Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Şagirdlərin düşdüyü qəzada günahkar kimdir?

Şagirdlərin düşdüyü qəzada günahkar kimdir?

14.06.2022 [10:50]

Sosioloq tur şirkətini, məktəb direktoru isə həmkarını günahlandırdı...

Yeganə BAYRAMOVA

İyunun 12-də Bakının 279 saylı tam orta məktəbinin müəllim və şagird heyəti Şamaxı-Bakı yolunda ağır qəzaya düşüb. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən  bildirilib ki, xəsarət alanlara ilkin tibbi yardım göstərilib və onlar Şamaxı, Qobustan və Bakıdakı müxtəlif tibb müəssisələrinə yerləşdiriliblər: “Şamaxı və Qobustandakı xəstəxanalardan 1 nəfər ağır və 2 nəfər orta ağır xəsarət alanlar paytaxtdakı müxtəlif tibb müəssisələrinə köçürülüb. İnsan tələfatının olmadığı bildirilir.

Yüngül xəsarət alanlar müvafiq tibbi yardım və müayinələrdən sonra ambulator müalicə üçün evə buraxılıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsi müvafiq qurumlarla birgə xəsarət alanların vəziyyətini nəzarətdə saxlayır”.

Rəsmi məlumata görə, qəzaya uğrayan avtobusun sərnişinləri, ümumilikdə 36 şagird (32 nəfər lV sinif və onların ailə üzvləri olan 4 nəfər digər sinif şagirdi), 4-cü sinfin rəhbəri olan müəllim və 19 nəfər valideyndən ibarət olub: ”Məktəb rəhbərliyinin verdiyi məlumata əsasən, şagirdlərin səfəri valideynlərin təşəbbüsü ilə birgünlük gəzinti-istirahət məqsədilə təşkil olunub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi bir daha valideynlərə çağırış edir ki, dərsdənkənar vaxtlarda və tətil müddətində bu kimi səfərlərə təşəbbüs göstərərkən müvafiq normalara cavab verən qurumlarla qanunauyğun şəkildə tərəfdaşlıq etmələri zəruridir. Bütün xəsarət alanlara şəfa diləyirik”, - deyə BŞTİ-nin məlumatında qeyd edilib.

Təhsil naziri Emin Əmrullayev şagirdlərin qəzaya düşməsinə münasibət bildirib: “İki tədbiri bir-birindən ayırd etməliyik. Biri dövlət qurumu tərəfindən keçirilən, biri də valideyn qruplarının təşkil etdikləri tədbirlərdir. Məsələn, biz Şuşaya səfər təşkil etmişdik. Təxminən 300-ə yaxın şagird getmişdi. Burada biz aidiyyəti qurumlarla əməkdaşlıq etmişdik. Hansısa valideynlər öz övladları ilə harasa getmək istəyirsə, bu halda tövsiyə edərdim ki, ehtiyatlı olsunlar”.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.1-ci maddəsilə cinayət işi başlanıb. Məktəb rəhbərliyinin verdiyi məlumata əsasən, şagirdlərin səfəri valideynlərin təşəbbüsü ilə birgünlük gəzinti-istirahət məqsədilə təşkil olunub.

Valideyn komitələrinin yarıtmaz fəaliyyəti

Məlumdur ki, orta məktəblərdə hər sinifdə valideyn komitələri yaradılır. Məqsəd valideynlərin təhsil müəssisələri ilə məktəb arasında əlaqələrin yaradılmasında iştirak etməsidir. Amma bu gün həmin komitələr heç də müəyyən edildiyi işlərlə məşğul olmurlar. Sirr deyil ki, valideyn komitələri deyəndə hər kəsin ağlına gələn ilk şəxslər özünü direktora “şirin” göstərmək üçün bayramlarda pul yığanlardır. Pul yığmaqda mahir olan valideyn komitələri nədənsə ciddi məsələlərə o qədər də önəm vermirlər. Məsələn, həmin ciddi məsələlərdən biri də təşkil olunan səfər barədə təhsil üzrə aidiyyəti qurumlara xəbər verilməməsidir. Təəssüf ki, bu komitələr hansısa bayram ərəfəsində imkanı aşağı olan valideynlərdən belə “pul qopartmağı” yaxşı bacarırlar, lakin həyati əhəmiyyətli məqamlar qulaq ardına vurulur...

Valideyn komitələrinin işi nə olmalıdır?

Lerik rayon Boykəndil kənd tam orta məktəb?? direktoru İqrar Əliyev “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, baş verən hadisədə birbaşa olaraq məktəb direktoru və valideyn komitəsi məsuliyyət daşıyır. Onun sözlərinə görə, valideyn komitəsi heç bir qərar çıxara bilməz, son qərarı məktəb rəhbərliyi verir: “Ümumiyyətlə, ölkəmizdə valideyn komitələrinin işini qənaətbəxş hesab etmirəm. O zaman qənaətbəxş ola bilər ki, məktəb-valideyn münasibətləri tam normal qaydada olsun. Bunu da məktəb rəhbərliyi təşkil etməlidir. Məktəb rəhbərliyi, onun sinifdənxaric işlər üzrə müavini və təşkilatçı müavini valideynlərlə sinif rəhbərlərinin sıx təmasda olmasını həyata keçirməlidirlər. Çünki sinif rəhbəri şagirdin istənilən hüquqlarını qorumaq üçün şagirdin ailə vəziyyəti və psixologiyası ilə ciddi işlər görməlidir”.

Məktəb direktoru valideyn komitələrinin yerinə yetirməli olduğu vəzifələri də qeyd edib: “Bu komitələr ondan ötrüdür ki, valideyn yığıncaqlarını təşkil etsin, şagirdlərin bilik səviyyələrindən tutmuş onların davranışlarına qədər olan hadisələr barədə valideynlərə məlumat versin. Yoxsa bizdəki orta məktəblərin çoxunda valideyn komitələri sırf pul yığmaq üçün iş görürlər. Təəssüf ki, onlar səlahiyyətlərində olan öhdəliklərdən xəbərdar deyillər.

Şagirdlərin rayona olan səfəri ilə bağlı yuxarı qurumlara məlumat vermək isə məktəb rəhbərliyinin borcu idi. Təhsil Nazirliyinin nəzarəti altında müəyyən turlar təşkil olunur. Lakin valideynlərin öz aralarında qərar verdikləri səfər yuxarı qurumlara bildirilməli idi. Bir sözlə, sinif rəhbəri, məktəb direktoru və direktorun təşkilatçı müavini şagirdin təhlükəsizliyi üçün məsuliyyət daşıyır”.

Bir-iki valideyn komitəsi vəzifəsini vicdanla yerinə yetirir

Sosioloq Lalə Mehralı isə baş verən hadisədə valideyn komitəsinin günahkar olmadığını düşünür: “Hər zaman məktəb direktorlarının  pul bazarından, valideyn komitələrinin pul yığma təşəbbüslərindən yazıram və heç vaxt da fikrimdən dönmürəm. Lakin baş verən qəzaya görə, valideyn komitəsini, müəllimləri və valideynləri günahlandırmaq ədalətsizlik olardı. Təbii ki, Təhsil Nazirliyi və məktəb direktoru baş verənlərdə öz yaxasını bir kənara çəkəcək və səfərdən xəbərsiz olduqlarını söyləyəcəklər. Səfər istirahət kimi təşkil olunub və bunun üçün məktəbdən icazə almağa ehtiyac yoxdur. Dərs günü və dərs saatında səfərə getməyiblərsə, bunu yuxarı qurumlara bildirmək lazım deyil. Günahkar nə müəllim, nə valideyn, nə də valideyn komitəsidir. Günahkar tur şirkətini yaradan şəxs, oradakı sürücülərin vəsiqəsinin pulla alınıb-alınmadığını bilməyən tur rəhbərləridir. Hər yerindən duran şəxs tur şirkəti yaradır, kimi gəldi sürücü kimi işə götürür, sürücülük kateqoriyası uyğun gəlməyən şəxslər iri maşınlar, avtobuslar idarə edir. Nəticədə belə bədbəxt hadisələr baş verir”.

Sosioloqun sözlərinə görə, valideyn komitələrinin öz təyinatları üzrə fəaliyyət göstərmədikləri bir həqiqətdir: “Fəaliyyət göstərən bir-iki valideyn komitəsi var ki, vicdanla öz vəzifəsini yerinə yetirir, o zaman da müəyyən problemlərlə qarşılaşırlar. Valideyn komitəsinin təşkilatçısı olmaq istəyən şəxslər, sadəcə könüllü olaraq bu vəzifələri yerinə yetirirlər, burada hansısa səlahiyyətdən söhbət gedə bilməz. Həmin valideyn normal prinsip və qaydalarla işləmək istəsə, təşkilati məsələləri yerinə yetirsə, kifayət qədər normal qarşılayır və əziyyətinə görə ona minnətdar olmalıyıq. Çünki o heç bir ödəniş almadan bu işi həyata keçirir. Lakin hazırda valideyn komitələrinin böyük əksəriyyəti bu prinsiplə işləmir, onların bir missiyası var: Pul yığmaq... Bu yolda daha çox dəstəklənirlər, nəinki qınanırlar. Təəssüf ki, ehtiyac içində olan valideynlərin əksəriyyəti pul yığmaq üçün böyük canfəşanlıq göstərirlər”.

L.Mehralı qeyd edib ki, çox vaxt valideynlər özləri təklif edirlər ki, müəllimlər günündə, ya da digər bayramlarda pul yığılsın: “Bu, valideynlərin müəllimə olan hörmətindən irəli gəlir. Müəllimin övladımıza çəkdiyi əziyyət sonsuzdur, lakin bir məqamı unutmalı deyilik, müəllim bu fəaliyyəti qarşılığında dövlətdən maaş alır. Müəllimə hədiyyə vermək istəyiriksə, bu, tamamilə könüllü olmalıdır. Psixologiyamız elə formalaşıb ki, hər zaman müəllim üçün hər şeyin ən yaxşısını etməyə çalışırıq. Kimsə müəllimə ayrıca hədiyyə alırsa, buna nəsə deyə bilmərik, çünki şəxsi qazancıdır. Lakin həmin şəxslər bunu kütləviləşdirməməli, hansısa valideyni məcbur etməməlidir ki, hədiyyə üçün pul versinlər”.

Paylaş:
Baxılıb: 130 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Turizm

Sosial

Xarici siyasət

Prezident bu gün

Prezident bu gün

29 İyun 10:17

MEDİA

İqtisadiyyat

Siyasət

Azadlıqdan abadlığa...

29 İyun 09:40  

Gündəm

Dəmir yumruq yerindədir

29 İyun 09:32  

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30