Heydər Əliyev yeni azerbaycan logo

Ana səhifə / Sosial / Ödənişli olacaq

Ödənişli olacaq

04.02.2023 [10:44]

Polietilen torbalardan imtina etməliyik

Nicat Dilqəmli

Ətraf mühitə, ekologiyaya mənfi təsir göstərən sellofan paketlərdən istifadənin zərərləri barədə maarifləndirici məlumatlara mütəmadi olaraq rast gəlinir. İçərisinə yerləşdirilən qida məhsullarının bu torbalarla kimyəvi reaksiyaya girməsi və eyni zamanda, havasızlıq nəticəsində tərkibinin dəyişilməsi ilə bərabər belə paketlər torpaq qatına, təbiətə də ciddi ziyan vurur. Statistikaya görə, hər il okeana 7 milyon tona qədər zibil atılır və bunun nəticəsində su üzərinin təxminən 1/4 hissəsi plastiklə örtülüb. Belə olan halda isə okeanda hər il yüz minlərlə canlı məhv olur. Elə bu səbəbdəndir ki, qeyd edilən problem dünyanın müxtəlif bölgələrindən olan ekoloqların ciddi narazılığına səbəb olur.

Həm təbiəti zədələdiyinə, həm də insanların sağlamlığı üçün təhlükə yaratdığına görə plastikdən istifadədən tamamilə imtina edilməsi məsələsi hər zaman aktual olaraq qalır. Ölkəmizdə də bu barədə müvafiq qaydalar, sənədlər qəbul olunub. Lakin əfsuslar olsun ki, hansısa səbəblərdən hər gün tonlarla plastikdən geniş istifadə olunur. Doğrudur, uzun illər davam edən maarifləndirmə işlərinin müsbət nəticəsi də artıq özünü göstərib. Belə ki, əhali arasında parçadan hazırlanan torbalardan istifadə edilməsi hallarına rast gəlmək mümkündür, amma təəssüf ki, belələri çox azdır. Bütün sadalanan məqamlar isə polietilen torbalardan istifadənin qarşısının alınması üçün daha ciddi tədbirlərin görülməsini zəruri edir.

Bugünlərdə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən iri market şəbəkələrinə göndərilən məktubun məzmunu da məhz bundan ibarətdir. Qeyd olunur ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müraciəti əsasında qalınlığı 15-20 mikron olan yüngülçəkili polietilen torbaların nəzarət-kassa aparatlarında ayrıca məhsul növü kimi təqdim edilməsi üçün təcili tədbir görülsün və bunun nəticələri ilə bağlı Dövlət Xidmətinə 5 iş günü ərzində məlumat verilsin. Bu isə o deməkdir ki, mağazalardan aldığımız məhsulları yerləşdirdiyimiz paketlər artıq ödənişli olacaq. Yəni alıcılar digər məhsullar kimi bu paketlər üçün də ayrıca pul ödəməli olacaqlar. Sellofan torbalar üçün ödənilməli olan məbləğin qiyməti hələ ki, müəyyən edilməyib.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov “Yeni Azərbaycan” qəzetinə açıqlamasında hökumətin insanların sağlamlığı, ətraf mühitin qorunması, eləcə də beynəlxalq təşkilatların tələblərinin yerinə yetirilməsinə dair çoxsaylı qərarları, tapşırıqları olduğunu, lakin bəzən bunların yerinə yetirilmədiyini diqqətə çatdırıb: “Məsələn, tütün məmulatlarından istifadənin azaldılması və duzun yodlaşdırılması kimi məsələlər, həm də bəzi digər məsələlər hələ də icra edilməyib. Sellofan torbalardan imtina edilməsi də bu siyahıya daxildir. Əvvəl də qeyd etdiyim kimi, bu sahədə mükəmməl qanunlarımız mövcuddur, amma icra edilmir. Bu qərarlar hamı tərəfindən dəstəklənməlidir, amma təəssüf ki, bizdə bu, baş vermir. Bu yerdə AİB-in  günahı var. Elə iş aparmalıyıq ki, istehlakçılar bundan imtina etsinlər. Ötən il layihə təşkil etdik, 500-ə qədər ekoloji təmiz, pambıq əsaslı torba hazırladıq və onları əhaliyə təmənnasız olaraq payladıq. Bundan başqa, icazəli şəkildə küçə nümayişi keçirdik, sellofan torbaların yığılması ilə bağlı şirkətlər qarşısında məsələ qaldırdıq”.

Mütəxəssis Azərbaycanda biznes qurumları üçün qeyri-adi, rahat bir şəraitin yaradıldığını qeyd edərək biznes qurumlarının bu şəraitdən sui-istifadə etdiklərini, sosial tapşırıqları yerinə yetirməkdə hökumətə dəstək olmadıqlarını da vurğulayıb.

E.Hüseynov deyir ki, bu qərar birmənalı olaraq dəstəklənməlidir: “Ödənişli olması çox müsbət haldır. Eyni zamanda, bu paketlərin üzərində yazıların olmaması, şəffaf olması da şərtdir. Çünki həmin torbaların üzərində çap edilən yazılar ağır metallardır və əhali tərəfindən evlərə daşınır. Biznes qurumlarının reklamlarını evlərimizə daşıyırıq. Belə olan halda, əlbəttə ki, ətraf mühiti ancaq plastik tullantılarla yox, həm də yazılarda olan ağır metallarla zəhərləyirik”.

AİB sədri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qaldırdığı bu məsələdə təəccübləndirici bir məqam barədə də söz açıb: “Nazirlik bildirir ki, mübarizə qalınlığı 5 mikrondan kiçik olan torbalara qarşı aparılır. Fikrimcə, bu, düzgün deyil. Belə çıxır ki, qalınlığı çox olan torbalar ekoloji mühitə zərər gətirmir? Cavab olaraq həmin torbaların külək vasitəsilə başqa yerə getməsini bildirirlər. Bəs qalın torbalar? Axı onlar da ətraf mühitə atılır. Ona görə də bu məqamı paradoksal hesab edirəm və düşünürəm ki, birmənalı şəkildə imtina edilməlidir”.

Birlik sədri olduqca maraqlı təkliflə çıxış edib: “Sellofan paketlərdən imtina üçün alternativ variantı da diqqətə çatdırmaq istəyirəm. Cənub bölgəmizdə hazırlanan həsir zənbillər çox uğyun ola bilər. Bu zənbilləri dünya bazarına da çıxarmaq olar. Əhali bu kimi dəfərlə istifadə oluna bilən zənbillərə keçə bilər və ya sellofan torbalardan istifadənin ödənişli olması çox önəmlidir”.

“Hökumətin iki il öncə plastik qab-qaşıqdan istifadəyə dair qərarı da hələ icra olunmayıb və bu məhsullar hazırda da satışda var. Bir daha qeyd etmək istərdim ki, biznes qurumları onlar üçün yaradılan şəraitdən düzgün istifadə etməli və sosial məsuliyyəti dərk etməlidirlər”, - E.Hüseynov fikirlərinə əlavə edib.

Paylaş:
Baxılıb: 159 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xarici siyasət

Siyasət

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31