Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Gənclər seçki prosesində fəal olmalıdırlar

Gənclər seçki prosesində fəal olmalıdırlar

17.07.2013 [11:12]

“Yay məktəbi”nin Masallı turunun iştirakçıları “Gənclərin seçkiyə hazırlığı-seçki prosesi” mövzusunda tədbir keçiriblər
Dünən Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin (YAP GB) Masallıda təşkil etdiyi “Yay məktəbi”nin iştirakçıları “Gənclərin seçkiyə hazırlığı-seçki prosesi” mövzusunda tədbir keçiriblər. “Yeni Azərbaycan” qəzetinin Baş redaktoru, qrupun rəhbəri Hikmət Babaoğlu bu mövzuda çıxış edib.
Hikmət Babaoğlu bildirib ki, 1993-cü ildə Ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişi ilə ölkədə xaos və anarxiya meyillərinin qarşısının alınması istiqamətində əhəmiyyətli tədbirlər görüldü. Bunun ardınca isə milli dövlət və modern cəmiyyət quruculuğu prosesinin əsası qoyuldu və ardıcıl olaraq fundamental səciyyəli strateji tədbirlər həyata keçirildi. Onun sözlərinə görə, Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən sistematik strategiyanın fonunda milli təhlükəsizliyə real və potensial təhdid yaradan ünsürlərin neytrallaşdırılması, ictimai-siyasi sabitliyin təmin edilməsi artıq qeyri-formal milli dövlət və modern cəmiyyət quruculuğu vəzifəsinin fonunda növbəti strateji istiqamətlərin müəyyən edilməsini diktə edirdi: “Zəngin dövlətçilik təcrübəsinə, rasional təfəkkürə və praqmatik fəaliyyət mexanizminə malik olan Ümummilli lider Heydər Əliyev tətbiq etdiyi strategiya sayəsində mərhələli şəkildə bütün bu vəzifələrin həllinə nail ola bildi. 1995-ci ildə ölkə Konstitusiyasının qəbul edilməsindən sonra qarşıda duran ictimai-siyasi institutlaşma vəzifəsinin fonunda parlament seçkilərinin keçirilməsi istiqamətində strateji addımlar atıldı. Müstəqilliyin ilk illərində vətəndaşların mövqeyi və dünyagörüşündə absenteizmi şərtləndirən təməl səbəblərə bunları aid edə bilərik: hakimiyyətdə olan subyektlərin korporativ maraqlar üzərindən hərəkət etmələri və özlərinin fəaliyyət mexanizmlərini məhdud dairələrin antimilli mənafeləri üzərində qurmaları, siyasi institutların öz funksiyalarını normal qaydada yerinə yetirə bilməmələri, siyasi mədəniyyətin təşəkkül tapmaması və bunun fonunda siyasi şüurun səviyyəsində durğunluğun müşahidə edilməsi, siyasi subyektlər arasında hökm sürən antaqonist münasibətlərin daha da kəskinləşməsi və siyasi palitrada plüralist fəaliyyət mexanizminə süni maneələrin olması, siyasi sistemin qapalı səciyyə daşıması və sair. Amma 1993-cü ilin iyunundan sonra Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən demokratikləşmə strategiyasının fonunda vətəndaş cəmiyyətinin və hüquqi dövlətin mütləq komponentlərinin bərqərar olunması yönündə görülən tədbirlər siyasi apatiya və absenteizmin aradan qaldırılmasını şərtləndirdi.
Milli maraqlara və dəyərlərə müvafiq surətdə tərtib və təsdiq edilmiş qanunlar müxtəlif sahələrdə ictimai, siyasi institutların fəaliyyət mexanizmi üçün qanunvericilik bazası yaradır ki, bu da hüquqi dövlətdə başlıca istinad substratı hesab edilir. Bu amilin özü hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin mütləq komponentlərinin bərqərar olunması baxımından olduqca mühüm əhəmiyyət kəsb edir. Nəticə etibarilə, Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi siyasi kursun fonunda siyasi sistem təşəkkül tapdı, qanunvericilik bazası formalaşdırıldı və zənginləşdirildi. Bunlar isə milli inkişafın hüquqi substratı qismində çıxış etməklə sonrakı mərhələlərdə siyasi sistemin struktur elementlərinin təkmilləşməsinin qarantı və əsası oldu”.
Seçkinin dinamik bir proses olduğunu vurğulayan qrup rəhbəri qeyd edib ki, ölkəmizdə qanunvericilik aktları getdikcə yeniləşir, təkmilləşir. Onun sözlərinə görə, seçki institutlarının formalaşması uzun bir dövrün məhsuludur. Qədim dünya hüququnun, dövlət idarəçilik sistemlərinin formalaşması - bunlar hamısı ayrı-ayrı dövrlərdə müxtəlif seçki institutlarının yaradılması və onların vasitəsilə hakimiyyətin formalaşdırılması prosesi çərçivəsində baş verib.
Ölkəmizdə müstəqillik illərində keçirilən seçkilərin tarixi barədə danışan Hikmət Babaoğlu deyib ki, Azərbaycanda ilk seçkilər köhnə qaydalarla keçirilirdi: “1995-ci ildən başlayaraq isə Azərbaycanda keçirilən seçkilərdə seçki sisteminin təşəkkül tapmasına şərait yaradılıb. Keçirilən seçkilərdə bu proses ildən-ilə daha da təkmilləşib. İndi ölkəmizdə Avropa Şurasının təqdim etdiyi demokratik seçkilər sistemindən istifadə edilir. Azərbaycan Avropa Şurasına daxil olduqdan sonra istər prezident, istər parlament, istərsə də bələdiyyə seçkilərində fəaliyyətimizi bu qurumla əlaqələndirmək yolunu tutmuşuq. Demokratik dövlət quruculuğu prosesini keçmiş bütün ölkələrin həyatında iki əsas amil dayanır. Bu amillərdən biri qanunvericilik, digəri isə şəffaflıqdır”.
Qanunvericiliyin qorunmasının vacibliyini vurğulayan Baş redaktor bildirib ki, bütün fəaliyyət sahələrində qanuna əsaslanmalı, bu və ya digər normalara əməl olunmalıdır. Hüquqi dövlətin əsas prinsipi də elə bundan ibarətdir. Demokratik dövlətləri fərqləndirən ən mühüm prinsiplərdən biri isə şəffaflıqdır. “Keçmişdə də qanunların diktaturasına söykənən dövlətlər olub. Amma oradakı proseslər şəffaf olmayıb. İndiki demokratik hüquqi dövlət quruculuğu prosesinin özündə şəffaflıq anlayışı vardır və şəffaflıq tələb olunur. XXI əsrin demokratik idarəçilik sistemləri ilə əvvəlki hüquqi idarəçilik sistemləri arasındakı fərqlərdən biri şəffaflığın bütün fəaliyyət sahələrini əhatə etməsidir” - deyə, qrup rəhbəri vurğulayıb.
Seçkilərin keçirilməsində şəffaflıq tədbirlərindən danışan Hikmət Babaoğlu bildirib ki, şəffaflıq sadəcə proses deyildir, həm də seçkilərin gedişinin və nəticələrinin obyektiv işıqlandırılması deməkdir. Gənclərin böyük güc olduğunu deyən Hikmət Babaoğlu onların böyük potensiala malik olduğunu vurğulayıb. “Sevindirici haldır ki, Azərbaycan gəncləri siyasi baxımdan fəaldırlar və Prezident İlham Əliyev siyasətini dəstəkləyirlər. Qarşıdan gələn prezident seçkilərində də gənclərin üzərinə böyük məsuliyyət düşür. Onlar seçkilərin demokratik və şəffaf keçirilməsinə öz töhfələrini verməlidir. Gənclər buna qadirdir, çünki böyük potensiala malikdirlər. Partiyamızın üzvü olan gənclər bunu ötən seçkilər zamanı da təsdiq ediblər” - deyə, H.Babaoğlu qeyd edib.
Daha sonra gənclərin sualları cavablandırılıb, bu mövzuda fikir mübadiləsi aparılıb.
Gün ərzində isə “Yay məktəbi”nin iştirakçıları interaktiv oyunlar da təşkil ediblər. Həmsöhbətimiz olan gənclər “Yay məktəbi”nin əhəmiyyətini vurğulayıblar.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 1427 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Qarşıdakı 4 ildə...

17 Aprel 11:12  

Gündəm

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30