Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xarici siyasət / Tacikistanla Özbəkistan gücünü birləşdirir

Tacikistanla Özbəkistan gücünü birləşdirir

04.06.2022 [10:52]

İki ölkə arasında imzalanan sazişlərin əsas məqsədi nədir?

P.İSMAYILOV

Tacikistan prezidenti Emoməli Rəhmon Özbəkistana rəsmi səfəri çərçivəsində həmkarı Şövkət Mirziyoyev ilə görüşüb. Təkbətək və geniş tərkibdə keçirilən görüşlər zamanı iki ölkə arasındakı münasibətlər müzakirə olunub. Mirziyoyev ikitərəfli əməkdaşlığın bütün sahələrində əldə olunan nailiyyətlərdən məmnun olduğunu bildirib və Tacikistanı Özbəkistanın yaxın qonşusu, sadiq dostu və etibarlı strateji tərəfdaşı adlandırıb. İki ölkənin və xalqların mənafeyinə uyğun olaraq, qarşılıqlı faydalı və hərtərəfli əməkdaşlığı daha da gücləndirməyə hazır olduqlarını vurğulayan Özbəkistan prezidenti tərəflər arasında əbədi dostluğun möhkəmlənməsini və müttəfiqlik sazişinin imzalanmasını “tarixi hadisə” kimi dəyərləndirib. Tacikistan prezidenti Emoməli Rəhmon iki ölkə arasında əlaqələrin son illərdə ən yüksək səviyyədə inkişaf etdiyinə diqqət çəkərək, Mirziyoyevin ikitərəfli münasibətlərin inkişafına şəxsi töhfəsini yüksək qiymətləndirdiklərini vurğulayıb. Dövlət başçısı Tacikistan və Özbəkistan arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünə toxunaraq, bu baxımdan əhəmiyyətli olan cari ildə əlaqələri müttəfiqlik səviyyəsinə qaldırmaq üçün tarixi bir qərar verdiklərini bəyan edib. Görüşdən sonra Özbəkistan və Tacikistan arasında sənaye, mədəniyyət və incəsənət, ətraf mühitin mühafizəsi və su ehtiyatlarından birgə istifadə, ipək istehsalı sahəsində əməkdaşlıq kimi məsələləri əhatə edən bir sıra saziş və memorandumlar imzalanıb. Mirziyoyev və Rəhmon, həmçinin Özbəkistan və Tacikistan arasında əbədi dostluq və müttəfiqliyin möhkəmləndirilməsi haqqında saziş imzalayıblar.

“Taliban” təhlükəsi iki ölkəni yaxınlaşdırır

İlk baxışdan adi səfər kimi görünən bu ziyarət bölgədə yaranan yeni siyasi reallıqların tərkib hissəsi sayıla bilər. İki ölkə arasında imzalanan sazişlər, ilk növbədə, təhlükəsizliyin qarantı kimi qiymətləndirilməlidir. “Taliban”ın Kabulda hakimiyyəti ələ almasının ardından radikal silahlı təhlükəni hər an hiss edən Mərkəzi Asiya, xüsusilə də Əfqanıstanla sərhəd ölkələrinin hazırda təhlükəsizliklə bağlı mühüm problemlərinin varlığı heç kimə sirr deyil. İndiki məqamda Talibanın bu dövlətlərə qarşı hər hansı bir ciddi addım atması gözlənilməsə də, yaxın gələcək üçün regionda proqnozlaşdırılan genişmiqyaslı hərbi qarşıdurmalar yeni situasiya yarada bilər. Nəzərə almaq lazımdır ki, hələ yanvar ayında taliblər həm Özbəkistana, həm də Tacikistana “xəbərdarlıqlar” da etmişdi. Belə ki, “Taliban” sözçüsü İnamulla Samanqani bildirmişdi ki, müharibə dövründə Əfqanıstandan bəzi ölkələrə qaçırılan təyyarələr və helikopterlər yenidən bu dövlətə qaytarılmalıdır. O qeyd etmişdi ki, 40-dan çox helikopter qonşu ölkələrə, xüsusən də Özbəkistan və Tacikistana qaçırılıb. Həmin dövrdə də siyasi şərhçilər  “Taliban”ın Özbəkistan və Tacikistan üçün böyük təhlükə yaratdığını irəli sürürdülər. Bu gün də Mərkəzi Asiya ölkələri Əfqanıstanın yeni hakimiyyəti ilə münasibət qurmayıblar. Radikal qruplaşmaların ölkə daxilində yarada biləcəyi çaxnaşmalardan çəkinən hər iki ölkə bununla mübarizə aparmaq üçün güclərini birləşdirmək məcburiyyətindədir. Əks halda, hər iki ölkədə hələlik “kölgə”də qalan, əslində isə hazır dayanan və müxalifət adı altında gizlənən radikal dindarların fəallaşmasını müşahidə etməli olacaqlar. Bunun qarşısını isə almaq olduqca çətin olacaq.

Rəsmi Düşənbə inteqrasiya edir?

Özbəkistanla Tacikistanın daha da yaxınlaşması üçün edilən cəhdin digər səbəbi isə regionda cərəyan edən siyasi-hərbi proseslərdir. Son dövrlərdə Rusiya və Çinə qarşı təzyiqlərin daha da aktivləşməsi Mərkəzi Asiyanı da düşünməyə məcbur edir. Düzdür, rəsmi Düşənbə KTMT müstəvisində Rusiya ilə hərbi ittifaqda təmsil olunsa da, baş verə biləcək hər hansı təhdidə qarşı KTMT-nin Tacikistanı müdafiə edəcəyi inandırıcı görünmür. Mayın 16-da Moskvada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının yaranmasının 30 illiyinə həsr olunan sammit bir sıra həqiqətləri gün işığına çıxardı. Ötən 30 il ərzində komplektləşə bilməyən və o qədər də uğurlu sayılmayan KTMT-nin yaranan çətin situasiyalarda davranışları adekvat deyil. Daha doğrusu, qurumun ən böyük hərbi gücü olan Rusiya bu gün böyük problemlərlə üz-üzədir. Hazırki durumda KTMT-nin Rusiyaya hərbi yardım göstərmədiyini nəzərə alsaq, Əfqanıstan və ya bir başqa təhlükə qarşılığında Rusiyanın da regiona açıq nüfuz edəcəyi gözlənilən deyil. Düzdür, adıçəkilən sammitdə cənub təhlükəsi ilə bağlı məsələlər də müzakirə olunmuşdu və “Taliban”a və onun “himayəçilərinə” əzələ nümayiş etdirmək qərarı verilmişdi. Belə ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) daxil olan ölkələr payızda Qazaxıstan, Tacikistan və Qırğızıstan ərazisində iri hərbi təlimlər keçirmək niyyətində idilər. Amma payıza qədər hansı proseslərin baş verəcəyi məlum olmadığı üçün, bu məsələ öz aktuallığını demək olar ki, itirib. Bu baxımdan, KTMT üzvü olan Tacikistan həm də yaranacaq təhlükə qarşılığında Özbəkistan vasitəsilə türk ölkələrinə, daha doğrusu Türkiyəyə “sığınmaq” niyyətindədir. Başqa sözlə, rəsmi Düşənbə Özbəkistanla əlaqələrini möhkəmləndirməklə həm də türkdilli ölkələrin birliklərinə inteqrasiyanı planlaşdırır...

Paylaş:
Baxılıb: 224 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Sosial

Avropa imtina edir

02 İyul 12:09

Xarici siyasət

Siyasət

Xəbər lenti

Xəbər lenti

Ədəbiyyat

Xəbər lenti

Müsahibə

Xarici siyasət

İqtisadiyyat

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

01 İyul 09:55

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31