Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Hücumlara sinə gərən qədim Şuşa qalası

Hücumlara sinə gərən qədim Şuşa qalası

12.01.2022 [09:42]

Heydər Əliyev Moskvanın qəzəbindən qorxmayıb xanın vəzirinə abidə qoymuşdu...

İlhamə Rəsulova

Könlümüzün sarı teli, ruhumuzun kövrək yeri Şuşa. Şuşanın yeri azərbaycanlılar  üçün bir başqadır. Niyəsini soracaq olsaq, bəlkə də çoxumuzun cavabı yoxdur. Bir onu demək olar ki, Qarabağın işğalından sonra biz onun üçün həmişəkindən çox yandıq. Şuşanın azad edilməsi bizi hər şeydən çox sevindirdi. İgidlərimizin qanı ilə islanmış bu mübarək şəhər son 30 ildə Kəbəmiz, Həcərül Əsvədimiz oldu.

Şuşanın yaranması Qarabağ xanı Pənahəli xanın adıyla bağlıdır. Pənahəli xanın əsli-kökü Dizaqın Cavanşir elindəndir. 1747-ci ildə Nadir şah öldürüldükdən sonra mərkəzi hakimiyyət iflic vəziyyətinə düşdüyündən, Əfşarlar imperiyasının ucqarlarında  yeni xanlıqlar yarandı. Azərbaycanda 20-yə yaxın müstəqil və yarım-müstəqil xanlıqlar formalaşdı. Belə bir şəraitdə Pənahəli xan Qarabağ xanlığının əsasını qoydu. O, 200-ə qədər süvari ilə birlikdə Qarabağa gəlib, özünü xan elan etdi. Pənahəli bəy Hülakülər sülaləsindən olan Arqun xanın nəslindən olduğunu deyir, xan olmasını bununla əsaslandırırdı.

Əhməd bəy Cavanşirin yazdığına görə, Pənahəli xan Şahbulaq qalasını 1751-1752-ci illərdə tikdirmişdi. O, 1752-ci ildə Bayat qalasından Şahbulağı qalasına köçdü. Çoxlu sayda düşməni olan, Bayat və Şahbulaq qalalarının etibarlı olmadığını görən Pənahəli xan “dağların içində, möhkəm və keçilməz yerdə ... əbədi və sarsılmaz qala” tikdirmək qərarına gəldi. Dəniz səviyyəsindən 1300-1600 metr hündürlükdə yerləşən əlçatmaz dağ yaylasında yeni şəhər-qalanın tikinti işlərinə başlanıldı. 1757-ci ildə Pənahəli xan Qarabağ xanlığının paytaxtını Şahbulaq qalasından yeni salınmış şəhər-qalaya köçürdü.

Bu şəhər ilk dövrlərdə öz banisinin adı ilə Pənahabad, onun ölümündən sonra isə yerləşdiyi relyefə uyğun olaraq Şuşa adlandırıldı. Şəhər üç tərəfdən sıldırım qayalarla, dördüncü tərəfdən isə möhkəm qala divarları ilə əhatə olunmuş, uzun müddət alınmaz qala kimi şöhrət qazanmışdı. Şuşa şəhərinin müdafiə qurğularından bəhs edən  İran tarixçiləri yazır ki, “Ağa Məhəmməd xan Qacarın dövründə Şuşa kiçik gözəl şəhərdi, möhkəm hasarının hündürlüyü şəhərin bütün tərəflərində bərabərdi, hasarın elə yerləri var idi ki, oradan  düşmənlərin başına daş, qaynar su və ya ərimiş qurğuşun tökmək olurdu”. Şəhərin xarici aləmlə əlaqəsi Gəncə, Ağoğlan və İrəvan qapıları vasitəsilə həyata keçirilirdi.

Bur?da maraqlı bir faktı qeyd etmək yerinə düşərdi. İngilis səyyah və alimləri C.Morye və R.Burter Şuşanın qədimliyindən bəhs edərkən  bildiriblər ki, Pənahəli xan əslində Şuşanın yerindəki qala divarlarını təmir və bərpa edərək orada yeni şəhər salıb.  A.A.Bakıxanov və F.B.Köçərli öz əsərlərində Şuşa şəhərinin Pənahəli xan tərəfindən  təmir etdirilməsi barəsində qeydlər ediblər.

Qədim Şuşa haqqında Azərbaycan SSR Elmlər Akademiyasının 1981-ci ildə nəşr olunmuş məruzələrinin 7-ci sayında, Ə.B.Şükürzadənin “Qarabağ xanlığının şəcərə cədvəli” məqaləsində deyilir: “Pənah xan monqollar tərəfindən dağıdılmış qədim Şuşanın yerində 1751-ci ildə yeni şəhər saldı”. Belə çıxır ki, Şuşanın ərazisində daha öncə də türk məskənləri olmuşdu.

XVIII əsrin ikinci yarısında Şuşa dəfələrlə hücumlara məruz qalsa da, alınmaz qala rolunu qoruyub saxlamışdı. 1751-ci ildə İran şahı Məhəmməd Həsən xan Qacarın qoşunu Qarabağa hücum etmiş və şəhəri bir aya qədər mühasirədə saxlamışdı. Lakin qalanın möhkəm istehkamları İran şahını mühasirədən əl çəkib geri qayıtmağa məcbur etmişdi. Bir neçə il sonra isə, 1758-ci ildə Urmiya hakimi Fətəli xan Əfşar böyük ordu ilə Qarabağ xanlığı üzərinə hücuma keçmiş, 6 ay Şuşa qalasını mühasirədə saxlamış, ancaq ala bilməmişdi. 1795-ci ildə Ağa Məhəmməd xan Qacarın da hücumu nəticəsiz qalmışdı.  Pənahəli xanın və İbrahimxəlil xanın müdafiə qurğuları düşmən hücumlarının dəf edilməsində mühüm rol oynamışdı.

Şuşanın əhalisinin mütləq əksəriyyətini uzun illər yalnız azərbaycanlılar təşkil edib. XIX əsrin əvvəllərində Azərbaycan xanlıqlarının Rusiya İmperiyası tərəfindən işğalından sonra Qarabağın digər əraziləri kimi, Şuşaya da ermənilərin köçürülməsinə başlanıldı. Çar hökumətinin himayəsi ilə Şuşada say üstünlüyünə nail olan ermənilər şəhərin köklü sakinlərini sıxışdırmağa başladılar. 1905-1906-cı illərdə azərbaycanlılara qarşı qanlı terror və soyqırımı təşkil edildi. Sovet hakimiyyəti qurulduqdan sonra Şuşa və Xankəndində ermənilərin sayları süni şəkildə artırıldı və bu sonralar böyük faciələrin yaşanmasına səbəb oldu.

Şuşanın yenidən dirçəlməsi 1969-cu ildə Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəlişindən sonra mümkün oldu. Böyük Lider Qarabağa xüsusi diqqət ayırırdı. 1977-ci ildə Azərbaycan SSR Nazirlər Soveti “Şuşa şəhərinin tarixi hissəsinin tarix-memarlıq qoruğu elan etmək haqqında” qərar qəbul etdi. Şəhərin sosial-iqtisadi və mədəni həyatının dirçəldilməsi üçün mühüm tədbirlər həyata keçirildi. Bütün bu tədbirlər nəticəsində şəhərdə əhalinin sayı artaraq 1989-cu ildə 20579 nəfərə çatdı. Heydər Əliyev Şuşada Vaqifin məqbərəsini tikdirməklə əslində rəsmi Moskvanın qəzəbinə də tuş gələ bilərdi. Çünki Vaqif şair olsa da, İbrahimxəlil Xanın vəziri olmuşdu.  2021-ci ilin avqustunda Prezident İlham Əliyev Vaqifin məqbərəsinin açılış mərasimində bu barədə danışmışdı:

“Bildiyiniz kimi, Molla Pənah Vaqifin məqbərəsinin Şuşada ucaldılması qərarını ulu öndər Heydər Əliyev vermişdir. Onun təşəbbüsü ilə 1982-ci il yanvarın 14-də burada qarlı, şaxtalı havada bu məqbərənin açılışı olmuşdur. Bu, sıradan olan hadisə deyildi. Çünki o vaxt Şuşa Dağlıq Qarabağ Muxtar Vilayətinin bir hissəsi idi. Bildiyiniz kimi, uzun illər ermənilər Şuşaya iddia edirdilər, Şuşanı erməni şəhəri kimi qələmə verməyə çalışırdılar. Halbuki, bunun üçün heç bir tarixi, mədəni əsas yox idi. Onu da nəzərə almalıyıq ki, Molla Pənah Vaqif təkcə şair yox, eyni zamanda, Qarabağ xanının vəziri idi. Sovet dövründə sovet ideologiyası, sovet hökumətinin tarixlə bağlı yanaşması belə idi ki, xanlıqlar tarixin qara ləkəsi kimi qələmə verilirdi. Bütün bunlara baxmayaraq, Ulu Öndərin iradəsi və qətiyyəti nəticəsində bu məqbərə ucaldılmışdır və bir daha Şuşanın Azərbaycan şəhəri kimi təsdiqi öz yerini tapmışdır”.

Heydər Əliyev uzaqgörən siyasəti ilə Azərbaycan ədəbiyyatı  tarixində özünəməxsus yer tutmuş Molla Pənah Vaqifin adını əbədiləşdirməklə, eyni zamanda, unutdurulan tariximizi də yaşatmış oldu.

1992-ci il mayın 8-də şəhər erməni silahlı qüvvələri tərəfindən işğal olunarkən, bütün tarixi abidələr kimi, Vaqifin məqbərəsi də  vəhşicəsinə dağıdıldı. İşğal prosesində və işğaldan keçən 28 il ərzində Şuşanın tarixi-memarlıq abidələri yerlə yeksan edildi. Şuşa azad edildikdən sonra, Müzəffər Prezidentimiz İlham Əliyev yenidən bu məqbərəni təmir etdirdi  və Şuşada keçirilən ilk tədbirlərdən biri də Vaqif Poeziya Günlərinin bərpası oldu.

Bu gün dağıdılmış Şuşa qalası öz qədim üslubunu qoruyub saxlamaqla  restavrasiya edilir və demək olar ki, işlərin böyük hissəsi başa çatıb.

Daşı, torpağı tarix qoxuyan Şuşamızda hər daş öz yerinə qoyulur, bərpa edilən bu qədim şəhər, onun hər küçəsi, hər çığırı bizi həm gələcəyə, həm də keçmişə aparır.

 

 

Paylaş
Baxılıb: 128 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sosial

Boşluq, ya bozluq?

18 Yanvar 10:50

Sosial

Gündəm

Reallıqlar dəyişmir

18 Yanvar 10:01

Gündəm

Hər şey vaxtında!

18 Yanvar 09:46

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31