Heydər Əliyev yeni azerbaycan logo

Ana səhifə / Sosial / Bir ömrün 80-ci səhifəsi

Bir ömrün 80-ci səhifəsi

26.01.2022 [10:32]

Günel ABBAS

Ömrün şərəf pəncərəsi - Müəllimlik

Dəhlizdə ayaq səsləri eşidilir. O, foyedə kollektiv üzvləri ilə salamlaşır, qarşılaşdığı “tələbə həmkarlar”ı ilə (təəccüblənməyə ehtiyac yoxdur, özü tələbələri həmkar adlandırır) hal-əhval tutur, ehtiyaclarını soruşur. O, yaxşı professor olmaqla bərabər, həm də yaxşı insandır. Bunu əbəs yerə demirəm, bir insana xas olan ən yaxşı keyfiyyətləri özündə birləşdirən müəllimin bütün tələbələr tərəfindən sevilməsi də təsadüfi deyil. Ona çox vaxt jurnalistlərin müəllimi də deyirlər. Ölkədəki bir çox peşəkar jurnalistlər məhz onun şinelindən çıxıb. Bu cizgilər imkan verir ki, söhbətin kimdən getdiyini aydın şəkildə anlayasan.

Zəng çalınır. Auditoriyada tələbələrin səs-küylü müzakirələri, gülüş səsləri bir-birinə qarışır. Qapıdan boylanıb onun gəlib-gəlmədiyini yoxlayır, dəhlizdə digər tələbələrlə söhbətləşdiyini görüb yerlərinə keçirlər. Ona görə yox ki, onlar çəkinirlər, əksinə, həvəslə məhz bu dərsin başlamasını gözləyirlər. Dünənki mühazirədə apardıqları qeydləri çıxarıb masanın üzərinə qoyur, yerinə yetirilən tapşırıqları müəllimə təqdim etmək üçün səbirsizlənirlər. Bilirlər ki, professor yaxşı yazılara görə onları auditoriya qarşısında tərifləyəcək, “əhsən” deyəcək, səhvlərini isə mülayim səs tonu ilə izah edəcək ki, heç ruhları da inciməsin.

Böyük tənəffüslərdə onun otağının önündə sıra yaranır. Xüsusi bir icazəsi olmayan bu görüşlər tələbələr üçün həm rəsmi, həm də qeyri-rəsmi mahiyyət daşıyır. Təkcə dərslə yox, həm də şəxsi məsələlər, gələcək iş panları ilə bağlı da məsləhət alırlar. Onun xüsusilə ailəsindən uzaq olan tələbələrə qayğısı hər kəsə bəllidir. Bəlkə buna görədir ki, onun yanında heç kim özünü yad hiss etmir.

Tənəffüs bitir, tələbələr auditoriyalara qayıdırlar. O da hər zaman masasının üzərində yer alan qəzetləri və kitablardan bir neçəsini götürüb mühazirə otağına keçir. Boş zamanlarını dəyərləndirən bu vəsaitlərdən istifadə etməyi tələbələrə də məsləhət görür, onlara jurnalistikanın təməl qaydalarından danışır...

Elə söhbətin bu şirin yerində zəng çalınır. Ancaq bu maraqlı və məhsuldar söhbəti bitirmək istəməyən tələbələr oturduqları yerdən tərpənmirlər. Cahangir müəllim tələbələrin yorulduğunu nəzərə alaraq, müzakirələri növbəti mühazirəyə saxlayır.

Oturacağın çiyninə asdığı pencəyini geyinib, asılqandakı paltosunu qolunun üzərinə alaraq asta addımlarla pilləkənlərə tərəf irəliləyir. Gümrah qalmaq onun üçün çox vacibdir, liftdən istifadə etmir. Tələbələrin ona hələ uzun illər ehtiyacı olduğunu bilir və sağlamlığına xüsusi diqqət ayırır. Üçüncü mərtəbədən tələbələrlə şirin-şirin söhbətləşərək düşür.

Taleyin payız sevdası...

Avtomobilinə əyləşəndən beş-on dəqiqə sonra mənzilbaşına çatır. Bütün ailə üzvləri bu dəfə fərqli bir günü qeyd etmək üçün toplanıblar, hər kəs 80 illik yubileyi olan Cahangir müəllimin qonaq otağına keçməyini gözləyir. O övladlarını başına toplayıb bir masa ətrafında əyləşməyi çox sevir. Yaxşı bir müəllim və güclü bir xarakter kimi tanıdığımız Cahangir Məmmədli həm də çox duyğusal adamdır. Özəl günləri özü ilə baş-başa qalmadan keçirməz.

Paltosunu qapının həmən yanındakı şkafdan asır. Dəhlizin sağ tərəfində yerləşən - sadə çalışma masası, divar, boyu uzanan kitab rəfləri olan yataq otağına daxil olur. Masasının başına keçir, gün ərzində yerinə yetirdiyi öhdəliklərlə bağlı öz-özünü sorğuya çəkir. Bəlkə də öz üzərinə həddindən artıq yüklər qoyur. Daim tələbələrlə ünsiyyətdə olan bu adam günün sonunda onlar üçün nəyi daha yaxşı edə bilər, deyə düşünür. Bu düşüncələr zaman keçdikcə onun üçün öhdəliyə çevrilir. Bəlkə də bu cür öhdəliklər ömür-gün yoldaşının vaxtsız itkisindən sonra bir az da artıb. 

İş masası ilə üzbəüz asılan portretə yaxınlaşır, həyat yoldaşı Səkinə xanımın rəsmidir. Gözlərini şəkildən boylanan qadının gözlərinə zilləyir: “Sənsiz keçirdiyim bir ili də başa vururam. Yanımda olmasan da, ətrafımdakıları duyursan, hiss edirsən. Övladlarımızı sənə söz verdiyim kimi böyütdüm və ömrüm vəfa etdikcə onların yanında olacağam...”

Ən böyük təsəllisi həyat yoldaşının yadigarları olan 5 qız övladıdır. Onlardan danışarkən gözlərinin içindəki parıltıdan bunu aydın hiss etmək olur. Qızlarına həm ata, həm ana, həm də qardaş olan Cahangir müəllim bu ağır məsuliyyətin də öhdəsindən layiqincə gəlməyi bacarıb. Yəqin buna görədir ki, Cahangir müəllim hər zaman qız tələbələrinə xüsusi bir ehtiramla, ata sevgisi ilə yanaşır, elə tələbələri də ona...

Sözlərini bitirəndən sonra yanağında parlayan yaş damcısını silir, işığı söndürərək otaqdan çıxır. Doğum günü ab-havası ilə qurulan masa ətrafında əyləşənlər bir-birinin üzünə baxır. Heç kim dinmir, hamı nəyin necə olduğunu bilir. Bayaqdan hökm sürən sakitlik Cahangir müəllimin gəlişi ilə pozulur. Hamının çöhrəsində təbəssüm yaranır. O, stolun baş tərəfində əyləşir, qarşıda bu anları ölümsüzləşdirmək üçün fotoaparat yerləşdirilib. Cahangir müəllim şərəfli, ləyaqətli həyatın iz saldığı çöhrəsi ilə 80-ci dəfə kameranın obyektivinə baxaraq gülümsəyir. Beləcə, ömür kitabına daha bir səhifə əlavə olunur.

Cahangir müəllim, bu gün ləyaqətli ömrün 80-ci səhifəsini sizinlə birgə vərəqlədik. Bəhs etdiklərimiz bu uzun ömürdən sadəcə, bir səhifə idi. Ağdamdakı həyətinizdə bəslədiyiniz “Payız gülləri”, tək böyütdüyünüz tələbələriniz sizi daim əziz və dəyərli tutacaq. Bu, hələ son deyil, 90-cı, 100-cü səhifələri də bir yerdə vərəqləyəcəyik...

P.S. “Yeni Azərbaycan” qəzetinin redaksiya heyəti qocaman müəllim, professor Cahangir Məmmədlini 80 illik yubileyi münasibətilə təbrik edir, ona uzun ömür, cansağlığı arzulayır.

Paylaş:
Baxılıb: 231 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Sosial

Çadradan səmaya

21 May 12:21  

Siyasət

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Prezident bu gün

Prezident bu gün

21 May 09:31

Gündəm

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31