Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Generallar generallardan nə ilə fərqlənirlər?

Generallar generallardan nə ilə fərqlənirlər?

23.08.2022 [08:46]

General rütbəsi xidmətə görə deyil, zabitin tutduğu vəzifəsinə görə verilir. Əgər kiminsə tutduğu vəzifə general rütbəsini tələb edirsə, təbii ki, ona bu rütbə verilir, istər orduda, istərsə də digər müvafiq strukturlarda

MÜBARİZ

Bu mövzuya üz tutmağımız redaksiyamıza daxil olan bir oxucu müraciəti ilə bağlıdır. Oxucumuz bildirir ki, general adını çəkəndə göz önündə, ilk növbədə, şanlı tarix yazan, döyüşlərdə misilsiz şücaətlər göstərən hərbiçilər yada düşür. Belə hərbiçilər Qarabağ müharibəsində də bir sıra döyüşlərin taleyini həll ediblər və bizlərə qələbə sevinci yaşadıblar. Ancaq Müdafiə Nazirliyi ilə yanaşı, digər qurumlarda da ayrı-ayrı zabitlər general rütbəsi daşıyırlar. Oxucu sual edir ki, bu, nə dərəcədə doğrudur, döyüşlərdə od-alovdan keçən  hərbiçilərə də, deyək ki, Daxili İşlər Nazirliyində, Ədliyyə Nazirliyində, Gömrük Komitəsində və bir sıra digər qurumlarda çalışanlara da general rütbəsi verilir. Bəs generalların generallardan fərqi nədir?

Tarixə bir ekskurs

Müxtəlif dövrlərdə, xüsusilə də orta əsrlərdə müntəzəm ordu bölmələrinin  yaranması onların idarəçiliyi üçün rəhbər və yaxud komandir ierarxiyasının formalaşmasını da zərurətə çevirdi. XV əsrə qədər qoşunlarda və müntəzəm ordularda müəyyən tabeçilik mövcud olsa da, bu, qanunla tənzimlənmirdi. Qərbi Avropada zabit rütbələri və vəzifələri 1570-ci illərdə ortaya çıxdı. Müntəzəm ordularda zabit rütbələrinin ierarxiyası-polkovnik, kapitan, leytenant rütbələri yarandı. Onların hər biri öz tabeliyindəki şəxsləri müharibə dövründə qismən müstəqil şəkildə döyüşdə idarə edirdi, sülh dövründə isə onlara hərbi işləri öyrədirdi.

Ölkələrin idarəçiliyindəki fərqlər orduya da sirayət edirdi. Müxtəlif ölkələrdə ordunun, o cümlədən də zabit heyətinin formalaşdırılması fərqli qaydada həyata keçirilirdi. General rütbəsi kapitandan sonra meydana gəlib. XV əsrdə ordu bölmələri artırdı və kapitanların idarə etdikləri bölmələri bir-birılərindən fərqləndirmək lazım gəlirdi. Bunun üçün “ümumi” mənasını verən latın mənşəli “generali” sözünə müraciət olundu. General rütbəsindən ilk dəfə Fransada digər rütbələrə əlavə kimi istifadə edilib. Ordu sisteminə gec daxil edilən general rütbəsi tezliklə, necə deyərlər, rəqabətdə irəli çıxıb. XVI əsrdən başlayaraq general rütbəsi artıq Fransada xüsusi rütbə sayılırdı. Fransada general rütbələrinin sistemi XIV Lüdovikin vaxtından formalaşıb: Fransanın marşalı, general-leytenant, lager marşalı. Təbii ki, bu sistem zaman-zaman müəyyən dəyişikliklərə uğrayıb.

Azərbaycanın da 70 il tərkibində yaşadığı keçmiş ittifaqın ordusunda general rütbəsinin tətbiqinə 1940-cı ilin mayından başlanıb. Sistem belə idi: Sovet İttifaqı marşalı, ordu generalı, general-polkovnik, general-leytenant, general-mayor.

Hazırda general rütbəsi dünyanın, demək olar ki, əksər ölkələrində mövcuddur. Eyni zamanda, general sözündən və yaxud rütbəsindən yalnız orduda deyil, digər sahələrdə də istifadə olunub. Məsələn, keçmişdə ayrı-ayrı ölkələrdə monarx və dini ordenlərin rəhbərləri general adlandırılırdı. Bu ənənə bu gün də yaşamaqdadır. O cümlədən əksər ölkələrdə ordu ilə yanaşı, digər güc strukturlarında və yaxud xidmət sahələrində də general rütbəsi tətbiq olunur.

Azərbaycanda hüquqi baza

Azərbaycan ötən əsrin əvvəllərində müstəqillik qazandıqdan sonra respublikamızda general rütbəsinin tətbiqi ölkənin milli qanunları ilə tənzimlənir. Hər bir hərbi qulluqçuya və hərbi vəzifəliyə onun qulluq vəziyyətindən, hərbi və ya xüsusi hazırlığından, hərbi xidmət müddətindən, qoşun növünə və ya xidmətinə mənsubiyyətindən və xidmətlərindən asılı olaraq müvafiq hərbi rütbə verilir. Hərbi qulluqçulara və hərbi vəzifəlilərə hərbi rütbələrin verilməsi, bir qayda olaraq, növbəlik qaydasında “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsinin tələblərinə uyğun olaraq həyata keçirilir. Qoşun növləri və xüsusi qoşun generallarının hərbi rütbələrinə mənsub olduqları qoşunların adları əlavə edilir. Tibb xidməti, ədliyyə zabitlərinin və generallarının hərbi rütbələrinə mənsub olduqları xidmətlərin adları əlavə edilir.

Ehtiyatda olan vətəndaşların hərbi rütbələrinə “ehtiyatda olan” sözləri, istefada olan vətəndaşların hərbi rütbələrinə isə “istefada olan” sözləri əlavə edilir.

Azərbaycanın Silahlı Qüvvələrində general rütbəsinin sistemi aşağıdakı kimi müəyyənləşdirilib: General-Mayor, General-Leytenant, General-Polkovnik

Dünya təcrübəsinə uyğun olaraq respublikamızda da general rütbəsi ordu ilə yanaşı, bir sıra digər strukturlarda (Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Gömrük Komitəsi və s.) da tətbiq edilir. Ölkənin güc strukturlarına daxil olan digər nazirlik və xidmət orqanlarının hərbi rütbələri əsasən Quru Qoşunlarının rütbələri ilə üst-üstə düşsə də, paqonlar yalnız rənglərinə görə fərqlənir. Belə ki, digər güc strukturlarında da hərbi rütbələrin sıralaması bu ardıcıllıqladır: Gizir, Baş Gizir, Kiçik Leytenant, Leytenant, Baş Leytenant, Kapitan, Mayor, Polkovnik-Leytenant, Polkovnik, General-Mayor, General-Leytenant, General-Polkovnik. Konstitusiyanın 109-cu maddəsinin 24-cü bəndinə əsasən ali hərbi və ali xüsusi rütbələrin verilməsi Azərbaycan Prezidentinin səlahiyyətlərinə aiddir.

Hər sahənin öz generalı var

Mövzu ilə bağlı “Yeni Azərbaycan”a açıqlama verən hərbi ekspert Şair Ramaldanov orduda və yaxud digər sahələrdə çalışan və general rütbəsi daşıyan zabitlər arasında ayrı-seçkilik aparılmasının tərəfdarı olmadığını bildirib. Onun sözlərinə görə, bu məsələ mütəmadi olaraq qaldırılır. O, bunun maarifləndirmə işinin zəif aparılması ilə bağlı olduğunu vurğulayıb.  “Azərbaycanda bütün rütbələrin, təltiflərin, o cümlədən də general rütbələrinin  hamısı qanunlar əsasında verilir. General rütbəsi xidmətə görə deyil, zabitin tutduğu vəzifəsinə görə verilir. Əgər kiminsə tutduğu vəzifə general rütbəsini tələb edirsə, təbii ki, ona bu rütbə verilir, istər orduda, istərsə də digər müvafiq strukturlarda.  Bu, dünyanın əksər ölkələrində belədir. Məsələn, əgər kiminsə Daxili İşlər Nazirliyində tutduğu vəzifə qanuna əsasən general rütbəsi tələb edirsə, ona bu rütbə niyə də verilməsin? Mən burada hansısa qəbahət, sual yaradası bir nüans görmürəm. Ordudan başqa, digər güc strukturlarında çalışan generalların adı çəkilərkən rütbədən əvvəl sahə də qeyd olunur. Əgər sahə göstərilmirsə, bu, orduya aid generaldır. Bizim Daxili İşlər Nazirliyində də general rütbəsi daşıyan zabitlərimiz bu rütbəni alana qədər asayişin, qanunçuluğun qorunmasında böyük xidmətlər göstəriblər və zaman-zaman təhlükələrlə üzləşiblər. Bu gün biz elə bir ölkədə yaşayırıq ki, gecə də, gündüz də özümüzü rahat, təhlükəsiz hiss edirik. Bunu tək biz yox, xaricdən gələnlər də deyirlər. ABŞ kimi ölkədə belə gecələr küçələrdə sərbəst gəzmək problemlər yarada bilər. Respublikamızda isə təhlükəsizlik yüksək səviyyədə təmin olunur. Bu, Daxili İşlər Nazirliyinin şəxsi heyətinin, o cümlədən də orada çalışan generalların fədakarlığı sayəsində mümkün olur. Buna görə də mən belə deyərdim:  Hər bir sahənin öz generalı var və yaxud generalı ola bilər. General rütbəsi onu daşıyan şəxsin ali vəzifə tutduğunu və xüsusi rütbə daşıdığını  göstərir. Bəli, bu gün general rütbəsi bir növ qəhrəmanlıqla assosiasiya olunur. Ancaq dediyim kimi, Daxili İşlər Nazirliyinin əməkdaşlarının fəaliyyətləri də bir sıra hallarda qəhrəmanlığa bərabərdir. Nə olsun ki, onlar cəbhədə vuruşmurlar? Onların döyüş meydanı arxa cəbhədədir. Sərhəd xidmətini götürək. Niyə bu sahədə də çalışanlar general rütbəsinə layiq görülməsinlər? Axı onlar gecə-gündüz ölkənin sərhədlərini qoruyurlar. Niyə də dövlət təhlükəsizlik xidmətində general rütbəsi daşıyan zabitlərimiz olmasın? Mən demək istəyirəm ki, hər bir xidmətin özünün spesifik xüsusiyyətləri var, bu xüsusiyyətlərə görə də zabitlər vəzifələrə təyin olunurlar və rütbələr alırlar. Birdən-birə heç kim general olmur, təbii ki, hər bir zabit haradansa başlayır və işi ilə, əldə etdiyi nailiyyətlərlə, dövlətə olan xidmətləri ilə, Prezidentin etimadını qazanması ilə vəzifə pillələrində irəliləyərək general rütbəsinə də layiq görülür. Mən deyərdim ki, bu gün istər orduda, istərsə də digər sahələrdə xidmət göstərənlər peşəkarlıq zirvəsinə yüksəliblər və Prezident də onlara etimad göstərib”.

Od olmayan yerdən tüstü çıxmaz

Azərbaycanda tarixin sınaqlarından çıxan bir deyim var: Od olmayan yerdən tüstü çıxmaz. “Yeni Azərbaycan”ın oxucusunun narahatlığını da haradasa başa düşmək mümkündür. Bu gün cəmiyyətimizdə Silahlı Qüvvələrin generallarına böyük rəğbət var. Bu, ilk növbədə, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı Qələbə ilə bağlıdır. Şanlı Ordumuz düşmənin üç onillik ərzində davam edən işğalçılıq siyasətinə son qoydu, tarixi ədaləti, ölkənin ərazi bütövlüyünü təmin etdi. Qələbənin təmin olunmasında generalların müstəsna xidmətləri danılmazdır.

Digər strukturlarda çalışan general rütbəli zabitlər isə bir sıra hallarda nöqsanlar yol veriblər, məsuliyyətlərini axıradək dərk etməyiblər və vəzifə səlahiyyətlərindən sui-istifadə ediblər. Belə pis nümunələr bəzi insanlarda ordudan kənar sahələrdə çalışıb general rütbəsi daşıyanlara qarşı mənfi münasibət formalaşdırır. O fikirlə razılaşmaq lazımdır ki, orduda və ordudan kənar strukturlarda general rütbəsinə  layiq görülmək şərəfli olduğu qədər də böyük məsuliyyət yaradır. General rütbəsini daşıyan hər kəs bu məsuliyyəti dərk etməlidir və cəmiyyətə, dövlətə həmişə nümunə göstərməlidir. Bir sözlə, general generaldan yaxşı əməli, nümunəvi xidməti, peşəkarlığı, dövlətə, Prezidentə sədaqəti ilə fərqlənməlidir.

Paylaş:
Baxılıb: 921 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Əvəzsiz töhfələr

02 Oktyabr 18:33

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Bu qələbə əbədidir

02 Oktyabr 16:34

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Analitik

Analitik

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31