elmlər Akademiyasının Ali Əsəb Fəaliyyəti və Neyrofiziologiya İnstitutu “ölkənin transgenləşməsini dayandırmaq” çağırışları ilə çıxış etdi. İllərlə aparılmış təcrübələrin gedişində GMO qidası yeyən heyvanlarda çoxlu sayda patoloji dəyişikliklərin müşahidə edildiyi aydın olub. Heyvanlar  üzərində təcrübələr sonralar, heç şübhəsiz ki, insanlar üzərində tətbiq edilir və bu nəticələrin necə olacağı artıq yavaş-yavaş özünü göstərir. Ümumdünya Səhiyyə Təşkilatının hesabatına görə, dünya qısırlıq xəstəliyi yaşayır. Bir çox ölkələrdə kişilərdə qısırlıq fəaliyyətinin 20 faizə çatdığı qeyd edilir. Ümumdünya Səhiyyə Təşkilatının hesabatına görə, bu göstəricisi 15 faizi keçən ölkələr kritik səviyyədə sayılır. 15 faiz həddini isə əksər Avropa ölkələri artıq keçib. Səbəblərdən ən böyüyü yediyimiz qidaların orqanizmimizə faydasızlığıdır.

Faydasız qidaların tarixçəsi son 40 ildə başlayıb desək, yanılmarıq. Sovet İttifaqında 1980-ci ildə il ərzində 1 milyon ton süni ət istehsal olunurdu. Sovet insanlarının bəh-bəhlə yediyi kolbasaya əlavə edilən material, əslində, pivə istehsalı zamanı yerdə qalan arpa jımıxından,  neftin parafinindən və quş peyinindən alınırdı. Yaponiyada ət artıq insan peyinindən alınır və farş kimi də yox, tikə ilə hazırlanır. Başqa sözlə, Çin və Yaponiya artıq kanalizasiyanı təkrar istehsal üçün istifadə etməyi, mətbəxə gətirməyi reallaşdırıb. Süni yumurta, süni düyü, süni kələm, süni ət, süni meyvələr. Bütün bunlar insan orqanizminə yad hallardır və son olaraq ya mutasiyaya, ya da xəstəliyə səbəb olacaq.

Yəqin fərqindəsiniz, küçəylə gedərkən çox zaman ayırd etmək olmur, qarşıdan gələn şəxs qadındır, yoxsa kişi. Geyim bənzərliyimiz var, bu ayrı, lakin zahiri bənzərliyimiz də çoxalıb.

“Bu gün bütün dünya xolesterinlə müharibəyə köklənib. Halbuki öz kökümüzü kəsməkdəyik. Xolesterinin çatışmazlığı cinsi azlıqların cinsi çoxluqlar olmasına gətirib çıxaracaq”. Bu fikirləri “Yeni Azərbaycan” qəzetinə Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanov səsləndirib.

 O deyib ki, xolesterin müharibəsi çox böyük bir biznesin əsasını təşkil edir: “Camaatı nə qədər xolesterinlə qorxutsalar, insanlar o qədər çox  dərman alacaqlar, o qədər çox  müalicəyə gedəcəklər. İnsan bədənində böyrəküstü vəzilərin ifraz etdiyi  testosteronun əsasını xolesterin təşkil edir. Xolesterinin olmaması ər-arvad arasında cinsi soyuqluğa gətirib çıxarır. Tərəflər arasında cinsi istək azaldıqca diqqət də azalır. Yəni xolesterinin olmaması cinsi azlıqların artmasına - cinsi çoxluq olmasına gətirib çıxarar. Xolesterin insan həyatı üçün çox önəmlidir, ondan qorxmağa dəyməz. Xolesterinin əsas özəlliklərindən biri onun mikroblara qarşı aktiv mübarizə aparmasıdır. Bu maddə ana bətnindəki dölün beyin inkişafı, həmçinin mərkəzi sinir sisteminin normal funksiyası üçün də olduqca əhəmiyyətlidir. Təsadüfi deyil ki, xolesterinin 23 faizi məhz beyində toplanır, əgər əvvəlki nəsillər xolesterindən qurtulmaq üçün qatı pəhrizlər saxlasaydı, müasir insanın beyin funksiyaları xeyli geriləmiş olardı. Xolesterinin miqdarında kəskin azalma orta yaşlılarda və qocalarda ciddi yaddaş zəifliyinə səbəb olur. Xolesterinin azlığı orqanizmin stressə qarşı mübarizəsini zəiflədir. Qidalarda xolesterinin azlığı böyrəklər üçün çox ciddi böhran, xərçəng riski deməkdir, yaddaş zəifliyi yaradır, Parkinson xəstəliyinə, həmçinin insulta, aqressiyaya və bəzi hallarda özünüöldürmə həddinə gəlib çıxmağa səbəb olur. Xolesterinlə bağlı yayılan mif ona gətirib çıxarıb ki, sağlamlıq üçün faydalı olan heyvan mənşəli yağlar ürəyin düşməni elan olunub”.

“Savadlı dietoloqlar bir qayda olaraq hər bir insana gün ərzində 30 qram kərə yağı yeməyi məsləhət görməlidirlər. Bu gün rasionumuzun böyük hissəsini təşkil edən broyler toyuqlarına hər gün yumurtlamaq üçün verilən dərmanlar kişilərimizdə hormonal dəyişikliklər yaradır, kişilərdə süd vəzlərində böyümələr baş verir,  prostat vəzində hiperplazaya 2 dəfə artıq rast gəlinir. Kişilərdə tüklər tökülür, qadın tipli tüklənmə yaranır. Qadınlara da eyni şəkildə mənfi təsir  göstərir. Süd vəzi və uşaqlıq xərçəngi xəstəliyi dəfələrlə artıb. Bir toyuq buduna  vurulan hormon insanın bir ildə almalı olduğu həddədir. Biz bunu bir dəfəyə yeyiriksə, orqanizmə nə dərəcədə zərbə vururuq, düşünmüsünüzmü? Qadın xəstəlikləri, sonsuzluq son dərəcə artmışdır və artmaqda da davam edir. Səbəb, sadəcə düzgün olmayan qidalar, qida deyə qəbul etdiyimiz zəhərlərdir. Broyler toyuğunun 1 kq. olması üçün cəmi 3,2 kq yem sərf olunur. Özü də geni dəyişdirilmiş soyadan hazırlanmış yem. Belə toyuqlar fermada o qədər zərif olurlar ki, qucağa alınanda sümükləri sınır, bunun səbəbi yetişdirildiyi qısa müddət ərzində toyuğun kifayət qədər kalsium almaması və sümüklərinin bərkiyə bilməməsidir. Broyler üsulunda yetişdirilmiş mal əti, toyuq, balıq məhsulları var. Bunu yemək məcburiyyəti olduqda bədənin dincəlməsi, özünə gəlməsi üçün ara vermək məsləhətdir ki, həmin qidanın kanserogen, yəni xərçəng törətmə təsiri azalsın”,- deyə Tahir Əmiraslanov qeyd edib.

 Bax belə. Bir yandan insan öz əliylə hazırladığı müxtəlif vasitələrlə özünə düşmən olub, öz kökünü, soyunu qurutmaqla məşğuldur. Digər yandan süni mayalanma vasitəsilə süni insan yaradır. Gen səviyyəsində seçmələr mümkündür. İstəyirsən, mavigözlü, sarışın insan yarat, istəyirsən, ucaboylu, güclü-qüvvətli, hər hava şəraitinə dözümlü insan. Bir sözlə, artıq insan ana bətnində deyil, laboratoriyalarda hazırlanır. Dövrün, texnologiyaların yenilənməsi ilə DNT səviyyəsində təcrübələr aparılır, insan insana deyil, heyvana, bitkiyə calaq edilir. Gələcək çox müəmmalı və maraqlı görünür.

 

Paylaş
Baxılıb: 246 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Xəbər lenti

YAP xəbərləri

Xəbər lenti

Sabah qar yağacaq

26 Yanvar 13:40

Sosial

İqtisadiyyat

Neft ucuzlaşıb

26 Yanvar 10:24

Müsahibə

MEDİA

Gündəm

Sosial

Müsahibə

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31